525.Az

Rusiyanın məğlubiyyəti Xaqani Cəfərli yazır


 

Rusiyanın məğlubiyyəti <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiya Ukraynaya qarşı müharibəyə başlayanda paytaxt Kiyevi bir neçə gün ərzində ələ keçirərək prezident Volodimir Zelenskini iqtidardan kənarlaşdırıb Moskvaya bağlı hökumət formalaşdırmağı planlaşdırırdı. Rusiyanın hakim dairələrində və dünyanın bir çox önəmli siyasi mərkəzlərində Moskvanın məqsədinə çatacağı ehtimal edilirdi. Lakin müharibənin ilk həftəsi Ukraynanın ehtimal edildiyi kimi zəif, Rusiyanın isə təsəvvür edildiyi qədər güclü olmadığı üzə çıxdı.

İlk planı iflasa uğrayan Rusiya Ukraynanın dənizə çıxışını kəsmək planını işə saldı. Lakin Rusiya bu planını da reallaşdıra bilmədi. Müharibənin ilk günündən Rusiyanın işğal etdiyi İlan adasını əlində saxlaya bilməməsi Ukraynanın dənizə çıxışını kəsə bilməyəcəyinin bariz nümunəsi oldu.

Bütün bunlardan sonra Rusiyanın hələ 2015-ci ildə işğal etdiyi, fevralın 24-dən sonra isə genişləndirdiyi ərazilərdə möhkəmlənə bilmədiyi üzə çıxmağa başlayıb. ABŞ-ın Ukraynaya verdiyi HİMARS və ya Yüksək Hərəkətli Artilleriya Raket Sistemi (M142 High Mobility Artillery Rocket System) Rusiya ordusunun kabusuna çevrilib. Adi avtomobil yolu ilə hərəkət edən HİMARS düşmən qüvvələrinə zərbə endirdikdən dərhal sonra 80 km/saat sürətilə atəş nöqtəsini tərk etdiyi üçün əks zərbədən yayına bilir. Yüksək dəqiqlikli silahlardan hesab olunan HİMARS Rusiya ordusunun arxa cəbhəsindəki silah-sursat və yanacaq anbarlarını, ordunun idarəetmə məntəqlərini məhv etməyə başlayıb. Ukrayna və Rusiya ekspertlərinin hərbi mənbələrə istinadən yaydıqları məlumata görə, Rusiya ordusunun arxa cəbhəsində, 60-80 km dərinlikdə hər tərəf yanır. Separatçı "Donetsk Xalq Respublikası"nın keçmiş "müdafiə naziri" İqor Qirkin (Strelkov) Rusiyanın hava hücumundan müdafiə sistemlərinin HİMARS raketlərinin kütləvi zərbələrinə qarşı təsirsiz qaldığını, Rusiya ordusunun ağır itkilər verdiyini bildirib: "Son 5-7 gün ərzində 10-dan çox böyük silah-sursat anbarı, bir neçə neft anbarı, ona yaxın komanda məntəqəsi məhv edilib. Arxa cəbhəmizdə şəxsi heyətin yerləşdiyi ərazilərin də vurulması nəticəsində ağır itkilər var".

Ukraynalı hərbi ekspert və keçmiş pilot, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan da bir həftə ərzində məhv edilmiş silah-sursat və yanacaq anbarlarının Rusiyanın Donbasda cəmləşdirdiyi ehtiyatın 15-20 faizini təşkil etdiyi qənaətindədir.

Digər bir ukraynalı hərbi ekspert, Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Sergey Kuzan da hesab edir ki, Ukrayna döyüş meydanında Rusiyanın hərbi imkanlarını məhv edir: "Bu gün Rusiyada əsl panika hökm sürür. Rusiyanın çox tərifli S-300 və S-400 hava hücumudan müdafiə sistemləri HİMARS raket sistemi qarşısında acizdir".

Bunun isə yalnız başlanğıc olduğu hər kəsə aydındır. Ukrayna ordusunun neçə ədəd HİMARS sisteminə malik olduğu məlum deyil. Ekspertlərin ehtimalına görə, Ukrayna hazırda 4 və ya 8 ədəd HİMARS sisteminə malikdir. Yaxın günlərdə ABŞ Ukraynaya daha 4 ədəd HİMARS sistemi verəcək. Bütövlükdə isə yaxın bir ayda HİMARS sisteminin sayının 24 ədədə çatdırılacağı gözlənilir. İyulun 8-də ABŞ prezidenti Co Bayden Ukraynaya daha dörd ədəd HİMARS sisteminin verilməsini nəzərdə tutan 400 milyon dollarlıq yeni yardım paketi imzaladı. Bu isə o deməkdir ki, Rusiya ordusunun ağır günləri qarşıdadır. Ekspertlər Ukrayna ordusunun Rusiyanın bütün silah-sursat və yanacaq anbarlarını məhv edəcəyini, bundan sonra isə canlı qüvvəsini məhv etməyə başlayacağını ehtimal edirlər.

Hələ ötən ayın əvvəlindəki yazılarda ABŞ-ın Ukraynaya HİMARS reaktiv yaylım atəşi sistemlərini verəcəyi halda müharibənin gedişatının kəskin dəyişəcəyini bildirmişdik. HİMARS-ların bir həftə ərzində Rusiya ordusunun 100 min tondan artıq silah-sursat və yanacaq ehtiyatını məhv etməsi ehtimalımızın doğru çıxdığını göstərir. Ukrayna ordusunun HİMARS-larının sayının üç dəfə artması isə tamamilə fərqli vəziyyət yaradacaq. Ekspertlər ABŞ-ın Ukraynaya 300 kilometr zərbə məsafəsi olan ATACMS raketini verəcəyi halda müharibənin Rusiyanın ərazisinə keçəcəyi haqqında əminliklə danışırlar. 

Hərbi əməliyyatların nə qədər davam edəcəyi məlum deyil. Ancaq artıq Rusiyanın məğlubiyyətindən danışmaq mümkündür. Bu, Rusiyanın Qərb texnologiyası qarşısında məğlubiyyətidir. Ukrayna müharibəsi göstərdi ki, Qərbin hərbi sistemi mülki texnologiya ilə birləşə və vahid sistem kimi hərəkət edə bilir. "Maxar" kommersiya peykləri və Starlink interneti Ukraynanın hərbi uğurlarında önəmli paya malikdir.

Siyasətçiləri isə bir sual düşündürür. Məğlub olduğunu anlayan Vladimir Putin nə edəcək? Putinin Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etməyə çalışdığı haqqında çoxsaylı fikirlər var. İddia olunur ki, Putin Belarusun Ukraynaya qarşı müharibəyə başlaması üçün belaruslu həmkarı Aleksandr Lukaşenkoya ciddi təzyiq göstərir. Belarus prezidenti isə Ukrayna ordusunun zəif olmadığına əmin olduğu üçün müharibəyə qoşulmaqdan yayınır. Digər tərəfdən, Lukaşenko Qərblə düşmən olmaqdan çəkinir. Eyni zamanda Belarus cəmiyyətinin və silahlı qüvvələrinin necə davranacağı da rəsmi Minskin tərəddüdünə səbəb olur. Siyasi və hərbi ekspertlərə görə, Putin məğlub olduğunu anlayan zaman nüvə silahına əl ata bilər. Bəzi Qərb ölkələri Ukraynanın sürətli və aşkar qələbəsini də məhz bu səbəbdən istəmirlər. Ukrayna prezidenti Volodimir Zelenski isə işğal edilmiş ərazilərin azad olunması ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin komandanlığına əmr verib. Belə görünür ki, Ukrayna Rusiyanı hərb meydanında da məğlub edəcəyinə inanıb və artıq işğal altındakı ərazilərin azad edilməsi gündəmə gəlib.

 





16.07.2022    çap et  çap et