525.Az

Məlahət İbrahimqızı: "2050-ci ilə qədər bir sıra ölkələrin əhalisinin "Qırmızı kitab"a düşmək təhlükəsi var"


 

Milli Məclisin (MM) deputatı Məlahət İbrahimqızının "525"ə müsahibəsi

Məlahət İbrahimqızı: "2050-ci ilə qədər bir sıra ölkələrin əhalisinin "Qırmızı kitab"a düşmək təhlükəsi var"<b style="color:red"></b>

-Məlahət xanım, parlamentin cəmi 2-3 iclasdan ibarət növbədənkənar sessiyasını nəzərə almasaq, artıq millət vəkillərinin yay tətilinə çıxdıqlarını ya çıxmağa hazırlaşdıqlarını qeyd etmək mümkündür. Bu baxımdan, parlament ötən dövrdə gərəkən qanunları qəbul etdimi , ən azı onların müzakirəsinə cəhd göstərdimi, ümumiyyətlə, hansı qanunların, yaxud, hansı  mövcud qanunlara dəyişikliklərin qəbulunu zəruri sayırdınız, amma onları reallaşması mümkün olmadı?

- Ümumiyyətlə, indi qədər Azərbaycanda mükəmməl, təkmil qanunvericilik bazası yaradılıb. Artıq bizdə son illərdə yeni qanunlardan daha çox mövcud qanunların, vaxtilə qəbul etdiyimiz qanunların təkmilləşdirilməsi istiqamətində işlər görülür. Bu da təbiidir. Çünki zaman, vaxt gedir, dövr dəyişir, ictimai münasibətlərdə dəyişikliklər olur, tələb təkliflərdə ehtiyaclar artıq formasını başqası ilə əvəzləyir. Bizim artıq 10-15 il bundan qabaq yaşadığımız mühitlə bugünkü mühit, şərait eyni deyil. Ona görə  hər il istər yaz sessiyasında, istər payız sessiyasında hansı qanunvericilik sənədləri ki, daha çox vacibdir, onların qəbulu ya təkmilləşdirilməsi istiqamətində ciddi işlər görülür.Məsələn, şəhid ailələri, müharibə əlilləri ilə, ümumən sosial siyasəti əhatə edəcək qanunlarla bağl xeyli təkmilləşdirilmə aparmışıq. Mövcud qanunlar üzərində  təkmilləşdirmə aparılması, onların  beynəlxalq standartlara uyğunlaşdırılması heç o demək deyil ki,  yeni qanunlara ehtiyac yoxdur. Yeni qanunlara da ehtiyac var. Şəxsən bir millət vəkili olaraq məni narahat edən məsələlərdən biri budur ki, Azərbaycanda təxminən 200-300 civarında Milli Qəhrəman var, ancaq onlarla bağlı hələ müəyyən problemlər ortadadır...

"Çox az sayda Milli Qəhrəmanımız var ki, təxminən 50 nəfər civarındadır, onların bugünə qədər ev, mənzil məsələsi həll olunmayıb" 

-Konkret olaraq hansı problemdən söhbət gedir?

- Milli Qəhrəmanlarımızın çoxusu dünyasını dəyişib eyni zamanda,  onların çoxusunun mənzil problemi həll olunub. Amma çox az sayda Milli Qəhrəmanımız var ki, mənə verilən məlumata görə, 50 nəfər civarındadır, onların bugünə qədər ev , mənzil məsələsi həll olunmayıb.  Onların mənzil şəraiti ilə bağlı  problemləri hələ həll edilməyib. Ona görə çox arzulayardım ki, bu problem nəhayət, həllini tapsın, bununla bağlı müvafiq qanunvericiliyə dəyişiklik olunsun. Bu gün Azərbaycanda əgər onminlərlə qaçqın məcburi köçkünlər üçün şəhərciklər, qəsəbələr salınır , əvvəlki qaçqın düşərgələri, vaqonlar sair demək olar ki, ləğv olunub. Bu qədər böyük işlər görə bilən ölkəmizdə 50 nəfər, 100 nəfər Milli  Qəhrəman üçün  mənzil probleminin həll olunması o qədər çətin deyil. Yadınızdadırsa, sovetlər dövründə  Bakıda  "Qəhrəmanlar evi" adlanan yaşayış binası var idi. İndiki dövrdə Milli Qəhrəmanlarımızla da bağlı belə bir binanın tikilməsi çox yaxşı olardı.  Hətta, hesab edirəm ki, belə bir binanın tikilməsi ilə bu problemin həllinin biryolluq qapanmasına nail olardıq.

Eyni zamanda burada bir məqamı da vurğulamaq istərdim ki, bu gün dünyada daha çox siyasi məsələlərdən, siyasi problemlərdən daha çox danışılır. Ancaq bəzi qeyri-siyasi daha vacib  problemlər var ki, onlar haqda  az danışılır, hansı ki,  bütün danışılan insan hüquqları, hüququn aliliyi, söz azadlığı həmin problemin problemlərin təməl fundamentləri sayılan problemlərdir...

"Bu gün hansısa ölkələr əgər demoqrafik krizis yaşayırsa, deməli, o ölkələrin gələcəkdə iqtisadi sahədə ciddi problemləri olacaq" 

-Məsələn, hansı problemi ya problemləri  nəzərdə tutursunuz ki, onun haqqında çox az danışılır?

- Həmin problemlərdən biri demoqrafik problemdir. Onu da qeyd edim ki,  bu gün hər bir dövlətin gücündə, onun qüdrətində  demoqrafik amil çox ciddidir çox böyük rol oynayır. Yəni, hər bir dövlətin təhlükəsizlik konsepsiyasında demorafik problem , demoqrafik təhlükəsizlik ən ciddi həlqələrdən, istiqamətlərdən biri sayılır. Bir ölkənin iqtisadi gücü onun  təkcə iqtisadi resursları deyil, həm əmək resursları ilə fərqləndirilir, qiymətləndirilir. Əmək resursları da nədir? İnsandır - qadın kişilərdir.Bu gün hansısa ölkələr əgər demoqrafik krizis yaşayırsa, deməli, o ölkələrin gələcəkdə iqtisadi sahədə ciddi problemləri olacaq. Eyni zamanda, demoqrafik problemlərin içərisində   əsas demoqrafiyanı şərtləndirən əhali artımıdır. Əhali artımının nüvəsində heç şübhəsiz,  ana sağlamlığı ailə planlaşdırması dayanır. Yəqin ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Ümumdünya Səhiyyə Təşkilatının "Dünya əhalisi-2050"  hesabatına baxıbsınız. Orada 2050-ci ilə qədər  artıq dünyanın bir sıra ölkələrinin əhalisinin demək olar ki, itməkdə olması, belə demək mümkünsə, "Qırmızı kitab"a düşməsi məsələsi var.  Yəni,  "Dünya əhalisi-2050"- bir çox millətlərin, xalqların, demək olar ki, kökünün kəsilməsi təhlükəsi qənaətinə gəlib.Ona görə bu ölkələr üçün, hər bir dövlət üçün həyəcan siqnalıdır...

"Hazırda ölkəmizdə demoqrafik krizis yoxdur" 

-Məlahət xanım, bəs bizim ölkəmizlə bağlı məsələ yerdədir, demoqrafik krizis təhlükəsi bizim üçün varmı?

- Allaha min şükür ki, hazırda bizim ölkəmizdə demoqrafik krizis yoxdur.Xatırladım ki, Azərbaycanın keçmiş  SSRİ dağılarkən 6 milyon yarım əhalisi var idi. Amma bu gün biz 9 milyon yarımdan çoxuq. Bu da çox ürəkaçan rəqəmdir ki, bizim əhalinin sayı ildən-ilə artır. Amma bunun gələcəkdə necə olacağı, əhali artımının necə baş verib-verməyəcəyi indidən tam məlum deyil. Bu, heç o demək deyil ki, bu gün bizim əhalimiz 9 milyondan çoxdursa ,  2050-ci illərdə, qarşıdakı illərdə demoqrafiyamızda hansı problemlərin olması gözlənilmir. Bu, belə deyil. Ona görə ailə planlaşdırması demoqrafik proseslərin tənzimlənməsində xüsusi rolu olan ana sağlamlığının bu məsələdə  çox böyük əhəmiyyəti var.2000-ci ildə Minilliyin inkişaf sammiti oldu orada səkkiz istiqamətdə strategiya qəbul olundu. Buna minilliyin hədəfləri deyirlər. O hədəflərin-strategiyanın dördü qadınlarla - ana ölümü, ana xəstəliyi, ana sağlamlığı, qadınların gücləndirilməsi ilə bağlıdır.  Amma bu gün təəssüf ki, Azərbaycanda bununla bağlı müəyyən problemlər var. Bir xeyli müddət öncə, yəni, 2013-2014- təhsil-tədris ili ilə bağlı təhsil naziri Mikayıl Cabbarov mətbuat konfransında müsahibəsində belə bir rəqəm səsləndirdi,- o statistikada da var, amma ictimaiyyət üçün bəlkə yeni idi, - birinci sinfə gedən uşaqlar arasında qızların sayı oğlanların sayından 10-15 min azdır. Təhsil naziri sonra  fikrini davam etdirərək dedi ki, gələn il bundan da çox fərq görünür. Bu, əlbəttə, çox düşündürücü narahatedici bir məsələdir.

Statistika özü açıq-aydın  göstərir ki, artıq əhalimizin 7 yaşdan aşağı olan hissəsində qızların sayı oğlanları sayından azdır. Onu da deyim ki,  biz bir müddət öncə müvafiq qanunda dəyişikliklər etdik həmin dəyişikliklərə əsasən artıq cinsiyyətə görə tibbi müayinə aparılması ilə bağlı həkimlər hansısa məsuliyyət daşıyır, onlara bu məsələ qadağan olunur. Yəni, bu məsuliyyət məsələsi qanunvericilikdə öz əksini tapdı. Amma hesab edirəm ki, bu, azdır...

"Valideyn özü bilə-bilə öz övladının qatilinə çevrilir" 

-Nəyə görə?

 -Əslində qadağan olunmaq söhbəti ola bilməz. Qadağan sözü birinci insan hüquqları ilə bağlı olan haldır, ikincisi qadağan olunmaq maddəsi problemin həlli deyil. Bu məsələnin köklü həlli üçün biz  bu gün cəmiyyətdə geniş maarifləndirmə işləri aparmalıyıq. Avropada, inkişaf etmiş hansı ölkədə gedib desəniz ki, cinsə görə hamiləlik müayinə olunur, ona gülərlər eyni zamanda, bu azmış kimi,  ondan sonra hansısa cinsin olması ilə bağlı valideyn yaxud da həkim hamiləliyi ləğv edirsə, bu, artıq dəhşətdir.Bugünkü zamanda, yəni, XXI əsrdə hamiləliyin qarşısının alınmasının metodları ola-ola, hamiləlikdən sonra bir növ ana bətnində olan uşağın öldürülməsi, qətlə yetirilməsi, bu, qəbulolunmazdır. Yəni, valideyn özü bilə-bilə öz övladının qatilinə çevrilir.  Ona görə burada ailə planlaşdırması çox  önəmlidir, eyni zamanda da, dediyim kimi,  maarifləndirmə işi aparılmalıdır. Rəhmətlik Səməd Vurğun hələ o zamanlar "Bəsti" poemasında yazırdı ki,  "Anan səni doğanda adına Bəsti dedi, əllərimi bir fələk  oğuldan kəsdi dedi", "Beləydi qayda bizdə qız doğanda analar, baxıb qara geyərdi su üstündə sonalar"... Bu sözlərlə dahi şairimiz sanki o zamandan insanlara-bizlərə üsyan edirdi.

"Bizdə hələ Qıztamam, Tamam, Qızyetər, Qızbəsti adlarına tez-tez rast gəlinir bu adlarla sanki qızların dünyaya gəlməsinə etiraz olunur ki, bu da qətiyyən, düzgün deyil, yolverilməzdir"

Eyni zamanda, bu gün özündə belə  Azərbaycanda qədimdən qalma köhnə adlar siyahısında Qıztamam, Tamam, Qızyetər, Qızbəsti adlarına tez-tez rast gəlinir. Yəni, bu adlarla sanki qızların dünyaya gəlməsinə etiraz olunur ki, bu da qətiyyən, düzgün deyil yolverilməzdir. Ancaq o da var ki,  bu adlar bizim dindən qaynaqlanan adlar deyil. Bizim dinimizdə deyilir: "Cənnət anaların ayağı altındadır." Yəni, ananın ayağının altı öpüləcək dərəcədə müqəddəsdir. İslam hümmətinin, islam aləminin müqəddəs peygəmbəri Məhəmməd peyğəmbərin,  Allahın rəsulu olan peyğəmbərimizin qızı olub, oğlu olmayıb. Dinimizdə üç qızı olanın Allahın ən sevimli bəndələrindən olduğu qeyd olunur.  Yeri gəlmişkən, cahillik dövründə ərəb toplumunda qız uşaqları doğulanda öldürərlərmiş.Çox təəssüflər olsun ki, min illər bundan öncə olan, yaşanmış problemlərin bu gün Azərbaycanda qalması, bu, Azərbaycan ziyalılarının, Azərbaycan insanının adına şərəf deyil. Ona görə Azərbaycanın bütün bölgələrində, eləcə mətbuat vasitəsilə,  ciddi tibbi maarifləndirmə işi aparılmalıdır... 

"Bu gün mətbuat da, parlament reproduktiv sağlamlıq deyəndə, onu "surroqat ana"ya yönəldir"

-Yeri gəlmişkən, bu gün Azərbaycanda məktəbdən, təhsildən yayınma, erkən nikaha getmə 15-20 il bundan qabaqkından daha çoxdur...

-Bu da çox ağrılı bir məsələdir. Bir tərəfdən, Azərbaycan sürətlə inkişaf edir, böyük nailiyyətlər əldə edirik sair,  digər tərəfdən, bizim qızlarımız təhsildən yayınır, erkən ərə gedir. Bu, bizim xalqımıza yaraşanmı əlamətdir? Bu, hansı dövrdür ki, valideyn-ana qız uşağını öz övladını məhv etdirir?... Vaxtilə 15-20 il bundan qabaq 3-4 ayından sonra ana bətnində olan uşağın ürək döyüntüləri eşidilirdi. Amma bu gün yüksək səviyyəli texnologiyalar əldə olunub ki, bir həftəlik dölün artıq ürək döyünməsi eşidilir. Deməli, bu, özü nəyi göstərir? Bu özü onu göstərir ki, fərqi yoxdur, bir günlük olsun, üç günlük olsun, istər 9 aylıq olsun, bu, insandır.İnsanın hüquqları var insanın insana qarşı qətl törətməsi, onu öldürməsi necə ağır cinayətdirsə, 10 günlük, 15 günlük uşağı da öldürmək, ana bətnində olan məsum uşağı da öldürmək o dərəcədə ağır cinayət sayılır sayılmalıdır. Buna görə yuxarıda da qeyd etdiyim kimi, ailə planlaşdırması çox önəmlidir. Ailə planlaşdırması uşaq dünyaya hələ gəlməmiş, eləcə qadın - ana hamilə olmamışdan qabaq  aparılır. Yəni, bu, bir elmdir bütün dünyada bu aparılır. Təbii ki, bəzi inkişaf etməmiş toplumlarda bunun aparılması mümkün deyil, onların bunun üçün imkanları yoxdur, amma bizim  bu cür inkişafımız, nailiyyətlərimiz, bu cür resurslarımız ola-ola  bu istiqamətdə apardığımız  işlər  etiraf etməliyik ki, çox zəifdir.

Elə o zəif işin nəticəsidir ki, bu gün Azərbaycanda 7 yaşına qədər olan əhalinin içərisində qızların sayı oğlanlardan xeyli azdır, burada  nəzərə çarpacaq dərəcədə fərq var bu məsələ  beləcə özbaşına buraxılsa, gələcəkdə daha ciddi təhlükə yarada bilər. Ona görə   biz mövcud  qanunumuzu ya təkmilləşdirməliyik, yaxud da neçə müddətdir mətbuatda müzakirə olunan "Peproduktiv sağlamlıq ailə planlaşdırılması haqqında" qanun  müzakirəyə çıxarılmalıdır. Amma çox təəssüf, bu gün mətbuat da, parlament reproduktiv sağlamlıq deyəndə, onu "surroqat ana"ya yönəldir. "Surroqat ana" tam başqa bir şeydir, reproduktiv sağlamlıq ailə planlaşdırması isə tam başqa bir məsələdir,  yəni, o, əslində ölkənin demoqrafik təhlükəsizliyinə xidmət edən bir məsələdir."Parlamentdə çoxluqda kişi millət vəkilləridir, onlarda da belə bir fikir assosiasiya olundu ki, ailə planlaşdırılması, reproduktiv sağlamlıq elə "surroqat ana"dır..." Reproduktiv sağlamlıq ana sağlamlığıdır, ana ölümünün, süd vəzisi xərçənginin qarşısının alınmasıdır, ailə planlaşdırması deməkdir. Azərbaycan xalqının mentalitetində ailədə bir ananın ölümü elin-obanın faciəsinə çevrilir, nəinki bir atanın. Yəni, bizdə belə bir el misalı var, uşaq atadan yetim qalmaz, anadan yetim qalar. Bu da mənə elə gəlir ki, əsaslı deyilmiş sözdür. Ona görə çox təəssüflənirəm, çox üzülürəm ki, həmin qanun layihəsini  İşçi Qrupunda hazırladıq, onu şəxsən mən parlamentdə  təqdim etdim, amma onun qəbulu mümkün olmadı. Mətbuat da müzakirəni elə istiqamətə  yönəltdi ki, bəzi kişi millət vəkillərimiz bunun əleyhə çıxdılar. Bildiyiniz kimi, parlamentdə   çoxluqda kişi millət vəkilləridir, onlarda da belə bir fikir assosiasiya olundu ki, ailə planlaşdırılması, reproduktiv sağlamlıq elə "surroqat ana"dır.Təbii ki, mən özüm "surroqat ana"nın  əleyhinəyəm. Çünki bu, bizim həm milli dəyərlərimizə uyğun olmayan bir şeydir eyni zamanda da lazım olmayan bir məsələdir. Yəni, bu gün Azərbaycanda demoqrafik krizis yoxdur ki, milli dəyərlərimizə zidd olsa da, biz buna getməyə məcbur olaq sair.  Bu gün elə bir şey yoxdur.  Amma onun reproduktiv sağlamlığa, ana sağlamlığına dəxli yoxdur.Ona görə hesab edirəm ki, ya mövcud qanuna hansısa  əlavələri nəzərdə tutan, ya da reproduktiv sağlamlıqla bağlı məlum qanun layihəsi  müzakirəyə çıxarılmalıdır.

Kamil Həmzəoğlu

 





06.06.2014    çap et  çap et