Əziz oxucular!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.
Raqub KƏRİMOV Filologiya üzrə elmlər doktoru, professor
Şəhid Qarabaği
Mirzə Əbülhəsən Kərbəlayi Kazım oğlu Şəhid Qarabaği təqribən 1815-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Gənclik illərində sənətkar kimi fəaliyyət göstərən Əbülhəsən sonralar təhsilini davam etdirərək müəyyən nailiyyətlər əldə edib, əvvəlcə Cavanşir mahalının qazisi, sonra isə Gəncənin şəriət məclisinin üzvü olub. Şairlik istedadı olan Əbülhəsən şeirlərini "Şəhid" təxəllüsü ilə yazıb. 1880-ci ildə vəfat edib.
Qəzəllər
Çox təşnəyəm ol qaməti-rənayə, yavaş get,
Mən həsrətəm ol hüsni-dilarayə, yavaş get.
Qıldın məni-biçarəni aşüfteyi-zülfün,
Saldın bir uzun şur ilə qovğayə, yavaş get.
Ey badi-səba, türreyi-yarə güzər etsən,
Bir tul sözüm var dili-şeydayə, yavaş get.
Ahulara mənus qılıb nərgisi-məstan,
Salmış məni Məcnun kimi səhrayə, yavaş get.
Dur bir, baxım ol qəmzeyi-cəlladə, verim can,
Axir yetişim bircə təmənnayə, yavaş get.
Əbruyi-xəmin tiğ çəkib qətli-Şəhidə,
Saldın dili-aşüftəni qovğayə, yavaş get.
lll
Hücumi-əşk edər hər dəm ciyərdən parələr peyda,
Ki, tarac olsa gülşən, cuybar eylər əsər peyda.
Könül bu çaki-sinəmdən üzün görgəc fəqan eylər
Ki, gül görgəc olur mürği-qəfəsdən nalələr peyda,
Sınıq könlümü dərhəm eyləmə, ey səngdil, vəhm et,
Vuran dəm bir-birə eylər sınıq şişə zərər peyda.
Qəmi-zülfündə miskin könlümə etməzmi asayiş,
Şəbi-qəm içrə bimarə məgər olmaz səhər peyda?
Könül eylər nəzarə məh üzündə həlqeyi-zülfə,
Həzər qılmazmı ki, Əqrəbdə olmuşdur qəmər peyda?
Vüfuri-giryədən hicranara həmçeşmi-Yəqubəm,
Məgər ol Yusifi-sanidən olmaz bir xəbər peyda?
Yenə girmiş Şəhidi-eşq Harut ilə Mizanə,
Edər çahi-zənəxdan içrə ayini-hünər peyda.
lll
Xoşam dövri-ləbində gər həmişə zardır könlüm
Ki, camü badə təzvici olan bimardır könlüm.
Könül mülkün edib yəğma zülfün, qarət xətin,
Elə viranə kim, mavayi-murü mardır könlüm.
Uzun olduqca şəb bimarlər rənci olur əfzun,
Onuncun ol xəmi-gisudə daim zardır könlüm.
Saqın, ey rahəti-can, getmə könlümdən şəbi-hicran
Ki, bir tüğyan edən dəryayi-atəşbardır könlüm.
Xumari-nərgisi-məstin təmənnasın salıb başə,
Uyub ahulərə peyvəstə Məcnunvardır könlüm.
Könüllə məcməi-zülfə güzər qılsan, səni Tarı,
Səba, qılma pərişan kim, mənim həm vardır könlüm,
Xəmi-zülfün xəyalıdır ki, çıxmaz heç könlümdən,
Ayini-viranələr tək xaneyi şəhmardır könlüm.
Şəhida, gərçi vardır gövhəri-nəzmi-dilavizim,
Zərü simim ki, yox, əmsal içində xardır könlüm.
Hekayət
Dəyirmançı bir qoca
Minmiş idi eşşəyə.
Oğlu da arxasınca
Gedirdilər meşəyə.
Hava isti, yol uzaq,
Lap tərləmişdi uşaq.
Gülüb yoldan keçənlər
Dedilər: - Bax bunlara,
Bu insafsız bəxtəvər
Özü minmiş ulağa,
Belə isti havada
Oğul gedir piyada.
Harda görülmüş, ata
Özü minsin ulağa,
Belə isti havada
Oğul getsin piyada.
Endi ulaqdan qoca,
Oğul mindi eşşəyə.
Atası arxasınca
Üz qoydular meşəyə.
İstiləşirdi hava,
Yorğalayırdı qoca.
Güldü yoldan keçənlər:
- Bax insafsız oğlana,
Qoca kişi tökür tər,
Özü minmiş heyvana.
Belə isti havada
Qoca gedir piyada.
Qoca dedi oğluna:
- Rahatlıq ver heyvana.
Oğlan endi eşşəkdən.
Ata-oğul yan-yana
Elə isti havada
Gedirdilər piyada.
Güldü yoldan keçənlər:
- Baxın qoca axmağa:
Oğlu, özü tökür tər,
Minməyirlər ulağa,
Belə isti havada
Sürünürlər piyada.
Qoca mindi eşşəyə,
Dönüb dedi oğluna:
- Tez ol çataq meşəyə
Gəl, sən də min heyvana.
Atıldı mindi oğlan,
Yorğalayırdı heyvan.
Güldü yoldan keçənlər:
- Yollar bütün dağ-dərə,
Heyvan batıb qan-tərə.
Baxın iki axmağa,
Minib yazıq ulağa.
Hava isti, yük ağır,
Bax, heyvandan tər yağır.
Qocaq dedi oğluna:
- Diqqət verməyək buna,
Hər deyilən düz olmaz
Yol söhbət-sözsüz olmaz.
Həsən Lələ
Həsən Lələ Hüseynqulu oğlu təxminən 1820-ci ildə Şuşada anadan olub. Heç bir təhsil almasa da, bədahətən şeir deməkdə mahir imiş. Güzəranını şadlıq məclislərində dəf çalmaq, bədahətən şeir deməklə keçirərmiş.
Gözüm genə bir gözləri məstanə düşübdür,
Məst olmağının şöhrəti dəstanə düşübdür.
Zahidlərə bax, məscidü mehrabə üz urmuş,
Mən rindi-xərabəm, mənə meyxanə düşübdür.
Mən aşiq idim, şövqü onun var idi məndə,
Öz aşiqinin gərdənini saldı kəməndə.
Ağ üzdə qara haşimi xalları görəndə,
Sərraf gözüm ləli-Bədəxşanə düşübdür.
Qurbanın olum, saqi, məni salma nəzərdən,
Müşkildi doyam sən kimi rənay gözəldən.
Pərvanə oda yanmağı adətdi əzəldən,
Pərvanə canım atəşi-hicranə düşübdür.
Vəh-vəh, nə əcəb zib veribdir bədəninə,
Əsla belə şux gəlmədi bu ruyi-zəminə.
Olmaz belə qamət, belə gərdən, belə sinə,
Guya ki, mələk rövzeyi-rizvanə düşübdür.
Kərbəlayi Qulu Yusif
Kərbəlayi Qulu təxminən 1822-ci ildə Şuşada anadan olub və 1882-ci ildə orada da vəfat edib. Əsas məşğuliyyəti dülgərlik olan Kərbəlayi Qulu şair kimi də "Xarrat Qulu" adı ilə müasirləri arasında şöhrət qazanıb. Həcv deməkdə xüsusi məharəti olan Qulu şeirlərini "Yüsifi" təxəllüsü ilə yazıb.
Qəzəl
Hər nakəsə veribdi Xuda pul ağını,
Ancaq rəva görübdü mənə qəm qalağını.
Atlar təvilə içrə qalıb ac, arpasız,
Bu sirri bilməzəm, nə çox istər ulağını?
Hər kəs dəvabdır ələfiyyatı çox görüb,
Çəksin təməh dişini və yumsun dodağını.
Qismət mənə olubdu qəmim, həm də göz yaşım,
Fərman verib bu növ ilə vermək səyaqını.
Hər kəs cahanda mal yığıban xərc qılmasa,
Layiqdi mənzil eyləyə neyran bucağını.
Çünki görüb səlah Xudavəndi-zülcəlal.
Heyvani-bizəbanə bu dünya yatağını.
Yorğun edibdi Yusifini kəsbkarlıq.
Hər dəm çəkər bu çərx ona min növ dağını.