525.Az

İranın Rusiya planı


 

İranın Rusiya planı<b style="color:red"></b>

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan İranın Ukrayna müharibəsində Rusiyaya yardım etmək niyyətində olduğu haqqında açıqlama ilə çıxış edib. Sallivanın sözlərinə görə, bunun üçün İran özünün yüzlərlə döyüş və kəşfiyyat təyinatlı  pilotsuz uçuş aparatlarını Rusiyaya verməyə hazırdır. Məlumata görə, İran Rusiya hərbçilərinə pilotsuz hava aparatlarının taktiki tətbiqi   ilə bağlı təlim keçmək üçün hazırlığı başa çatdırıb. Vaşinqtonda hesab edirlər ki, İran ABŞ və Çindən sonra dünyada ən ciddi və yüksək səviyyəli  pilotsuz  hava aparatlarına malikdir.

Qərbdə hesab edirlər ki, İran hələlik ən qabaqcıl pilotsuz uçuş aparatları olan "Şəhid-129" və "Şəhid-149 "Gəzza"  PUA-larını  Rusiya tərəfə verməyəcək.

"Şəhid-129" 24 saat havada qalmaq imkanına malikdir və 2000 kilometr məsafədəki hədəfi də dəqiq vura bilir. "Şəhid-149 "Gəzza" aparatları "Şəhid-129"dan daha çox havada qalmaq və daha hündürlükdə uçmaq imkanına malikdir. Mütəxəssislər "Şəhid-149 "Gəzza" dronlarını ABŞ-ın MQ-9 Reaper-inə bənzədirlər. Ekspertlər isə bildirirlər ki, İranın bu addımına qarşı ABŞ Ukraynaya PUA-lar ilə mübarizə üçün silahlar (IM-SHORAD) verə bilər.

İran rəsmiləri bu məlumatları təkzib etmirlər. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani bildirib ki, Rusiya və İran arasında texnoloji əməkdaşlıq Ukraynadakı müharibədən əvvəl mövcud idi.

İran son illər özünün pilotsuz uçuş aparatları istehsalını gücləndirib və mütəxəssislərin də qeyd etdiyi kiimi, bu sahədə yalnız ABŞ və Çindən geri qalır. Doğrudur, İsrail özünün pilotsuz uçuş aparatları haqqında məlumatı tam açıqlamır və başqa ölkələrdən fərqli olaraq reklam etmədiyi üçün yəhudi dövlətinin bu sahədə əsl gücünün nədən ibarət olduğu məlum deyil.

Rusiyaya yüzlərlə pilotsuz uçuş aparatları verməyə hazır olan İran Moskvaya hərbi ittifaq yaratmağı da təklif edir. Tehranda hesab edirlər ki, Rusiya-İran alyansı olmadan Suriyada ABŞ-ın qarşısını kəsmək mümkün olmayacaq. Eyni zamanda, İranla ittifaq olmadan Rusiyanın Qərbin qarşısında davam gətirə bilməyəcəyi qənaətindədirlər. Rusiya isə İranın bu təklifindən ehtiyatlanır. Moskvada əmindirlər ki, İranla ittifaq İsrail və Səudiyyə Ərəbistanın Rusiyaya qarşı blokda yer almasına səbəb ola bilər. Lakin Türkiyənin də bu ittifaqda yer alacağı halda Rusiya İranla alyansa müsbət yanaşa bilər. Ona görə də həm İran, həm də Rusiya Türkiyənin bəhsi gedən alyansda yer almasında maraqlıdır. Türkiyə isə Suriyada kürd separatçılarının güclənməməsi üçün Rusiya və İranla əməkdaşlıqda maraqlı görünür.

Əgər İranın Rusiya ilə hərbi əməkdaşlığı hansısa alyansa çevrilsə, bu, heç şübhəsiz ki, Cənubi Qafqazda geosiyasi vəziyyətə ciddi təsir edəcək və Ukraynadakı müharibənin sərhədlərinin genişlənməsinə də səbəb olacaq.

 





18.07.2022    çap et  çap et