525.Az

Müəllimlərin işə qəbulu müsabiqəsində test imtahanı mərhələsi


 

"YENİ QAYDALAR PEŞƏKARLIĞIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ PROSESİN İDARƏ EDİLMƏSİNDƏ BİR SIRA ÜSTÜNLÜKLƏR QAZANDIRIR"

Müəllimlərin işə qəbulu  müsabiqəsində test imtahanı mərhələsi<b style="color:red"></b>

İyulun 14-dən etibarən  2022-2023-cü tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. 54745 namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkə üzrə 10 şəhərdə təşkil olunan 15 imtahan mərkəzində keçiriləcək.

Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim ediləcək. Ötən illərdən fərqli olaraq bu il test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 balla hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Həmçinin, yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə -0,25 bal şəklində hesablanacaq.

Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.

Təhsil naziri Emin Əmrullayev deyir ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı yeni qaydalar peşəkarlığın qiymətləndirilməsi və prosesin idarə edilməsində bir sıra üstünlüklər qazandırır: "Xüsusilə şəhid ailəsi üzvü olan namizədlərə şamil olunacaq müddəalar onların rifahı və işlə təmin olunması baxımından xeyli asanlıqlar gətirir. Təhsil Nazirliyi olaraq təhsil iştirakçılarının maraqlarının həyata keçirilməsi, şəffaflıq və sağlam rəqabətlilik tətbiq olunmaqla keyfiyyətin artırılması istiqamətində işlərimizi davam etdiririk. İnanırıq ki, bu dəyişikliklər ümumi təhsil müəssisələrində müəllim seçiminin ədalətli aparılmasında xüsusi rol oynayacaq".

Azərbaycan Respublikası Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəylinin sözlərinə əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi ölkədə əsas tədris olunan xarici dil fənni ingilis dilidir.

O qeyd edib ki, az tədris olunan isə alman və fransızdır. Buna görə də bu dillər üzrə imtahan verənlərin sayı azdır. Onun sözlərinə görə, müəllimlərin işə qəbul imtahanında ən çox ibtidai sinif müəllimliyi üzrə namizədlər var: "Builki imtahanda təxminən 11 mindən çox namizəd olacaq".

Nurlan İsmayılbəyli müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanında yüksək bal toplayan namizədlərin müsahibə mərhələsindən kəsilməsi ilə bağlı məsələyə münasibət bildirib. O vurğulayıb ki, bununla bağlı şikayətlər olur: "Müsahibə mərhələsində namizədin psixoloji hazırlığı və ya özünü təqdim etməyinə baxılır. Müəllimlər test imtahanına hazırlaşdığı kimi, psixoloji olaraq da hazırlaşmalıdırlar. Çünki müsahibə zamanı 3 şəxsin qarşısında narahatlanan, həyəcanlanan şəxs auditoriya qarşısında daha çox həyəcanlanacaq. Ən əsası müəllim özünü rahatlıqla təqdim etməyi bacarmalıdır".

Direktor sertifikasiyadan fərqli olaraq müəllimlərin işə qəbulu müsabiqəsində səhv cavabın düz cavabı aparmağının səbəbini açıqlayıb. O deyib ki MİQ-lə sertifikasiya iki fərqli imtahandır:  "MİQ-də müəllimlər bir-biri ilə yarışırlar, bu, daha geniş şkalada yaxşılar içindən ən yaxşını seçmək üçün ədalətli qərardır. Sertifikasiyada isə müəllimlər bir-biri ilə yarışmır, onlar fənlər üzrə minimal tələbləri ödəməlidirlər. Bu baxımdan sertifikasiyada daha geniş şkalanın olmasına ehtiyac yoxdur".

Nurlan İsmayılbəyli bu il müəllimlərin işə qəbulu müsabiqəsində vakant yerlərin sayı da açıqlayıb. Onun dediyinə görə, təxminən 9000-dən artıq vakant yer namizədlərə təqdim olunacaq: "Müəllimlərin işə qəbulu üzrə test imtahanını artıq beş ildir ki, həyata keçiririk. Bu beş ildə ən çox vakant yer bu il təklif olunur".

Onun dediyinə görə, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində "Təhsil haqqında sənədin nümunəsi" bölməsinə "Arayış" sözünü yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqənin növbəti mərhələlərində həmin namizədlərdən müvafiq təhsil haqqında sənəd tələb olunacaq: "Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində "müsabiqə növü" bölməsində müvafiq bəndi seçməlidirlər".

Təhsil Nazirliyindən verilən məlumata görə, iyulun 15-dən etibarən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılıb. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 11:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Təhsil nazirinin müavini Muxtar Məmmədovun sözlərinə görə, müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınan Azərbaycan vətəndaşları və ya ölkədə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Həmçinin, müsabiqədə iştirak etmək istəyən şəxs hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında müəllim olaraq fəaliyyət göstərirsə, müddətsiz əsaslarla təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdiyi halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilər: "Müəllim tədris etdiyi fənn üzrə yaxşı biliyə malik olmalı və biliyini şagirdlərə düzgün çatdırmağı bacarmalıdır. MİQ imtahanı da sadalanan keyfiyyətlərə malik namizədləri seçir".

O əlavə edib ki, Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və sertifikasiya prosesi ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır: "Vətəndaşlara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd müəllimlərin işə qəbulu və sertifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır".

Təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, bu ildən işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılıb. Bu mərhələdə 100 ballıq qiymətləndirmə tətbiq edilir. Hesab edirəm ki, imtahan müddətinin artırılması müsbət haldır: "Müəllimlər zamana qarşı savaşmamalıdır. Müəllimlərin təyinat yerində mütləq çalışması müsbət qərardır. Çünki bəzi zonalarda, xüsusilə kəndlərdə, qəsəbələrdə ibtidai siniflərdə hər il müəllim dəyişdirilməsindən əziyyət çəkirlər. Əgər hər il müəllim dəyişikliyi edilirsə, təbii olaraq onlar stress və adaptasiya problemi yaşayırlar".

Millət vəkili Ceyhun Məmmədovun dediyinə görə, müəllimlik elə bir peşədir ki, daim biliklərin artırılmasına ehtiyac var. Bu baxımdan davamlı olaraq müəllimlərin işə qəbulu imtahanında dəyişikliklərin edilməsi önəmlidir: "Ona görə düşünürəm ki, imtahan suallarında çətinliklərin olması normaldır. Narazılıq subyektivdirsə, nəzərə alınmamalıdır, obyektiv səbəb varsa, səbəblər ciddi şəkildə araşdırılmalıdır, təhlil olunmalıdır. Müəllimlik kifayət qədər ağır peşədir, müəllimlər üzərlərində işləmək istəmirlərsə, inkişaf etmək istəmirlərsə, bu, qəbuledilməzdir. Proqramların çətinliyi ona hesablanıb ki, bütün müəllimlərin bilik-bacarıqları təkmilləşdirilsin".

Millət vəkili bildirib ki, müəllimin motivasiyası olmalıdır, həvəslə işləməlidir, həm öyrənməyə, həm istirahətə, həm ailəsinə zamanı olmalıdır.

Sevinc QARAYEVA

 





19.07.2022    çap et  çap et