525.Az

Nəcib insan və dəyərli alim...


 

AYAZ MUSAYEVİN VƏFATI ELMİ-PEDAQOJİ MÜHİTİMİZ ÜÇÜN AĞIR İTKİ OLDU

Nəcib insan və dəyərli alim...<b style="color:red"></b>

O səhəri üzücü bir xəbərlə açdıq. Fakültəmizə, universitetə, nəhayət, Azərbaycan jurnalistikasına ağır itki oldu Ayaz müəllimin vəfatı. Alicənablığı, ziyalılığı, müdrikliyi hər addımında sezilən insan, şərəfli ömür yolu keçən müəllim - Xalq yazıçısı Qılman İlkinin yadigarı idi Ayaz Musayev.

"Müəllimi bu dünyadan köçən insan özünü yetim kimi hiss edir, axı onlar bizi həyata hazırlayırlar..." Tələbələrindən biri sosial şəbəkədə Ayaz müəllimin vəfatından sonra yazıb bu sözləri. Onun haqqında deyilənlər, yazılanlar Ayaz müəllimin özü qədər səmimi və dəqiqdir.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Ayaz Musayev 1947-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq ixtisası üzrə bitirib. 1982-1985-ci illərdə Moskva Poliqrafiya İnstitutunda redaktor ixtisası üzrə ikinci ali təhsil alıb.

1970-1972-ci illərdə Azərbaycan Jurnalistlər Birliyi, "Müxbir", 1973-1974-cü illərdə Azərbaycan Mətbuat Nazirliyinin "Kitablar aləmində" jurnallarında ədəbi işçi vəzifələrində çalışıb. 1974-2004-cü illərdə "İşıq" nəşriyyatında redaktor, böyük redaktor, redaksiya müdiri vəzifələrində işləyib. 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Ayaz müəllimi 2004-cü ildən - Bakı Dövlət Universitetində işləməyə başladığı vaxtdan tanımışam. Çox nizam-intizamlı, öyrətməyi sevən, fakültədə hamının hörmətlə yanaşdığı, dəyər verdiyi, tələbələrin sevgisini qazanan müəllimlərimizdən idi... Tələbələrini səbrlə dinləyir, suallarını ətraflı, dəqiq cavablayardı. Həmişə zövqlə, səliqəli geyinər, səsinin tonunu qaldırmadan aramla danışar, elə bu keyfiyyələri ilə də gənclərə mesajını verərdi. Öz davranışı ilə də örnək idi - Ayaz müəllimin sakit, təmkinli, dəqiq, NƏCİB obrazı həmişə yaddaşımızda qalacaq.

Dərs ilinin sonuna doğru Ayaz müəllimin tələbələr üçün "Jurnalistin nitq mədəniyyəti" adlı praktik vəsaiti dərc olundu. O qədər sadə və təmənnasız insan idi ki, kitabı mənə hədiyyə edəndə təqdimatının daha geniş keçirilməsini təklif etməyimə baxmayaraq, özünəməxsus alicənablıqla "təki tələbələrimzə faydalı olsun, yetər" demişdi.

Özü barədə, gördüyü işlər haqqında danışmağı sevməzdi. Ayaz müəlimi tanımaq üçün auditoriyada ondan dərs almaq, bir də müəllifi olduğu kitabları oxumaq lazımdır. İmzası ilə mənə bağışladığı kitablarını vərəqləyirəm. "Dialoq" kitabında müəllifin məqalə və oçerkləri, resenziyaları, araşdırma və xatirələri, hətta başına gələn məzəli əhvalatlar haqqında yazdıqları da toplanıb. Auditoriyada nəzəri biliklər öyrədən müəllim tələbəsi ilə praktik dialoqunu sanki bu kitabla davam etdirib.

"Fikirlərə bürünmüş sətirlər" kitabında Ayaz Musayevin bir müdrik deyimi diqqətimi çəkir: "Gözəl danışmağı bacaran adam gözəl susmağı da bacarmalıdır!" Onun çox vaxt susub baş verənləri kənardan səssizcə müşahidə etməsini xatırlayıram.

Allah sizə rəhmət eləsin, "gözəl susmağı" bacaran adam!

 





19.07.2022    çap et  çap et