525.Az

Yuqoslaviyaya - indiki üç ölkəyə səyahət - Telman Orucov yazır


 

Yuqoslaviyaya - indiki üç ölkəyə səyahət - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli dünənki sayımızda)

Yolboyu avtobus bir neçə dəfə dayandı ki, sərnişinlər təbii ehtiyaclarını ödəsinlər. Biz salonu tərk etdikdən sonra sürücü dezodorantla nəfəsdən korlanmış havanı xeyli yaxşılığa doğru dəyişə bilirdi. Bu vaxta qədər biz belə şeyi görməmişdik. Digər diqqətimizi cəlb edən bir məsələ də sürücünün arxasındakı çiyinlikdə onun üst paltarlarının asılması idi. Lyublyanaya çatanda bizdə yorğunluqdan əsər-əlamət yox idi. Axşam restoranda bir neçə nəfər gəncin ad günü qeyd edilməli idi. Biz hamımız məclisə yola geyindiyimiz və əzilmiş şəkildə olan kostyumda gəlmişdik, onlar da heç də bahalı deyildi. Sürücü də ziyafətə dəvət olunmuşdu. O, şux kostyumda, ağappaq köynəkdə və mavi qalstukda içəri girəndə biz özümüzü çox pis hiss etdik. Turistə biz yox, o daha çox bənzəyirdi, biz də daha çox ona xidmət göstərən sürücüyə oxşayırdıq.

Yuqoslaviyada süfrəyə olduqca az çörək qoyulur, ancaq səhər və günorta yeməyi vaxtı, həm də şam süfrəsinə ya "conatan" alması, ya da portağal qoyulurdu. Bakılı erməni oğlan yalvarıb, öz meyvə payını bizə verilən çörəklə dəyişirdi, çünki o, kök və iri gövdəli idi, daim çörəyə görə ac qalmasından şikayətlənirdi. Səfərdə digər qüsurlar da asanlıqla üzə çıxır. Böyük vəzifəli şəxsin köməkçisi və bir şəhər rayonu partiya komitəsi birinci katibinin qaynı da bizim qrupun tərkibində idi. Onlar Zaqrebdə gecə oteldə sözləşmiş, köməkçi vəzifəli şəxsin qohumuna sillə vurmuşdu. Xoşagəlməz hadisə səfərin qərargah rəhbərliyinə çatdırılmış, onların geri göndərilməsi məsələsi qalxmışdı. Qrupumuzun rəhbəri komsomolun Mərkəzi Komitəsinin təlimatçısı olduğu halda, ona yox, mənə müraciət etdilər ki, qərargah rəhbərliyi ilə görüşüb, məsələnin cəza ilə nəticələnməsinə imkan verməyim. Səhər tezdən mən onların otağına getdim, bildirdim ki, zarafat edəndə, yaramaz hərəkətə yol veriblər. Lakin az sonra səhvlərini etiraf edib, bir-birlərini bağışlamışlar. İndi onlar qol-qola gəzirlər və səhər yeməyi vaxtı siz özünüz bunu müşahidə edə bilərsiniz. Onlar mənim gətirdiyim arqumentlərlə razılaşmalı oldular, çünki bu hadisə onların da nüfuzuna zərbə vura bilərdi.

Yuqoslaviya Balkan ölkəsi sayılır, o vaxtlar indiki bizim Azərbaycan ərazisindən dörd dəfə böyük əraziyə və 2,2 dəfə artıq əhaliyə malik idi. Altı respublikanın federasiyası idi, Serbiyaya həm də Voyevodina muxtar diyarı daxil idi, sonralar Kosovoya da Tito tərəfindən bu status verilmiş, 90-cı illərdə prezident Slobadan Miloşeviç onu ləğv etmişdi.

Sloveniyanın federasiyadan ayrılıb, özünü müstəqil elan etməsi ilə, respublikaların yetişmiş meyvə kimi federasiya ağacından tökülməsi başlandı. Prezident Miloşeviç separatizmin qarşısını almaq üçün silaha əl atsa da, bunun köməyi olmadı, Xorvatiya və Bosniya-Herseqovina silahlı mübarizə yolu ilə öz müstəqilliklərinə nail oldular. ABŞ və Almaniya Yuqoslaviyanın parçalanmasına loyal yanaşırdı. Almaniya isti dənizə çıxış əldə etmək istəyirdi, vaxtilə də Xorvatiyadakı ustaşilər Hitler ordusuna kollaboranist xidməti göstərmişdi.

1999-cu ildə Kosovo albanları öz müstəqil dövlətlərini yaratmaq istədikdə, Serbiya buna silah gücü tətbiq etməklə cavab verdi. ABŞ prezidenti Bill Klinton Serbiyanın paytaxtı Belqradı hava bombardmanına məruz qoymaq əmrini verdi və Kosovo özünü müstəqil elan etdi. Miloşoveç isə Haaqa məhkəməsinə verildi və dustaqxanada öldü.

Slavyanlar bu əraziyə VI əsrin ortalarında gəlmişdilər. Sonralar xorvat torpaqları Macarıstan krallığının tərkibinə keçmişdi. Əhali əsasən Bizansın təsiri ilə ortodoks (pravoslav) xristian dinini qəbul etmişdi. İbadət slavyan dilində aparılırdı. XII əsrdə serblər Bizansdan müstəqillik əldə etdilər və Serbiya Balkan imperiyasına çevrildi. XIVəsrdə isə Şərqi Yuqoslaviya Osmanlı dövlətinin vassalı oldu və bir əsr sonra Osmanlı imperiyasına cəlb edilməklə 400 il onun əsarətində yaşadı. Müsəlman olmayan xalqlar "rəiyyət" (hərfi mənada "otarılan sürü") adlanırdı və məhdud hüquqlara malik idi. Ona görə də bir hissə müsəlmançılığı qəbul etmişdi. Bosniyada xristianlıqdan imtina edildiyindən əhalinin xeyli hissəsi İslamı qəbul etdi. Balkanlarda bosniyalılar və həm də albanların bir hissəsi müsəlmanlara çevrilmişdilər. Qaçqın slavyan əhali Macarıstan krallığına üz tuturdu, ona görə də bura sonralar Voyevodina adlandırıldı. XVIII əsrin sonunda Çernoqoriya faktiki olaraq müstəqillik qazandı. 1877-1878-ci illər rus-türk müharibəsinin nəticəsində Çernoqoriya və Serbiya müstəqil dövlətlər kimi tanındı. Bosniya-Herseqovinanı isə Avstriya-Macarıstan işğal etdi. 1912-ci ildə isə iki Balkan müharibəsindən sonra Makedoniya Osmanlı əsarətindən azad olundu. 1915-ci ildə Serbiya və Çernoqoriya Avstriya-Macarıstan tərəfindən işğal edildi.

Birinci Dünya müharibəsi başa çatdıqdan sonra, 1918-ci ilin axırında serblərin, xorvatların, slovenlərin Krallığı meydana gəldi, 1929-cu ildən isə bu dövlət Yuqoslaviya adlandı.

Ölkədə Kommunist Partiyasının nüfuzu artırdı, 1937-ci ildə onun rəhbərliyinə İosip Broz Tito gəldi.

İkinci Dünya müharibəsində Hitler qoşunları Yuqoslaviya ərazisini işğal etdi. Xalqın işğalçılara qarşı mübarizəsi başlandı, xalq azadlıq qüvvələrinin tərkibində 80 min adam vuruşurdu, partizan dəstələrində isə onların sayı iki dəfə çox idi. 1944-cü ilin sentyabrında ölkə ərazisinin 2/3-si işğalçılardan azad olunmuşdu. Yuqoslaviya xalq azadlıq Antifaşist veçesinin sessiyasında, bu qanunverici, icraedici orqan sayılırdı, yeni Yuqoslaviyanın Serbiya, Xorvatiya, Sloveniya, Makedoniya, Çernoqoriya, Bosniya və Herseqovinanın bərabər hüquqlu xalqlarının demokratik respublikası kimi qurulacağı vəd edildi. 1945-ci ilin mayında ölkə ərazisi bütünlüklə azad edildi.

1970-80-ci illərdə respublikalarda və muxtar diyarlarda millətçi elementlər baş qaldırmağa başladı və dövlətin gələcəkdə dağılmaması üçün bünövrə yaradıldı.

Ölkənin təbiəti çox rəngarəngdir. Burada Mərkəzi Avropanın mədəniləşdirilmiş landşaftı özünü büruzə verir. Dunay və Sava çaylarının arxasında dağlar ucalır, onlar yüz kilometrlərlə məsafədə uzanır. Xorvatiyada dağlar yaşıllıqdan tam məhrumdur. Alp dağları Yuqoslaviyanın baş dağ sistemlərindən biridir. Bu ərazidə daha çox əhali yaşayır.

Enerji resursları içərisində daş kömür mühüm əhəmiyyət kəsb edir. Lakin onun keyfiyyəti aşağıdır. Tuzla şəhəri yaxınlığında ("tuz" türk sözüdür - "duz" deməkdir") bol daş duz ehtiyatları vardır. Ölkədə mineral bulaqlar olduqca çox idi. Bu da kurortların inkişafına şərait yaradırdı.

"Yadran" adlandırdıqları Adriatik dənizinin sahilləri olduqca gözəldir. Xorvatiyanın və Çernoqoriyanın məşhur turizm mərkəzləri həmin sahillərdə yerləşir. Mülayim iqlim də turistlərin istirahəti üçün mühüm faktor rolunu oynayır.

Voyevodinada isə torpaqların suvarılması, burada suvarılan əkinçiliyi inkişaf etdirmək ehtiyacı mövcuddur. Ona görə də biz muxtar diyarın paytaxtı - Novi Sadda suvarmaya və meliorasiyaya həsr olunmuş konfransda iştirak etdik. Burada iştirakçılara bilavasitə mühazirə vaxtı meyvə şirələri paylanırdı, bu da bizim üçün təəccüblü görünürdü. Necə ki, Xorvatiyada, paytaxt Zaqrebdə gənclərin narazılıq nümayişi olan mitinqlərin şahidi olduq. Mitinq iştirakçısı olan tələbə həmyerlimiz bizə danışdı ki, burada SSRİ-dən fərqli olaraq insan haqları azadlığı vardır və mitinqdəki iştiraka, hətta ən kəskin çağırışlara görə də heç kəs təqib olunmur və cəzalandırılmır.

Serb-xorvat dilində serblər, xorvatlar, çernoqoriyalılar və müsəlman bosniyalılar danışırlar. Yazı isə kirill əlifbasına əsaslanır, xorvatlar isə latın əlifbasından istifadə edirlər. Xorvatların içərisində bir neçə etnik qrup vardır. "Qalstuk" sözü də xorvatların boğazlarına bağladıqları yaylıq rəmzindən əmələ gəlmişdir, fransızlar bunu kroatlara (xorvatlara) məxsus olduğuna görə "krovat" adlandırmışlar, türklər də qalstuka "krovat" deyirlər. Bosniya və Herseqovinada isə heç bir millət çoxluğu təşkil etmir. "Bosniyalı" adlı millət yoxdur. Yerli əhali türk istilası vaxtı islamlaşdırılmışdı, bura həm də çoxlu türklər, həmçinin, ərəblər, kürdlər, çərkəzlər gəlmişdi, qonşu ölkələrdən çox sayda müsəlmanlar axışmışdı. Ona görə də "müsəlman" sözü millət sinoniminə çevrilmişdi. Axı İranda da "müsəlman" ifadəsindən milli mənsubluğu ört-basdır etmək üçün istifadə edilir. Bosniya və Hersoqovinada mütənasib ölçüdə serblər və xorvatlar yaşayır. Onların dili serb-xorvat dilidir. Slovenlər isə daha çox almanlaşmağa məruz qalmışlar.

Belqrad Balkan və Dunay şəhəridir. Beş əsr ərzində Belqrad xristian Qərbi ilə müsəlman Şərqi arasındakı sərhəd idi. Bu bard şeirlərində də öz əksini tapır. Başqa şəhərlərdən götürülmüş qaydalar da unudulmur. Kafedə Vyanada olduğu kimi ofisiant müştəriyə gətirib qəzet verirdi, kofe içməyə isə İstanbuldakı kimi rahat-lukum yemək də əlavə olunurdu.

Yuqoslaviya xalqlarının mədəniyyəti olduqca müxtəlifdir. Bunun da izahını tarixdə tapmaq mümkündür. Bu xalqlar müxtəlif dövlətlərin tərkibində olmuşdu, həm də pravoslav və katolik dinlərinin təsirinə məruz qalmışdı, türklərin mədəni təsiri isə əsasən şəhər sakinlərində hiss olunur. Bu təsir Bosniya və Herseqovinada daha güclüdür, mahnı yaradıcılığında şərq motivləri (məhəbbət janrı) çox hiss olunur, şərq musiqi alətlərindən geniş istifadə olunur.

Sloveniyada isə vaxtilə alman feodalları hakim sinif hesab olunurdu. Burada katolik ibadətləri latın dilində getdiyi halda, rəsmi və işgüzar dil kimi alman dili işlənirdi.

Serb ədəbiyyatına gəldikdə ölkəmizdə B.Nuşiçin "Nazirin xanımı" əsəri tamaşaya qoyulmuşdur. Heykəltəraşlıq əsərlərinə gəldikdə Belqrad yaxınlığındakı Avala dağında qoyulmuş I Dünya müharibəsinin naməlum əsgərinə qoyulmuş heykəli qeyd etmək lazımdır. Burada ciddi möhtəşəm sərdabə və Yuqoslaviyanın müxtəlif vilayətlərini təmsil edən iri qadın fiqurları təsvir olunmuşdur.

İndiki Serbiyanın, xeyli müddət isə Yuqoslaviyanın paytaxtı olmuş Belqradın əsası 2400 il əvvəl qoyulmuşdur. Şəhər Sava çayının Avropanın arteriyası sayılan Dunaya töküldüyü yerin yaxınlığındakı yüksək sahildə yerləşir. Bu şəhər uzun əsrlər ərzində Mərkəzi Avropa tərəfdən Balkan yarımadasına başlıca giriş qapısı olmuşdur. Çay və quru yolların kəsişməsində yerləşən şəhəri qala qoruyurdu. Bu qala Sava və Dunay "əqrəbindəki" "Kalemeqdan" təpəsində yaradılmışdı. Şəhəri tutmaq üçün qonşu dövlətlər mübarizə aparmışdılar, onlarla dəfə şəhər əldən ələ keçmişdi, həm də bu vaxt 39 dəfə onu dağıtmışdılar, bu iyrənc işdə İkinci Dünya müharibəsi dövründə alman nasistləri xüsusən fərqlənmişdilər. Ona görə də Belqradda qədim və orta əsrlər dövründən heç bir arxitektura abidəsi qalmamışdır. Burada digər Avropa paytaxtlarından fərqli olaraq əsas abidələr qədimliyə malik olmayan kilsələr və saraylardır. Burada kralların və sərkərdələrin heykəlləri yoxdur. Evlərin divarındakı xatirə lövhələri və qəbiristanlıqdakı sinədaşları onları əvəz edir. Onlar da ölkənin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış qəhrəmanlara həsr olunmuşdur.

(Ardı var)

 





20.07.2022    çap et  çap et