525.Az

Göbəktaladan yaşam mənzərələri - Gülşən Nail yazır


 

Göbəktaladan yaşam mənzərələri - <b style="color:red"> Gülşən Nail yazır</b>

Doğma kəndimiz buz kimi sərin bulaqları, təravətindən doyulmayan yaşıl yaylaqları, (vü)qarlı dağları ilə tanınmasa da, onun da özünəməxsus qəlbi titrədən gözəllikləri var. Adı kimi özü də qeyri-adi olan Göbəktala İmişlinin qırx səkkiz kəndindən biridir. Yayı təndir kimi isti, qışı ruhu donduracaq qədər soyuq keçdiyinə görə insanlar iqlimi sərt olan bu yerlərdə gec məskunlaşıblar. Saç-saqqalı bəmbəyaz, dərisi gündən qaralmış babaların dediklərinə görə, ilk vaxtlar böyük yurdlarda tək-tək evlər salındığına görə, "Göbəktala", yəni göbəyində-mərkəzində seyrək yaşayış olan yer adını vermişlər. Yerlilərin dilində və ağlında özünə yuva qurmuş bu tarixçənin həqiqətə uyğunluğu məlum olmasa da, xalq təxəyyülünün məhsulu kimi dəyərlidir.

Kəndimiz ölkənin iki böyük çayından birinin sahilində yerləşir. Oğlan uşaqlarının yayın gəlməsini səbirsizliklə arzulamalarının səbəbkarı Xan Araz əvvəlki əzəmətini itirib sanki. Ayaqları yerdən kəsən acıqlı, dəli, gur axının yerində küskün, dalğaları gücünü itirmiş hüznlü bir çay qalıb. Qum əldə etmək üçün durmadan əsasını sarsıtmalarımı, balıq tutmaq həvəsilə doğma sularını zəhərləmələrimi, ya bəlkə, ana yurdun qaragöz qızlarını görmək həsrəti onu pərişan edib? Bu kəndin kəndindən xəbərsiz qızları var... Həyatı doqqaz arxasından seyr edən, kələ-kötür məktəb yollarından başqa yol tanımayan qızları. Oğlanların da cənnəti yaşadıqlarını demək olmaz, əlbəttə. Çoxu ailəsinin yolu ilə gedib mal-qaraya baxır, tövlə qoxusunu paltarlarında daşımağa məcbur olur, ya da veyil-veyil toz-torpaqları yollarda dolanır. Gənclərin təhsil almaq üçün kənddən ayrılanları da olur. Elmə münasibəti diplom almaqdan yüksəkdə dayananlar kəndin ümid mənbəyidirlər. Kişilər işə gedib-gəlmək, məclis qurub sərxoş olmaq, od qalxan asfaltın kənarında əyləşib qeybətləşməklə ömür sürürlər. Qadınlar isə sonuncunu müxtəlif məkanlarda: evdə, qapı tinlərində, körpü başında təcrübədən keçirməklə və bitmək bilməyən ev işləri ilə başlarını qatırlar. Övladlarının gələcəyi üçün çalışan valideynlər borclarını, xərclərini hesablaya-hesablaya əzab-əziyyətlə ayı başa vururlar. Çoxu oğluna gəlin gətirmək üçün həyətində tikməyə başladığı evlə əlləşir, qız anaları isə cehiz yığmaqdan ötrü səyyar satıcıların yollarını gözləyirlər.

Yurdumuzun balaca mələkləri var - haqqında danışmadığım. Bəzən içlərindən həqiqi bir şeytan çıxsa da, şirin ləhcələrinə bağışlamaq olar nadincliklərini. Könül istərdi ki, rifah səviyyəsi yüksək yerlərdəki kimi bizim körpələr də əyləncə mərkəzlərinə, gəzintilərə getsinlər, teatrla, incəsənətlə tanış olsunlar, rəqs etməyi, musiqi alətlərində ifa etməyi öyrənsinlər. Neyləyək ki, onlar bu imkanlardan məhrumdurlar. Dırnaqlarının altı qapqara olanacan palçıqdan yemək bişirmək, yarpaqlardan, meyvələrdən aldıqları rənglər hesabına bir ay saxlayıb zəhərə çevirdikləri "iksir" hazırlamaq, köhnə, qırıq ev əşyalarından evcik düzəltmək, bəlkə də, əvvəl saydıqlarımdan qat-qat maraqlı uşaqlıq keçirmələrinə səbəb olur balacaların. Yollarını kəsən bol südlü inəklər, hasarların üstündə heykəl kimi dayanan məstan pişiklər, çox zaman yanından ötməyə çəkindikləri toplanlar, çiçəklərin arasında dolanan kövrək qanadlı bəyaz kəpənəklər, yeməklərini zəhər edən zəhlətökən milçəklər, yuxularına haram qatan ağcaqanadlar, gecə boyu susmayan qurbağalar, budağından asdıqları yelləncəklərdə kəndin topa buludlu dəniz səmasına göz dikdikləri istidən qovrulmuş ağaclar, sahələri ağuşuna almış sarıçiçəklər, gözəl görünüşlü, pis qoxulu lalələr yaddaşlarından heç zaman silinməyəcək xoş xatirələr olaraq qalacaq.

Kəndimizin içindən əvvəllər bol sulu, indi isə qupquru olan bir kanal keçir. Şanslı nəsillər uşaqlıqlarını həmin arxın pak sularında üzərək, oynayaraq, balıq tutaraq yaşayıblar. Biçarə "indikilər"ə isə zibillərlə dolmaq üzrə olan natəmiz çökəklik qalıb. Bir vaxtlar məcrasından çıxaraq qumlu yolu ağuşuna alan, səhər Günəşi ilə parlayarkən böyük dənizlərə meydan oxuyacaq gözəllikdə olan yaşıllıqlarla əhatələnmiş arx kim olduğunu xatırlamırmı? Keçmişini unudaraq düşmənlərinə belə tezmi təslim olacaq o? Qınamaq da olmur arxı, nə qədər çoxdur pis adamlar. Budaqları ilə sularına sığal çəkən söyüdlərinə belə düşmən kəsildilər onun. Arxın kənarı quru yarpaqlarla dəfn olunmuş ağac məzarlığına çevrilib. Artıq zəhmətkeşlər bağ-bostanlarını suvarmaq üçün belə arxdan nəsiblərini ala bilmirlər. Ayda bir-iki dəfə bu çirkli yarğana su gəlir. Əkinçilər əziyyətlərinin yerdə qalmaması ümidi ilə bəndlər qurur, "ciyərləri yanan" torpaqları xilas etmək istəyirlər. Suyun neçə gün "veriləcəyi" məlum olmadığından gizli bir mübarizə başlayır. Özü üçün bir istəyəndə qonşusu üçün iki istəyən xalq məcburiyyət ucbatından yerlisinin ayağının altını qazan insanlara çevrilir, bir-birinin qurduğu bəndləri dağıdırlar. Gecə boyu arxın həndəvərində qarovulçuluq edərək su haqqını qorumaq istəyən insanları nə qədər istəsən də, qınamaq olmur. Başqasının xətrinə sussalar, əməkləri hədər gedəcək kəndli babaları belə vəziyyətə salanlardır bu işin günahkarları. Mənəviyyatımızı cılızlaşmağa məhkum edən həmvətənlərin olması necə də acıdır... Böyük təsərrüfatlar kiçikləri udur və insanlar həyətlərindən ətirli bir pomidor dərməkdən belə məhrum olurlar. Təəssüf...

Kəndimizin döyünən ürəyi - köhnə məktəbimizi də yada salmağı özümə borc ilirəm. Dava-dalaş, söz-söhbət, intriqanın əskik olmadığı bu yer əsl məlumat mərkəzidir. "Kim kimə nə dedi", "kimin burnu qırıldı", "kim dava etdi", "kim özündən getdi" və sair məsələlər uzun müddət kiçik cəmiyyətimizi məşğul edir. Məktəbdən kəndin uşaqlı evlərinə doğru uzanan gözəgörünməz məlumat axını şaxələnərək uşaqsız evlərə də paylanır. Beləliklə, əsasında bu "elm ocağı"nın olduğu möhtəşəm bir xəbər toru yaranır. Bu tor ikitərəfli olmaqla daşıyıcılar-məktəblilərin məlumatı aparması və gətirməsi hesabına öz işini görür. Həmçinin mübadilə məntəqələrində və daşıyıcılarda olan texniki nasazlıqlar əsassız şayiələrin yaranması üçün əvəzsiz mənbədir. Bu isə xəbər yollarını günlərlə aktiv saxlayaraq söhbətlərin canlı keçməsinə kömək edir. Bir müddət sonra yeni məlumat dövriyyəyə girir və əvvəlki əhəmiyyətini tam və ya qismən itirir. Nəticədə, məktəbimiz yayın üç ayını çıxmaq şərtilə il boyu əhalini məlumatla təmin edərək kəndin ən əyləncəli məkanına çevrilir.

Bir də xeyir-şər məclisləri var kəndimizin günlərini rəngləndirən. Yaxını vəfat edənləri qohum-qonşu tək qoymur, 3-7-40 və adnaaxşamları iki-bir, üç-bir başsağlığına, mənəvi dəstək olmağa gəlirlər. Əslində isə pərdənin arxasındakı mətləblər tamam başqadır. Mərhumun evinin döşənəcəyindən tutmuş plovun qalyasındakı əriklərin sayına qədər hər şey məlumat mərkəzinə ötürülür. "Allah öləninə rəhmət eləsin, amma qovurmanın tikələrini balaca eləmişdilər" cümləsini kəndimizin özünəməxsus həyatına bələd olmayan bir əcnəbi eşitsə, yəqin ki, iki cümlə arasındakı əlaqəni anlamaq üçün bir xeyli baş sındırmalı olardı. "Yas yiyəsində ayıb edərək" həmin söhbətləri gizli etsələr də, toylarımızda bu mövzu qapalı xəbər yollarından açıq dövriyyəyə buraxılır. İki insanın taleyini birləşdirməsi heç kimi, bəlkə, səbəbkarları belə məclisin səviyyəli keçməsi qədər maraqlandırmır. Yemək-içməyi layiqincə hazırlanmış qonaqlığın sonunda sərxoşluqdan adını unutmuş iki "dəli" "qanlı"nın yumruqlaşıb, şillələşməsi kəndin hörümçək torunda işıq sürəti ilə yayılır. "Kənd Wide Web"imiz tanıdığım ən operativ xəbər yoludur. O olmasa, nə edərdi bu camaat...

Bax belə, əziz oxucu. Səni kiçik kəndimizin böyük qəlbinə səyahətə çıxarmağa çalışdım. Onun maraqlı və qeyri-adi həyatı mənim üçün hər zaman şirin və hüznlü bir məsələ olaraq qalacaqdır. Hər şey başqa cür ola bilər, lakin olmur. Əfsus ki, ürəyin təmizliyi ağlın tərəqqisinə kömək etmir. Sadəlövh beyinlərə mentalitet çərçivəsində bəzi fikirləri yeritmək olsa da, yol yarıda bitir. Bu günə çatmaq üçün neçə illərin qurban getdiyi mənə məlum deyil. Ona görə də, hər kəsin olmasa da, əksəriyyətin gözünü açaraq həyatında nəyisə dəyişməli olduğunu görməsi üçün nə qədər vaxt lazımdır deyə bilmərəm. Toruna yemək düşməyini gözləyən hörümçək kimi yaxamı kənara çəkib o günün gəlməyini arzulamaqla kifayətlənməyin səhv olduğunu da bilirəm. Ancaq onların, bəlkə də, heç vaxt nə yazdığı ilə maraqlanmayacaqları, istilərin bihuş etdiyi bu təcrübəsiz qızın sətirləri də bir etirafnamə deyilmi? 

 

 

 

 

 

 





20.07.2022    çap et  çap et