İyul ayının ikinci yarısı gələr-gəlməz, ölkənin bir sıra qeyri-dağlıq rayonlarında əhalinin əsas qida məhsullarından olan kartofun yığımı start götürür. "İkinci çörək" adı alan bu məhsulun yğımına ilk başlayan rayonlardan biri də Tovuzdur. Ənənəvi olaraq, bu rayonun iqtisadi potensialında kartofçuluq əhəmiyyətli çəkiyə malik olub.
Bu il rayonda kartof məhsulu və onun toxum materialı istehsalı üzrə ümumi hesabla, 6 min hektaradək sahədə səpin həyata keçirilib. Bundan 95,6 hektar sahə toxumçuluğun inkişafı üçün ayrılıb. İstər toxumçuluq, istər də istehsal-istehlak sahələrinə yüksək məhsuldarlığı ilə seçilən Marabel, Arizona, Kolomba, Silvana, Sagitta, Orkester kimi xarici sortlar əkilib.
İyulun 20-dək rayonun kartof sahələrindən 19 min tonadək məhsul yığılıb. Yığım həm əl əməyi, həm də texnika ilə aparılır. Kartof məhsulunun avqust ayının sonuna kimi başa çatacağı gözlənilir.
Tovuzun sahələrindəki kartof yığımına 6 min nəfərdən çox mövsümi işçi cəlb olunub, hər bir işçinin günlük gəliri 18-20 manat arasındadır.
Yığım mövsümünün vüsət aldığı bu günlərdə, Tovuz rayonunun rəhbəri Məmməd Məmmədov kartofçuluqla məşğul olan bir sıra təsərrüfatlara baş çəkib, kartofçu-fermerlərin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, hazırda ölkə üzrə kartof yığımı ancaq qərb bölgəsinin Şəmkir, Tovuz və Ağstafa rayonlarının ərazilərində həyata keçirilir. Avqustun sonlarına doğru ölkənin dağlıq rayonları olan Gədəbəy, Qəbələ, İsmayıllı, Qusar, Cəlilabad və digər dağlıq bölgələrdə də bu prosesə start veriləcək.
Zakir MURADOV, Tovuz-Gəncə
çap et