525.Az

Səciyyəvi məqamlar - İmir Məmmədli yazır


 

Səciyyəvi məqamlar - <b style="color:red"> İmir Məmmədli yazır</b>

Dünya şöhrətli yazıçı Migel De  Servantesin ölməz "Don kixot" əsərində belə bir maraqlı və dərin mənalı epizod var: Bir dəfə nisgilli cəngavərin vəfalı silahdaşıyanı Sanço Pansanı yolqırağı saraylardan birinin həyətində sataşmaq məqsədilə təkləyib əvvəlcə xeyli əzişdir, sonrasa yorğanın üstünə qoyub bir müddət atıb- tuturlar. Vaxtında canını qurtarıb aradan çıxan Don Kixot bütün bu müddət ərzində at belində hasarın o tayında o yan bu yana qaçır, öz silah daşıyanına əzab-əziyyət verənləri hədələyərək onu təcili buraxmalarını tələb edir.

Nəhayət Sançonu yorğanın üstündə atıb-tutan  arsız adamlar bu sayaq əyləncədən bezib onu çölə buraxırlar. Öz silahdaşıyanını azadlıqda görən Don Kixot ona təsəlli verərək deyir: Heç kefini pozma Sanço, sən tək deyilsən, daha doğrusu, cəngavərlə onun silahdaşıyanı vahid bir varlıqdır, belə ki, mən başam, sən isə bədənsən.

Belə olduqda, səmimqəlbli silahdaşıyan Sanço Pansa dönüb Don Kixotdan soruşur: Heç cür başa düşə bilmirəm, ey cəngavər, axı necə ola bilərki, bədən içəridə döyülsün, olmazı əzab-əziyyətlərə məruz qalsın, baş isə hasarın o tayında, çöldə o yan bu yana qaçsın?

Səciyyəvidir, deyilmi?

Bir növ dövrümüzün məlum  problemlərini xatırlatmırmı?

Bəzi məmləkətlər içəridə öz problemləri ilə üzbə-üz qaldıqları halda, öz ərazi bütövlükləri uğrunda çarpışdıqları bir zamanda, görürsən, hasarın o tərəfində ara-sıra kimlərinsə başları peyda olur, təcavüzə məruz qalanları dəstəkləyəcəyini deyir, çoxlu vədlər verir, (aranı daha da qızışdırmaq üçün bir neçə ədəd silah verdiyi hallar da olur) kimlərisə hədələyir...

Güman ki, bu sətirləri oxuyarkən kimsə ürəyində deyir, hazırda Ukraynada olduğu kimi...

Nə isə, böyük siyasət mənlik deyil, içimdəki ağrı olmasa, ədəbi söhbətdən də sarpmazdım. Ədəbiyyatçıyıq, qayıdaq ədəbiyyata.

Bax həmin o Servantesin həmin bu romanı barədə dahi rus yazıçısı Fyodor Dostoyevski deyir ki, axirət günü uca Tanrı bəşər övladından soruşanda ki, sizə verilən fürsətdən istifadə edib nə yarada bildiniz? "Don Kixot"un  iki cildliyini göstərmək kifayətdir.

Bu sözləri "İdiot"un, "Karamazov qardaşları"nın, birdə "Cinayət və cəza"nın məllifi yazır, haa!

Görəsən, türk xalqını bir o qədər sevməyən Dostoyevski bilirdimi ki, Migel Servantes gəncliyində türklərin nəzarətində olan Əlcəzairdə əsirlikdə olmuşdur və  bir nəfər xeyirxah türkün himayədarlığı nəticəsində öz vətəni İspaniyaya sağ-salamat qayıdıb ölməz əsərini yazmışdır.

Bəlkə də, Servantesin həmin türkə olan minnətdarlıq hissinin və rəğbətinin təzahürüdür ki, Don Kixot  Sanço Pansaya quberniya vəd edərkən deyir: “Sanço, böyük bir quberniya verə bilməsəm də, Trabzon kimi gözəl bir diyarı sənə verəcəyəm”. 

 





21.07.2022    çap et  çap et