525.Az

Qələbə naminə can qurban verən qəhrəman - Şahanə Müşfiq yazır


 

Qələbə naminə can qurban verən qəhrəman - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

"Torpaq əgər uğrunda ölən varsa, Vətəndir" - deyib əcdadımız. Bu mənada Azərbaycanı "bəxti gətirən" torpaqlardan adlandıra bilərikmi?! Yüzillər boyu bu torpaqlar uğrunda axmayan qan, fəda olmayan can qalmadı. Coğrafi mövqeyimi, təbii sərvətlərimi, yeraltı, yerüstü varımı qonşu adıyla marığa yatmış düşmənlərimizi cəlb etdi, bilmirəm, amma bu ölkənin başı üzərindən qara buludlar, torpağından yad əllər heç əskik olmadı. Elə hey sahib olmağa, talamağa, əbədi-əzəli yurdumuzu əlimizdən almağa çalışdılar. Onlar bu inadkar və arsız istəklərindən əl çəkmədikcə Azərbaycan xalqı öz vətənlərinə daha güclü, daha qüvvətli qollarla sarıldı. Bir qarış torpağını da düşmənə verməmək üçün çabaladı, canını, qanını verdi. Lakin təəssüf ki, bəzən bacardı, bəzənsə...

1990-cı illərin əvvəllərində 70 illik əsarətdən sonra yenicə müstəqilliyinə qovuşmuş xalq silkinib oyanmağa çalışırdı ki, ondan qat-qat güclü əllərin köməyiylə əsrlər boyu suyumuzu içib, çörəyimizi yeyən, süfrəmizdə ən başda oturan qonşularımız erməni xainləri baş qaldırıb, torpaq iddiasına düşdülər. Təbii ki, belə bir vəziyyətdə qələbə çətin, hətta mümkünsüz idi. Amma onda belə məğrur Azərbaycan övladları təslimiyyəti qəbul etmədi, son nəfəslərinə qədər döyüşdülər. 4-5 illik çabadan sonra ən gözəl guşələrimizdən biri olan Qarabağ ermənilər tərəfindən işğal edildi. Düz 30 il torpaqlarımızın 20 faizi düşmən tapdağında əsarətdə qaldı. Bir milyondan çox məcburi köçkünümüz öz vətənlərində vətənsizlik dərdi yaşadı.

Nəhayət, 2020-ci ilin 27 sentyabr günü bütün bu əzabların, utancın sonu oldu. Xalqımız bu ədalətsiz gərdişə "dur!" deyərək öz ədalətini özü bərpa etmək qərarına gəldi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Şanlı Ordumuz Vətən Müharibəsinə başladı. Ermənilərin 4-5 ilə zəbt etdikləri torpaqlarımızı qəhrəman ordumuz cəmi 44 günə geri qaytardı, xalqımıza böyük Qarabağ zəfərini qazandırdı.

Bu qələbədə çox böyük payı olan, təkcə 44 gün deyil, uzun illər vətənə sədaqətlə xidmət edərək, arzusunda olduğu şəhidlik məqamına ucalan igidlərimizdən biri də mayor Emin Süleymanovdur. 43 yaşında xalqına qələbəni bəxş edərək gözlərini dünyaya əbədi yuman qəhrəman zabitimizin vətən sevgisi təkcə müharibəylə məhdudlaşmırdı. O, ta uşaqlığından gözünü vətənə xidmət edən, torpağı candan, qandan əziz bilən bir atanın ailəsində açmışdı. I Qarabağ müharibəsində o, atası polis mayoru Bəhmən Süleymanovun və qardaşının vətəni qorumaq üçün necə irəli atıldıqlarını, canlarını necə heçə sayaraq vuruşduqlarını öz gözləriylə görmüş, uşaq yaddaşının bir küncünə həkk etmişdi. Onun mayası bu sevgiylə, bu ucalıqla yoğrulmuşdu. Belə bir ailənin oğlu əlbəttə, şəhadətlə ucaldacaqdı adını, soyadını...

Bu gün qəhrəman şəhidimizin 45 yaşı tamam olur. Onsuz gələn bu yubileyini təkcə ailəsi deyil, böyük bir xalq qeyd edir.

Emin Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunda doğulub. 1983-1992-ci illərdə Namiq Şirinov adına 5 saylı orta məktəbin rus bölməsində, 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini bitirib. 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) ali təhsil alaraq artilleriyaçı ixtisasına yiyələnib.

E.Süleymanov 1999-cu ildə ali hərbi məktəbdən məzun olduqdan sonra Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə "leytenant" rütbəsində hərbi vəzifəsinə başlayır. Həyat yoldaşı Məhsəti xanım deyir ki, eyni ad-soyadlı kursant yoldaşıyla təyinat yerləri açıqlananda Emin səhvən elə bilir ki, Bakıya düşüb. Bu, ona çox pis təsir edir. Çünki onun hərbçi kimi məqsədi paytaxtda qalmaq deyil, cəbhə bölgəsində xidmət etmək idi. Sonradan isə öyrənir ki, təyinatı Bakıya verilən kursant o yox, adaşı imiş.

O, aldığı hərb təhsilini və döyüş taktikalarını peşəkarcasına mənimsəyərək artilleriyaçı olur. Ordu sıralarında xidmət etməyə başlayan gündən Emin yalnız ön cəbhədə xidmətini yerinə yetirib. 10 ilə yaxın ən çətin xidmət yerlərindən biri hesab olunan Murovda xidmət edib. Cavanlığının ən gözəl illəri Murov dağlarında keçən, mayor rütbəsinə qədər ucalan Emin divizion komandiri olub.

2016-cı il Aprel döyüşlərinin də iştirakçısı olub Emin. O və tabeliyindəki topçu əsgərləri düşmənə qan uddurublar. Məhz bu cür nümunəvi zabit olduğuna görə E.Süleymanov xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı  və fəxri fərmanlarla təltif edilib.

Lakin Aprel döyüşləri Qarabağ həsrətiylə, qələbə əzmiylə yaşayan bir zabit üçün az idi, çox az idi. O, bütün torpaqlarımızı azad etmək, bu qələbəni öz əlləriylə xalqına bəxş etmək arzusunda idi. Ona görə də böyük müharibənin başlayacağı günü səbrsizliklə gözləyirdi. Uzun illərdir orduda xidmət edən zabit kimi o günün tezliklə gələcəyini bilirmiş Emin. Ordudakı hazırlıq məhz bunun xəbərçisi imiş. Amma nə ailəsinə, nə də yaxınlarına bu haqda bir kəlmə də demir. Onsuz da işindən danışmağı sevməzdi cənab mayor. Ona görə də bu susqunluğu kimsədə şübhə oyatmır. Nəhayət, Eminin və Azərbaycan xalqının taleyinə böyük zəfər yazan Vətən müharibəsi başlayır. Azərbaycan Ordusunun mayoru olan Emin Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində artilleriyaçı olaraq iştirak edir.

Bu dəfə də evdən gedərkən ailəsinə bir söz demir. Aprel döyüşlərində olduğu kimi, bu müharibədə də ailəsi onu təlimə gedirmiş kimi bilir.

Peşəkar komandir Murovdağın, Füzulinin, Xocavəndin, Şuşanın və Laçının azad olunması uğrunda gedən döyüşlərdə vuruşur. Tuğ kəndinin alınmasında Emin və artilleriyaçıları xüsusi fəallıq göstərirlər. 44 gün döyüşən Emin və topçuları dəqiq koordinatlarla hədəfə aldıqları düşmənin strateji mövqelərini, bir çox texnikasını və xeyli sayda canlı qüvvəsini məhv edirlər. 7 noyabr 2020-ci ildə Şuşanın Daşaltı kəndi istiqamətində gedən əməliyyatlarda iştirak edir. 9 noyabr 2020-ci ildə Laçın dəhlizi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalır. Onun son sözləri isə əsgərlərinə xitabən "Özünüzü qoruyun, uşaqlar!" - olur. Şəhid zabitimiz noyabrın 13-də ata yurdu Xubyarlı kəndində, vətən sevgisini, qorxmazlığı, cəsurluğu öyrəndiyi, idealı bildiyi atasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Mayor Emin Süleymanov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Bu gün Emin Süleymanov adı təkcə oğlu Bəhmən, qızı Emilya üçün deyil, bütöv bir xalq üçün qürur mənbəyi, qələbə simvoludur. 43 illik həyatına şanlı zabit ömrü sığdıran şəhid mayorumuz bu gün 45-ci yaşında ruhən xalqının yanında, canını fəda etdiyi vətənin başı üzərindədir. Əminəm ki, o, bu günlərdə xalqının növbəti böyük sevincinə də şahiddir. Axı uğrunda canını fəda etdiyi torpaqlara həyat qayıdıb, nəfəs qayıdıb. Cəmi bir ay öncə onun övladları şəhadətə ucaldığı Şuşada möhtəşəm tədbirdə iştirak edirdilər. İki gündür işğaldan azad edilmiş torpaqlarımıza ilk köç başlayıb- iyulun 19-dan etibarən Zəngilan rayonunun Ağalı kəndinin sakinlərindən bir qismi-50-yə yaxın ailə artıq öz yurd-yuvalarına geri dönüblər. Budur şəhidimizə ən böyük töhfə, budur qanlarının yerdə qalmadığının sübutu. Yeni həyatlar üçün öz həyatını qurban verənlərə biz məhz bunu borcluyuq-yeni və firavan həyatlar...

Mövludun mübarək, Şəhidim!

 





21.07.2022    çap et  çap et