525.Az

Yuqoslaviyaya - indiki üç ölkəyə səyahət - Telman Orucov yazır


 

Yuqoslaviyaya - indiki üç ölkəyə səyahət - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən saylarımızda)

 

Əsrlər ərzində Belqrad Kalemeqdandan cənuba və cənubi-şərqə tərəf böyümüş, Sava və Dunaydan uzaqlaşmışdır. Bu, XIX əsrin ortalarına qədər Serbiyanın sərhədi idi. Savanın sol sahilində, keçmiş bataqlıq ərazidə işıqlı və geniş, müasir arxitektura nümunələrindən ibarət Yeni Belqrad meydana gəlmişdir. Belqrad (serb dilində "Beoqrad" deyilir) çox saydakı Avropa şəhərlərindən müsbət mənada fərqlənir. Burada binalar ağdaşdan tikilmişdir, tutqun və hislənmiş binalara rast gəlinmir. Şəhərin köhnə hissəsində çox sayda parklar, Kanada ağcaqayını, cökə, şabalıd ağacları əkilmiş bulvar və xiyabanlar vardır. Bu küçələrdə rahat kafelər müştərini özünə cəlb edir.

Belqrad həm də ölkənin mühüm elmi və mədəni mərkəzi idi. Burada Serbiya Elm və İncəsənət Akademiyası, onlarla elmi-tədqiqat institutları fəaliyyət göstərirdi. Təkcə şəhər universitetində müharibədən əvvəlki bütün Yuqoslaviyada olduğundan artıq tələbə təhsil alırdı.

Serbiyanın tərkibinə daxil olan Voyevodina düzənlik, demək olar ki, meşəsiz ərazidir. Burada çoxlu kanallarla kəsişən çaylar axır. Bu diyar ölkənin kənd təsərrüfatı məhsulunun dörddə birini verirdi. Əhalinin əksəriyyəti də aqrar sahədə çalışırdı. Burada iri kənd yaşayış məntəqələri mövcuddur, müvafiq olaraq şəhərləri kiçikdir. Bu diyarda ölkənin ən iri yeyinti sənaye kombinatı yerləşirdi.

Paytaxt Novı Sad nisbətən iri şəhərdir. Bura üç xalqın - serblərin, xorvatların və macarların mühüm mədəni mərkəzidir. Teatrlar və məktəblər iki dildə işləyirlər. Şəhər muxtar diyarın paytaxtı olduğundan əhalisi son illərdə iki dəfə artmışdı. Burada təyyarələr, çay paroxodları, elektrotexnika və elektronika malları istehsal olunurdu. Əhalinin milli tərkibi nəzərə alınaraq burada macar dilində qəzet və jurnallar çıxır, radio verilişləri aparılırdı.

Yuqoslaviya əsasən dağlıq ölkə olduğundan burada torpaqların eroziyadan qorunmasına böyük diqqət verilir. Kənd təsərrüfatına yararlı torpaqlar öz təyinatına uyğun olaraq istifadə olunur. Professor seminardakı mühazirəsində bir şeyi vurğuladı ki, bizdə dağ yamaclarında keçi saxlamağa icazə verilmir, çünki onlar hündürlüyə dırmaşmağı sevirlər və bu vaxt iti dırnaqları ilə torpağı yumşaldıb, bəlkə də qazıb, eroziyaya, torpaq sürüşməsinə məruz qoyurlar. Bu qaydanın tətbiqi dağ yamaclarındakı torpaqların mühafizəsində mühüm rol oynayır. Bizdə keçi saxlanması yunanlarda olan kimi böyük miqyas almasa da, coğrafi əraziyə görə bu mal-qara növünə elə bir məhdudiyyət də qoyulmur.

Bu ölkədə dənlik qarğıdalı istehsalı çox inkişaf etmişdir. İllik qarğıdalı dəni istehsalı 9-10 milyon tona çatırdı. Biz qatarla ölkə ərazisindən keçib Belqrada gedəndə, yol boyu talvarların altında qıça şəklində tədarük edilmiş və saxlanılan çox sayda qarğıdalı tayalarını müşahidə etmişdik.

Sloveniyanın paytaxtı Lyublyana şəhəri köhnə mədəniyyət mərkəzi olmaqla, burada ölkədəki ən qədim sayılan universitet fəaliyyət göstərir. Bizə dedilər ki, onun 175 yaşı vardır. Bizim Bakı universitetinin isə həmin vaxt 49 yaşı var idi. Filarmoniyanın isə yaşı 270 ilə yaxınlaşırdı, "stajına görə" Avropada ikinci hesab olunurdu. Bethoven, Bax, Qaydn, Paqanini və Dvorjak onun fəxri üzvləri seçilmişdilər. Məşhur ali məktəbdə musiqi və təsviri sənət sahəsində mütəxəssislər hazırlanır. Elmi idarələr içərisində Sloveniya elm və incəsənət akademiyası aparıcı yer tutur. Bir sıra idman növləri üzrə burada dünya birinciliyi yarışları keçirilirdi. Beynəlxalq şahmat turnirləri isə Yuqoslaviyanı özü üçün doğma məkan hesab edirdi.

Şəhər öz gözəlliyi ilə buraya gələnləri heyran edir. Şəhərdə köhnə binalar çoxdur. Sloven arxitektorlarının istedadı hesabına şəhərdə köhnənin və yeninin vəhdəti harmoniya şəklindəki bir qonşuluqda özünü büruzə verir.

Sloveniya bizim üçün xüsusi maraq kəsb edirdi, çünki burada həmyerlimiz Mehdi Hüseynzadə "Mixaylo" adı altında alman ordusuna qarşı mübarizə əməliyyatlarının çoxunu həyata keçirmişdi. "Uzaq sahillərdə" əsərində və filmində onun igidliklərinin əsas məskəni Triest (İtaliyanın şəhəridir) göstərilsə də, Mixaylonun daha çox diversiyalar törətdiyi Sloveniyada onu yaxşı tanıyır və unutmurlar. Hətta Rusiya Prezidenti Vladimir Putin son dəfə orada rəsmi qonaq olanda, Sloveniya Prezidenti ona Mixaylonun iri portretini göstərmişdi. İgid Azərbaycan oğlu faşizmə qarşı fəal mübarizəsinə görə ölümündən 12 il sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Bakını onun gözəl heykəli bəzəyir, burada o, Karst platosunun qayalarından birində vuruşa atılarkən təsvir edilmişdir.

Biz İtaliya sərhədində yerləşən məşhur Postoynska Yama adlanan mağarada olduq, o, Triqlav dağının ətəyində yerləşir. Həmin dövrdə mağara dünyanın ən gözəl mağarası hesab olunurdu, doğrudan da onu başqaları ilə, məsələn Gürcüstandakı palçıq rənginə bürünmüş, mənzərəsi heç bir müsbət təsir yaratmayan, olduqca kasıb, ruhu oxşamayan, ancaq əziyyətli səyahətin adamı yorduğu Prometey mağarası ilə heç cür müqayisə etmək olmaz. Amma gürcülər nüfuzlu səslənsin deyə onu yunan mifik qəhrəmanın adı ilə adlandırmışlar, Prometey Qafqaz dağlarında qayaya mıxlanmışdı, mağaraya düşməmişdi. Bəlkə onu Diana ilə qarışıq salmışlar. Sloveniyadakı mağarada isə çox sayda ağ mərmər rəngli stalaktitlərin və stalaqmitlərin gözəl mənzərəsi adamı heyran edir, bəziləri qadın ləyaqətini əks etdirdiyindən onlara oxşar adlar verilir, belə ki, biz "Sofi Lorenin döşlərinə" tamaşa etməli olduq. "Piza qülləsinin" miniatür təbii kopiyası adamı heyrətə gətirir. Mağaranın uzunluğu 20 km-dir, onda həmin dövrdə gəzinti üçün 5 km-i rahat hala salınmışdı. Mağarada yeraltı çay axır və onda insan dərisi rəngindəki balıqlar üzür. İxtioloqların rəyinə görə, bu balıq dünyada nadir növə məxsusdur. Mağaranın bir hissəsi qara hisə bürünmüşdür, mağara haqqında məlumat verən bələdçi söylədi ki, 1944-cü ildə Mixaylo almanların buradakı yanacaq anbarını partlatdığından, onun his örtüyü indiyə qədər qalır.

Sonra Lyublyanadan geri, Zaqrebə - Xorvatiyanın paytaxtına qayıtdıq. Serbiyadan sonra ərazi və əhali sayının böyüklüyünə görə Xorvatiya ikinci yeri tuturdu. Biz göllərinin güzgüsü 1200 hektar olan balıqçılıq kooperativində olduq, burada istehsal edilən təzə karp balığı Avropanın 6 ölkəsinə ixrac edilirdi, ona görə də kooperativ öz işçilərinə yüksək maaş verirdi. Kəndin şəhərdəkindən seçilməyən restoranı və orada yerli adamların yeyib-içməsi kooperativin maliyyə, əhalinin sosial vəziyyəti barədə nikbin hisslər doğururdu. Restorandakı ziyafət çox ləzzətli olsa da, ondan sonra iki həmyerlimizin sərxoşluğu hesabına savaşması əhval-ruhiyyəmizi korlamışdı.

Avropanın əhəmiyyətli yollarının kəsişməsində Zaqreb özünün bu nəqliyyat-coğrafi yerləşməsinin imkanlarından bacarıqla istifadə edir. Ona görə də beynəlxalq ticarətin mühüm mərkəzlərindən birinə çevrilmişdir. Zaqreb beynəlxalq yarmarkası o vaxtlar çox məşhur idi. Bu şəhər "incəsənət şəhəri" adını qazanmışdı, bu məsələdə musiqi xüsusi yer tuturdu. Çox sayda teatrlar, 40-dan yuxarı muzey mövcud idi. Bizi "Trivoli" adlanan örtülü qış stadionuna apardılar. Burada xokkey matçları keçirilirdi.

İlk dəfə biz kafedral katolik kilsəsində olduq. Burada sifəti süd rəngində olan yaşlı rahibələri gördük, bu "İisusun nişanlıları" olan və ömürlük tselibata - nikahsızlığa tabe olan qadınların sifətində bəkarəti, təmizliyi, saflığı nümayiş etdirən xüsusiyyətlər nəzərə çarpırdı. Onlar elə bil ki, real həyatda yaşamır, dini xidmətə məxsusluğun sehrli, həm də bizə qeyri-adi gələn bir dünyasının sakinləri təsirini bağışlayırdı. Sonralar Vatikanda mən keşişləri, gənc rahibləri gördüm, lakin Zaqrebdəki rahibələrin Allaha xidmətə həsr olunmuş bir həyatın nəticəsi olan sifətləri bu gün də gözlərim önündə canlanmaqda davam edir. Onlar özlərində hissiyyatı çoxdan məhv etmişdilər. Bunun nəticəsi kimi də adamlar onlara adi qadınlar kimi deyil, Rafaelin fırçasından çıxmış Məryəm ana obrazı kimi baxırdılar. Doğrudan da, real həyatdan uzaqlaşmaqla, az qala guşənişin həyatını seçən bu incə məxluqlara adamın yazığı gəlməklə yanaşı, onlara ehtiram çərçivəsindən uzaq olmayan bir münasibət göstərməyi təlqin edir.

Əlbəttə, Dubrovink şəhəri turizm mərkəzi olmaqla yanaşı, açıq səma altındakı muzey-şəhər hesab olunur. Burada köhnə məbədlərin, sarayların, sayı-hesabı yoxdur. Qala divarları və qüllələr, qədim Roma sütunları antik epoxanı yada salan "canlı dekorasiya" rolunu oynayır. Dubrovnikin bəxti onda gətirmişdir ki, o, əvvəllər heç vaxt dağıdılmamışdır. Şəhər dənizin və turizmin hesabına yaşayır. Yaxınlıqdakı fermada sağılan dişi eşşək sürüsü saxlanır, onun südündən hazırlanan pendir müalicəvi hesab olunur, ona görə də 1 kq-ın qiyməti min dollara çatır və turistlərə satılır. Təəccüblənmyə ehtiyac yoxdur, Çində eşşək əti başqa ətlərdən fərqli olaraq daha yuxarı qiymətə satılır.

Dubrovnik ona ağalıq edən çox sayda dövlətləri görmüşdür. Yalnız İkinci Dünya müharibəsi vaxtı ingilis-amerikan aviasiyasının bombardmanı şəhərin xeyli hissəsini dağıtmışdı, lakin sonralar onlar bərpa olunmuşdu.

Bu gözəl ölkə ilə, SSRİ-yə xoş münasibət bəsləyən xalqlarla vidalaşmaq günü gəlib çatdı. Biz Macarıstanın paytaxtı Budapeştdə bir saat dayandıq, vaqon-restoranda onların dadlı konfetləri satılırdı. Yenə Tissa çayının üstü ilə Macarıstandan Ukraynanın Ujqoroduna, sonra Lvova gəldik. Mart günləri olsa da, bütün Ukrayna ərazisindəki düzənliklər qarla dolu idi. Diqqətimizi dəhlizi süpürən vaqon bələdçisi olan yaşlı kişinin ağlaması cəlb etdi. Bunun səbəbini soruşduqda o, dedi ki, Qaqarin həlak olmuşdur. Qatar Kiyevə çatanda vağzaldakı radio reproduktoru bar-bar bağırıb, bu kədərli xəbəri çatdırırdı. Yuri Qaqarin, kosmosa ilk bəşər övladı kimi uçuşundan heç 7 il keçməmiş, təyyarə qəzasında ölmüşdü. Bu həqiqətən də böyük itki idi. Lakin sonra gəlib çatdığımız Moskvada matəm əhval-ruhiyyəsi o qədər də hiss olunmurdu.

Biz Yuqoslaviyanı, əhalisi yaxşı həyat şəraitinə malik olan bir ölkəni tərk edəndə heç ağlımıza da gəlməzdi ki, əsrin sonunadək ondan yalnız çox sayda qəlpələr qalacaqdır. İndiki dövlətlərin mövcudluğunu nəzərə aldıqda – biz Serbiyada, Sloveniyada və Xorvatiyada olmuşduq. Hər üç ölkədə vahid dövlətin vətəndaşları SSRİ xalqları ilə müqayisədə nisbətən firavan yaşayırdılar. Onlarda ehtiyacın mövcudluğu nəzərə çarpmırdı. Bundan üç il sonra mən Moskvada təhsil alarkən Smolenskdə, Volqoqradda və Tverdə oldum. Smolenskdə tələbə dostumun kənddə yaşayan valideynləri ilə görüşə getdik. Onlar yaşlı adamlar idi, qızları və kürəkənləri həkim idi. Otağın temperaturu qarlı havada 11 dərəcə idi, soyuq adama təsir göstərirdi. Ev sahibi dedi ki, odunla suyu qızdırmaq yolu əsasında isitmə sistemi düzəltmişdir. Hərarətin artırılması daha çox odun sərfinə səbəb olduğundan, belə soyuq şəraitdə yaşamağa məcbur olmuş və adət etmişdilər. Dostumun bacısı dedi ki, Odessada yaşayan rəfiqəmdən poçtla maxer sapı alıramvə özümə jaket toxuyuram. Cavan ailə də olduqca kasıb yaşayırdı. Dostumun arvadı texniki-peşə məktəbində müəllim işləyirdi, quş fabrikinə şagirdləri məşğələyə apardıqda, qazancları orada satılan toyuq ətini alması olurdu.

(Ardı var)

 

 

 

 





21.07.2022    çap et  çap et