525.Az

Baş redaktor bəyanatla çıxış edib


 

Baş redaktor bəyanatla çıxış edib<b style="color:red"></b>

Xüsusi ittiham qaydasında, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkəməyə verilmiş “Gunxeber.com” saytının baş redaktoru Zabil Müqabiloğlu bəyanatla çıxış edib.
     
Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma haqqındadır. Bu maddə 2 ilədək müddətə islah işlərini və ya 3 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Zabil Müqabiloğlunu İmişli Rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Süleyman Bəşirov bu il mayın 30-da “Gunxeber.com”da getmiş “Vilyam Hacıyevin attestasiya rüşvəti” başlıqlı yazıya görə məhkəməyə verib.

“Gunxeber.com”un məhkəməyə səbəb olan yazısında İmişlidən daxil olan məlumat əsasında bildirilib ki, rayon mədəniyyət və turizm idarəsində attestasiya keçirilir, amma Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi attestasiya prosesində iştirak etmir. Yazıda qeyd olunur ki, attestasiyadan keçirilmək üçün işçilərdən rüşvət tələb olunur və idarə müdiri bunu icra başçısı Vilyam Hacıyevin tapşırığı ilə edir.

Sayt yazıda qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirib. Qarşı tərəfdən isə heç bir etiraz bildirilməyib və təkzib verilməyib.

“Gunxeber.com” Süleyman Bəşirovun bu iddianı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin tapşırığı ilə qaldırdığını güman  edir.

Baş redaktor Zabil Müqabiloğlu iyunun 6-da yaydığı bəyanatında bildirib ki, Süleyman Bəşirovun xüsusi ittiham qaydasında onunla bağlı qaldırdığı iddianın Nərimanov Rayon Məhkəməsinə heç bir aidiyyəti yoxdur: “Çünki mən 2013-cü ilin may ayının 15-də yenidən “Yeni Müsavat” qəzetinin redaktoru vəzifəsinə qayıtdıqdan sonra “Gunxeber.com” saytı Nərimanov rayonu ərazisində fəaliyyət göstərmir. Süleyman Bəşirovun qeyd etdiyi yazının isə Nərimanov rayonu ilə heç bir əlaqəsi yoxdur. Mənim daimi və müvəqqəti qeydiyyatım Nərimanov rayonunda deyil, bu rayonda yaşamıram və işləmirəm.

İddiaçının da bu rayona aidiyyəti yoxdur. Bu baxımdan sözügedən iddianın Nərimanov Rayon Məhkəməsi tərəfindən icraata götürülməsinin heç bir hüquqi əsası yoxdur. Belə olan halda bu iddianın cəmi iki gün ərzində icraata götürülərək məhkəmə baxışına yönəldilməsi bizdə suallar doğurur və bunu bu işdə ilk qanunsuzluq sayırıq. Bu faktları bu gün yazılı şəkildə hakim Məzahir Sadıqovun da diqqətinə çatdırmışam.

Onu da qeyd edim ki, təxminən bir ay əvvəl “Gunxeber.com”da İmişlidən olan müəllimlərin şikayəti əsasında yazı getmişdi. Bundan bir neçə gün sonra mənim mobil telefonuma bir nəfər zəng edərək özünü Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin müstəntiqi kimi təqdim edərək saytda İmişli ilə bağlı gedən yazıdan ona şikayət daxil olduğunu və buna görə mənim bölməyə yaxınlaşaraq izahat yazmalı olduğumu dedi. Mən onun bu hərəkətinin qanuna zidd olduğunu nəzərinə çatdırdım və bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edəcəyimi dedim. Həmin şəxs İmişlinin yerləşdiyi regionun ləhcəsi ilə danışırdı və hiss olunurdu ki, kiminsə sifarişi ilə bizi susdurmağa çalışır. Mənim ona bu barədə Daxili İşlər Nazirliyinə müraciət edəcəyimlə bağlı təkrar xəbərdarlığımdan sonra bir daha zəng etmədi.

O zaman bu məsələni o qədər də ciddiyə almadım. Amma bu qanunsuzluqdan sonra ikinci bir qanunsuzluq baş verir və açıq şəkildə qanunsuzluq yolu ilə tənqidçi medianın susdurulması xətti tutulub. Biz buna qəti etirazımızı bildirir, həmkarlarımızı, hüquq müdafiəçilərini, aidiyyəti qurumaları məsələni diqqətdə saxlamağa çağırırıq”.

"Media forum".

 





06.06.2014    çap et  çap et