525.Az

147 yaşlı Azərbaycan mətbuatı - Rəşad Məcid yazır


 

ÖLKƏMİZDƏ MEDİANIN İNKİŞAFI İSTİQAMƏTİNDƏ ATILAN ARDICIL ADDIMLAR BÜTÖVLÜKDƏ AZƏRBAYCAN MƏTBUATININ GƏLƏCƏYİNƏ OLAN ÜMİDLƏRİ ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ ARTIRIR

147 yaşlı Azərbaycan mətbuatı - <b style="color:red"> Rəşad Məcid yazır</b>

Azərbaycanda Milli Mətbuatın yaranmasının 147-ci ili tamam olur. Ötən əsryarımlıq müddətdə mətbuatımız bir çox ağır  sınaqlardan, keşməkeşli mərhələlərdən adlayıb. Bir sıra problemlər hələ də köklü surətdə öz həllini tapmasa da, bu gün Azərbaycan mətbuatı müəyyən istiqamətlərdə inkişaf etməkdə, beynəlxalq təcrübəni mənimsəməkdə, müasir dövrün tələbləri ilə ayaqlaşmağa çalışmaqdadır.

Azərbaycan mətbuatının inkişaf yoluna, müstəqilliyin ilk illərindən bugünə qədərki dövrə nəzər salanda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra media ilə bağlı atdığı vacib addımları, qəbul edilən mühüm qərarları xüsusi qeyd etmək lazım gəlir. Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi zaman mətbuatı həmişə diqqətdə saxlayıb, yazılı sözün qiymətini bilən böyük siyasi xadim kimi mətbu ictimai fikrə xüsusi önəm verib. Bu diqqətin təzahürü idi ki, Heydər Əliyev prezident olduğu illərdə bir neçə dəfə media rəhbərləri ilə görüşlər keçirdi.  2001-ci ildə baş redaktorlarla görüşdü, 2002-ci ilin mart ayında "Jurnalistlərin dostu" mükafatının təqdimatına qatıldı, sonra isə elə həmin ilin iyul ayında Milli Mətbuat Günü ilə bağlı tədbirdə iştirak etdi. Ümummilli lider  2001-ci ildə  baş redaktorları qəbul edərkən onlara geniş müsahibə də vermişdi. O vaxt Prezident Heydər Əliyev mənim  Dağlıq Qarabağ məsələsi ilə bağlı sualıma geniş cavab vermiş, təxminən 45 dəqiqə bu mövzu barədə o zamanlar heç kimə demədiyi fikirlərini bizə çatdırmışdı. Bu münasibət həm də onun bütövlükdə Azərbaycan mətbuatına xüsusi diqqətinin göstəricisi idi. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mətbuat senzuradan xilas oldu və bu da dördüncü hakimiyyətin inkişafı üçün yeni mərhələ açdı. Ardınca isə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı üçün digər addımlar atıldı, qanunvericilik bazası təkmilləşdirildi, KİV-in maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində qərarlar qəbul olundu.

Sonrakı illərdə də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən medianın inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq informasiya məkanında layiqli yer tutması üçün hərtərəfli dəstək göstərildi, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli addımlar atıldı, jurnalistlərin mənzillə təmin olunması məqsədilə iki çoxmərtəbəli yaşayış binası tikilib istifadəyə verildi. Azərbaycanın yazılı mediasının iqtisadi cəhətdən böyük çətinlik çəkdiyi bir vaxtda - 2009-cu ilin aprelində dövlət başçısının fərmanı ilə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu ardıcıl fəaliyyətin nəticəsi idi ki, Prezident İlham Əliyev iki dəfə - 2010-cu və 2013-cü ildə "Jurnalistlərin dostu" seçildi.

Son illər isə Azərbaycan mediasının inkişafı üçün daha fərqli addımlar atılır. Bu məsələdə əsas rolu 2021-ci ilin yanvarında cənab Prezidentin Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi  oynayır. Dövlət başçısının Medianın İnkişafı Agentliyinin yaradılması ilə bağlı Fərmanı onun mətbuata qarşı diqqətinin və medianın inkişafı üçün göstərdiyi qayğının növbəti təzahürü idi. Son vaxtlar dünyada informasiya texnologiyalarının sürətli inkişafı, yeni medianın yaranması və bu medianın qarşısında yeni tələblərin meydana çıxdığının şahidiyik. Bu mənada Medianın İnkişafı Agentliyi daha geniş sahəni əhatə edir.

Əvvəllər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yalnız yazılı çap mətbuatının problemləri ilə məşğul idi. İndi isə keçirilən müsabiqələrdə təkcə yazılı və onlayn medianın təmsilçiləri yox, televiziyalarda çalışan həmkarlarımız, eləcə də digər müstəqil jurnalistlər də iştirak edirlər. Bu, əhatənin xeyli genişlənməsinin göstəricisidir. Bununla həm onlayn media, informasiya agentlikləri, həm də audiovizual media yeni agentliyin təsir dairəsinə daxil edilib. Bu müstəviyə jurnalistlərin xaricdə təhsili və təcrübə qazanması, beynəlxalq media ilə əlaqə, eyni zamanda, media sahəsində olan problemlər, hansısa hüquq pozuntularına yol vermiş media ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət də daxildir. Son illər MEDİA tərəfindən dünyanın qabaqcıl media təşkilatlarının və xarici ekspertlərin iştirakı ilə jurnalistlər üçün ardıcıl təlim və seminarlar keçirilir. Ötən ilin statistikasına əsasən, Agentliyin keçirdiyi təlimlərə, seminarlara və digər layihələrə 60-dan çox təlimçi və 350 nəfərdən çox media nümayəndəsi cəlb edilib. Bu da jurnalistlərin peşəkarlığının artması, beynəlxalq təcrübəni mənimsəməsi üçün vacib addımdır. Jurnalistlərin ixtisaslaşması və sahəvi jurnalistikanın inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Bu istiqamətdə də MEDİA bir sıra dövlət qurumları ilə birgə təlimlər keçirib.

Mediadan danışarkən, İkinci Qarabağ müharibəsi zamanı dördüncü hakimiyyətin fəaliyyətini vurğulamamaq mümkün deyil. Azərbaycan mediası müharibə günlərində informasiya cəbhəsində təqdirəlayiq fəaliyyət göstərdi, əsl vətənpərvərlik nümayiş etdirdi. Əlbəttə ki, bu informasiya müharibəsinin başında Prezident, Ali Baş Komandan İlham Əliyev dayanırdı. Dövlət başçısı dünyanın 30-a yaxın aparıcı mediasına müsahibələr verdi və xalqımızın haqq səsini çox yüksək səviyyədə dünyaya çatdırdı. Bəzən qərəzli, qeyri-obyektiv, birbaşa erməniləri dəstəkləyən suallar da olurdu. Amma Prezident İlham Əliyevin həmin suallara tutarlı şəkildə, yüksək peşəkarlıqla verdiyi cavablar bir tərəfdən dövlət başçısının mükəmməl hazırlıqlı olduğunu, beynəlxalq siyasəti dərindən bildiyini göstərirdisə, digər tərəfdən həmin qərəzli sualların müəlliflərini çıxılmaz vəziyyətə salırdı.

Müharibədən sonra da Azərbaycan mətbuatı öz vəzifələrini yüksək səviyyədə yerinə yetirməkdədir. Media nümayəndələri işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edirlər, ermənilərin törətdikləri vəhşilikləri, vandallığı bütün dünyaya çatdırırlar. Bu gün həm də müxtəlif ölkələrin rəsmilərinin, xarici jurnalistlərin, blogerlərin, siyasətçilərin azad olunmuş ərazilərə səfərləri təşkil olunur, eyni zamanda Şuşa müxtəlif tədbirlərə ev sahibliyi edir. Bu ilin aprelində Şuşada "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq forum keçirildi, forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri iştirak etdilər. Halbuki bir neçə il öncə bir gün Şuşada belə bir mötəbər tədbirin keçiriləcəyi hamımıza yuxu kimi görünərdi.

Bir neçə ay öncə "Media haqqında" yeni qanunun qəbulu, jurnalistlərin güzəştli ipoteka kreditindən istifadə hüququna malik şəxslərin siyahısına daxil edilməsi, Nazirlər Kabinetinin qərarı ilə qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışının ƏDV-dən azad olunması, Media Reyestrinin formalaşdırılması, proqram təminatının hazırlanması üzərində işlərin aparılması və planlaşdırılan digər addımlar, təbii ki, dördüncü hakimiyyətin gələcəyi barədə nikbinliyə ciddi əsaslar verir. Burada dövlətin yazılı mediaya dəstəyi də xüsusi vurğulanmalıdır. Çap mediası tarixdir və onun yaşaması çox vacibdir. İyunun 1-də MEDİA tərəfindən 2022-ci ilin ikinci yarısı üçün 39 xəbər saytına və 16 qəzetə maliyyə yardımı ayrılıb. Dövlətin bu addımı qəzetlərin də, onlayn medianın da həyatında mühüm rol oynayır. Uzun müddət idi ki, ənənəvi olaraq çap mediası maliyyələşirdi, son dövrlərdə onlayn medianın maliyyələşməsi həyata keçirilir. Müsabiqənin nəticələri də müsbət təsir bağışladı və bu qədər media subyektinə dövlət tərəfindən maliyyə ayrılması çox müsbət nəticələr verir.

Dövlət dəstəyi göstərilən nəşrlərdə və onların eyni adlı veb-saytlarında dəyişiklik də nəzərdən yayınmır.  Sözügedən Agentlik çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi, çap mediasının onlayn formata keçidinin təmin edilməsi məqsədilə ilk dəfə olaraq müxtəlif qəzet və jurnalların elektron versiyasının yerləşdiriləcəyi "E-kiosk" platformasının yaradılması prosesini başa çatdırıb. "E-kiosk" platformasının əsas məqsədi ənənəvi medianın rəqəmsal mühitə uyğunlaşmasına və informasiya cəmiyyətinin inkişafına dəstək göstərməkdir.

Ümumiyyətlə, son illər ölkəmizdə medianın ayaqda qala bilməsi, zaman-zaman inkişafı istiqamətində atılan ardıcıl addımlar, dövlətin bu sektora sistemli dəstəyi bütövlükdə Azərbaycan mətbuatının, ölkəmizdə jurnalist peşəsinin gələcəyinə olan ümidləri əhəmiyyətli dərəcədə artırır. İnanırıq ki, həyata keçirilmiş tədbirlər və yaxın gələcək üçün nəzərdə tutulan addımlar Azərbaycan mediasının bundan sonrakı inkişafına ciddi təkan verəcək, Milli Mətbuatımız özünün növbəti ildönümlərinə yeni uğurlarla qədəm qoyacaq. Mən də Milli Mətbuat günü münasibəti ilə bütün problem və çətinliklərə baxmayaraq, öz peşəsinə vicdanla yanaşan jurnalist həmkarlarımı təbrik edir, onlara gələcək fəaliyyətlərində təmkin, əzm, şövq və öz işindən zövq almaq sevinci arzulayıram.

Bayramımız mübarək olsun!..

 





22.07.2022    çap et  çap et