525.Az

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri stimullaşdırıcı amil kimi


 

Təhsildə inkişaf və innovasiyalar üzrə  qrant müsabiqələri stimullaşdırıcı amil kimi<b style="color:red"></b>

Artıq bir neçə ildir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkədə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin davamı olaraq bu müsabiqələrin başlıca məqsədi təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti, yeni ideyaları stimullaşdırmaqdan ibarətdir. Müsabiqədə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər.

Müsabiqə zamanı təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması mövzusunda təqdim ediləcək layihələrdə öyrədici resursların hazırlanması, yeni idarəetmə modellərinin tətbiqi, məktəb assosiasiyalarının yaradılması, mübadilə proqramlarının təşkilinə dair məsələlər əhatə olunur.

"Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi"nə "Ümumi təhsil müəssisələri kateqoriya"sı üzrə 230, "Fərdi kateqoriya" üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib. Ekspert qrupunun qiymətləndirməsi əsasında "Ümumi təhsil kateqoriya"sı üzrə 47, "Fərdi kateqoriya üzrə" 132 layihə olmaqla ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanıb.

Xətai rayonu 287 nömrəli "Zəkalar" liseyinin müəllimi Leyla Məcidova V Qrant müsabiqəsində "Biz səninləyik! - Təhsilalanlara psixoloji dəstəyin göstərilməsi" layihəsi ilə qalib gəlib. O deyir ki, beynəlxalq araşdırmalara istinad etsək, görərik ki, şagirdlərin 80 faizindən çoxu təhsil müəssisəsinə sağlam gəlir. Yəni uşaqların  psixoloji sağlamlığı məhz məktəb yaş dövründə formalaşır, özündə müsbət və ya mənfi təsirləri göstərir: "Əlbəttə ki, psixoloji sağlamlıq bir çox amillərdən - genetik təsirlərdən, sosial şəraitdən, ekologiyadan və səhiyyə sistemindən asılıdır. Bununla yanaşı, mütəxəssislər məktəblilərin sağlamlığının pisləşməsində mənfi təsirlərin 20 faizdən 40 faizədək təhsil mühitinə aid olduğunu düşünürlər. Şəxsiyyətin formalaşmasında təhsil prosesi həlledici rol oynayır. Müəllimlərin məqsədyönlü, planlı fəaliyyəti, təhsili, peşəkar yanaşması təbii meylləri inkişaf etdirmək, şəxsiyyəti formalaşdırmaq üçün nəzərdə tutulub. Bu səbəbdən  layihəmizin məhz bu istiqamətdə olmasını - məktəbdə sağlam sosial-psixoloji mühitin formalaşması üçün fəaliyyəti əsas götürdük".

Müəllimin sözlərinə görə, "Biz səninləyik" layihəsi ümumtəhsil müəssisələrində 11-15 yaş qrupu şagirdlərə psixoloji dəstəyin düzgün formada göstərilməsini təmin etmək məqsədilə həyata keçirildi. Niyə məhz 11-15 yaş? BMT-nin uşaqlara qarşı bullinq haqqında 2006-cı il məruzəsində də qeyd edilib ki, məktəblərdə baş verən bullinq hallarının 80 faizi 12-15 yaş qrupunda baş verir. Hər 10 uşaqdan biri məktəbdə zorakılığa məruz qalır. Məktəblərdə fiziki cəzanın qadağan edilməsinə baxmayaraq, incitmə, sataşma, qrup şəklində hücumlar geniş yayılıb. Adətən məktəbdə zorakılığa məruz qalmış uşaqlar təcavüzkardan qorxduqları, məktəb müəllimləri və müdriyyəti tərəfindən neqativ reaksiyalardan qorunmaq üçün belə hallar haqqında xəbər vermək istəmir və ya çəkinirlər: "Bu gün məktəblərdə zorakılığın qarşısını almaqla bağlı çətinliklər mövcuddur. Biz cəza tətbiq etməkdənsə, preventiv mexanizmlərin dəstəklənməsini doğru sayırıq. Artıq çoxdan sübut olunub ki, cəzalar adətən vəziyyəti daha da mürəkkəbləşdirir. Müdriyyət və pedaqoqlar qorxuya, fiziki güc tətbiqinə, təhdidə, təhqirə əsaslanmayan strategiyadan istifadə etməlidirlər. Təqdim etdiyimiz layihədə məhz bu məqamlar öz əksini ətraflı şəkildə tapıb - mövcud problem, onun törətdiyi fəsadlar və həlli yolları. Layihəmiz qarşıya qoyulmuş bu problemin həlli mexanizmləri üçün böyük dəstək göstərib və davamlı olaraq da tətbiq olunacaqdır. Layihənin məqsədi təhsil müəssisəsində 11-15 yaşlı şagirdlərin həyatı və ya sağlamlığı üçün təhlükə yaradan zorakılıq hallarının qarşısının alınması üçün məktəbdə şagirdlər arasında maarifləndirmə işlərinin aparılması və informativ mühitin yaradılmasına nail olmaqdır. Layihənin vəzifələrinə Xətai rayon məktəb psixoloqları üçün təlimlərin təşkili, şagirdlərlə birlikdə sinifdə davranış qaydalarının formalaşdırılması, onlayn sorğunun təşkili və məlumatların yığılması; məlumatların təhlili; alınmış nəticələrin əsasında bullinq və qısnama davranışının həll yollarının təklifi, sinifdə uşaqlar arasında nikbin, şən əhvali-ruhiyyəli münasibətlərin əldə olunmasına nail olmaq, bullinq əleyhinə məktəbdaxili qaydalar toplusunun hazırlanması daxildir. Layihə, sadəcə şagirdlərlə araşdırmaya deyil, müəllim və psixoloqlarla birgə işə əsaslanır. Bu o deməkdir ki, müəllim və psixoloqlar layihə başa çatdıqdan sonra məktəb mühitində formalaşmış şagirdin sosial-psixoloji təhlükəsizliyi siyasətini layihə çərçivəsində əldə etdikləri bilik və bacarıqlarla dəstəkləyə biləcəklər. Xüsusilə müəllimlərin məktəblərdə bu yaş qrupları ilə mütəmadi çalışacaqlarını nəzərə alaraq onlar növbəti illərdə də V-IX sinif şagirdləri ilə bullinq-qısnama davranış modellərinin həllində peşəkarlıq nümayiş etdirə biləcəklər. Layihənin davamlılığını təmin etmək məqsədilə şagirdlərin sosial-psixoloji təhlükəsizliyi siyasətinin məktəbdə dəstəklənməsi üçün dəhlizlərdə, sinif otaqlarında - şagirdlərin tez-tez vaxt keçirdiyi yerlərdə - qısnama və zorakı davanış modellərinin müxtəlif səbəbləri, fərdlərin indiki və gələcək həyatlarına təsiri, məktəb mühitində müəllim, məktəb administrasiyası və valideynlərin köməyilə müvafiq həll yolları, vizual-informativ posterlər yer alacaq. Bundan əlavə, layihənin nəticələri ilə bağlı bullinq davranışının həll yollarının əks olunduğu vəsait onlayn linklər vasitəsilə virtual dərs platformasına yerləşdiriləcək və müəllimlər, psixoloqlar, valideynlər, eləcə də şagirdlərin ixtiyarına veriləcək".

Bakı şəhəri 240 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Mətanət Səmədova V Qrant müsabiqəsinin fərdi kateqoriyada qalibidir. O, müsabiqədə "Robototexnika və 3D bacarıqlarının artırılması üçün dərnəyin təşkili" layihəsi ilə iştirak edib. Layihə çərçivəsində görülmüş işlər barədə danışan M.Səmədova qeyd edib ki, yeni təhsil texnologiyaları vasitəsilə şagirdlər hər hansı obyektin şəklindən istifadə edərək virtual reallıqda onunla təmas qura, planetlər, həndəsi fiqurlar, canlıların daxili quruluşu və s. kimi kompleks obyektləri virtual mühitdə canlandıraraq görə bilərlər. Coğrafiya, mühəndislik və tibb kimi elmlərin tədrisində fiziki olaraq hərəkət etməyin mümkün olmadığı obyektlərin üçölçülü formatından istifadə edərək tətbiqi təcrübələr həyata keçirə bilərlər: "Günümüzdə robototexnikadan bir çox sənaye, məişət və sosial problemlərin  həllində istifadə edilir. Robototexnika texnologiya ilə bağlı olaraq robotları, onların dizayn edilməsini, qurulmasını, idarə edilməsi metodlarını, informasiya emalı üçün yaradılan kompüter sistemlərini öyrənir. Dünyanın bir sıra ölkələrində bu elm sahəsinin inkişafına böyük dəstək vardır. Bu sahənin inkişafı, öz növbəsində, sənayenin, avtomatlaşdırmanın sürətli inkişafına təsir göstərir. Çünki bu texnologiyalar sənayedə insan faktorunun gücünü azaltmağa kömək edir. Bu baxımdan, şagirdlərin robototexnika və 3D dizayn bacarıqlarını inkişaf etdirmək üçün dərnəyin yaradılmasını təklif etdik. Layihəmizin məqsədi III-VII sinif şagirdləri arasında riyazi düşüncəni inkişaf etdirən, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönələn hesablama, proqramlaşdırma və dizayn bacarıqlarının genişləndirilməsi üçün dərnəyin yaradılmasıdır. Ötən ilin oktyabrında V Qrant müsabiqəsi çərçivəsində layihəmizin MS Teams platforması üzərindən açılış tədbiri keçirilib. Layihənin icrasına 50 nəfər seçilmiş şagird cəlb olunub. Təlimlər həftədə 2 dəfə olmaqla 48 saatı əhatə edib. Layihə çərçivəsində MS Teams platformasında onlayn sinif otaqları, sosial şəbəkələrdə layihənin səhifəsi yaradılıb".

Bakı şəhəri 240 nömrəli tam orta məktəbin müəllimi Gülşən Hacıyeva V Qrant müsabiqəsində "Hərbi STEAM  mühəndisləri"  layihəsi ilə qalib gəlib. G.Hacıyevanın dediyinə görə, layihənin məqsədi 7-8-ci sinif şagirdlərini hərbi STEAM dərnəklərinə cəlb etməklə onlarda müdafiə sənayesi mühəndisliyi istiqamətində öyrənmə, həyati və dizayn düşüncəsi bacarıqlarını formalaşdırmaq, ölkəmizin sosial-iqtisadi və müdafiə sahələrində peşəkarlar hazırlığına töhfə verməkdir. Layihənin vəzifələrinə 30 nəfər şagirdin seçilməsi, mütəxəssislərlə "Hərbi  STEAM" təliminə hazırlıqlar, hərbi STEAM mühəndisliyi və maker fəaliyyəti üçün ləvazimatların alışı,  "Hərbi STEAM mühəndisliyi" dərnək otağının hazırlanması,   "Hərbi STEAM mühəndisliyi" sərgisinin təşkili daxildir".

Sevinc QARAYEVA

 





22.07.2022    çap et  çap et