525.Az

Yuqoslaviyaya - indiki üç ölkəyə səyahət - Telman Orucov yazır


 

Yuqoslaviyaya - indiki üç ölkəyə səyahət - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən saylarımızda)

 

 Volqoqradda bizi "İnturist" mehmanxanasında yerləşdirmişdilər. Səhər yeməyi vaxtı bir tələbə kərə yağı istədi, ofisiant qız acıqlı şəkildə istehza ilə bildirdi ki, yağ olsa, sizdən əvvəl özümüz yeyərik. 7 noyabr nümayişində vilayət partiya komitəsi bürosu üzvlərinin dayandığı yerə bizi də dəvət etmişdilər. Birdən xəbər verildi ki, rəhbərlik üçün qutularda zefir satılır. Nümayiş yaddan çıxdı, hamı heç olmasa bir qutu almağa çalışırdı. Tverdə isə məşhur vaqonqayırma zavodunun direktoru, SSRİ Ali Sovetinin deputatı bizi fəhlə yeməkxanasına qonaqlığa dəvət etdi. Qab-qacaq çox pis vəziyyətdə idi, alüminium qaşıq-çəngəllə yeməyi yeyirdik. Nahar bitəndə direktor cibindən 60 qəpiyi çıxarıb, ofisianta verdi, vilayət partiya komitəsinin şöbə müdiri də onun hərəkətini təkrar etdi. Mən ofisianta 3 manat verdim ki, azərbaycanlı dostumla pulumuzu çıxsın. Qız sərt şəkildə bildirdi ki, ayrı-ayrı, hər kəs öz pulunu versin.

Rusiya əyalətlərində ərzaq qıtlığı addımbaşı gözə çarpırdı. Çuvaşiyadan olan tələbə yoldaşımız, kanikula gedəndə olub-qalanını kolbasa və ət almağa verirdi. Yuqoslaviyada isə ərzaq qıtlığından söhbət gedə bilməzdi, həm də burada hər şey, ən keyfiyyətli mallar da çox ucuz idi, bizim ölkəmizlə heç bir müqayisəyə sığmırdı. Lakin bu ölkə dağıldı, bu "xalqlar dostluğu" bir andaca yoxa çıxdı, daha doğrusu, düşmənçiliyə çevrildi.

Yuqoslaviyaya səfərimdən doqquz il sonra Azərbaycan KP MK katibi Hacıağa İbrahimovla birlikdə Moskvada keçirilən ilk elmi-praktiki konfransda iştirak edirdim, mən o vaxtlar rayon partiya komitəsinin birinci katibi işləyirdim. Bu tədbiri partiyanın Mərkəzi Komitəsinin təbliğat şıbəsinin müdiri Y.M.Tyajelnikov icad etmişdi. 1979-cu ilin aprelində mən Leninqraddakı belə tədbirdə iştirak edən respublika partiya təşkilatının nümayəndələrinə başçılıq etmişdim. Plenar iclaslara Moskvanın və Leninqradın partiya rəhbərləri V.V.Qrişin və Q.V.Romanov sədrlik edirdilər. Elə həmin ay Bakıdakı növbəti tədbirə Heydər Əliyev rəhbərlik edirdi və üçüncü konfrans əvvəlkilərdən heç də geri qalmırdı, bəlkə də daha yaxşı təşkil olunmuşdu. Mərkəzi Komitənin ideologiya məsələləri üzrə katibi Kamran Bağırova mən Leninqrad konfransının bütün sənədlərini vermişdim.

Mən rayonda olmayanda "İzvestiya" qəzetinin felyeton şöbəsinin redaktoru V.D.Nadein icraiyyə komitəsi sədrinin qanunu pozan hərəkətləri ilə əlaqədar məsələni yerində araşdırmaq üçün oraya gəlibmiş, bunu mənə ikinci katib xəbər verdi. Lakin o, nə raykoma gəlmiş, təyyarə ilə yerli aeroportdan yük maşınının kuzasında gəlib şəhər mehmanxanasında məskunlaşıbmış. Telefonla danışığımızda o dedi ki, əgər ehtiyac varsa, biz Moskvada görüşə bilərik, çünki mən yuxarıda adı çəkilən tədbirə gedirdim.

O, məni redaksiya binasında liftin qarşısında qarşıladı. Kabinetində iri bir qovluqdakı sənədləri göstərdi. Rayon icraiyyə komitəsinin qərarı ilə bazar direktoru işdən götürülmüşdü. Qərar çox savadsız hazırlandığından icraiyyə komitəsinin təqsirləri bazar direktorunun ünvanına yazılmışdı. Vəzifədən gedən isə vaxtilə sədrin vəzifə sahibi olan atasının məhkəmə prosesində gənc ittihamçı kimi çıxış etmiş və sədrin atasına 6 illik həbs cəzası verilmişdi. O, ittiham edirdi ki, sədr atasının intiqamını almaq üçün onu vəzifədən kənarlaşdırmışdır. Hər şey məntiqə uyğun idi. Moskvalı jurnalist böyük əmək sərf edib, həqiqəti üzə çıxarmışdı. Mən onun gətirdiyi arqumentlərlə bütünlüklə razılaşdığım halda, birinə iradımı bildirdim ki, raykomun bürosunun rəyi ilə o, vəzifədən götürülmüşdür, lakin bunun texniki tərəfi rayon icraiyyə komitəsinin sədrinə həvalə edilmiş, o isə nəticəsinin necə olacağına varmadan belə əsaslandırılmamış qərar vermişdi.

Nadein, mən indi də onun ədalətliliyinə təəccübümü gizlədə bilmirəm, diqqətlə qulaq asdıqdan sonra mənimlə razılaşdı və sənədləri mənə təklif etdi ki, bunlar artıq sizin sərəncamınızdadır. Mən dedim ki, böyük əziyyət çəkmisiniz, mən başqasının zəhmətinin bəhrəsinə sahib ola bilmərəm. Sonradan onun həqiqətən gözəl insan olduğunu da kəşf etdim. Biz dostlara çevrildik, iki dəfə olan böyük qonaqlığın bütün xərclərini isə məclisdə iştirak edən onun dostu, o vaxtlar qızıl mədənlərinin sahibi olan adlı-sanlı milyonçu Vadim Tumanov ödəmişdi. Biz Vladimir Dmitriyeviçlə dost olduq, onun təmənnasızlığına mən Mərkəzi Komitədə katib işləyəndə də bir daha şahid oldum. Bir raykom katibi barədə felyeton yazmağa gəlmişdi, mən o cavan katibin təmiz və ədalətli adam olduğunu dedim. O, yenə də öz insanlığını bir daha göstərdi və məqaləsində raykom katibini hallandırmadı.

Nadein həm də çox savadlı, hazırlıqlı və geniş məlumatlı adam idi, ingilis dilini çox yaxşı bilirdi. Bir dəfə, bu 1977-ci ilin fevralında olmuşdu, mənə dedi ki, SSRİ dəhşətli qaydada dağılacaqdır, vitrinə dəyən daş onu kiçik hissələrə bölən kimi ittifaqın da taleyi elə olacaqdır. Mən təəccüblə ona baxırdım, mənə dedi ki, guya sən bunları bilmirsən?

Həqiqətən də 1991-ci ildə SSRİ dağıldı və çox sayda müstəqil dövlətlər meydana gəldi. Sonra ölkənin bəzi hissələrini müharibə alovu bürüdü. Bəziləri SSRİ-nin dağılmasının dinc şəraitdə getdiyini müsbət hal kimi vurğulayır, sonralar baş verən silahlı toqquşmaları, minlərlə insanın həlak olmasını, böyük ərazilərin xarabazara çevrilməsini unudurlar.

İşlədiyim dövrdə mərkəzi qəzetlərin bir sıra jurnalistləri ilə sırf işgüzar qaydada tanış olmuşdum və onların hər birinin obyektivliyi barədə məndə olduqca xoş təəssürat yaranmışdı. Onlar öz şəxsi ləyaqətlərini, işlədikləri qəzetlərin nüfuzunu qorumağı müqəddəs borc səviyyəsinə qaldırırdılar. Rayonda işləyəndə "Sovetskaya kultura" qəzetinin müxbiri N.Ujova bir dələduz dramaturqun şikayəti əsasında respublika Mədəniyyət Nazirliyinin haqsızlığı barədə felyeton yazmaq məqsədilə, yerli dram teatrının direktoru da bu məsələdə iştirakı keçdiyinə görə bizə "qonaq"  gəlmişdi. Həmin dramaturqun demaqoqluğundan nazirlik onun onlarla zəif pyesinin haqqını ödəmiş, həm də müqavilədə həmin pyeslərin ölkə teatrlarında tamaşaya qoyulacağı vədi də öz əksini tapmışdı. Dramaturq nazirlikdən pulları aldıqdan sonra əsərlərinin tamaşaya qoyulmamasından narazılığını bildirmiş və mərkəzi qəzetə şikayət etmişdi. Ona vəd edilən teatrların ünvan siyahısında Ağdam teatrının da adı getmişdi. Moskvalı jurnalist savadlı adam idi, ərizəçinin dələduzluğunu bilirdi, lakin həm də nazirliyin ona bilavasitə şərait yaratdığı faktı da göz önündə idi. Biz axşam teatrın "Almas" tamaşasında da olduq, lakin qonağın rəyi elə də yüksək deyildi. Teatrın direktoru vahiməyə düşmüşdü. Xeyli söhbətdən sonra jurnalistin bizim teatr direktoru barədə rəyi bir qədər yumşaldı. Səhər tezdən direktor Bakıya getməli olduğunu bildirmək üçün qonaq evinə gəlmişdi. Mən moskvalı qadına bildirdim ki, yoxladığı adamı da nazirliyə çağırmışlar. Direktoru qadın Böyük Pyotrun kino obrazını yaradan Nikolay Çerkasova bənzətdiyindən, dedi ki, maşında bizimlə, onu qəzetin respublika üzrə müxbiri N.Məmmədov müşayiət edirdi, gedə bilər. Direktor artıq üstündən qara buludun çəkilməsinə görə çox sevinirdi. Nazirlikdə işləyəndə "İzvestiya" qəzetinin baş redaktoru L.N.Tolkunovun şəxsi göstərişi ilə qəzetin Estoniyadakı müxbiri ittifaq alıcılarına göndərilən meyvə-tərəvəz məhsulunun guya aşağı keyfiyyəti barədə şikayətini yoxlama nəticəsi əsasında felyeton yazmağa gəlmişdi. Biz xeyli söhbət etdik, arbitraj məhkəməsinin qərarlarının çoxu bizim xeyrimizə olduğundan, o, fikrini dəyişməyə məcbur oldu və rəhmətlik kolleqası Zaur Kadımbekovun müşayiəti ilə Lənkərana da getdi. Bazar günü olduğundan o, etika xatirinə hətta mənə evə zəng etməyi də lazım bilməmiş, öz kolleqasına deyibmiş ki, mən ona öz münasibətimi yazımda bildirəcəyəm. Məndən əvvəl o, Nazirlər Soveti sədrinin müavini Şəmil Rasizadə ilə görüşdə, söhbətləri düz gəlmədiyindən pərtlilik yaranıbmış. Rasizadə mənə zəng edib, onun yaxşı adam olmadığını deyib, ehtiyatlı olmağı məsləhət gördü. Əlavə etdi ki, mənimlə söhbətdə özünü pis apardı, sərt mübahisəyə girişdi. Görüşümüzdən sonra məndə isə bu adam elə bir mənfi təsir yaratmadı, əksinə, özünü çox ehtiramlı aparırdı.

Bir neçə vaxtdan sonra biz partiya Mərkəzi Komitəsinin işçiləri ilə Lənkərana uçurduq. Stüardessa qəzetləri gətirib, stol üstünə tökdü. Rasizadə təşviş qaydasında dedi ki, onun məqaləsinin "İzvestiya"nın iki səhifəsinin aşağı hissəsində dərc edilmişdir. O qorxurdu ki, onu biabır edə bilər. Lakin məqalədə bizim əleyhimizə heç nə yox idi, əksinə, nazirliyin işi təqdir qaydasında təsvir olunmuşdu. O, öz yazısında vicdanlı adam olduğunu göstərmişdi.

1990-cı ilin yanvar qırğınından sonra "Pravda" qəzetinin hərbi şöbəsinin redaktoru Doroxov və şöbənin jurnalisti Okulov Mərkəzi Komitədəki kabinetimdə mənimlə xeyli söhbət etdilər və mən xalqın Moskva rəhbərliyinin qəddarlığından yaranan narazılıqların əsaslı olduğunu göstərməyə çalışdım. Onlar dedilər ki, hökumət rəhbərliyi ilə görüşəndə dedilər ki, tezliklə kollektivlərlə iş aparıb, zavod və fabriklərin işini bərpa edəcəyik. Mən bildirdim ki, xalqın hiddətinin coşduğu bir vaxtda ona hansısa təsir göstərmək cəhdi tam əks effekt verə bilər və narazılıq daha radikal formalar ala bilər. Fevralın əvvəllərində "Pravda"nın bir səhifəsi həmin jurnalistlərin imzası ilə respublikadakı vəziyyətə həsr olunmuşdu. Müəlliflər bu həssas məsələdə obyektivliyə əməl edərək, Bakıya qoşun yeridilməsinə və qurbanların meydana gəlməsinə görə xalqın böyük etirazını gizlətmədən vermişdilər. Bizim söhbətimizin əsas müddəaları heç bir düzəlişə yol verilmədən həmin məqalədə öz əksini tapmışdı. Hətta mənim söhbətimdən bir iri abzası da sitat kimi vermişdilər. Bu yazı ilə mərkəzi partiya qəzeti əslində Mərkəzi Komitə rəhbərliyininə qarşı Bakıda yaranmış yeni kəskin münasibəti ört-basdıra yol vermədən nəql etməyə cəsarət etmişdi.

Bir sözlə, mərkəzi Moskva qəzetlərinin mən dəfələrlə obyektiv münasibətinin şahidi olmuşdum. Həmin mətbuat orqanlarının Bakıdakı xüsusi müxbirləri Leonid Tairov, Zaur Kadımbekov və onun həyat yoldaşı, "Trud" qəzetinin müxbiri Tünzalə xanımın, Mərkəzi Televiziyanın respublika üzrə müxbiri Mais Məmmədovun ölkəmizə və xalqımıza bəslədikləri münasibət yalnız vətənpərvərlik nümunəsi hesab oluna bilərdi. Bu o demək deyildir ki, bizim respublika qəzetlərində elə jurnalistlər yox idi. "Kommunist"in müxbiri Əli İldırımoğlu və digərləri böyük hörmətlə xatırlanırlar. Onlar bəzən hətta rəsmi mövqedən uzaq olan rəylərini də açıq şəkildə ifadə etməkdən çəkinmirdilər. Ona görə də xalq arasında yaxşı hörmət qazanmışdılar.

Yuqoslaviya isə bu bədbəxtlikləri parçalanma vaxtı yaşadı və qonşu guya mehriban xalqlar düşmənlərə çevrildilər.

Yarım əsrlik tarix bizi çox saydakı bədbəxtliklərə şahid olmağa sövq etdi. Keçən əsrin sonlarından başlayaraq ölkəmizə, xalqımıza ağır zərbə dəymişdi. Torpaqlarımızın bir hissəsi düşmən tapdağı altında idi. XXI əsr Azərbaycan xalqına qələbə bəxş etdi, düşmən əzildi, alçaldıldı. Ali Baş Komandanın əsl sərkərdə məharəti ilə idarə etdiyi ordumuz böyük zəfər çaldı, düşmən silahlı qüvvələri darmadağın edildi. Biz bununla fəxr edirik, lakin qələbəmizin keşiyində möhkəm dayanmalıyıq, çünki düşmənimiz islah olunmaq fikrindən hələ də uzaqdır.

SON

20.09.2021

 





22.07.2022    çap et  çap et