525.Az

"Dədə Qorqud irsinin təbliği ortaq maraqlarımıza uyğundur"


 

"Dədə Qorqud irsinin təbliği  ortaq maraqlarımıza uyğundur"<b style="color:red"></b>

"Dədə Qorqud bütün türk dünyasının ortaq milli sərvəti, mənəvi dünyamızın formalaşmasında mühüm rol oynayan böyük şəxsiyyətlərindən biridir. Azərbaycanda Dədə Qorqud irsi ilə bağlı zaman-zaman nümunəvi işlər görülüb. Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərman bu sahədə qarşıya böyük vəzifələr qoydu. Bu Fərman bütün türk dünyası üçün əhəmiyyətli olan mühüm tarixi missiyadır". Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı professor Zakir Avşar ifadə edib.

Dədə Qorqud irsinin araşdırılmasının və təbliğinin çox böyük əhəmiyyət daşıdığının diqqətə çatdıran alim deyib ki, bu istiqamətdə görülən işlər türk dünyası coğrafiyasına aid bütün tariximizin və mədəniyyətimizin tanıdılması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi "Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi" çoxmillətli mədəniyyət nümunəsi kimi 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

"Türkiyənin Bayburt şəhərində keçirilən 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı türk dövlətlərinin, bütün türk xalqlarının ümumi mədəni maraqlarını təmin edir. Azərbaycanda Dədə Qorqud irsi ilə bağlı nümunəvi işlər görülüb. Bu işlərin özünü də tədqiq etmək və vahid strategiya ilə davam etdirmək çox əhəmiyyətlidir". Bu fikirləri isə Türkiyənin tanınmış şairi və tərcüməçisi Kenan Çarboğa ifadə edib. O deyib ki, Dədə Qorqud irsinin araşdırılması ortaq türk mədəniyyətinin araşdırılmasında mühüm bir strategiyadır. Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi "Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi" çoxmillətli mədəniyyət nümunəsi kimi 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi milli mədəniyyət tariximizə göstərilən birgə qayğının real nəticəsidir.

 

 





22.07.2022    çap et  çap et