Böyük Britaniyanın Baş naziri Boris Conson iyulun 7-də Mühafizəkarlar Partiyasının (The Conservative and Unionist Party) liderliyindən istefa verdiyini və yeni lider seçilənə qədər baş nazir vəzifəsini davam etdirəcəyini açıqladıqdan sonra diqqətlər Consonun varisinin kim olacağına yönəldi. Boris Consonun istefasından sonra Mühafizəkarlar Partiyasının liderliyinə əsas namizəd hesab olunan müdafiə naziri Ben Uolles Baş nazir postu uğrunda mübarizə aparmayacağını bəyan etdikdən sonra hadisələrin inkişafı daha çox maraq kəsb etməyə başladı.
Mühafizəkarlar Partiyasının yeni liderinin parlamentdə təmsil olunan üzvləri arasında keçirilən bir neçə mərhələli seçki prosesinin 5-ci turundan sonra Böyük Britaniyanın Baş naziri vəzifəsinə əsas iki namizəd müəyyən olundu. Bundan sonra Mühafizəkarlar Partiyasının üzvləri iki namizəddən - keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trassdan birini seçəcəklər. Bununla da iqtidardakı partiyanın Baş naziri vəzifəsinə namizədini müəyyən etmiş olacaqlar. Partiyadaxili səsvermənin nəticəsinin sentyabr ayının 5-də məlum olacağı gözlənilir.
Deputatlar arasında keçirilən səsvermədə Rişi Sunak 137, Liz Trass isə 113 səs topladığına istinad edənlər Böyük Britaniyanın hökumətinə tarixdə ilk dəfə hindəsilli şəxsin rəhbərlik edə biləcəyini bildirirlər. Lakin bu qənaət yanlışdır. Məsələnin mahiyyəti Rişi Sunakın hindəsilli olması ilə bağlı deyil. Əksinə, bu amil hazırda onun xeyrinə işləyən əsas amildir.
Rişi Sunakın əleyhinə işləyən amillər isə çoxdur. Birincisi, hazırkı Baş nazir Boris Consonun tərəfdarları hökumət başçısının istefaya getməsində Rişi Sunakı günahlandırırlar. Rişi Sunakın son seçkidə deputat seçildiyi Riçmond şəhərində mühafizəkarlar üçün çox aşağı göstərici ilə parlamentə seçilməsi də onun sıravi seçicilər arasında populyar olmadığının göstəricidir. Həmin seçkidə Rişi Sunak 51,4 faiz seçicinin dəstəyini qazanmışdı ki, bu da öncəki seçki ilə müqayisədə 11 faiz aşağı göstərici idi.
Rişi Sunakın əleyhinə işləyən üçüncü, bəlkə də ən əsas amil isə maliyyə naziri vəzifəsində həyata keçirdiyi vergi islahalatlardır. Belə ki, Rişi Sunak maliyyə naziri vəzifəsində vergiləri artırmaq siyasəti yürüdüb ki, bu da sıravi vətəndaşları narazı salıb. Rişi Sunakın rəqibi Liz Trass da məhz yüksək vergilərə görə tənqid edir. Xanım Liz Trass qalib gələcəyi halda 40 milyard funt-sterlinq həcmində vergi endirimi edəcəyini vəd edir. Rişi Sunak isə məsuliyyətli büdcə tərtib etməyə çağırır və vergi endirimlərinin yalnız 40 ilin ən yüksək inflyasiyasını ram etdikdən sonra mümkün olacağını bildirir.
Rişi Sunakın digər problemi Hindistan vətəndaşı olan həyat yoldaşının buna görə Böyük Britaniyada vergi ödəməməsidir.
Liz Trassın xeyrinə işləyən amillər isə çoxdur. Liz Trassın şanslarını artıran əsas amil Avropa siyasətində feminist amilin önə çıxmasıdır. Böyük Britaniyanın əfsanəvi Baş naziri Marqaret Tetçerə bənzədilən Liz Trass sıravi vətəndaşlar tərəfindən daha çox sevilir. Mühafizəkarlar arasında seçkinin nəticəsi məlum olana kimi baş nazir vəzifəsini icra edəcək Boris Consunun başçılıq etdiyi hökumət də Liz Trassı dəstəkləyir.
Mühafizəkarlar Partiyasının 160 min üzvü arasında keçiriləcək seçki bütün dünyada maraqla izlənilir. Çünki Mühafizəkarlar arasında seçkinin nəticəsi Böyük Britaniyanın gələcək hökumət başçısını müəyyən etməklə rəsmi Londonun daxili və xarici siyasətini müəyyənləşdirəcək. Rusiya ilə Avroatlantik blok arasında gərginliyin son həddə çatdığı bir zamanda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən və NATO-nun aparıcı üzvlərindən olan Böyük Britaniyada hökumətin xarici siyasətinin necə olacağı çox önəmlidir. Rişi Sunakdan fərqli Liz Trass Rusiyanın avtoritar lideri Vladimir Putinə qarşı kəskin mövqeyi ilə seçilir. Liz Trass baş nazir olacağı halda hərbi xərcləri Ümum Daxili Məhsulun 3 faizinə qədər artıracağını vəd edib. Liz Trass dünyadakı azsaylı liderlərdən biridir ki, Ukraynaya qarşı müharibəyə görə Putini cəzalandırmağı təklif edir. Onun Rusiyaya qarşı sərt mövqeyi dünyanın əksər hissəsində olduğu kimi, vətənində də rəğbətlə qarşılanır.
Mühafizəkarlar Partiyasının sıravi üzvlərinin partiyadaxili seçkisinin nəticəsindən asılı olaraq Britaniya tarixində üçüncü dəfə qadın Baş nazir ola bilər. Əks halda isə tarixdə ilk dəfə olaraq etnik azlıqdan olan birisi ilk baş nazir olacaq.
Boris Conson hökuməti isə ixtiyarındakı zamandan istifadə edərək Ukraynanı sürətlə silahlandırmağa çalışır. 6 ədəd Stormer HVM zenit-raket kompleksləri artıq Ukraynaya göndərilib. Stormer HVM (High Velocity Missile) qısa mənzilli hava hücumundan müdafiə raket sistemidir. Stormer HVM-nin Ukraynaya veriləcəyi ilə bağlı ilk dəfə olaraq müdafiə naziri Ben Uolles aprelin 25-də açıqlama vermişdi. Amma həmin zamandan ötən təxminən 3 ay ərzində Ben Uollesun vədi gerçəkləşməmişdi. İndi isə Boris Conson hökuməti ixtiyarında olan zamanı qiymətləndirməyə çalışır və Ukraynanı sürətlə silahahlandır.
Böyük Brtaniyada hökumət başçısının kimliyi və onun müəyyən edəcəyi siyasət bütün dünya kimi, Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Böyük Britaniya Azərbaycanın əsas tərəfdaşlarından biridir. Ona görə də bu dövlətin siyasətini, xüsusilə də xarici siyasətini müəyyən edəcək hökumətin rəhbərliyinə kimin seçiləcəyi önəmli məsələdir və Azərbaycan cəmiyyətinin bu prosesə marağı təbiidir.
Baş nazir vəzifəsini tərk etmək ərəfəsində olan Boris Conson isə gələcək varisinə müraciət edərək iqtidara gəldiyində amerikalılara yaxın olmağı, ukraynalıları qorumağı, azadlıq və demokratiyanı müdafiə etməyi tövsiyə edib. Consonun bu tövsiyəsinə Böyük Britaniyanın gələcək hökumət başçısının əməl edib-etməyəcəyini isə zaman göstərəcək.