525.Az

Paytaxtda ümumi təhsilin mənzərəsi: nailiyyətlər və perspektivlər


 

Paytaxtda ümumi təhsilin mənzərəsi: nailiyyətlər və perspektivlər<b style="color:red"></b>

2021-2022-ci tədris ili Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) üçün tədrisdə keyfiyyət və davamlılığı təmin etmək, yeni dövrün çağırışlarından irəli gələn tələbləri yerinə yetirmək istiqamətində görülən işlər, həmçinin, bir sıra nailiyyətlər, yeniliklərlə zəngin təhsil ili kimi yaddaqalan oldu. 2021-2022-ci tədris ili pandemiya səbəbindən distant formada təşkil olunan tədrisdən ənənəvi təhsilə qayıdış dövrü, parlaq Zəfərimizin Azərbaycan təhsilinə gətirdiyi yeni məzmunun tətbiqi, təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, həmçinin, ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklər ili kimi də səciyyələndirilə bilər.

BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir. İdarənin tabeliyindəki məktəblərdə 470517 şagirdin təlim-tərbiyəsi ilə 29115 müəllim məşğul olub. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 46470, IX siniflərini 35100, XI siniflərini 23505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2021-2022-ci tədris ilində 45141 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb. Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə  subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Paytaxtdakı ümumi təhsil müəssisələrində "Sağlam təhsil-sağlam millət" layihəsinin davamlılığı təmin edilib. Layihə çərçivəsində paytaxtdakı 38 ümumi təhsil müəssisəsində 194 "Sağlam təhsil" sinfi fəaliyyət göstərib. Həmçinin paytaxtdakı 5 məktəbdə 13 "Sağlam təhsil" məktəbəhazırlıq qrupu təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 20  məktəbin İnkişaf Planı hazırlanıb.

İnkişaf  Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.

Qeyd edək ki, inkişaf planlarının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.

Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. BŞTİ-nin tabeliyindəki 180 məktəbdə təşkil edilən 722 təmayül sinifdə 17241 şagird təhsil alıb.

BŞTİ tərəfindən İdarənin tabeliyindəki təhsil müəssisələrindəki təmayül siniflər haqqında məlumatlar toplanılıb və təhlil edilib.

Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.

Bakı şəhəri üzrə 5 ümumi təhsil müəssisəsində 112 şagird inklüziv təhsilə cəlb edilib.

İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədinə xidmət edir.

Bakı şəhəri üzrə 178 məktəbdə 489 şagird fərdi təhsilə cəlb edilib. Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.

2021-2022-ci tədris ilində elektron jurnal və gündəlik sistemi tətbiq edilən paytaxt məktəblərinin sayı 154-ə çatdırılıb. Elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədini daşıyır.

2021-2022-ci tədris ilində paytaxdakı 79 məktəb resurs dəsti ilə təmin olunub. Təhsil Nazirliyi tərəfindən pilot olaraq həyata keçirilən layihə çərçivəsində verilən  resurs dəstləri ümumi təhsil müəssisələrinin I siniflərini əhatə edib.

Müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrindəki vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərin 2021-2022-ci dərs ili üçün onlayn müsahibələri nəticəsində müddətli müqavilə əsasında çalışan 1010 nəfər müəllimin iş yeri daimiləşib.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə  2021-2022-ci tədris ilində 113 nəfər direktor müavini təyin olunub. Onlardan 84 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər isə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin olunub.

BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə keçirilmiş müsabiqə və müsahibə mərhələlərini müvəffəqiyyətlə başa vuran 220 nəfər işə qəbul hüququ qazanıb.

2021-2022-ci tədris ili ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin, bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib. Belə ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 39 nəfər direktor vəzifəsinə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib. 118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb. Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib. Ümumilikdə 11 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib.

2 ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır. Belə ki, 2021-2022-ci tədris ilində müvafiq müraciətlər əsasında vakant yerlər üzrə paytaxt məktəblərində 207 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.

Paytaxtın ümumi təhsil müəssisələrinin IX siniflərinin şagirdləri üçün buraxılış imtahanı üzrə 3 monitorinq təşkil olunub. BŞTİ tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış imtahanı fənn bloku üzrə tədrisin keyfiyyətini daha da artırmaqdan ibarətdir. Monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb.

Paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələrinin II-IX sinif şagirdlərinin iştirak etdiyi diaqnostik qiymətləndirmədə 11424 şagird iştirak edib.

Daha sonra diaqnostik qiymətləndirmə materialları BŞTİ-nin tabeliyindəki bütün ümumi təhsil müəssisələrinə göndərilib. Yekun nəticələrlə bağlı inkişaf planları təhsil müəssisələrinə təqdim olunub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək məqsədilə 2021-2022-ci tədris ilində 7 qrupdan ibarət komissiya yaradılıb və operativ monitorinqlər həyata keçirilib. İlkin mərhələdə 84 məktəbdə həyata keçirilən monitorinqlər inklüziv təhsil siniflərini də əhatə edib.

Monitorinq prosesi yekunlaşdıqdan sonra təhlillər aparılıb. Monitorinqin nəticələri və müvafiq tövsiyələr təhsil müəssisələrinə təqdim olunub.

2021-2022-ci tədris ilində ümumi təhsil müəssisələrinin idarəedilməsinin optimallaşdırılması baxımından təhsil müəssisələrinin elektron hesabat və təqdimat modeli yaradılıb.

Model müəssisənin təhsil və digər ehtiyaclarının müəyyənləşdirilməsində, həmçinin illik və strateji planlaşdırmada baza rolunu oynayacaqdır. Hesabat forması paytaxtın bütün ümumi təhsil müəssisələrinə təqdim olunub.

"Məktəblinin dostu" layihəsi BŞTİ-nin tabeliyindəki 178 ümumi təhsil müəssisəsini əhatə edir.

330 min şagirdi əhatə edən layihə üzrə hazırda 314 əməkdaş - məktəblinin dostu çalışır.

2021-2022-ci tədris ili ərzində layihə çərçivəsində təhlükəsizlik, sağlamlıq, sosial-emosional mövzulara dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər həyata keçirilib.

BŞTİ-nin tabeliyindəki 307 ümumi təhsil müəssisəsində "Kiçik Akademiya"lar fəaliyyət göstərir.

2021-2022-ci tədris ilində Bakı şəhəri üzrə "Kiçik Akademiya"lara 10 000-dən artıq şagird cəlb olunub. Həmçinin, Bakı şəhəri üzrə "Kiçik Akademiya"ların saytı da yaradılıb.

Qeyd edək ki, "Kiçik Akademiya"ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.

Sevinc QARAYEVA

 

 





23.07.2022    çap et  çap et