525.Az

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi növbəti təlim keçirib - Foto


 

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi növbəti təlim keçirib - <b style="color:red">Foto</b>

20-22 iyul 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə Nazirliyin Mülki müdafiə qoşunlarının Təlim mərkəzində növbəti taktiki-xüsusi təlim keçirilib.

FHN-dən 525.az-a verilən xəbərə görə, Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsi məqsədilə təşkil olunan təlim zamanı Dəstənin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev iştirakçılara təlimin əhəmiyyəti barədə məlumat verərək qarşıda duran məqsəd və vəzifələrdən danışıb.

Sonra FHN-in Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi tərəfindən Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyətində müasir texnologiya və üsulların tətbiqini təmin etmək məqsədilə hazırlanmış proqram təminatının təqdimatı keçirilib.

Təqdimat zamanı proqram təminatında Dəstənin şəxsi heyəti barəsində məlumatların, o cümlədən heyət üzvlərinin tibbi müayinə və peyvəndləmə məlumatlarının qeydiyyatı, şəxsiyyət vəsiqələri və pasportlarının, eləcə də təlim sertifikatlarının etibarlılıq müddətinə nəzarət sistemi, keçirilmiş təlim və imtahanların qeydiyyat sistemi, INSARAG təlimatlarının, prosedur və normativ sənədlərinin, habelə şəxsi heyətə aid sənədlərin elektron arxivinin yaradılması, müxtəlif növ hesabatların alınması imkanları ətraflı izah olunub.

Sonra təlimin praktiki hissəsinə başlanılıb. Taktiki-xüsusi təlim 2 mərhələdə keçirilib. Birinci mərhələdə Dəstənin humanitar əməliyyatlarda iştirakı məqsədilə hazır vəziyyətə gətirilməsi üzrə tədbirlər reallaşdırılıb. Belə ki, Dəstə üzvləri şəxsi heyətin toplanması, yaranmış vəziyyət və qarşıya qoyulan tapşırıqlar barədə məlumatlandırılıb. Eyni zamanda, şəxsi heyətin təhlükəsizlik qaydaları barədə təlimatlandırılması, tibbi və digər təminat növlərinin təşkili həyata keçirilib.

Təlimin ikinci mərhələsində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi, sərhədkeçmə və gömrük prosedurlarının həyata keçirilməsi, hadisə yerində yaranmış şəraitin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin, infomasiya mübadiləsinin aparılması prosesi icra olunub. Eləcə də Qəbul/Yolasalma Mərkəzi (RDC), Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UCC) fəaliyyətinin təşkili həyata keçirilib.

Təlim zamanı qarşıya qoyulmuş tapşırıqlar uğurla icra olunub.

Həmçinin, təlim çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin nümayəndələri ilə işçi görüş keçirilib. Görüşdə Dəstənin fəaliyyət istiqamətləri və gələcəkdə planlaşdırılan tədbirlər barədə təqdimat baş tutub. Eyni zamanda, TƏBİB-in nümayəndələrinin FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin Tibb qrupunun tərkibində iştirakına dair məsələlərlə bağlı izahat verilib.

 





23.07.2022    çap et  çap et