525.Az

AMEA-nın Rəyasət Heyəti Pakistan Ədəbiyyat Akademiyasının prezidenti ilə görüşüb


 

AMEA-nın Rəyasət Heyəti Pakistan Ədəbiyyat Akademiyasının prezidenti ilə görüşüb<b style="color:red"></b>

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov ölkəmizdə səfərdə olan Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Yusuf Kuşk ilə görüşüb.

Bu barədə 525.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik Arif Həşimov Milli Elmlər Akademiyasının tarixindən, ölkəmizdə aparılan elmi tədqiqat istiqamətlərindən danışıb, iki dost ölkənin elmi qurumları arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb. Azərbaycan və Pakistanın elmi əlaqələrinin böyük perspektivi olduğunu diqqətə çatdıran akademik Arif Həşimov bir sıra elmi istiqamətlər üzrə birgə tədqiqatların aparılmasının vacibliyini bildirib, xüsusilə elmi-ədəbi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Professor Yusuf Kuşk AMEA ilə tanışlıqdan məmnunluğunu bildirərək, əsasən elmi-ədəbi əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı olaraq tərcümə əsərlərinin çap olunaraq geniş yayılmasının iki dost ölkə oxucularının bir-biri ilə daha yaxından tanışlığı üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. AMEA ilə, xüsusən də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə elmi əməkdaşlığın perspektivlərindən danışan pakistanlı professor bu sahədə mühüm addımlar atıldığını bildirib.

AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli Pakistan Ədəbiyyat Akademiyası ilə mövcud əlaqələrdən danışaraq ədəbiyyatşünaslıq sahəsində birgə elmi-tədqiqat layihələrinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan və Pakistan akademiyaları arasında elmi mübadilə, elmi-ədəbi əsərlərin tərcümə olunaraq nəşr edilməsi, əməkdaşlıq proqramlarının hazırlanması barədə razılıq əldə olunub.

Görüşdə, həmçinin pakistanlı professor Sofiya Kuşk, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və başqaları iştirak ediblər.

 





23.07.2022    çap et  çap et