525.Az

Dul qadının tənhalığı - Telman Orucov yazır


 

Dul qadının tənhalığı - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə saylarımızda)

 

Bakının gözəlliyinə vurğunluq

 

Ruhiyyə Bakı bulvarını çox sevirdi, son illərdə isə şəhərin bu vizit kartı tam dəyişmişdi, reinkarnasiyaya uğramışdı. Bulvar əvvəllər, 1980-ci illərdə şəhər rəhbərinin bəzi üzdəniraq zövqünün girovuna çevrilərək, daş döşəmələr sərgisinə çevrilmişdi, hətta iyirmi il əvvəlki cazibədarlığını da itirmişdi. Son 15-20 ildə isə bura daha çox dendrariyə bənzəyir, çoxlu ağaclar əkilmişdir, onlardan bəziləri başqa uzaq ölkələrdən gətirilmiş və ekzotika təsiri bağışlayır. Güllər və çiçəklər bahar mənzərəsi yaradır. O, Həsənə müraciət edərək dedi:

- Bulvardan Bakının gözəl panoraması açılır, baxdıqca həzz alırsan, mənzərə adamı o qədər valeh edir ki, elə bil ki, bu şəhəri ilk dəfədir görürsən. Homerin "İliada"sında "çəhrayı daşdan yaşıl almaz" ifadəsindəki şahanə görüntünün təsviri elə bil ki, Bakının bu mənzərəsi üçün deyilmişdir.

Sonra Ruhiyyə Hüseyni yada saldı, düşüncələrində onun etdiyi söhbətlərə qayıtdı. Mərhum əri Avropanın, Asiyanın, Şimali Amerikanın, hətta Afrikanın bir neçə gözəl şəhərlərində olmuşdu. Lakin deyirdi ki, əlbəttə, Paris də, Roma da, Şanxay da, Şençen də, Nyu-York və Luanda da gözəl şəhərlərdir. Lakin Bakı onların malik olduğu gözəlliklərin çoxunu özündə təcəssüm etdirməyi bacarmışdır, burada Şərqlə Qərbin gözəllik üstündəki mübahisəsi heç də başa çatmır, uğurlu qaydada davam edir.

Bu şəhər hər şeydən əvvəl böyüklüyə can atır, özü də ilk növbədə cazibənin böyüklüyünə. Məlum olduğu kimi, böyüklük daim gözəllikdən xəbər verir. İlk dəfə ona 1960-cı illərdə abadlaşdırılma əli gəzdirilmiş, Dənizkənarı bulvarda böyük rekonstruksiya həyata keçirilmiş, Rialto körpüsü ilə bəzənmiş Venetsiya kanalları çəkilmiş, yerli qondolalar istifadəyə verilmişdi. XXI əsrin ilk iki onilliyində isə bu şəhər xeyli böyümüş, göydələn tikililərlə zənginləşmişdir. Şəhər özünəməxsus heyranlıq xüsusiyyətini xeyli artıra bilmişdir. Kim Azərbaycanın böyüklüyünə, qüdrətinə şübhə edirsə, qoy onun paytaxtındakı məbədləri andıran binalara, onların möhtəşəmliyinə baxsın.

Hüseyn ona danışmışdı ki, XX əsrin əvvəllərində neft istehsalı hesabına Bakının təbiəti bütünlüklə korlanmışdı, Maksim Qorki şəhərimizi Neapola bənzətsə də, neft mədənlərinin, zülmət cəhənnəmin insan əli ilə düzəldilmiş dahiyanə tablosu kimi yaddaşa hopduğunu yazırdı. Bibiheybət mədənləri şəhərin dəniz kənarındakı cənubi-qərb hissəsinin mazut gölməçəsinə çevirmişdi, yaxınlıqda nəfəs almaq da mümkün deyildi. 2010-cu ildən burada böyük tədbirlər həyata keçirildi, eybəcər mazut gölməçələrinin yerində indi iri mol, restoranlar şəbəkəsi yaradılmış, bulvar Bayraq meydanına qədər və əks tərəfə xeyli uzadılmış və abadlaşdırılmışdır.

Rus şairi Vladimir Mayakovski Bakıya vurulmuş, onu çox sayda şeir həsr etmişdi. Lakin şəhərin mənzərəsindəki yaşamağa mane olan cəhətləri də göstərməkdən yayınmamışdır. Bir şeirində Bakının qumlu küçələrini, yaşıllıqdan məhrum olmasını təsvir edərək yazırdı ki, burada "cəmi iki cüt, bir tək yarpaq vardır", "yarpaqlar hisə bürünmüşdür, qum adamın gözünə tökülür". "Bir sözlə, qara, çirkli şəhərdir". Onu da qeyd edirdi ki, "Bakının "qara qatı qanı" paytaxtların ürəyinə axır".

Əgər Qorki də, Mayakovski də XXI əsrdə Bakıya qədəm bassaydılar, bu gözəl şəhərin keçmişi ilə bütünlüklə vidalaşdığını, yeni gözəl və tam fərqli bir Avropa şəhərinin yaradıldığını minnətdarlıqla qeyd edərdilər. Vaxtilə Bakının Qara şəhər adlanan hislə örtülmüş, nəfəs almağa imkan verməyən hissəsi yeni göydələnlər sərgisinə çevrildiyinə görə adını da dəyişərək, haqlı olaraq keçmişə əlvida deyən kimi "Ağ şəhər" adlandırılmışdır.

Ruhiyyə və Həsən bulvardakı restoranların birinin verandasında oturub pirojna yeyir və kofe içirdilər. Həsən ona tərəf əyilib qulağına dedi ki, görürsənmi, hamı mənə həsəd aparır, bu gözəl qız niyə bu ayı ilə bir stolun arxasında oturmuşdur, axı onun gözəlliyinə və nəcibliyinə bu oğlan heç cür yaraşmır, elə bil ki, antilopa ona yaraşmayan camış kəli ilə savannada gəzintiyə çıxmışdır. Bu əbləhlər bilmirlər ki, mən bu qızla dostam, bu dostluq daha ülvi münasibətlərlə əvəz olunacaqdır və mən sıldırım qayanın üstündə gül açan çiçəyi ya qoparmağa müvəffəq olacaq, ya da oradan yıxılıb məhv olacağam. Çünki arzuma çatmamaq mənə zirvədən yıxılıb yerə çırpılmaq təsiri bağışlayacaqdır. Ancaq mən ümidimi itirmirəm, həmin gözəl qızın həm də mərhəmətinə əmin olduğumdan, məni rədd edəcəyinə heç cür inanmıram.

Ruhiyyə onun sözünü kəsdi:

- Birdən o, sənə qarşı qəddarlıq göstərdi? Sizdə bu müştəbehlik hardandır, yoxsa qızın ürəyinin parollarını, kodlarını öyrənmisən, nədir?

Həsən:

- Qız o qədər ağıllıdır ki, ürəyini özü açıb, xoşuna gələn oğlana göstərir, bununla da deyir ki, mən həqiqi sevgi çağırışını cavabsız qoymayıb, onun yarasına məlhəm sürtməkdən də imtina etməyəcəyəm. Mən o qızın özündən çox onun ürəyinə vurulmuşam, elə ürəyin sahibi heç vaxt qəddar ola bilməz.

Ruhiyyə onun özündən razılığına bir daha məəttəl qalmışdı.

- Siz həmişəmi başqasının adından danışmağı qəbahət hesab etməmisiniz? Yoxsa mənim sadəlövhlüyüm sizi belə cəsarətli etmişdir? Siz mənə o rəssamı xatırladırsınız ki, kraliçanın portretini çəkəndə onun ikiqat buxağını gizlətməyi də bacarır, axı ona kraliçanın mərhəməti, portretinin real oxşarlığından daha vacibdir.

Həsən:

- Yaxşı misal çəkdiniz. Mən kraliçaya xidmət etməyi özümə şərəf sayıram, əminəm ki, cəhdlərim uğuruna çatacaqdır, kraliça mənə qarşı öz mərhəmətini əsirgəməyəcəkdir.

Ruhiyyə:

- Özünə güvənmək yaxşı xüsusiyyətdir. Sizdə isə bu hiss əqli və fiziki imkanlarınızdan da güclüdür. Siz məqsədinizə çatmaq üçün cəhənnəmə enib, orada şeytanla razılaşmağa girməkdən də çəkinməzsiniz. Siz gələcəkdə Allah dərgahına daxil olacağınızı da nəzərə almırsınız, istədiyinizə çatmaq üçün inancınızdan imtina etməyə də hazırsınız. Məgər belə hərəkətinizə görə cəzanın ağırlığından qorxmursunuzmu?

Həsən belə çox sözün razılığa yaxınlaşmaq əlaməti hesab etdiyindən dedi:

- Məni ölümümdən sonra ruhumun harada məskən salacağı elə də maraqlandırmır. Mənim indi yeganə niyyətim vardır. Bu niyyət sizə də aydındır. Ona görə də sizdən heç nə gizlətmək istəmirəm. Mənim olduqca ciddi məqsədim vardır. Mən sizə evlənmək, sizinlə ailə qurmaq istəyirəm və çox güman edirəm ki, bu baş tutsa, mən dünyanın ən xoşbəxt adamı olacağam. Axı niyə də olmayım? Taleyim heç vaxt məni aldatmamışdır, çox arzu etdiklərimin hamısı həyata keçmişdir. İndi də mənim istəyimə heç bir maneə görmürəm, çünki istəyim də hisslərim kimi təmizdir, safdır və istənilən qalanı tutmaq qüdrətindədir. Ona görə də söhbət gəlib bu həddə çatdığına görə sizə etiraf etmək istəyirəm, mən sizinlə ailə qurmaq istəyirəm və inanıram ki, bunu rədd etməyə sizin ciddi bir əsasınız yoxdur. Siz uzun müddət tək qala bilməzsiniz, tənha olmamalısınız və Allah özü məhz sizin naminizə məni bu missiyanı yerinə yetirməyə göndərmişdir.

Ruhiyyə Həsənin cəsarətliliyinə məəttəl qalmışdı:

- Necə, bu sizin nişanlanma təklifinizdirmi?

Həsən:

- Necə istəyirsiniz qəbul edin, nişanlanma və əslində, evlənmə təklifidir. Xahiş edirəm, aciz bəndənizin bu təklifini qəbul edin.

Ruhiyyə gülümsündü, bu vaxt Həsən onun zərif əllərini öz əlləri içərisinə götürdü və dedi:

- Yalvarıram, etiraz barədə bir kəlmə də deməyin, ürəyimi parçalamayın.

Ruhiyyə dedi:

- Mənə vaxt ver. Mən sənin söz leysanının altında özümə gələ bilmirəm. Bir qədər düşünməliyəm. Məni tələsdirmək yaxşı nəticə verməz.

Səhəri günü Həsən zəng vurub, hal-əhval tutduqdan sonra dedi ki, ciddi bir məsələ var. Mən sizinlə görüşməliyəm.

Ruhiyyə narahat olduğuna görə soruşdu:

- Nə olmuşdur? Xeyirdirmi?

- Xeyirdir, bir şeyi bilin, mən yalnız xeyir xəbəri sizə çatdırmağa tələsirəm, əhvalı korlayanı isə özüm üçün saxlayıram. Etiraz etmirsənsə, saat 1-də görüşək. Ona qədər sənin işləməyinə mane olmaq istəmirəm, yaradıcı adamların rejimini pozmaq, onlara ziyan vurmaq kimi bir şeydir.

Ruhiyyə razılaşdı və onlar görüşəndə, maşına əyləşəndə soruşdu ki, nədir bu təcili xeyir xəbər. Yoxsa mənim bir rəfiqəm kimi, mənə xəbər verəcəksən ki, Afrikada bir qadın bir dəfəyə 9 uşaq doğmuşdur, 4 oğlan və 5 qız. Mən ona deyəndə ki, bunun mənə nə dəxli vardır, inciyir ki, bu, olduqca maraqlı xəbər olduğuna görə sənə çatdırdım. Mənim teleqraf agentliyi xidmətimi belə qarşıladığına görə səndən inciyirəm və xəbər kanallarımı sənin üçün bağlamaq barədə düşünürəm.

Həsən dedi:

- Mən sənə ancaq xoş xəbərlər çatdırmalıyam, özü də yalnız ikimizə aid olanları. Dünənki söhbətdən sonra gecə gözümə yuxu getməyib, cavabı, həm də müsbət cavab almağı səbirsizliklə gözlədiyimdən, dözməyib sizə zəng vurdum və bəxtim gətirdi ki, görüşümüz baş tutdu. Dövlət Yol Müfəttişliyi son vaxtlar nəinki telefonla danışmağa, hətta sürücünün maşındakı sərnişinlə danışmağına da irad tutur. Onu də əsas gətirirlər ki, Nyu-Yorkda taksi sürücüsünün yanında oturmağa icazə verilmir, sərnişin arxada oturur, söhbət yalnız mikrofonla ünvanı öyrənməkdən və haqqın məbləğindən gedir. İngiltərədə isə keçmişdə hətta karetalarda atları idarə edən kabinənin arxasında otururdu, yüyən də kabinənin üstündən keçirdi. Bu, kareta sürücüsünün sərnişinlə ünsiyyət bağlamasına imkan vermirdi. Ona görə də xahiş edirəm, bir fincan kofe içək və orada söhbəti davam etdirək.

Ruhiyyə etiraz etmədi və onlar restoranın yaxınlığında düşüb, ikinci mərtəbədəki zala qalxdılar. Kofe gəldikdən sonra ofisiant menyu kitabçasını onlara təklif etdi. Son vaxtlar Bakıda xörəklərin şəkli olan menyular dəbə düşdüyündən, bizim şairlərin kitabları qalınlığında olurdu.

Ruhiyyə səbzi ilə şüyüd plovu seçdi, Həsən isə özünə kabab və "rioxa" adlı ispan şərabı sifariş verdi. Ruhiyyənin şəraba olan mənfi münasibətini bildiyindən onun üçün sifariş vermədi. İri qədəhdə gətirilən şərabı başına çəkdi və dedi:

- İspanlar da fransızlar kimi şərab düzəltməyi qədim romalılardan öyrənsələr də, italyanlardan heç də geri qalmırlar. Hətta onların şöhrətli kyantisi də qonşu ölkələrin şərablarına uduzur. Mən şərabı içdikdən sonra özümü daha cəsarətli hiss edir və dünənki xahişimin cavabını öyrənmək istəyirəm.

Ruhiyyə:

- Axı mən dedim ki, məni tələsdirməyin, fikirləşməliyəm, qərar verəndə çox şeyi nəzərə almalıyam. Sizdən fərqli olaraq, mən nikahda olmuşam və artıq məktəbli uşağım da vardır. Tərcümeyi-halımdakı bəzi qaranlıq mərhələləri də mən sizə aça bilərəm, çünki onları sonradan öyrənsəniz, mənim sizi aldatdığımı güman edərsiniz. Yaşanılmış ömür süfrə deyil ki, üstündəki ləkəni yumaqla təmizləyəsən. O ləkə itsə də, unudulsa da, adamın ovqatını korlayan bir cəhət kimi qalmaqda davam edir, bəziləri öz qızğın hisslərinə görə ona əhəmiyyət verməsə də, digərləri bunun sonradan cəmiyyətə məlum olacağından qorxub çəkinməyə, öz təklifındən vaz keçməyə məcbur olur. Üzdəki xala da əncam tapmaq çətin deyildir, ömürdəki xal qəbirə qədər öz mövcudluğunu saxlayır. Ona görə də əgər ciddi təklifdən söhbət gedirsə, bütün cəhətlər də ciddi şəkildə öz etirafını və mümkünsə, izahını tapmalıdır.

Həsən onun sözünü kəsmək istəməyib, səbirlə qulaq asdı və bu qızdakı cəsarətə də heyran qaldı. Görünür, ərə getməsi, xoş günlər sürməsi onun öz keçmişindən olan qorxusunu bütünlüklə yoxa çıxarmışdır və ailəlik həyatı əvvəlki qaranlıq həyatına bəraət barədə əsaslı sənəd vermiş və ondan bir daha qorxmamağı təlqin etmişdi. Ona görə də üzr istəyirmiş kimi tam başqa tonda dedi:

- Mənə hər şey məlumdur və sizə kimsə nəinki daş atmaq, hətta buna hazırlaşmaq üçün arxasında o daşı gizlətsə, özümün ən ağır təhlükəyə düşəcəyimə də məhəl qoymadan, həmin adama tutarlı cavab verməyə hazır olacağam. Bu gün cəmiyyətin nəcib qadınlar kimi tanıdığı xanımların çoxu daha utandırıcı mərhələlərdən keçmişlər, lakin özlərini elə aparırlar ki, onlar bəkarətdə Müqəddəs Mariya- ana ilə də müqayisə edilə bilərlər. Siz çətin yol keçsəniz də, ailə qurmağınızla tam reabilitasiya qazanmısınız. Çoxları isə islah olunmadıqlarından ailəli olanda da köhnə peşəsinə əlvida deməyə çətinlik çəkir və keçmiş günləri uşaq xatirəsi kimi canlandırmaqdan, yenidən həyata gətirməkdən həzz alır. Sizin özünüzü müdafiə etməyinizə ehtiyacınız yoxdur, cəmiyyət sizə qarşı bir müddət çox amansız olsa da, təbiət sizi elə materialdan yonmuşdur ki, elə bil siz də Venera kimi dənizin təmiz ləpələrindən balıqqulağında dünyaya gəlmisiniz. Venera Milosluya böyük maraq və heyrətlə baxan, onun gözəlliyinə valeh olan heç bir kəs onun ərinə qarşı sədaqətsizliyini, əri Hefest sağ ola-ola məşuqu Aresdən uşağı olmasını da yada salmır. Gözəllik ona xələl gətirə bilən eyibləri tanımır və bu eyibləri özünün nəhəng cazibədarlığı hesabına diqqətdən yayındırmağı da bacarır.

(Ardı var)  

 

 





24.07.2022    çap et  çap et