525.Az

Tehran görüşündə Türkiyə nə qazandı?


 

Tehran görüşündə Türkiyə nə qazandı?<b style="color:red"></b>

ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə səfərindən və İrana qarşı koalisiya formalaşdırmaq cəhdindən dərhal sonra Tehranda Rusiya, İran və Türkiyə dövlət başçılarının bir araya gəlməsi çox diqqət çəkdi. Dünya mətbuatında bununla bağlı çoxsaylı şərhlər var. Ukraynada sərt müqavimətlə üzləşərək ağır itkilər verən Rusiyanın İrandan yardım umması və Qərb tərəfindən təcrid edilmiş iki ölkənin ümumi maraqlarının olması müqabilində Vladimir Putinlə İbrahim Rəisinin bir araya gəlməsi məntiqli olsa da, NATO-nun üzvü olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın bu görüşdə yer alması anlaşılmazdır.

Prezident Rəcəb Tayyib Ərdoğanın Tehrana səfərini Türkiyənin "Astana formatı"nın iştirakçısı olması ilə izah etmək mümkündür. Lakin hazırda yeni dünya düzəninə keçidin getdiyi bir zamanda Türkiyənin NATO-nun iki düşməni ilə bir formatda təmsil olunması ciddi anlaşılmazlıqlar və problemlər yaradır. ABŞ Konqresin bir qrup üzvünün Türkiyəyə F-16 qırıcı təyyarələrinin satışına qarşı çıxması da Ankaranın etibarlı müttəfiq olmaması ilə izah edilirdi. Buna görə Türkiyənin hansı səbəbdən olmasından asılı olmayaraq Rusiya və İranla eyni formatda ABŞ-a qarşı yer alması Ankaranın strateji maraqlarına ziddir.

Rusiyanın Ukraynaya qarşı müharibəsi yeni dünya düzəninə keçidi sürətləndirib və bu proses sonuncu mərhələyə daxil olub. Bu sonuncu mərhələ dünyada yeni siyasi, iqtisadi və hərbi təhlükəsizlik formatlarının yaranmasını gündəmə gətirib. NATO-nun transformasiyası, "Rammstein meeting" formatında yeni siyasi-hərbi əməkdaşlıq formatının yaranması, "CYBER FLAG 21-1" kibertəhlükəsizlik bazasının yaradılması həm də iqtisadi əməkdaşlıq bloklarının yenidən formatlanmasının başlanğıcıdır. Bütün bunların mənzərəsində NATO-nun üzvü Türkiyənin Rusiya və İranla ABŞ-a qarşı cəbhədə yer almasının görüntüsünün özü zərərlidir.

İranla İsrail və İranla Səudiyyə Ərəbistanının münasibətlərinin kəskinləşdiyi bir zamanda Ankaranın Tehranla münasibətləri bu ölkələrin xoşuna gəlməyəcək.

Tehran görüşü Rusiya və İranın maraqlarına isə tam cavab verir. Birincisi, Qərb tərəfindən təcrid edilmiş iki ölkə birlik mənzərəsi nümayiş etdirirlər. Rusiya və İran Suriya ilə yanaşı, postsovet məkanında, xüsusilə Xəzəryanı bölgədə Qərbin maraqlarına qarşı birgə çıxış edir. Moskva-Tehran əməkdaşlığı eyni zamanda Ankaranın maraqlarına qarşı yönəlib. Ona görə də Tehran görüşündə Türkiyənin hansısa uğur qazandığını söyləmək mümkün deyil. Əksinə, ciddi bir uğurun olmadığı, Türkiyənin maraqlarına zidd açıqlamaların səsləndiyi görüşün sadəcə görüntüsü Ankaranın maraqlarının əleyhinədir.

Rusiya, İran və Türkiyə prezidentlərinin birgə fotosunu "Mübahisə və ziddiyyətlərin simvolu" adlandırmaq çox doğru olardı. Belə "Mübahisə və ziddiyyətlərin simvolu" olan toplantılarla dövlətlərin aralarındakı ziddiyyətləri həll etməsi mümkün deyil. Bu, sadəcə fəaliyyət görüntüsü yaratmağa xidmət edir. 

 

 





25.07.2022    çap et  çap et