525.Az

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan


 

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan<b style="color:red"></b>

Əziz oxucular!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

 

Raqub KƏRİMOV Filologiya üzrə elmlər doktoru, professor

 

Xurşidbanu Natəvan

 

 

Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan 1832-ci il avqust ayının 15-də Şuşa şəhərində anadan olub. Ailənin yeganə övladı olan Natəvan xalq arasında "Xan qızı", "Dürri-yekta" kimi də məşhurlaşıb. Mükəmməl saray təhsili alan Xurşidbanu dövrünün tanınmış alimlərindən Şərq poetika sənətinin incəliklərini öyrənib, Füzuli şeirlərinin vurğunu olub, onun ədəbiyyatımız tarixində yaratdığı və sonrakı nəslə miras qoyub getdiyi ənənələri layiqincə davam etdirib. Firavan, qayğı ilə əhatə olunmuş bir mühitdə yaşasa da, həyatı o qədər də fərəhli keçməyib. Həyatının ən fərəhli çağında - 13 yaşında sevimli atasını itirən, 17-18 yaşlarında uğursuz ailə həyatına imza atan, düşdüyü psixoloji mühit, depressiya girdabında boğulan və bunların nəticəsində səhhətində böyük problemlər yaranan Natəvan, şeirlərində ənənəvi aşiq və məşuq surətlərindən fərqli olaraq tamamilə yeni bir insan - özünün prototipi olan "dərdli, kədərli ana obrazı" yaradıb. Xeyirxah, insanpərvər, nəcib əməlləri ilə təkcə vətəni Qarabağda deyil, ətraf regionlarda, ümumilikdə bütün Qafqazda və hətta onun hüdudlarından kənarda da adı ehtiramla yad edilən Xan qızı "Məclisi-üns" ədəbi birliyinə başçılıq etdiyi müddətdə ədəbi ictimaiyyəti ətrafına toplayaraq  böyük bir məktəb yaradıb və bununla da Qarabağ ədəbi mühitinə yeni nəfəs, yeni ruh, yeni töhfə verib. 

Natəvan 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edib və Ağdamda, "İmarət" deyilən xan ailəsi qəbiristanlığında dəfn olunub. Əfsuslar olsun ki, xalqımızın digər dəyərli maddi-mədəni abidələri kimi, Xan qızının müqəddəs məzarı da mənfur erməni vandalları tərəfindən dağıdılaraq yerlə-yeksan edilib.

Xurşidbanu Natəvanin irsindən burada verilən nümunələr yazıcı publisist Mustafa Çəmənlinin 2012-ci ildə tərtib və nəşr etdirdiyi "Xurşidbanu Natəvan. Neçin gəlməz" kitabından və AMEA ƏYİ-nin axivində saxlanılan əlyazmalardan götürülüb.

 

QƏZƏLLƏR

 

Şuri-eşqin başıma axırı sövda gətirir,

Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir.

 

Tari-zülfündü məni böylə giriftar eləyib,

Nə gələ başıma, ol zülfi-mütərra gətirir.

 

Gül üzün görmək əgər mümkün olaydı bir dəm,

Hər zaman görmək onu nuri-mücəlla gətirir.

 

Qaşü göz, novki-müjə fitnə üçün cəm olmuş,

Ox atıb, tiğ çəkib, hər biri dəva gətirir.

 

Könlümü qarət edir öylə ki, tari-zülfün,

Rumə, sanki həbəşi ləşkəri-yəğma gətirir.

 

Naqənin varmı şüuru bula aşiq kuyin,

Onu Məcnunə tərəf cəzbeyi-Leyla gətirir.

 

Yusifin sanma, dübarə görə Yəqub üzün,

Mehr bazarına gər getsə, Züleyxa gətirir.

 

Yusifi Misrdə gər aldı Züleyxa nəqdə,

Nəqdi-can, aşiq olan, əldə mühəyya gətirir.

 

Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,

Natəvan, müjdə, bu gün, qətlinə fərma gətirir

 

lll

        

Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,

Rümuzi-eşqdən agah olub, ustad olan könlüm.

 

Görübdür yari əğyarə olubdur məhvi-nəzzarə,

Edibdir sinəsin parə, mənim abad olan könlüm.

 

Niyə peymanədən keçdin, niyə zənciridən qaçdın?      

Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?

 

Fəraqin ruzi-məhşərdir, sərasər möhnəti-qəmdir,

O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm.

 

Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə,

Gəzər Məcnuntək avarə, mənim naşad olan könlüm.

 

lll

 

Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?

Həmişə ahü zarında, neçin gəlməz, neçin gəlməz?

 

Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan,

Fələk incir fəğanımdan, neçin gəlməz, neçin gəlməz?

Gedibdir qafiləsalar, olubdur gözlərim xunbar,

Nə bir yarü nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz?

 

Könüldə ahü zarım var, nə səbrü nə qərarım var,

Deməz bir dilfikarım var, neçin gəlməz, neçin gəlməz?

 

O zülfi-nərgisi-məstə könül çoxdandı pabəstə,

Məni hicran edib xəstə, neçin gəlməz, neçin gəlməz?

 

Səri-kuyin gəzər könlüm, güli-ruyin sevər könlüm,

Vüsalın çün dilər könlüm, neçin gəlməz, neçin gəlməz?

 

Alıbdır canımı hicran, olubdur gözlərim giryan,

O məhvəş nazənin canan, neçin gəlməz, neçin gəlməz?

 

Mənə hicran məşəqqətdir, fərağın dərdü möhnətdir,

Nigarım xeyli müddətdir neçin gəlməz, neçin gəlməz?

 

Əzizim, göz yaşım qandır, işim fəryadü əfqandır,

O yarım harda mehmandır, neçin gəlməz, neçin gəlməz?

 

Yanar canım fərağından, tutar könlüm sorağından

Ki, çıxsın yar otağından, neçin gəlməz, neçin gəlməz?

 

Əlimdə ixtiyarım yox, gedib səbri-qərarım yox,

Yanımda gülüzarım yox, neçin gəlməz, neçin gəlməz?

 

Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,

Könül ancaq onu istər, neçin gəlməz, neçin gəlməz?

 

Yetibdir ərş üzə dadım, tutub dünyanı fəryadım,

Mənim ol sərvi-azadım neçin gəlməz, neçin gəlməz?

 

Qalıbdır Natəvan nalan, gecə-gündüz olar giryan,

Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?

                                              

lll

 

Bilən bu dərdimi yoxdur bu halətdə, bu halətdə

Tutubdur könlümü möhnət bu firqətdə, firqətdə.

 

Neçün əhvalımı bilməz o mahi-mehriban, ya rəb?!

Nədən heç dadıma yetməz bu müddətdə, bu müddətdə?

 

Gedibdir taqətim dizdən, tükənmiş nur həm gözdən,

Neçün ülfət kəsib bizdən bu qürbətdə, bu qürbətdə.

 

Deyin yari vəfadarə, o çox uymasın əğyarə,

Kərəm qılsın məni-zarə bu xiffətdə, bu xiffətdə.

 

Ataram sərü səmanı, dağıdaram bu viranı,

Yolunda qoymuşam canı bu töhmətdə, bu töhmətdə.

 

Gözümdə intizarım var, dilimdə iztirabım var,

Rəqiblər yar, mən əğyar bu qəflətdə, bu qəflətdə.

 

Vətəndən ayrılıb getdim, eşq rəhində seyr etdim,

Hicrində mən cana yetdim bu həsrətdə, bu həsrətdə.

 

Məni qoydu fərağında, həmişə ahü zarında,

Ömrümün axır çağında bu üsrətdə, bu üsrətdə.

 

Dolandım hicr dağında, əyildim qəm otağında,

Xəyal hüsnün sorağında bu saətdə, bu saətdə.

 

Xəyalım yar ilə getmiş, dilim hicr ilə odlanmış.

Cəsəd həm Natəvan qalmiş bu zillətdə, bu zillətdə.

 

 





25.07.2022    çap et  çap et