Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində SSRİ Xalq artisti Lütfiyar İmanovun 85 illik yubileyi münasibətilə tədbir keçirilib. Mərasimdə Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova çıxış edərək görkəmli opera müğənnisinin zəngin yaradıcılıq yolundan söz açıb: “1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbini bitirən L.İmanov dövlət estrada orkestrində, sonralar Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 1958-ci ildə gənc müğənni SSRİ Xalq artisti, bəstəkar Niyazinin diqqətini cəlb edib, ona Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Koroğlu rolunu oynamaq təklif olunub”.
L.İmanov 1959-cu ildə Moskvada tamaşaya qoyulan “Koroğlu” operasında Koroğlu rolunu oynayıb. Qeyd edilib ki, sənətkarın xarici ölkələrə qastrol səfərləri 1960-cı ildə Hindistandan başlayıb. L.İmanov həmin ildə hind mahnılarını Azərbaycan dilinə çevirərək, Hindistanda hər iki dildə ifa edib. Görkəmli müğənni Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə və digər ölkələrdə də konsertlər verib.
Tədbirdə L.İmanovun iştirak etdiyi “Koroğlu”, “Vaqif”, “Otello” operalarından görüntülər nümayiş etdirilib. Mərasim konsert proqramı ilə davam etdirilib.
S.ABDULLAYEVA
çap et