Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmiş “Beynəlxalq münasibətlərdə Naxçıvan və müasir dövrdə inkişaf prosesləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirib. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanası geniş ədəbiyyat sərgisi təşkil edib. Kitabxanadan verilən məlumata görə, sərgidə Azərbaycan və xarici dillərdə 1200-dən çox ədəbiyyat nümayiş olunub.
Sərginin müvafiq bölmələrində Naxçıvanın tarixi, ədəbiyyatı, iqtisadiyyatı, mədəniyyəti, elmi, maarifi və digər sahələr yer alıb. “Azərbaycan elminin inkişafında Naxçıvan” adlı bölmədə Naxçıvanda yaşayıb yaradan alimlərin əsərləri konfrans iştirakçılarına təqdim olunub. Həmçinin Naxçıvana aid ədəbiyyatların virtual görüntüləri, fotoşəkillər və Muxtar Respublika haqqında sənədli film də nümayiş etdirilib. Konfransda iştirak edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə, bu elmi müəssisənin vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, akademiyanın müxbir üzvü Teymur Kərimli, Ərzurum Universitetinin tarix fakültəsinin müdiri, professor Yavuz Aslan, rusiyalı professor Yuri Kuznetsov, Naxçıvan MR-in Bakı şəhərindəki daimi nümayəndəsi Bəxtiyar Əsgərov və digər qonaqlar sərgi ilə yaxından tanış olublar. Sərgi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və onlar yubiley tədbirinin əyaniliyinə səbəb olan belə bir sərginin təşkilinə görə Mərkəzi Elmi Kitabxananın rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
S.ABDULLAYEVA
çap et