525.Az

Şuşada Media Forumu


 

MEDİA SAHƏSİNDƏ İSLAHATLAR DAHA DİNAMİK MƏRHƏLƏYƏ QƏDƏM QOYUR

Şuşada Media Forumu<b style="color:red"></b>

Bu il 22 iyul - Milli Mətbuat Günü mətbuat tariximizə yazılacaq fərqli bir şəkildə qeyd edildi. İlk dəfə olaraq yerli və xarici jurnalistlərdən, rəsmilərdən və ekspertlərdən ibarət 200 nəfərədək nümayəndə Milli Mətbuat Günündə Şuşada bir araya gəldilər. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə həmin gün Şuşa şəhəri "Mediada qlobal trendlər, yeni çağırışlar" Beynəlxalq Media Forumuna ev sahibliyi edirdi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev təyyarədə elan etdi ki, tədbir dövlət başçısının təşəbbüsü, tövsiyəsi və tapşırığı əsasında həyata keçirilir. Nümayəndə heyətinin tərkibində 10 nəfər Vətən müharibəsi qazisi, Şuşanın azad olunmasında iştirak etmiş  - Xüsusi Təyinatlı Qüvvələrin  təmsilçiləri də yer almışdılar.

Beynəlxalq tədbirin əsas məqsədi media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin, yerli və xarici media nümayəndələri və subyektləri arasında əməkdaşlığın genişləndirilməsi idi.

Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Media Forumunun iştirakçılarına müraciəti tədbirin əhəmiyyətinin göstəricisi idi. Azərbaycan Milli Mətbuatının yaranmasının ildönümü münasibətilə jurnalistləri təbrik edən dövlət başçısı qeyd edib ki, "müstəqillik dövründə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaq".

Prezident müraciətində 44 günlük Vətən müharibəsində medianın rolunu da vurğulayıb: "Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən, işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər... Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək".

Qeyd edək ki, aktual mövzuları əhatə edən tədbir -  "Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar", "Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan Mətbuatında Şuşa izi", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" adlı ümumi 4 paneldə keçirilib.

İlk panel sessiyada ənənəvi medianın problemləri və yeni mediaya inteqrasiyanın zəruriliyi, yaranan yeni imkanların və mediada yeni tendensiyaların qlobal və yerli konteksdə təhlili, yeni medianın ənənəvi informasiya sənayesinin obyektiv transformasiya prosesinə təsiri və digər məsələlər müzakirə olunub.

Mediada plüralizm - media sahəsində uğurlu beynəlxalq təcrübələrin müxtəlif mövqelərinin yerli tətbiqi imkanlarının araşdırılması, medianın dövrün yaratdığı yeni tendensiyalarla üzləşməsi, media etikasının aktual problemləri kimi məsələlər "Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı" mövzusunda keçirilən 2-ci panel sessiyasının müzakirəsinin mövzusu olub.

"Azərbaycan mətbuatında Şuşa izi" mövzusunda 3-cü panel sessiyasının iştirakçıları Vətən müharibəsi dövründə Azərbaycan mətbuatının rolunu müzakirə ediblər.

Azərbaycan Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı, tərəfdaşlığın gücləndirilməsi, Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, birgə araşdırmalar və layihələr, qəbul edilmiş qərarların icrasına dair müzakirələr "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" mövzusunda sonuncu sessiyada müzakirə olunub. Daha sonra iştirakçıların sualları çıxışçılar tərəfindən cavablandırılıb.

Bəs azad Şuşada ilk dəfə keçirilən Media Forumu nə ilə yadda qaldı və hansı əhəmiyyəti var?

Forumun əhəmiyyəti, müzakirə edilən mövzuların aktuallığı həm xarici, həm də yerli media təmsilçiləri tərəfindən yüksək qiymətləndirilir. Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman hesab edir ki, Medianın İnkişafı Agentliyi tərəfindən və Prezident Administrasiyasının dəstəyi ilə təşkil edilmiş Beynəlxalq Media Forumun keçirilməsi çox mühüm hadisədir: "Əlbəttə, çox mühümdür ki, bu tədbir işğaldan azad edilmiş Şuşada - böyük tarixi ənənələr şəhərində, Azərbaycanın mədəniyyət paytaxtında keçirilir. Burada Azərbaycanın demək olar ki, bütün media resurslarının liderləri, görkəmli jurnalistlər, peşəkarlar toplaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duasını, müasir Azərbaycan jurnalistikasının cəmiyyətin, ölkənin həyatında yeri və rolu barədə sözlərini eşitmək bizim üçün vacib idi. Mübaliğəsiz deyə bilərəm ki, bu təbrik bizi ruhlandırdı". O vurğulayıb ki, panel diskussiyalarında jurnalistlərin yaşadıqları böyük ölkənin səviyyəsinə necə layiq olmaq, Azərbaycanda baş verən fasiləsiz müsbət proseslərin kütləvi informasiya vasitələrində layiqli yer tutması, bütün cəmiyyətə açıq və çox əyani şəkildə çatdırılması üçün nə etmək lazım olması barədə ətraflı, açıq, prinsipial söhbət aparıldı.

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "525"ə deyib ki, tarixdə ilk dəfə mədəniyyətimizin və qürurumuzun paytaxtı Şuşada keçirilən Milli Mətbuat Günü və təbii ki, Beynəlxalq Media Forumu əlamətdar hadisə kimi yaddaşlara həkk olunacaq və unudulmayacaq: "Həm iyulun 21-də Bakıda keçirilən  "Dərinləşən media islahatları: Yeni hədəflərə doğru" adlı konfrans, həm də Şuşada baş tutan "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumu bütün məqamlar nəzərə alınmaqla, yüksək peşəkarlıqla təşkil edilmişdi və bu səbəbdən təşkilatçılara vasitənizlə təşəkkürümü çatdırmağı özümə borc bilirəm.

Şuşada keçirilən Beynəlxalq Foruma gəldikdə isə, düşünürəm ki, sözügedən tədbiri Azərbaycanda media sahəsində həyata keçirilən islahatların növbəti, həm də daha dinamik mərhələsinin başlanıldığını elan edən mesaj kimi yanaşmaq daha doğru olardı. Bu məqam Prezident İlham Əliyevin Milli Mətbuat Günü ilə bağlı media nümayəndələrinə ünvanladığı müraciətdə özünü daha qabarıq büruzə verir. Cənab Prezident müraciətində öncə son illər həyata keçirilmiş islahatların media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşıdığını, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edildiyini vurğulayır, sonra isə qeyd edir ki, "vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar". Qarşıya qoyulan hədəf kifayət qədər aydındır və media sahəsindəki islahatların yeni, Şuşadan başlayan mərhələsində bu hədəflərə doğru forma ilə məzmunun vəhdət təşkil etdiyi bir yol xəritəsi ilə hərəkət ediləcəyinə zərrə qədər də şübhəm yoxdur".

E.Mirzəbəyli bildirib ki, əslində "Şuşa" və "Beynəlxalq Media Forumu" anlayışlarının özü belə media sahəsindəki islahatların mahiyyətini tam şəkildə ifadə edir: "Azərbaycan mediası Milli Mətbuatımızın ənənələrinə, mədəniyyətimizə, dəyərlərimizə söykənərək inkişaf etməli və öz tarixi missiyasını beynəlxalq müstəvidə davam etdirməlidir. Bunun üçün isə yüksək peşəkarlıq, işgüzarlıq, yaradıcılıq potensialı, müasir çağırışlara çevik cavab verə biləcək iti ağıl, vətəndaşlıq məsuliyyəti tələb olunur.

Hesab edirəm ki, Milli Mətbuatımızın 150-ci ildönümündə və yenə də Şuşada artıq bu istiqamətlərdə əldə etdiyimiz nəticələrdən danışacağıq".

 "Azpost.info" saytının rəhbəri Xaqani Səfəroğlu ötən illərdə Milli Mətbuat Gününün ən müxtəlif yerlərdə qeyd olunduğunu xatırladıb: "Həmkarlara yazdığım təbriklərdə heç vaxt "gün o gün olsun Şuşada Jurnalist Gününü qeyd edək" yazmamışam... Bunu əlçatmaz xəyal saymışam. Qınaya da bilərsiniz. Amma 90-cı illər nəslinin şahidi olduğu Qarabağ müharibəsi, onun acı və ağır məğlubiyyəti bizdə dəhşətli bir travma saxlamışdı. Nə vaxtsa Şuşada Jurnalist gününü qeyd edəcəyim ağlıma da gəlməzdi. Amma iyulun 22-də Şuşada idik. MEDİA-nın təşəbbüsü ilə Qalada keçirilən Beynəlxalq Media Forum əslində tam bayram ovqatında bir mərasim oldu. Şuşa Media Forumunun mesajı Vətən müharibəsindən sonra ortaya çıxmış yeni vəziyyətə və onun tələblərinə, meyarlarına yanaşmanın çağırışı oldu. Bu mesaj KİV-də "yeni vitrinin" qurulması üçün siyasi iradəni, qalib ölkənin azad və müstəqil mediası üçün platforma qurmaq istəyini nümayiş etdirdi. Eyni zamanda cəmiyyətin indikatoruna çevriləcək yeni medianın çağırışlarının, geopolitik təhdidləri trafaret, şablon izahlarla deyil, aydın və tutarlı arqumentlərlə təhlilinin vacibliyini göstərdi.

Şuşa Forumunda həmkarlarla müzakirələrdə bir şeyi müşahidə etdim: İslahatlar ümidini və peşəkar jurnalistika prinsiplərinə hörmətini qoruyan fədailərin bunun üçün köhnə streotipləri qırmaq əzmini!

Əziz Şəhidlərin al qanı bahasına azad edilən Şuşada jurnalistlərin ilk Forumu məsuliyyət və peşəkar fəaliyyət üçün stimul olmalıdır.  Bu gün informasiya internetin "hörümçək torunda" itib-batan dünyada heç vaxt bu qədər həlledici, taleyüklü olmamışdı".

Qeyd edək ki, Beynəlxalq Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın görməli yerləri ilə tanış olublar.

PƏRVANƏ

 





26.07.2022    çap et  çap et