525.Az

"Avstriyada Azərbaycanı tolerant ölkə kimi tanıyırlar"


 

"AZƏRBAYCANDAKI QƏDİM UDİN MƏBƏDLƏRİNDƏN, XRİSTİANLIĞIN TARİXİNDƏN DANIŞANDA ONLAR HEYRƏTLƏ QULAQ ASIRLAR"

"Avstriyada Azərbaycanı  tolerant ölkə kimi tanıyırlar"<b style="color:red"></b>

Avstriya Azərbaycanlıları Cəmiyyəti dörd ildir ki,  fəaliyyət göstərir. Dörd il böyük müddət olmasa da, görülən işlərin miqyası geniş və faydalıdır. Təşkilatın fəaliyyəti, qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail olunması barədə daha ətraflı Cəmiyyətin sədri Fərid Əzizov "525"ə danışıb.

 

- İlk növbədə oxucuları salamlayır, onlara xoş və firavan günlər arzu edirəm. Avstriya Azərbaycanlıları Cəmiyyətinə 4 ildir ki, rəhbərlik edirəm və bu, mənim üçün çox qürurlu, məsuliyyətli bir işdir. Çünki bir təşkilatın rəhbəri olmaq həm də təmsil etdiyin ölkənin milli mənəvi dəyərlərinin təbliği deməkdir. Ölkəmi təmsil etdiyim üçün də bu məsuliyyət dəfələrcə artır, ona görə də hər işdə diqqətli olmalıyam. Avstriya Azərbaycanlıları Cəmiyyəti Avstriya Respublikasında yaşayan azərbaycanlıların təşəbbüsü ilə yaranan diaspora təşkilatıdır. Avstriya Azərbaycanlıları Cəmiyyətinin əsas məqsədi Azərbaycanı Avstriyada yaşayan insanlara layiqincə tanıtmaqdır. Azərbaycanın milli bayramlarını Avstriyada qeyd etmək ilk növbədə bu ölkənin vətəndaşlarına bizim milli mənəvi dəyərlərimizi aşılamaqdır. Düşünürəm ki, gənc bir diaspora təşkilatı olaraq qarşımıza qoyduğumuz məqsədə ilk mərhələdə çatmışıq. Başlanğıc üçün böyük işlər görülüb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avstriyada mədəniyyətin mərkəzi sayılan məhşur bəstəkar Motsartın doğulduğu və yaşayıb yaratdığı Zalsburq şəhərində Azərbaycan Evi açıldı. Düşünürəm ki, bu hadisə diaspor və lobbiçilik tariximizdə böyük bir uğur idi. Azərbaycan Evinin açılışından sonra böyük layihələrə imza atıldı və şəhərdə keçirilən bütün vacib layihələrdə Avstriya Azərbaycanlıları Cəmiyyəti yüksək şəkildə iştirak etdi. İndi Zalsburqda yaşayan insanlardan soruşsanız ki, "Azərbaycan haqqında nə bilirsiz?" ilk olaraq deyəcəkləri Azərbaycan Evinin ünvanı və azərbaycanlıların burada gördükləri vacib işlər olacaq. Sizə hətta Qarabağla bağlı həqiqətlər barədə də danışa bilərlər.

- Avstriyada yaşayan azərbaycanlıların sayı nə qədərdir? Onlar diaspora fəaliyyətində nə dərəcədə yaxından iştirak edirlər?

- Təqribi statistikaya görə, Avstriyada yaşayan azərbaycanlıların sayı 3000-3500 nəfərdir, fəqət bura Azərbaycan əsilli olub Avstriya vətəndaşlığı alanlar aid edilmir.

Bəlkə də sosial şəbəkələrdən izləyirsiniz, Avstriyada yaşayan azərbaycanlıların birlik və bərabərliyi çox təqdirəlayiqdir. Azərbaycanın istər milli bayramları olsun, istərsə də digər əlamətdar günləri cəmiyyət tərəfindən keçirilən bütün tədbirlərdə azərbaycanlılarımız iştirak edir. Hətta zamanla bir bayramı 2 gün keçirmək məcburiyyətində qalırıq ki, kimsə inciməsin. Azərbaycan Evi burada yaşayan azərbaycanlıların dili ilə desək, ATA OCAĞIdır. Azərbaycan Evi həftənin hər günü fəaliyyət göstərir, burada azərbaycanlı uşaqlara  Azərbaycan dili, ədəbiyyatı, tarixi tədris olunur. Bu da milli irsin qorunması üçün vacib amildir.

- Azərbaycan torpaqlarının azad edilməsindən sonra diasporanın qurultayı məhz Şuşada keçirildi. Həmin qurultaydan irəli gələn vəzifələrin və tapşırıqların həyata keçirilməsi istiqamətində hansı addımlar atılır?

- Zəfər qurultayında cənab Ali Baş Komandanın söylədiyi fikirlər, tapşırıqlar hər bir Azərbaycan sevdalısı üçün bir əmr, bir tapşırıqdır. Bunun üçün də Azərbaycandan kənarda yaşayan hər bir azərbaycanlı öz vəzifəsini bilir, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı görəcəkləri işləri daha yaxşı anlayır. Bundan əlavə qeyd etməliyəm ki, Zəfər qurultayının Şuşada keçirilməsi çox vacib bir məsələ idi. Çünki diaspora təşkilatlarının rəhbərləri arxa cəbhə olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, cəbhədə baş verən hadisələrin dəqiq və qərəzsiz yaşadıqları ölkələrin mətbuatında dərc olunmasında əvəzsiz rol oynadılar. Bu qələbədə az da olsa diaspora təşkilatlarının payı var. Savaş cəbhədə bitsə də, siyasi meydanlarda, beynəlxalq arenalarda bitməyib. Düşünürəm ki, savaşın ikinci mərhələsi başlayıb. Ermənilər hər vasitə ilə öz yalançı iddialarını irəli sürür, Qafqazda erməni irsinin qorunması ilə bağlı tədbirlər keçirtməyə çalışırlar. Buna nümunə olaraq deyim ki, Zalsburq şəhərində fəaliyyət göstərən Zalsburq universitetində bu yaxınlarda "Qafqazda erməni irsinin qorunması" adlı tədbir keçirilməsi planlaşdırılırdı. Lakin xəbər tutduğumuz andan etibarən universitet rəhbərliyinə sübutlarla, faktlarla məktublar ünvanladıq və bu tədbirin keçirilməsinin mədəniyyətlərarası problemə yol aça biləcəyini vurğuladıq. Ermənilərin bu tədbiri bizim səylərimiz sayəsində ləğv olundu.

- Bilirsiniz ki, Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti ilə bağlı xüsusi bənd var. Bu mənada Avstriyada Azərbaycan və Türkiyə diasporlarının birgə əməkdaşlığı barədə nə deyə bilərsiniz?

- Bəli, iki qardaş ölkə rəhbərlərinin imzaladığı Şuşa Bəyannaməsi diasporalarımız üçün də çox önəm daşıyır. Bu bəyannamə bir daha bizim diasporalarımızın qardaşlığının, birliyinin rəsmi sənədidir.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov Avstriyanın Zalsburq şəhərində Azərbaycan Evinin açılışı zamanı Türk və Azərbaycan diasporalarının  birgə fəaliyyətinin nə dərəcədə vacib olduğunu cəmiyyət üzvlərinin diqqətinə çatdırdı, öz tövsiyələrini verdi. Avstriyada fəaliyyət göstərən bütün türk diaspora təşkilatları ilə sıx əlaqəmiz, əməkdaşlığımız var. Bu yaxınlarda hətta Zalsburq şəhərində fəaliyyət göstərən Türkiyənin baş konsulu xanım Günay Babadoğanla görüşümüz zamanı bu barədə geniş fikir mübadiləsi apardıq. Xanım konsul da qarşıda həyata keçirilə biləcək layihələrdən danışdı.

- Avstriyada Azərbaycanı necə tanıyırlar?

-Avstriyada Azərbaycanı tolerant bir ölkə kimi tanıyırlar. Hətta biz burada yerli əhali ilə danışdığımız zaman Azərbaycanda qədim udin məbədlərindən bəhs edəndə, xristianlığın tarixindən danışanda onlar heyrətlə qulaq asır, heyranlıqla Azərbaycana getmək istədiklərini, o məbədləri ziyarət etmək arzularını bildirirlər. Bu il 20 nəfər Avstriya vətəndaşı cəmiyyətimiz vasitəsi ilə Azərbaycanı ziyarət edib. Öncə onlara Azərbaycanla bağlı broşurlar, gedə biləcəkləri turistik yerlərin kitabçalarını verdik və ölkəmizə yola saldıq. Azərbaycan haqqında o qədər xoş sözlər danışırdılar ki, bu bizi daha da qürurlandırdı. Hətta turistər Azərbaycanın tarixi qələbəsinin bir simvolu olan Hərbi Qənimətlər Parkında da olmuşdular. Qayıtdıqdan sonra Qarabağ məsələsində Azərbaycanın haqlı olduğu barədə danışdılar. Bunu eşidəndə özümüzü çox xoşbəxt hesab etdik ki, gördüyümüz iş, təbliğatımız əbəs deyil.

- Bilirsiniz ki, bir çox ölkələrdə güclü erməni lobbisi və diasporu mövcuddur.  Avstriyada bu baxımdan vəziyyət necədir?

- Bu sual məni bir zaman düşündürürdü ki, ermənilərin diasporaları güclüdür, onların diasporaları daha aktiv işlər görürür, fəqət sonra araşdırma aparanda gördüm ki, güclü dediyimiz diaspora sadəcə 3 ölkədə güc göstərir, bunlar ABŞ, Rusiya və Fransadır, yəni Minsk qrupunun həmsədr ölkələri. Elə Qarabağ məsələsinin də bu vaxta qədər uzadılmasında günahkarı Minsk qrupu idi. Bu 3 ölkədən başqa heç bir ölkədə ermənilərin səsi çıxmır. Təbii ki, biz onları yox saya bilmərik.  Onlar bir zaman ASALA terror təşkilatı idilər, dünyanın hər bir ölkəsində sui-qəsdlər, terror hadisələri törədirlər, sonradan bu şeytanlar çevrilib mələk qismində diaspora təşkilarları oldular. Çox üzr istəyirəm ifadəmə görə, ancaq bu bir realıqdır ki, çaqqal quzu dərisi geyinə bilər, fəqət xisləti yenə də çaqqaldır.

Erməni diasporaları bu gün də öz bədxaq əməllərindən, yalan propaqandalarından əl çəkmir, müxtəlif bəhanələrlə ölkəmizi nüfuzdan salmaq istəyirlər, lakin bunun geridə qalmış bir taktika olduqlarını özləri də anlayırlar. Diaspora Komitəsinə Fuad Muradov təyin olunandan sonra diaspora sahəsində köklü dəyişiyliklər baş verdi. Bu gün bizim Azərbaycan diasporaları gənc olsalar da tutarlı işlər görür, mükəmməl işlərə imza atırlar. Elə bu fəaliyyətin nəticəsidir ki, müharibə zamanı erməni yalanları dünyada yalan olaraq sübutunu tapdı. Ermənistanın Diasporla iş üzrə komissarlığının baş ofisinin rəhbəri Sara Ancarqolyan postundan azad olundu. Bu, güclü və müstəqil Azərbaycanın gənc diasporasının uğuru idi.

- Cəmiyyətin yaxın gələcək üçün hədəfləri və planları nədən ibarətdir?

- Avstriya Azərbaycanlıları Cəmiyyəti olaraq yaxın gələcəkdə olan planımız daha da inkişaf etmək, Azərbaycanımızı yaşadığımız ölkədə təbliğ etməklə yanaşı,  Avstriya ilə Azərbaycan arasında olan istər mədəniyyət, istərsə də iqtisadiyyat əlaqələrinin inkişafında bir körpü rolu oynamaqdır.

- Siz həm də peşəkar idmançısınız. Bu istiqamətdə fəaliyyətiniz davam edir?

- Bəli, mən diaspora fəaliyyətindən əlavə həm də peşəkar idmançıyam. Azərbaycanda Tarverdi Allahverdiyev və Pərviz Hüseynovun rəhbərliyi ilə məşq edirdim. İdman sahəsində olan nailiyyətlərimə bu iki peşəkar məşqçi sayəsində sahib oldum. Onların verdiyi dəstək danılmaz və əvəzsizdir. Azərbaycanda yaşadığım müddətdə 3 dəfə Kempo Karate üzrə dünya çempionu oldum və Avstriyaya gəldikdə isə bu ölkə üçün 2 dəfə dünya çempionu oldum. Avstriya Respublikasında Kempo Karate üzrə ilk qızıl medalı da mən gətirdim. Bu, mənim üçün fəxr idi, çünki bir azərbaycanlının qərib ölkədə uğur qazanması və tarixinə düşməsi, düşünürəm ki, qürurvericidir. Özüm haqda danışmağı çox sevmirəm. Bir idmançı olaraq mən sözümü qəlbimdə Azərbaycan, sinəmdə Azərbaycan və Avstriya bayrağları ilə beynəlxalq arenalarda deyirəm.

Bəli məşqlər pandemiya zamanında bir az səngimişdi, lakin 2023-cü ildə keçiriləcək dünya və Avropa çempionatlarına məşqlərimiz davam edir. İnanırıq ki, Allahın izni ilə qalibiyyət bizə nəsib olar.

Pərvanə SULTANOVA

 





26.07.2022    çap et  çap et