525.Az

Atlar ölkəsi - Kapadokiya - HƏCƏR yazır


 

İSTANBUL, İNCİMƏ

Atlar ölkəsi - Kapadokiya - <b style="color:red"> HƏCƏR yazır</b>

"Dünya duracaq yer deyil, ey can, səfər eylə..." Dünyadan başqa dünyaya səfər etmək, ya dünyanın özündə səfər etmək? Mən ikincini seçib İstanbulu görmək üçün səfərə çıxdım.

Təyyarə ilə Bakıdan Naxçıvana, ordan avtobusla İstanbula yola düşdük. Uzaq və yorucu yol olduğunu bilirdim. Türkiyənin bu başından o biri başına getməliydik. Uşaqlıqdan çətin səfərlərin ağırlığına dözməyə öyrəşmişdim. Avtobusla, qatarla (dağlarda atla) yola çıxmağa üstünlük vermişəm. Çünki gördüyün mənzərələr yolun yorğunluğunu unutdurur.

Doğma Naxçıvana uzun müddətdi, ayağım dəymirdi. Sədərək keçid məntəqəsinə qədər yolların kənarına əkilmiş bir neçə cərgə ağacları, gül-çiçək kollarını gördükcə ürəyim açılırdı. Kəskin kontinental iqlimi olan Naxçıvanda yayda ağac və çiçəkləri  becərmək, yaşıl saxlamaq, doğrudan da, çətin işdir. Yerlilər bunu gözəl bacarırlar. Yolkənarı yaşıllıqlar, demək olar ki, hər gün suvarılır. Əhalinin yaşantısı, maddi vəziyyətinin ümumi mənzərəsi yollardan, yaşadıqları evlərin və özlərinin görkəmindən bilinir. Yol uzunu gördüyüm abad kəndlər, gözəl evlər adamlarının çoxu tərk etmiş Muxtar Respublikanın vəziyyətindən xəbər verirdi. Sədərək keçid məntəqəsindən  Türkiyə ərazisinə - İqdıra keçdik. Fərq o dəqiqə hiss olunur: gömrük məntəqəsindən (kondisioner işləmir), yol kənarı səliqə-sahmandan, əhalinin, evlərin görkəmindən. Hiss olunur ki, qardaş ölkədə bizdən yaxşı yaşamırlar. Hər şeydən gileylənməyi, yaşamın çətinliyindən giley-güzar etməyi sevirik. Türkiyə böyük ölkədir. Hər bölgədə vəziyyət fərqli ola bilər. Gördüyümü deyirəm. Qoçaq, daşdan pul çıxarmağı bacaran xalqıq. Bizim nəsil adamları Sovet dövrünü indi ilə müqayisə etdikdə əvvəlkinə daha çox üstünlük verirlər. Əhatəli düşündükdə hər zamanın özünəməxsus çətinlikləri, çatışmazlıqları olduğunu görərik.

Ulu babalarımın yurdu olan İqdırı keçdikdən sonra Ağrı dağın ətəklərinə çatırıq - Naxçıvan universitetinin həyətindən hər səhər işə gedəndə uzaqdan baxıb xəyala daldığım Ağrı. Nənəmin, yaşlı qohumlarımızın haqqında necə zəngin xatirələr danışdığı Ağrı. Dağətəyi düzənliklər yaşıllığa qərq olub, meşə isə yoxdur. Hava sərindir. Bir azdan Ərzurum başlanır. Nağılvari, Kərəmin keşiş qızı Əslinin ardınca qarlı aşırımları keçdiyi Ərzurum. Heç bir detalı qaçırmamaq üçün dörd gözlə baxıram. Buranın relyefi, dağların görkəmi fərqlidir, füsunkardır. O qədər müxtəlif rəngli çiçəklər bitib ki, baxdıqca doymaq olmur. Kəkotuları kolundan, çiçəklərin rəngindən fərqləndirə bilirəm. Açıq bənövşəyi rəngli, lavandaya bənzər püsküllü çiçəklər daha çoxdur. Çəmənliklərdə çoxlu arı yeşikləri düzülüb.  Belə məkanlarda qoyun sürüləri görməyə adət etmişik. Amma buralarda gözə dəymir.  Maşınların seyrək göründüyü asfalt yolda avtobus sürətlə şütüdükcə içimdən bir arzu keçir: avtobusu saxladıb bu gözəl yerin havasını doyunca udmaq, baxmaq istədim. Amma ümumi qayda var, avtobus yalnız qrafikdə nəzərdə tutulan yerlərdə dayanır. Tabe olmağa məcbursan.

Tur rəhbəri Vüsal bəy yol yoldaşlarını bir-bir mikrofona dəvət edib özləri haqda məlumat verməyi təklif etdi. Bunu gözləyirdik. Bir-birini tanımadan uzaq yol getmək heç kimin ürəyindən olmazdı. İlk çıxış edən çox aktiv bir xanım, "Gənclik Mol"da işləyən Nərgiz xanımın gözəl, rəvan nitqi vardı. Özünü ifadə edə bilirdi. Sonra ardıcıl olaraq universitetin fizika-riyaziyyat fakültəsini bitirmiş Kamran bəy (ürəyinə bir neçə dəfə stend qoyulub, söz verib ki, bundan sonra həyatını özünə sərf edəcək, çoxlu gəzəcək), Salyanın məhkəmə sədri Murad bəy, naxçıvanlı hərbi helikopterçi, FHN-nin işçisi Məhərrəm bəy, mən özüm,  Ali Məhkəmənin hakiminin köməkçisi Leyli xanım, cənub bölgəsindən olan müəllimlər - Ramal bəy və Nuriyyə xanım və başqaları özlərini təqdim etdilər. Danışanların hər biri çıxışını yumorlu etməyə çalışır, dinləyicilərdə xoş, pozitiv təəssürat oyadırdılar. Təqdimat məni o qədər sevindirdi ki. Əslində avtobusa əyləşəndən necə gözəl, intellektli, səviyyəli komanda ilə yol yoldaşı olduğumu hiss etmişdim. Bu gözəl insanların elə ordaca dostluğunun əsası qoyuldu.

Bütün gecəni beləcə beş dəqiqəlik bir-iki yerdə dayanmaqla yol getdik. Uzaq səfərlər üçün nəzərdə tutulan avtobuslarda ayaqların rahatlığını təmin etmək üçün qarşıdakı oturacağın arxa tərəfdən aşağısına ayaq qoymaqdan ötrü xüsusi dayaqlar bərkidilir. Bizim avtobusda isə bu yox idi. Ona görə yol uzunu bir az yaşı ötmüş tur üzvləri şişmiş ayaqlarının ağrısından gileyləndilər.

Səhəri Boluda qarşıladıq. Yağış yağırdı.  Naxçıvanın istisindən sonra yağış adama ləzzət edir. Yol uzunu mənzərələrə baxıram. Obaşdandır, adamlar gözə dəymir hələ. Dəmir yoluna paralel uzanan yol yaşıllıqlardan keçir. Yağışdan yuyunub təmizlənmiş yarpaqlar bərq vurur, göz oxşayır. Arada bizə bələdçilik edən tur rəhbəri Vüsal bəy nəsə soruşur, deyir, hər biri öz dünyasında olan yol yoldaşlarımı xəyaldan ayırır. Azərbaycanın müxtəlif bölgələrinə turla etdiyim səfərlərin hamısında eyni primitiv, bayağı əyləncələr burda yoxdur. Buna sevinirəm. Lakin bu uzaq yolu yaxın etmək üçün kreativ, müxtəlif mövzulu əyləncəli proqram təşkil etmək olardı. Bizim tur səyahətlərində bu problemi yaşayanlar çox olur. Kapadokiyada tura bələdçilik edən Ferhat əfəndinin yüksək intellekti, zəngin məlumatları, yorucu olmayan, yumorla süslənmiş çıxışları ilə onlarda bu işi çox yüksək hazırlıqla yerinə yetirənlərin olduğunu gördük. Kaş ki bizim turist şirkətləri də əməkdaşlarının bu cür hazırlığına diqqət edəydilər. 

Bir azdan Düzcəyə çatırıq. Buranı keçmək o qədər də çox zaman aparmır. Nahar etmək üçün dayandığımız zamanı hesablamasaq, bir neçə saata artıq Adapazarında idik.  Qədim tarixə malik Adapazarı öncə bitiniyalıların məskəni olmuş, sonra isə bizanslılar burda məskən salaraq torpaqları Bizans dövlətinin tərkibinə daxil etmişlər. Bölgənin ən önəmli tarixi abidəsi Beşkörpünü Bizans imperatoru II Yüstinyanus inşa etdirmişdir. 1324-cü ildə Orxan Qazi zamanında bizanslılardan alınıb Osmanlı dövlətinə qatılan Adapazarı bu gün inkişafını davam etdirməkdədir. XIX əsrin ikinci yarısında buranı özlərinə məskən edən və güclü ticarət əlaqələri yaradan erməni, yunan tacirləri Adapazarını "Der seadet" adlandırmışlar. I Dünya müharibəsi illərində ermənilər yunanlarla birləşərək yerli türk xalqlarına qarşı qətliam törətmiş, sonra türk qoşunları sayəsində Adapazarı azad edilmiş, bölgə əhalisinin xeyli hissəsini təşkil edən ermənilər ölkədən baş götürüb getdikləri üçün sayları xeyli aşağı düşmüşdür.

Adapazarından sonra İzmitə yol aldıq. İstanbulağzı olan İzmit də Adapazarı kimi, eramızdan üç min il əvvəl yunanların məskəni olmuş, sonra bitiniyalıların hakimiyyətinə daxil olmuşdur. Bitinya kralı Zipoitesin ölümündən sonra hakimiyyətə keçən Nokomedes ölkəni daim yağmalayan Astakozun qarşısına bu şəhəri qala kimi salmaqla düşmənə qarşı müdafiə qalası yaratmağa çalışmışdır. Şəhər bir neçə il ərzində böyüyüb inkişaf etmiş, böyük ticarət mərkəzinə çevrilmişdir. E.ə. 97-ci ildə İzmit romalılara bağışlanmışdır. 358-ci ildə güclü zəlzələ nəticəsində şəhər tamamilə dağılmışdır. Sonralar bir neçə qonşu dövlətin tərkibinə daxil olan İzmit 1337-ci ildə Osmanlı imperiyasına qatılıb. 1918-ci ildə İzmit ingilislər tərəfindən işğal edilərək yunanlara bağışlanmışdır. Cəmi üç il sonra bölgə türk orduları tərəfindən azad edilərkən yunanlar burada görünməmiş vəhşiliklər, qətliamlar törətmişlər.

Gəzdiyim ölkələrin indiki durumu ilə bərabər, keçmiş tarixinə ümumi nəzər salmağı sevirəm. Məncə, bu, oxucular üçün də maraqlı olar.

İzmitdən sonra İstanbula daxil oluruq. Dənizi, boğaz üzərindən keçən möhtəşəm körpüləri görüncə hamı həyəcanlanır. Şəkil çəkənlər bir-birinə aman vermir. İstanbulu görmək o qədər möhtəşəm bir duyğu idi ki. Yorğunluğumuzu da unutmuşduq. Avtobusun pəncərələrini sanki böyütmək istəyir, bu gözəl şəhəri tamamilə görmək istəyirdik. Avtobus körpünü ötüb keçir. Bir azdan otelə çatıb qalacağımız odalara daxil oluruq. Uzun yoldan sonra sakit bir guşədə dincəlməyə hamımızın böyük ehtiyacımız vardı... Axşamüstü dəniz gəzintisinə çıxırıq. Boğazdan İstanbula tamaşa etmək, sayrışan işıqları gəmidə səslənən gözəl musiqinin müşayiəti ilə seyr etmək nağıl kimi idi.

Səhəri gün Cümhuriyyət caddesi və Kaleni görmək üçün oteldən çıxırıq. Cümhuriyyət caddesini görmək üçün qalxdığımız pillələrin sayını itirdim. Onu deyim ki, Bakının İçərişəhərinə bənzəyən bu yerdə Bakıda gördüyümüz səliqə-sahman, abadlıq, təmizlik və gözəllik yoxdur. Pillələr uçuq-sökük və zibillə doludur. Kaledən İstanbul ovuc içi kimi görünür. Qalaya qalxmaq üçün uzun növbələr var. Caddeni gəzdik.  Mağazalarda eynilə İçərişəhərdəki kimi - müxtəlif aksesuarlar, min cür hədiyyəlik əşyalar, hər addımda kafe və yeməkxanalardır. 5-6 nəfərlik gənclərdən ibarət musiqiçilər qrupu elə professionallıqla, ustalıqla və gözəl səslə oxuyurdular ki. Sifarişlə hər xalqın nəğmələrini oxuda bilərdin. Bir neçə kitab mağazasına baş çəkdim. Azərbaycan yazıçılarının əsərlərinin olub-olmadığını soruşdum. Noutbukla səhifəyə girib aradılar. Ən məşhur, dünyanın bir çox ölkəsində oxunan yazıçılarımızın adını çəkdim. Yox idi. Bircə nəfər də olsun, Azərbaycan yazıçılarının əsərlərini o mağazalarda görmədim. Azərbaycanda həm Azərbaycan, həm Türkiyə türkcəsində onların yazıçılarının kitablarının bol-bol olmasına qısqandım o an.     

 

Ertəsi gün Vüsal bəy bizim üçün proqramı elan etdi: Sultan Ahmet camesi, Aya Sofiya məscidi, Topqapı muzeyi, İstanbul akvariumu, "İstanbul-forum"da alış-veriş etmək. Seçim etmək qarşısında qalmışdım. Şəhəri tanmırdım. Otaq yoldaşım və rəfiqəm Sevil xanım, Yeganə xanım yalnız məbədləri səyahət etməyi və foruma getməyi seçdilər. Mən Topqapı muzeyini görmək istəyirdim. Dedilər, oranı bir günə gəzib bitirmək olmaz. Məcbur qalıb qızların marşrutu ilə hərəkət etdim. Topqapı muzeyini görmək bir arzu kimi ürəyimdə qaldı. Sultan Ahmet camesi təmirdə idi. Çox gəzmək mümkün olmadı. Bu camenin tarixini çoxunuz bilərsiz. Aya Sofiyaya daha çox can atırdım. Möhtəşəm Aya Sofiyada o qədər adam vardı ki. Amma çox sakitlikdi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş turistlər bir-birinə qarışıb. Şəkil çəkməyi rastıma çıxan koreyalı qadınlardan xahiş edirəm. O dəqiqə nə istədiyimi başa düşdülər. Onlar öz dillərində, mən Azərbaycan, ingilis sözlərini bir-birinə qatdım, bir az "danışdıq". Tez-tez "Azərbaycan, Bakı, Qarabağ" sözlərini işlədirəm. Tanıdılar. Sevindim (Bir dəfə baldızım oğlu: "Bu qadınlar hansı dildə olsa, bir-birini başa düşür dəə", - demişdi).

Dörd minarəsi, bir günbəzi, uzunu 82 metr, eni 72 metr olan Aya Sofiya 532-537-ci illərdə tikilib. Məbədin sifarişçisi Bizans hökmdarı I Yustinian, memarlar isə trallı Anfimi, miletli İlidor və memar Tridat olmuşdur. Tikintidə hər gün min usta, on min işçi çalışmış, tikinti üçün Efesdəki Diana məbədindən səkkiz ədəd qırmızı porfir sütun, Əyriboğazdan açıq-yaşıl, Əlcəzairdən sarı, Siqadan çəhrayı, Anadoludan ağ və qırmızı mərmər gətirilmişdir. Hündürlüyü 55.6 metr, 107 sütunlu, 40 pəncərəsi olan məbədə baxmaq üçün ilin bütün günlərində dünyanın hər yerindən turistlər gəlir. Aya Sofiya əsl gözəllik, möhtəşəmlik simvoludur. 2020-ci ildə muzeydən məscidə çevrilən məbədin günbəzinin içəridən yan tərəflərinə "Quran" ayələri əlavə olunmuşdur. İstanbulda Aya Sofiya qədər heç nə məndə belə möhtəşəm duyğular oyatmadı. Ordan İstanbul akvariumuna yollandıq. Dünyanın ən böyük tematik akvariumu olan bu akvarium yeraltı mağara üslublu məkanda yerləşib və 2011-ci ildə istifadəyə verilib. On altı bölümdən, altmış dörd ədəd hovuzdan ibarət akvariumda dünyanın müxtəlif okean və dənizlərindən gətirilmiş yüzlərlə canlını görmək olar. Köpək balıqlarının və delfinlərin olduğu da deyilirdi. Təəssüf ki, biz onları görə bilmədik. Ya həmin şöbəni gəzə bilmədik (yarımqaranlıq, bir neçə yerə istiqamətlənən dəhlizlərdə bütün şöbələri gəzib görmək çətindir), ya da onlar hardasa gizlənmişdilər.

Səhər gəmi ilə Böyük adaya səyahətimiz başladı. Adanı kiçik mini avtobuslarla gəzdik. Sürücü Taso həvəslə keçdiyimiz küçələr, adanın tarixi, insanların məşğuliyyəti barədə məlumat verir. Bizans memarlığı üslubunda və klassik Osmanlı üslubunda tikilmiş qədim, gözəl evlər bir-birinə əsrlərdir, yoldaşlıq edir. Ada sakit, dinc, yanaşı yaşamağın rəmzidir sanki.  Burada Rəşad Nuri Güntəkinin böyük evi önündə şəkil çəkdirdik. "Çalı quşu"nun müəllifi pis yaşamırmış. Günorta rəfiqələrimlə - üçümüz balıq qızartması yedik: 900 lirəyə, təqribən 90 manata. 

Bir neçə gün dolaşdığım İstanbulun səs-küyü, isti hava, metrobuslardakı sıxlıq, yeməklərin bizim ağız dadımıza uyğun olmamağından yoruldum. Xüsusən küçələri dolduran pullu ərəblər, ucuz işçi qüvvəsi zəncilər şəhərə yad bir aura qatmışdı. Bakı ilə müqayisə etdim: Bakı mənə daha gözəl gəldi, İstanbul, incimə! Hamı sənə vurğun, mən öz Bakımıza - vətənimə! Könlümü Sultan Mehmet kimi fəth etmən üçün, deyəsən, bir səfər yetərli olmadı, bir neçə dəfə səyahət etməli olacam. İstanbul pıçıldayırdı: "Sən məni tanımadan, sanki pəncərədən "ciçç" eləyib getdin. Yenə gəl, İstanbula ürəkdən vurulunca gəz, öyrən" - deyirdi.   

Bundan sonra səfərimiz nağıllar, əfsanələr ölkəsi, dünyanın böyük möcüzəsi Kapadokiyaya - yeraltı şəhərlər ölkəsinə idi.

(Ardı var)

 

 

 

 





26.07.2022    çap et  çap et