525.Az

Hər günümüz gələcək üçün xatirədir... - İlqar Cəmiloğlu-İmamverdiyev yazır


 

Hər günümüz gələcək üçün xatirədir... - <b style="color:red"> İlqar Cəmiloğlu-İmamverdiyev yazır</b>

Bu fikir hər bir kəs üçün həqiqətdir. Hər ötən gün gələcək dönəmlər üçün kövrək xatirələrin bir qismini özündə əks etdirməkdədir. Neçə-neçə əhvalat qələmə alınıb yazılmasa, mətbuat səhifəsində yayınlanmasa, nə bilmək olar ki, keçmişdə nə əlamətdar hadisələr baş verib?! Dəyərli vətən övladlarımızın, elm adamlarımızın həyatının bəzi məqamlarını xatirə kimi yazmamaq günah olar, -  düşüncəsindəyəm. Yazılması isə xalqımızın bilməsi üçün savab işdir mənim nəzərimdə.

Belə elm xadimləri sırasında qədim tarixə malik Qazax bölgəmizin İkinci Şıxlı elində dünyaya gəlmiş, bir ailədən - Qurbanəliyevlər nəslindən Azərbaycanımıza bəxş olunmuş filosof alim Midhət Qurbanəliyev və  İsa Qurbanəliyev adında  məşhur cərrahımız da var.  İ.Qurbanəliyev möhtəşəm tibbi əməliyyatları ilə 1970-80-ci illər arası 4 saylı şəhər xəstəxanasında, daha sonra Topçubaşov adına Cərrahiyyə İnstitutunda insanlarımızın sağlamlığı keşiyində təmənnasız dayanıb, gecə-gündüz çalışıb, Azərbaycanımızın qüruru, Şıxlı elinin fəxri vətəndaşı sayılıb, bu xidmətləri səbəbi ilə də 12 may 1991-ci il tarixində Azərbaycan Respublikasının Əməkdar Həkimi adını almağa haqq qazanıb. 

Uzun illər Gəncə Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti adlanır) çalışan fəlsəfə elmləri namizədi, dosent Midhət Qurbanəliyev 1925-ci ildə İkinci Şıxlıda dünyaya gəlib, 1991-ci ildə Haqq dünyasına qovuşub.  Özümü bəxtəvər sanıram ki, bu Qurbanəliyev qardaşlarını yaxından tanımamda atam Cəmil İmamverdi oğlu Əkbərin bilavasitə xidməti olub. Cəmil Əkbərlə M.Qurbanəliyevin ömürlərinin sonunadək dostluğa çevrilən tanışlığının təməli də eyni təhsil qurumunda çalışdıqları dönəmdə baş verib. M.Qurbanəliyev ailəsi - ömür-gün yoldaşı Şəfiqə xanım, böyük oğlu Qurbanəli, kiçik oğlu Çingiz, qız övladı Mahnur ilə birgə Cəmil Əkbərin və Firuzə xanımın ocağının ən əziz qonaqları arasında yer alardı. O dönəmdə gənc yaşlarında əsgəri xidmətdə hərbi təlim prosesində faciəli şəkildə həlak olmuş Qurbanəli Qurbanəliyevi kövrək xatirələrlə indi də xatırlamaqdayam. Kaş o acı günlər heç olmayaydı...

Kiçik oğlu Çingiz Qurbanəliyevlə isə mənəvi dostluğumuz, hətta telefon əlaqələrimiz bu gün də davam etməkdədir.

Bu məqaləni yazmağa məni sövq edən bir cəhət də M.Qurbanəliyevin şairlik istedadının olmasıdır. Atam Cəmil Əkbərin şeirlər arxivini incələdiyim zaman, yəni 16.07. 2022-ci il tarixində təsadüfən aşkarladığım, Midhət müəllimin 32 yaşında atama yazdığı bir neçə şeir məni çox duyğulandırdı və onları burada paylaşmaq qərarına gəldim. 1957-ci il dekabr ayında Midhət müəllimin "Barı" rədifli qoşmasına Cəmil Əkbər də (29 yaşında ikən) "Dostum" rədifli şeirlə səmimiyyətlə, poetik tərzdə cavab verib.

 

DEYİŞMƏ

 

Midhət Qurbanəliyev:

 

Dostum Cəmil, könlüm səni istəyir,

Nə olar ki, uzadasan əl barı.

Niyə çox vaxt qaşqabağın tökülür,

Hərdənbir də danış barı, gül barı.

 

Cəmil Əkbər:           

 

Qəlbimdə nə qədər var intizarım,

Ruhumu oxşayan hanı dildarım?

Məhəbbət məkanı, könül diyarım,

Ürək şad olarsa gülərəm, dostum.

 

M.Qurbanəliyev: 

 

Ötən aylar uzaqlaşır, yad olur,

Bu dünyada qalan yalnız ad olur,

Xoş günlərdə ürəyimiz şad olur,

Bu günlərin bir qədrini bil barı.

 

C.Əkbər:

 

Dünyada qalanlar ad olur dedin,

Hər ötən aylara yad olur dedin,

Xoş gündə könüllər şad olur dedin,

Bunları anlayıb, bilirəm, dostum.

 

M.Qurbanəliyev:

 

Vurulmuşam çiçəyə mən, gülə mən,

Çəmənzarda gələrəmmi dilə mən?

Nə çəkirəm o vəfasız bilə, mən,

Ürəyimin kədərini sil barı.

 

C.Əkbər

 

Gül kimi açılıb, solan insanın,

Əhdinə vəfalı qalan insanın,

Mənə məhəbbəti olan insanın,

Yolunda can verib ölərəm, dostum.

 

Atadan-anadan halaldı mayam,

Üfunət bilməyən axar bir çayam,

Nütfəsi düz əhli-hala arxayam,

Onlara səadət dilərəm, dostum.

 

M.Qurbanəliyev:

 

Eybi yoxdur, səsin gəlsin uzaqdan,

Ayağına daş dəyməsin nahaqdan,

Yolun düşsə əgər bizim Qazaxdan,

Yad eyləyib bizlərə də gəl barı.   

 

C.Əkbər:     

 

Yorulma dünyada, çəksən də cəfa, 

Eşit sözlərimi sən gəl insafa,          

Səndə vəfa görsəm, elində vəfa,

Qazağa bir qonaq gələrəm, dostum.

1957, dekabr  

 

Digər bir xatirə də Cəmil Əkbərin "Qadın əsl qadın  olsa" şeirinə Midhət müəllimin cavab kimi yazdığı şeirdir. C.Əkbərin burada bir hissəsini paylaşdığım o geniş şeiri keçən əsrin 60-cı illərinin ortalarında Gəncədə dillər əzbəri olmuş, hətta institut kollektivinin və şeirsevərlərin diqqətini çəkmişdi. Günlərin birində institutda çalışdığı zaman, zarafat etmək məqsədi ilə otağının qapısını arxadan bağlayıb Midhət müəllimin bu şeirə cavab yazmasını səbirsizliklə gözlədiyini söhbətlərinin birində Cəmil müəllim mənə ətraflı anlatmışdı.

Cəmil Əkbər:

 

Qadın əsl qadın olsa, alın açıq, üz ağ olar,

Məhəbbətin dünyasında könül yüz min budaq olar.

Xidmətində yaxşı dursa, kişi igid, ər olmazmı?

Hörmət-izzət gözləsə o, kişi şiri-nər olmazmı?...     

 

Qadın əsl qadın olsa, kişisini xar edərmi?

Yar əlindən bezikərək, ahu-fəqan, zar edərmi?

Dava-dalaş salmasa o, evdə zimistan olarmı?

Qadınsız da şeir, sənət dillərdə dastan olarmı?

 

Qadın əsl qadın olsa, inan, hamı xoşbəxt olar,  

Şan-şöhrəti qazanaraq, kişilər tac-təxt olar,  

Öz yanından qana bilsə, evdə kədər də az olar,

Şahin kimi qanad açıb, balalar da pərvaz olar...

 

Qoy qadınlar düz anlasın qadınlığın mənasını,

Sındırmasın könüllərdə məhəbbətin aynasını,

Qüvvət versin qol-qamətə, fərəh versin ürəklərə,

Arzulara, əməllərə, neçə-neçə diləklərə.

1960

Midhət Qurbanəliyev:

 

Qadın əsl qadın olsa, a dostum,

Öz yarına sədaqətli yar olar.

Möhnət də, kədər də gedər dünyadan,

Ömrün yollarında laləzar olar.

 

Qadın əsl qadın olsa, qəm olmaz,

İstəyimiz, sevincimiz kəm olmaz.

Ayıq vaxtı başımız da dəm olmaz,

Ruhumuzda kaman olar, tar olar.

 

Qadın əsl qadın olsa, ucallıq

,

Ulduzdan da, günəşdən də bac allıq,

Bu olmasa, əziz dostum qocallıq,

Qəlbimizdə məskən salan qar olar.

 

 

Günlərin birində, yəni 1963-cü ildə Şəmşir Qurban oğlu Qocayev, oğlu qədər əziz sandığı Cəmil Əkbərin Gəncədəki ocağını ziyarət etdiyi zaman bu əlamətdar gün səbəbilə Gədəbəy elinin ustad aşığı Miskinli şair Vəli və Midhət müəllim digər məsləkdaşları ilə birgə (tarix elmləri namizədi Qafar Həsənov, Nağı Əliyev) ilk dəfə Dədə ozanımızı görmək, tanış olmaq səbəbi ilə oraya təşrif buyurmuşdular. Cəmil Əkbər də bu mübarək gündə fürsəti qaçırmayıb Gəncə şəhərində bir fotoqrafçıda bu anı əbədiləşdirmişdi. O tarixi gündən ən aydın xatirə olan bu fotonu da oxucularla paylaşmağı borc bildim.

Aşağı cərgədə soldan sağa:

Miskinli şair Vəli, Dədə Şəmşir, Cəmil Əkbər.

Yuxarı cərgədə soldan sağa:

Qafar Həsənov, Midhət Qurbanəliyev, Nağı Əliyev

 Allah ustadlarımıza rəhmət eləsin!

Qəbirləri nurla dolsun!

 

 





26.07.2022    çap et  çap et