Ötən həftə “Xəzər” Universitetinin və Türkiyənin Erciyes Universitetinin birgə təşkilatçılığı ilə Bakıda “XXI əsrin pəncərəsindən mədəniyyət və kimlik” adlı konfrans keçirilib. Konfransa Erciyes Universitetinin rektoru, professor Fahrettin Keleştemur da qatılıb.Fahrettin Keleştemur ötən il “İlin bilim adamı” mükafatına layiq görülüb. O, Türkiyənin tanınmış endokrinoloqlarındandır. Bundan başqa, türk tarixini, ədəbiyyatını gözəl bilən elm adamıdır. Onunla müsahibəni təqdim edirik:
– Sizin də təşkilatçılığınız ilə “XXI əsrin pəncərəsindən mədəniyyət və kimlik” mövzusunda konfrans keçirildi. Bildiyimizə görə, universitetiniz Xəzər Universiteti ilə əməkdaşlıq edir. Niyə Xəzəri seçdiz?
– Bütün universitetlərlə əməkdaşlıq etməyə çalışırıq. Üç il əvvəl Bakı Dövlət Universiteti və Xəzər Universiteti ilə tanış olmuşduq. Bu dəfə gələndə Slavyan və İncəsənət Universitetləri ilə tanış olduq. Erciyesdə 20-ə yaxın azərbaycanlı müəllim var. Onların da fikrini öyrənirik. Xəzər Universiteti bizə daha maraqlı gəldi. Hamlet bəyi də sevdik. Bəzi mövzularda eyni fikirdə olmaq da əhəmiyyətlidi. Universitetini inkişaf etdirmək üçün çox çalışır. Qərara gəldik ki, simpoziumu bir il burda keçirək, bir il də Kayseridə. Gələn il Kayseridə olacaq. Hər dəfə mövzular dəyişəcək. Ola bilsin, bir az kiçik miqyasda olsun, ya da əksinə daha geniş.
– Sizin pəncərənizdən Azərbaycan, bütövlükdə türk mədəniyyəti necə görünür?
– Düzdü, fərqli yerlərdə yaşamağın, hətta iqlimin belə insanlara təsiri var. Dağlıq bölgədə yaşayan insanla dəniz kənarında yaşayan insanın xarakteri bir-birindən fərqlənir. Eynilə şəhərdə yaşayan insanla kənddə yaşayanın. Amma yenə də ortaq cəhətlərimizi müqayisə eləsək, 80 faiz ortaq tərəflərimiz var. 20 faiz də yaşadığımız bölgələrin, içində olduğumuz mədəniyyətlərin payına düşür. Onsuz da Türkiyədə yaşayanların əksəriyyətinin babaları buralardan köçənlərdi. Məsələn, uşaq vaxtı nənəm mənə “Fahrettin, əlini yudunmu” deyirdi. İndi mənim uşaqlarım “yumaq” yox, “yıkamaq” deyir. Ya da uşaq vaxtı bizə bir şey verəndə “bunu apararsan” deyərdilər. Mənim uşaqlarımsa indi “gətirirmisin, götürürmüsün” deyirlər. Bəlkə sizin diliniz də dəyişib, dəqiq bilmirəm.
– Bizdə bölgələrə uyğun dəyişikliklər var. Elə bölgələr var ki, onlar danışanda başa düşmürük. Yəni, ləhcə fərqi var.
– Digər tərəfdən, burda rus mədəniyyətinin təsiri var. Türkiyədə belə təsir yoxdu. Orada daha çox Avropanın, Amerikanın təsiri hiss olunur. Cənub bölgələrində ərəblərlə ünsiyyət sıx olduğundan ərəb mədəniyyətinin təsiri var. Təbii ki, saf mədəniyyət yoxdu və bu, doğru da deyil. Bizim Əhməd Hamid Tanpınar adlı çox önəmli bir yazıçımız var. Məsələn, ən gözəl əsərlərindən biri “Beş şəhər”di. Onun gözəl bir sözü var. Deyir ki, “inkişaf edərək dəyişmək, dəyişərək inkişaf etmək”. Yəni, inkişaf edərək dəyişəcəksiniz, dəyişərək inkişaf edəcəksiniz. Amma burda bir şey çox vacibdi – dəyişib inkişaf edəndə özünü itirməməlisən.
İnkişaf etmək, güclü olmağın yeganə yolu elmə və biliyə üstünlük verməkdi. Çünki elminiz inkişaf etməsə, kimsə sizə ciddi baxmaz. Gəlib, gəzib gedərlər. Biz də elmi inkişaf etdirmək. Məsələn, 15 il öncə beynəlxalq elmi jurnalların reytinq cədvəllərində Türkiyə 60-sı yerdə idi, bu gün 16-cı yerə keçib. Bəlkə də on il sonra ilk onluğa girəcək. Çünki artıq araşdırmalar aparılır. Siz onların nəticələrini dünyada çıxan elmi jurnallarda dərc etdirirsiz. Beləliklə, elm sürətlə inkişaf edir.
Türkiyədə 200-ə yaxın universitet var. Bunların bir hissəsində elm və texnologiyaya ciddi yer ayırmağa başlayıblar. Mənim universitetim Avropa ilə müqayisədə gəncdi, amma hazırda Türkiyənin ən yaxşı elm ocaqlarından biridi. 55 minə yaxın tələbəsi, 2500 müəllimi var. Universitetin işi nədir? Yaxşı təhsil vermək. Yəni, yaxşı həkim yetişdirər, filoloq yetişdirər və s. Bir funksiyası budur. Amma əsas vəzifəsi – orijinal, qlobal bilgi və texnologiya istehsal etməkdir. Əgər bunu eləmirsə, o universitet deyil, məktəbin inkişaf etmiş formasıdı.
– Sizin universitet hansı yeni texnologiyanı tətbiq edir?
– Biz çox böyük tədqiqat mərkəzləri qurmuşuq. Onlardan biri qarşıdan gələn iyirmi il ərzində fəaliyyət göstərəcək. Dünyada regenerativ tibb deyilən bir sahə var. Yəni, əsas kök hüceyrədən orqan yaratmaq. Məsələn, göz görmür. O gözü meydana gətirən bir kök hüceyrə var. Ondan təzə göz yaratmaq mümkündürmü? Və ya böyrək nəqli istəyirsiz. Bəs kök hüceyrədən təzə böyrək yaratmaq olarmı? Biz bunlarla bağlı tədqiqatlar aparırıq. Və ya nano texnologiya. Hazırda bu texnolojiyanın istifadə olunmadığı yer yoxdu. Biz də çox böyük nanotexnologiya mərkəzi, böyük bir peyvənd tədqiqat mərkəzləri qurmuşuq.
– Deyəsən, bu yaxınlarda orqan köçürülməsi ilə bağlı elmi konfransda iştirak edirdiz. Bu barədə soruşmaq istəyərdik. Türkiyədə bu işlər necə qurulub?
– Türkiyədə bununla bağlı qanun var. Biz davamlı olaraq təşviqat aparırıq. Düzdü, bizdə Avropadakı qədər geniş yayılmayıb. Amma get-gedə artır. Təsəvvür edin: böyrək köçürülməsi edirsiz və bir uşağın həyatı xilas olur. Yəni, ölmüş bir insanın orqanları neçə insanın həyatını xilas edə bilir. Məsələn, qaraciyər çatışmazlığının müalicəsi çox çətindi. Və ya böyrək xəstələrində. İki böyrəyi işləmir. Dializə girir. Üstəlik bu xəstəlik onun həyat səviyyəsinə zərbə vurur. Amma böyrək nəqli uğurlu olanda insan normal yaşaya bilir. Buna görə də orqan nəqli çox vacib bir sahədi. Türkiyədə bununla bağlı qanun var. Dövlət də bunu təşviq edir. Dindarlardan da soruşublar. Onlar da heç bir problem olmadığını deyirlər. Amma beyin ölümü gerçəkləşməlidir, yəni, insanın öldüyü təsdiqlənməlidi və ailəsi icazə verməlidi.
– Universitetdə laboratoriya qurmağa çalışırdız. Hətta “Qalatasaray”ın bir futbolçuya ayırdığı pulla həmin laboratoriyaya ayrılacaq məsrəf arasında müqayisə də aparmışdız. O laboratoriya quruldumu?
– Təbii ki, qurduq. Bir xəstəlik var. Krımdan, Balkanlarda, Anadolu ərazisində daha çox rast gəlinir, “Krım-konqo” adlanır. Gənələrdən keçir insana. Öldürücü xəstəlikdi. Onun qarşısını almaq üçün həmin bölgədə yaşayanlara xüsusi peyvənd etmək lazımdı. Bizim bir alimimiz xəstəliyə qarşı peyvəndi yaradıb. Bütün dünyada da qəbul olunub. İndi həmin peyvəndi dərmana çevirmək lazımdı. Bundan ötrü 25 milyon avroya ehtiyacımız var. Onu bir yerdən almaq lazımdır. Heç bir xeyriyyəçi bu qədər pul verməz, universitetin bu qədər büdcəsi yoxdur. Ona görə də mən “Qalatasaray” Snayderə 25 milyon avro verib. Bir o qədər də bizə versin, dərmanı yaradaq” – dedim. Yəni, bir futbol komandası oyunçuya o pulu verirsə, peyvəndin hazırlanmasına da verə bilər. Pis söz deməmişəm ki.. Mən özüm “Qalatasaray”lıyam.
PƏRVANƏ
çap et