İyulun 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında, öz şeirləri ilə xalqı milli azadlığa səsləyən böyük şair Əhməd Cavadın 130 illiyi ilə əlaqədar tədbir təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə sözləri Əhməd Cavada məxsus olan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Kitabxananın əməkdaşı Günay Süleymanova şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək bildirib ki, ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Ə.Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir: “Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, həmçinin mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur. Ə.Cavad şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilib. Onun “Çırpınırdı Qara dəniz” şeirinə dostu dahi Üzeyir bəyin bəstələdiyi musiqi 75 ildən çoxdur ki, dost və qonşu Türkiyənin ən önəmli marşlarından biri kimi mütəmadi olaraq radiolarda, televiziyalarda səsləndirilərək rəsmi tədbirlərdə, məclislərdə, mərasimlərdə, eləcə də təntənəli ziyafətlərdə ifa olunmaqdadır”, - deyə kitabxana əməkdaşı bildirib.
Sonra tədbirdə böyük şair Əhməd Cavadın ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qalaraq, hüquqları çeynənən bir ölkənin haqq səsi olmasından danışılaraq, təqiblərin, məhbəs və işgəncələrin onun iradəsini qıra bilməməsi və şairin bir dəfə də olsun xalqına, eləcə də qələminə xəyanət etməməsindən bəhs edilib: “Ə.Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalaraq, bu yolda şəhidlik zirvəsinə ucalan vətənpərvər kimi, həmçinin Azərbaycan istiqlalının böyük şairi kimi yaddaşlarımızdan heç zaman silinməyəcək”.
Tədbirə bədii hissə ilə yekun vurulub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar sərgi açılıb.
Mərkəzi Kitabxananın direktor əvəzi Jalə Əliyeva və İnformasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın həyat və yaradıcılığı barədə oxuculara geniş məlumat verib.
Tədbirin bədii hissəsində şairin şeirləri səsləndirilərək, onun 130 illiyi ilə əlaqədar təşkil olunmuş sərgiyə baxış keçirilib.
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı görkəmli Azərbaycan şairi Əhməd Cavadın 130 illiyi ilə əlaqədar videoçarx hazırlayıb.
Videoçarxda Əhməd Cavadın romantik ruhlu realist şeirlər müəllifi kimi tanındığı qeyd edilib. Diqqətə çatdırılıb ki, şairin bədii dili xalq dilinə, koloritinə, aşıq şeiri üslubuna və ənənələrinə əsaslanıb. Ə.Cavad Dövlət Himnimizin mətninin müəllifidir. Şairin yaradıcılığına yüksək qiymət verən Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə yazıb ki, "Əhməd Cavad daha ziyadə heca vəzni ilə lirik parçalar yazır və bu, lirizmə, eyni zamanda, milli kolorit qatır”.
Videoçarxda, həmçinin vurğulanıb ki, Ə.Cavad 1918-1920-ci illərdə, 26-28 yaşlarında Azərbaycan milli istiqlalının yorulmaz təbliğatçısı olub. Onun poeziyasının güclü ideyası azadlıq və istiqlalla bağlı olub. Şeirləri əsasən azadlığa həsr edilib.

çap et