Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası tanınmış fransız yazıçısı Aleksandr Dümanın 220 illiyi ilə əlaqədar “Macəra romanlarının atası” adlı kitab sərgisi təşkil edib.
AZƏRTAC xəbər verir ki, sərgidə Aleksandr Dümanın həyat və yaradıcılığından bəhs edən kitablar yer alıb. Mərkəzi Kitabxananın fəal oxucuları ilə sərgi ətrafında söhbət keçirilib.
Söhbət zamanı qeyd edilib ki, 1829-cu ildə gənc A.Dümanın ilk sanballı əsəri olan “III Henri və onun sarayı” adlı tarixi dramı səhnələşdirilib. Bu, köhnə klassisizm ədəbi qanunlarından kənara çıxan romantik dram əsəri olub. Əsərdə antik süjetlər yerinə XVI əsr Fransa həyatının hadisələri və tarixi şəxsiyyətlər səhnəyə çıxıb. “III Henri və onun sarayı” əsəri Dümaya şöhrət gətirib. 1831-ci ildə nəşr olunan “Antoni” dramında Paris cəmiyyətinin yüksək təbəqəsi tənqid atəşinə tutulub. Yazıçının 30-cu illərdə yazdığı “Kin” (1836) və digər romantik dramları melodram janrındadır, əsərlər çox vaxt xoşbəxt sonluqla bitir.
Dram əsərlərindən sonra Düma məşhur macəra romanları ilə böyük şöhrət qazanır. "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri böyük oxucu kütləsi toplayıb.
Düma çoxlu səfərlər edib, o cümlədən, Qafqaza, Azərbaycana da gəlib. Yazıçı Quba, Bakı, Şamaxıda olub, o cümlədən, Şuşada Xurşidbanu Natəvanla görüşüb. Natəvanın dərin biliyi, şairlik və rəssamlıq qabiliyyəti onu heyran edib. O, Natəvana nəfis fiqurlu şahmat dəsti bağışlayıb. Şairə də öz əl işlərindən bir neçəsini fransız yazıçısına hədiyyə edib. Səfərdən qayıtdıqdan sonra yazıçı qələmə aldığı "Qafqaza səfər" əsərində Natəvanla görüşü xoş xatirələrlə təsvir edir, onu ziyalı, maarifpərvər şəxsiyyət kimi təqdim edib. Qafqaza səfər ona o qədər güclü təsir göstərib ki, Düma hətta Fransada "Qafqaz" adlı qəzet də nəşr etməyə başlayıb.
Böyük yazıçı 1870-ci il dekabrın 5-də vəfat edib, doğma şəhəri Viller-Kotredə dəfn olunub.
çap et