|
|
|
|
Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməkdən yayınan, Rusiyanın ixrac etdiyi enerji resurslarının idxalını artıran Çinin Qərblə münasibətləri pisləşib. Bu isə artıq Çin iqtisadiyyatının geriləməsinə səbəb olub. Çin iqtisadiyyatında problemlər bir-birinin ardınca üzə çıxmağa başlayıb. Öncə daşınmaz əmlak sektorunda böhranlı vəziyyətin yarandığı məlum oldu. Ardınca biznesmenlərin öz fəaliyyətlərini və istehsalı dayandırmalarının kütləvi hal aldığı ortaya çıxdı. Son olaraq isə Çin hökuməti işsizliyin artması və bank əmanətləri ilə bağlı problemlə üzləşib.
Bank əmanətlərini ala bilməyən etirazçıların qarşısını almaq üçün bəzi şəhərlərdə küçələrə ağır hərbi texnikalar, tanklar çıxarılıb. Hakimiyyət orqanları bu addımla narazı bank əmanətçilərinin qarşını almağa nail olsa da, ölkədə vəziyyətin nə qədər pis olduğunu nümayiş etdirib. Bu hadisə ilə əlaqədar sosial şəbəkələrdə yayılan videolarla bağlı şərhlərin birində tarixin təkrar olunduğu qeyd edilir və bununla 1989-cu ildə Tiananmen meydanında baş verən faciəli hadisələrə işarə edilir. Lakin bir fərq var. O zaman Çinin totalitar rejimi demokratiya tərəfdarlarının mitinqlərini zorla dağıtmaq üçün tanklardan istifadə etmişdi. İndi isə bankdan əmanətini götürə bilməyən və buna görə etiraz aksiyasına əl atanlara qarşı hərbi gücdən istifadə edilir. Çində belə fikirlər səslənməyə başlayıb ki, tanklardakı hərbçilər də bankdan pullarını çıxara bilməsələr, nə baş verər?
Bank əmanətçiləri ilə bağlı vəziyyət isə çox ağırdır. Məlumata görə, yalnız bir əyalətdə 400 min əmanətçi bankdakı pullarını ala bilmir. Narazı əmanətçilərin ilk etiraz aksiyasının qarşısını polis qüvvələri ilə almaq mümkün olsa da, ikinci aksiyanı hərbi gücdən istifadə etməklə dağıtmaq mümkün olub. Çində isə 586 bank və maliyyə şirkətinin vəziyyətinin təhlükəli olduğu iddia edilir. Aqrar sahədəki kreditorların üçdə birindən çoxu uğursuzluğa yaxın olan yüksək riskli qurumlar kateqoriyasına aid edilir.
Çində Ümum Daxili Məhsulun artımında ciddi geriləmə müşahidə olunur. Əgər ötən ilin ikinci rübündə ÜDM-nin 7,9 faizlə artımı qeydə alınmışdısa, bu ilin müfaviq dövründə bu göstərici 0,4 faizə düşüb. İqtisadçılar 2022-ci il üçün müəyyən edilmiş 4 faizlik artım proqnozunun da reallaşmayacağını bildirirlər. Halbuki ötən il ÜDM-nin artımı 8.1 faiz olmuşdu.
Bu vəziyyətin yaranmasının əsas səbəblərindən biri kimi sərmayə qoyuluşunun kəskin azalması və kapitalın ölkədən çıxışının sürətlənməsi göstərilir. Məsələn, Çinin dünya liderliyini təmin etmək üçün nəzərdə tutulmuş "Bir kəmər, bir yol" layihəsinə sərmayə qoyuluşu sıfıra düşüb. Bu layihənin gündəmə gəldiyi zamandan bu günə kimi belə hal müşahidə olunmayıb. Məlumatlara görə, Rusiyanın Ukraynaya qarşı müharibəsinə münasibətdə yanlış mövqe səbəbindən Çindən kapital axını təxminən 900 milyard ABŞ dolları təşkil edib. Təhlilçilər hesab edirlər ki, Çin dövlət başçısı Ukraynaya qarşı müharibəyə görə Rusiyanı və onun lideri Vladimir Putini qınamaqdan imtina etdikdən sonra sərmayədarlar Pekinin siyasətindən narazı qalıblar. Hazırda isə Pekinin siyasətindən narazı sərmayədarların Çindən qaçışı müşahidə olunur.
Bu yaxınlarda Honq Konq ofisini bağlayan Ruffer LLP-nin aktivlərini idarə edən Mitt Smit bildirib ki, Qərbin "supertankeri" Çindən üz döndərir". Mitt Smitin qənaətincə, Çin sərmayə qoyuluşu üçün yenidən riskli ölkəyə çevrilib və buna görə sərmayədarlar qaçırlar.
Çinin ümumi borcunun statistikası şəffaf olmadığı üçün dəqiq rəqəm məlum deyil. Professor Viktor Şiyə görə, 2017-ci ildə Çinin ümumi borcu 45,9 trilyon dollar və ya ÜDM-in 328 faizi qədər olub. İqtisadçı Kristofer Baldinq bu rəqəmin 116,6 trilyon dollar və ya ÜDM-in 833 faizi qədər olduğunu iddia edir. İstənilən halda bu, həddindən artıq yüksək haldır.
Belə bir vəziyyət Çin hakimiyyəti daxilində mübarizəni qızışdırır. Siyasi şərhçilər Çin Kommunist Partiyasının payızda keçiriləcək qurultayında şiddətli mübarizənin olacağını ehtimal edirlər. Bir çoxları hesab edir ki, indiki dövlət başçısı Si Cinpinin ənənəyə zidd olaraq hakimiyyətini uzatmaq cəhdi ağır nəticə verəcək. Bəzi təhlilçilər birmənalı şəkildə indiki iqtidarın dəyişməyəcəyi halda Çinin düşdüyü vəziyyətdən çıxış şansının olmayacağını bildirirlər.
Siyasi şərhçilər Çin Kommunist Partiyasının daxilində gedən mübarizədə hökumətin başçısı Li Keqianqı daha şanslı hesab edirlər. Məlumatlara görə, Li Keqianq Si Cinpindən fərqli olaraq Rusiyanın Ukraynaya qarşı müharibəsində münasibətdə Qərblə eyni mövqedə yer almağı daha doğru hesab edir. Çinin nüfuzlu rusiyaşünasları da dövlət başçısının mövqeyini qınayır, hökumət başçısının mövqeyini reallığa uyğun hesab edirlər.
Si Cinpin iqtidarı isə hələlik vəziyyətdən çıxış yolunu cəmiyyətə təzyiqləri artırmaqda görür. İnstaqramın Çin analoqu olan Xiaohongshu dövlət başçısı Si Cinpinin "Adolf Sitler", "Vinni The Poo", "CrownXi" kimi 563 ləqəbinin sosial şəbəkdə istifadəsini qadağan edib. Xiaohongshunun moderatorları Si Cinpinin ləqəbləri yer alan yazıları silir. Çinin sosial şəbəkələrində dövlət başçısı Si Cinpini Alan Aleksandr Milnin uşaq nağılının qəhrəmanı Vinni Pux (Winnie-the-Pooh) ilə müqayisə etmək son zamanlar çox yayılıb. Xiaohongshu isə buna yol verməməyə çalışır. Bütün bunlar Çinin ciddi hadisələr ərəfəsində olduğunu göstərir.