525.Az

Ağalıya dönüş: Böyük Qayıdış yolunda ilk möhtəşəm addım


 

Ağalıya dönüş: Böyük Qayıdış yolunda ilk möhtəşəm addım<b style="color:red"></b>

Birinci Ağalı kəndi füsunkar Həkəri çayının sol sahilində, dağətəyi düzənlikdə yerləşir. Bu kəndə yerli əhali arasında Böyük Ağalı, yaxud Aşağı Ağalı deyilib. Çünki Ağalı nəsli ilk dəfə məhz bu kənddə məskən salıb. Bura həm də gündən-günə böyüyən, genişlənən kənd olub. Sonrada İkinci və Üçüncü Ağalı kəndləri salınıb. İkinci və Üçüncü Ağalı kəndləri də Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. 44 günlük Vətən müharibəsindən sonra azad edilən Zəngilan şəhərinin Ağalı kəndinin bərpasına bir il bundan öncə başlanılıb. Bu ilin əvvəllərində tikinti quruculuq işləri yekunlaşıb. Mayın 27-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. İyulun 19-da isə əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılıb. Proses 4 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə 40-dan çox ailə Ağalıya köçürülub. Onlar arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq.

Kənddə reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ağalıda "Dost Aqropark" fəaliyyət göstərəcək. Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" və DOST, həmçinin, Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub.

Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların "ASAN" və ya "DOST" xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb.

Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş tərəfindən birbaşa videobağlantı ilə "DOST" mərkəzlərinin sosial agentinə müraciət olunacaq.

Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. Bütün bunlarla bərabər, kənddə "Gillmed" tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və orta məktəb inşa edilib.

Ağalıya köçürülən ailələr tibbi müayinələrdən keçirilib. Qeyd edək ki, kənddə ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) fəaliyyət göstərəcək.

Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. İndiyədək 201 nəfərdən ibarət 41 ailə Ağalıya köçürülüb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, Ağalıya qayıdış həqiqətən də böyük tarixi hadisədir. Çünki illər öncə ağlımıza gəlməyən, təsəvvürümüzə oturmayan bir şeylərin baş verdiyini görürük. Bu, həqiqətən Allahın bir möcüzəsidir: "Mən Ağalıda dövlətin, ölkə Prezidentinin nə qədər böyük işlər gördüyünün şahidi oldum. Bəlkə də oranı görməyənlər görülən işlərin miqyasını təsəvvürə gətirə bilmirlər. Orada dəmiryolunun, avtomobil yollarının çəkilməsi, minalardan təmizlənən ərazilərdə əkin-biçin və başqa məsələlərin gerçəkləşməsi, hətta palıd, çinar meşələrinin yenidən bərpa olunması möhtəşəm bir işdir. Ağalı kəndi elə bir gözəl layihə əsasında qurulub ki, bu layihə hər halda bu kəndin yeni bir model, yeni bir başlanğıc olacağını göstərir. İnsanlar orada o şərtlərdə heç vaxt yaşamayıblar. O cür infrastruktur heç vaxt olmayıb və bu, bir nümunədir. Gələcəkdə bu cür infrastrukturun orada genişlənməsinin mümkün olması ilk gedən insanlardan asılı olacaq. Dövlətin böyük himayəsi altında ora gedən insanlar oranı yenidən kəşf etməli, yenidən dəyərləndirməli və oranı Azərbaycan üçün ən önəmli bir məkan olaraq tanıtmalı, qəbul etdirməlidirlər. İnsandan çox şey asılıdır. Oranın təmizliyi, oranın qorunması, orada insanların yaşaması, işləməsi insanların iradəsi ilə bağlı məsələdir. Mən əminəm ki, insanlar bu iradəni göstərəcəklər. Çünki azərbaycanlılar bunu 44 günlük Vətən müharibəsi zamanı göstəriblər. Ağalı kəndinə ilk dəfə məcburi köçkünlərin bu formada qayıdışı digərləri üçün də yolun açılışı deməkdir. Ümid edək ki, bütün məcburi köçkün bacı-qardaşlarımız öz doğma Vətən torpaqlarına qayıdıb oranı yenidən cənnətə, çiçəkli məkana çevirəcəklər".

Millət vəkili Azər Badamov bildirib ki, müharibənin başa çatmasından ötən bir il səkkiz ay dövlətimiz və xalqımız üçün Böyük Qayıdışla bağlı atılmış mühüm addımlarla zəngin olub. Böyük Qayıdış 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və bərpasıdır. O cümlədən, bu ərazilərdə dağıdılmış şəhər və rayonların, binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının inşasıdır: "Ermənilər 30 illik işğal dövründə bütün yaşayış məntəqələrimizi, mədəni və tarixi abidələrimizi bilərəkdən dağıdıblar. Hətta bu ərazilərə səfər edən xarici ölkələrin nümayəndələri erməni vandallıqlarının şahidi olub, Ağdamı "Qafqazın Xirosiması" adlandırıblar. Ərazi bütövlüyümüzün təmin olunduğu qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və 30 illik ağır məcburi köçkünlük həyatı yaşamış vətəndaşlarımızın doğma yurdlarına qaytarılması əsas prioritet elan olunub. Bu məqsədlə 2021-2022-ci illərdə dövlət büdcəsindən 6 milyard manata yaxın maliyyə vəsaiti ayrılaraq bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsinə sərf olunub. İşğaldan azad edilmiş şəhər və rayonlarda tikinti işlərinin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün həmin ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə aparılır. İlk növbədə, kommunikasiyaların keçdiyi ərazilər minalardan təmizlənir. İşğaldan azad olunmuş ərazilərdə qısa zaman kəsiyində böyük infrastruktur layihələri icra edilib. Bu, xüsusilə yolların, tunellərin, körpülərin inşasında, elektrik, su xətlərinin çəkilməsində, kiçik su elektrik stansiyalarının, su anbarlarının, sanatoriya-kurort mərkəzlərinin, hərbi hissələrin inşasında özünü göstərir".

A.Badamov vurğulayıb ki, Prezident işğaldan azad olunmuş əraziləri yaşıl enerji zonası elan edib. Bu ərazilərdə erməni işğalına qədər 30 kiçik su elektrik stansiyası fəaliyyət göstərirdi. Ermənilər işğal dövründə bu stansiyaları darmadağın edib, talayıblar. Artıq bu istiqamətdə də yenidənqurma və bərpa işləri sürətləndirilib. Belə ki, 2021-ci ildə 4 kiçik su elektrik stansiyası bərpa edilərək istismara verilib. Cari ildə isə 5 kiçik su elektrik stansiyasının tikintisinin başa çatdırılması nəzərdə tutulur. Bu ərazilərdə həm də böyük bərpaolunan enerji potensialı mövcuddur. Bu potensial 10 min meqavat gücündə dəyərləndirilir. Artıq BP şirkətinin investisiyası hesabına Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsi razılaşdırılıb. Digər ərazilərdə də külək və günəş elektrik stansiyaları tikiləcək və bu ərazilərin enerji təminatı "yaşıl enerji" hesabına ödəniləcək. "İşğaldan azad olunmuş 5 şəhərin Baş planı təsdiq olunub. Bu şəhərlərin tikintisi müasir şəhər layihələri üzrə həyata keçiriləcək. O cümlədən, Zəngilan rayonunun Ağalı kəndinin "Ağıllı kənd" konsepsiyası üzrə tikintisi başa çatdırılıb, iyulun 19-dan bu kəndə ağalılıların mərhələli şəkildə qayıdışı təşkil olunub. Ağalı kəndi ən müasir şəkildə tikilib və 30 il ağır məcburi köçkünlük həyatı yaşamış insanlar bundan sonra doğma yurdlarında müasir şəraitdə yaşayacaqlar. Bu kənddə 200 ev tikilib, bütün xidmətlər elektronlaşdırılıb, insanlar üçün maksimum yaşayış təmin olunub. Ağalının adı kənd olsa da, buradakı rahatlıq şəhərlərdən də yaxşı səviyyədədir. Yəni Ağalı kəndi işğaldan azad olunmuş ərazilərdə tikiləcək şəhər və kəndlərimizin bir nümunəsidir. Ən əsas məqamlardan biri də Ağalıya qayıdan insanların məşğulluq məsələlərinin qabaqcadan həll olunmasıdır. Bu gün Ağalıya qayıtmaq üçün əşyalarını yük maşınlarına yığan sakinlərin üzündə təbəssüm, sevinc və xoşbəxtlik yaşanır. 29 il əvvəl məcburi köçkün düşən insanlar bundan sonra Ağalıda nişan və toy mərasimləri təşkil edəcəklər. Ağalılıların sevincinə məcburi köçkünlər, o cümlədən, bütün Azərbaycan xalqı sevinir. Çünki işğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq proseslərindən sonra köçkünlərimizin ilk qayıdışı Ağalıya oldu. 29 il doğma yurduna qayıtmağı xəyal edən məcburi köçkünlərin arzuları Ağalıda reallaşmağa başladı".

Millət vəkili Elman Məmmədovun dediyinə görə, 30 illik işğaldan sonra qısa müddət ərzində böyük bir kəndin yenidən, "Ağıllı kənd" standartları səviyyəsində tikilib, istifadəyə verilməsi və oraya əhalinin qayıdışının təmin olunması ölkə Prezidenti cənab İlham Əliyevin apardığı çox uğurlu siyasətin nəticəsidir: "Bütün bərpa işləri dövlətimizin iqtisadi gücündən, imkanlarından xəbər verir. Heç bir beynəlxalq qurumun, xarici dövlətin yardımı olmadan ölkəmizin qısa zamanda kəsiyində öz gücünə  ərazilərin təhlükəsizliyinin təmin olunması, minalardan təmizlənməsi, yüksək səviyyədə quruculuq işinin aparılması asan deyil. Böyük qayıdışla yanaşı, köçəcək olan əhalinin işlə təminatı məsələsi artıq həll edilib. Eyni zamanda təhsil, səhiyyə, rabitə, kommunikasiya məsələlərinin hər biri kompleks şəkildə qaydasına salınıb. Bu, "Böyük köç"ün, qayıdışın başlanğıcıdır. Ermənilər həmin ərazilərin bizimki olduğunu deyirdi. 30 il ərzində məscidlərimizə, qəbiristanlıqlarımıza nifrət edirdilər. Bəs digər tikililəri niyə söküb, dağıdır, suyumuzu çirkləndirir, torpaqlarımızı zəhərləyirdilər?! Bu suallar və cavabları düşmənin vandal, aciz olduğunu bir daha təsdiq edir. Hazırda Ağalıya qayıdış başlayıb. Yaxın zamanlarda digər şəhərlərimizə, kəndlərimizə də dönəcəyik".

Sevinc QARAYEVA

 





27.07.2022    çap et  çap et