525.Az

Qara dənizin taxıl dəhlizlərinə elegiya - İbrahimxəlildən yeni şeir


 

Qara dənizin taxıl dəhlizlərinə elegiya -<b style="color:red"> İbrahimxəlildən yeni şeir</b>

Minalanmış ümidlərnən
necə üzüm indi, dəniz?
Mən bir köhnə taxılçıyam;
dərdim də dən-dəndi, dəniz!

Balaca qalar çinarlar
çidar-çidar həyəcannan.
Mən bir köhnə taxılçıyam:
arpa, buğda, çovdar cannan.

Uzaq limanlarda səsim 
yaralı yarpaq ovşarı.
Sənin taxıl dəhlizlərin
şumlanmış torpaq oxşarı!

Dən ayırdım əkmək üçün
sularamı səpim indi!..
Necə üzüm indi, dəniz,
səni necə öpüm indi?

Həqiqət toxumlarından
güllələr nə anlar, dəniz?
Yaş dolu gözlərim hər gün
üzümü çox danlar, dəniz...

 

 





27.07.2022    çap et  çap et