525.Az

"Peşə təhsilinin əhəmiyyəti hər keçən gün daha da artır"


 

SELCAN AĞASƏRKARİ: "REGİONLARDA İNSANLAR, XÜSUSİLƏ GƏNCLƏR, ÖZLƏRİNİ İNKİŞAF ETDİRMƏYƏ, SAHƏLƏRİNDƏ DAHA DA PROFESSİONALLAŞMAĞA MARAQLIDIRLAR"

"Peşə təhsilinin əhəmiyyəti hər keçən gün daha da artır"<b style="color:red"></b>

Yaxın zamanlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ("Mərkəz") və "VLM AND PARTNERS" hüquq və konsultasiya şirkəti tərəfindən "Praktiki bilik - dayanıqlı gələcək" adlı olduqca önəmli və cəmiyyətimiz üçün faydalı layihə həyata keçirildi. Müsahibimiz layihənin rəhbəri Selcan Ağasərkaridir. Selcan xanımla layihənin məqsədi, yaranma səbəbləri və nəticələri haqqında geniş söhbət etdik:

 

 

- Selcan xanım, istərdik əvvəlcə layihə haqqında geniş məlumat verəsiniz. Layihə nələri hədəfləyir?

- "Praktiki bilik - dayanıqlı gələcək" adlanan Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ("Mərkəz") və "VLM AND PARTNERS" hüquq və konsultasiya şirkəti tərəfindən birgə icra olunur. Bildiyimiz kimi, müasir dövrdə yeni texnologiyaların tətbiqi, sənayedə formalaşmış yeni trendlər, əmək bazarının tələblərinin dəyişməsi peşə təhsilinin əhəmiyyətini artırmaqla bərabər, onun qeyd olunan dəyişikliklərə uyğunlaşmasını da tələb edir. Layihə də məhz bu ehtiyacın qarşılanmasına: Mərkəzdə peşə təhsilinin müasir sənayenin tələblərinə uyğunlaşdırılmasına, peşə təhsilinə özəl sektor investisiyalarının cəlb edilməsinə, peşə təhsilinə marağın artırılmasına və Mərkəzin maliyyə dayanıqlılığının gücləndirilməsinə istiqamətlənmişdi.

- Seçim olaraq niyə məhz Qəbələ Dövlət Peşə Məktəbi?

- Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi həm yerləşdiyi regionun potensialı, həm də maddi-texniki infrastrukturu baxımından ölkə üzrə yetərincə perspektivə malik təhsil müəssisələrindəndir. Eyni zamanda, ötən il Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış peşə təhsili sahəsində əməkdaşlığa dair Protokola əsasən, Türkiyə modeli üzrə fəaliyyət göstərəcək müəssisələrdən biri olması inkişaf potensialını daha da artırır. Mərkəz subbakalavr dərəcəsi verən yüksək texniki peşə ixtisasları üzrə də tələbələr hazırlamağa başlayıb. Təhsil müəssisəsində yalnız Qəbələdən deyil, digər bir çox regionlardan da tələbələrin təhsil alması, bu müəssisəni regional inkişaf cəhətdən önəmli edir. Mərkəzin belə bir potensiala malik olması və regionlarda əmək bazarının inkişafına töhfə verəcək olması onun gələcək fəaliyyətində dayanıqlı inkişafını təmin etmək üçün işlər görülməsini zəruri edir. Bütün bu faktorları göz önündə tutsaq, layihənin əhəmiyyəti bir daha aydınlaşmış olur.

- Gənclərə təlimlər kim tərəfindən keçirilirdi?

- Mərkəzdə təhsil alan tələbələr, eləcə də Mərkəzin müəllim heyəti üçün may ayının 15-dən 21-dək silsilə təlim və master-klaslar təşkil olundu. Bu tədbirlərin əsas məqsədi tələbələrin müvafiq ixtisaslar üzrə yeni baxışlar qazanması, praktiki bacarıqlara yiyələnməsi, digər tərəfdən isə tədris keyfiyyətinin yüksəldilməsi olmuşdur. Qeyd olunan tarixlərdə tələbələr üçün Tural Məhərrəmov tərəfindən "İş şəraitində əmək, təhlükəsizlik və sağlamlıq qaydaları - SƏTƏMM", Nicat Manafov tərəfindən "İnnovativ Bizneslərdə Yer Almaq", Fərid Mustafayev və Müşfiq Səmədli tərəfindən "Turizm. Turizmdə peşələr və bələdçilik", Həvva Səfərova tərəfindən "Turizm sahəsində biznesin təşkili", Rasim Nəcəfov tərəfindən "Qida təhlükəsizliyi, HACCP", Sara Rəcəbli tərəfindən "Sosial Sahibkarlıq", Fərrux Rəhimli tərəfindən "Otel Menecmenti", Anarə Zakirli tərəfindən "Tikiş istehsalı", Emin Hüseynzadə tərəfindən "Kompüter texnologiyalarının əsasları", İlkin Qəhrəmanlı tərəfindən "Bağçılıq", Aytəkin Tağıyeva və Xalıq Cabbarov tərəfindən "İş həyatına hazırlıq"/"Şəxsi inkişaf və karyera planlaşdırma" mövzularında təlim və master-klaslar təşkil olunmuşdur. Bununla yanaşı, həmin həftə boyu Günel İsmayılovanın "Nağılçı" layihəsi ilə birgə uşaqlar üçün kukla tamaşaları və "Hekayələrin təhlili: kukla və uşaqlarla fəlsəfə" mövzusunda master-klass təşkil edilmişdir.

- Bildiyim qədərilə layihədən Qəbələ Peşə Məktəbinin müəllim heyəti də faydalanıb. Onların bu prosesdə iştirakı nədən ibarət oldu?

- Müəllim heyəti layihənin müxtəlif mərhələlərində aktiv iştirak edib. İlkin olaraq, Mərkəzin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı digər təhsil müəssisələrindən olan mütəxəssislərlə keçirilmiş görüşlərdə Mərkəzin pedaqoji heyəti də yer almışdı. Məhsulların istehsalı prosesində Mərkəzin ustaları və müəllimləri də öz töhfələrini verdilər. Bundan əlavə, may ayında müəllimlər üçün İlahə Rəsulova tərəfindən "Öyrənmə və Öyrətmə Motivasiyasını Necə Yaradaq?", Könül Pirverdiyeva tərəfindən "Yeni Nəsil Siniflərdə Müasir Təlim Metodlarının Tətbiqi" mövzusunda təlimlər keçirildi.

- Layihə çərçivəsində, həmçinin, müxtəlif əşyalar hazırlanıb. Bu əşyaların hazırlanma məqsədi nədir və sonrakı aqibətləri necə olacaq?

- Anarə Zakirli tərəfindən Mərkəzdə təşkil olunan "Tikiş istehsalı" master-klassı çərçivəsində bir sıra məhsullar hazırlandı. Həmin məhsullara qadın geyimləri, ekoçantalar və başqa tikiş məhsulları daxildir. Qeyd olunan məhsullar daha sonra satışa çıxarılacaq. Qeyd edək ki, yaxın zamanda Mərkəzin vebsaytında (gabalaptm.edu.az) yaradılacaq onlayn kataloq vasitəsilə izləyicilər Mərkəzdə istehsal olunan məhsullarla daha rahat tanış olmaq və onları əldə etmək imkanı qazanacaqlar.

- Layihənin bu qədər uğurlu olmasının, sizcə, səbəbi nədir?

- Daha öncə də qeyd etdiyimiz kimi, peşə təhsilinin əhəmiyyəti hər keçən gün daha da artır. Müəssisələr daha peşəkar kadrlara ehtiyac duyur. Bunun təmin olunması da peşə təhsil müəssisələrinin üzərinə düşür. Layihəni icra etdiyimiz altı ay ərzində şahidi olduq ki, regionlarda insanlar, xüsusilə gənclər, özlərini inkişaf etdirməyə, sahələrində daha da professionallaşmağa maraqlıdırlar. Bu cür layihələr gənclərə bu sahədə istiqamət verdiyindən onların da böyük marağına səbəb olur. Bundan əlavə, layihənin mövcud problemləri müəyyən etməsi, onların həlli üçün fokuslanmağı da müsbət nəticələr əldə olunmasına gətirib çıxardı. Bununla yanaşı, peşə təhsilinin inkişafı və ona marağın artırılması üçün ölkə üzrə çox işlər görülməli olduğunu hesab edirik.

- Bu cür əhəmiyyətli layihəyə cəmiyyətin reaksiyası necə oldu?

- Layihənin icrası müddətində təşkil etdiyimiz tədbirlər sosial mediada və KİV-də geniş şəkildə işıqlandırıldı. Bütün bu proseslər ərzində həm ictimaiyyətdən, həm əməkdaşlıq etdiyimiz qurum və müəssisələrdən, həm də tələbələrdən çox müsbət geri dönüşlər aldıq. Özəl şirkətlər kadr ehtiyaclarını ödəmək üçün peşə təhsilli gənclərə ehtiyac duyur və bu istiqamətdə peşə təhsili müəssisələri ilə əməkdaşlıqda, bacarıqlı tələblərin seçilərək işə cəlb olunmasında maraqlıdır. Düzgün koordinasiya olunmuş əməkdaşlıq strategiyası ilə bu cür müəssisələr və sahibkarlar peşə təhsil müəssisələri ilə işləməyə cəlb oluna bilər. Cəmiyyətin, gənclərin peşə təhsilinin önəmi ilə bağlı maarifləndirilməsi onlarda bu istiqamətdə marağı daha da artırır. Düşünürük ki, peşə təhsilli kadrların məşğulluq səviyyəsinin artırılması ilə bağlı görülən işlər gənclərin peşə təhsilinə yönəlməsini sürətləndirəcək.

- Gələcəkdə fərqli layihələr həyata keçirmək niyyətiniz varmı? Ya da bu layihəni başqa peşə məktəblərində davam etdirməyi düşünürsünüzmü?

- Biz, "VLM AND PARTNERS" şirkəti olaraq ölkədə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərə, fərdi sahibkarlara, eləcə də dövlət müəssisələrinə hüquq və konsultasiya xidmətləri göstəririk. Fəaliyyətimiz çərçivəsində bu cür sosial layihələri də uğurla həyata keçiririk və bundan sonrakı fəaliyyətimizdə də bu istiqamətdə davam etməyi düşünürük. Digər peşə təhsil müəssisələrinin prosesə cəlb olunmasını və Layihənin daha geniş auditoriyanı əhatə etməsində maraqlıyıq. Bu cür imkanlar yarandığı təqdirdə, gələcəkdə də cəmiyyətin və təhsilimizin inkişafına töhfə verəcək layihələrin icrasında yer almaqdan məmnunluq duyarıq.

Şahanə MÜŞFİQ

 





27.07.2022    çap et  çap et