525.Az

Kapadokiya - atlar ölkəsi - HƏCƏR yazır


 

MÖCÜZƏLİ MAĞARALAR

Kapadokiya - atlar ölkəsi - <b style="color:red"> HƏCƏR yazır</b>

(II yazı)

 

Kapadokiyaya səfərimizə o qədər də həvəs göstərmirdim. Düzü, bölgə haqda məlumatım az idi. Sadəcə hava balonları, mağaralar haqda səthi bilirdim. Gecə yola düşdük, səhər hava işıqlaşanda necə bir sirli, sehrli məkana gəldiyimizin fərqinə vardım. Sevindiyimdən uşaq kimi çığlıq atmaq istədim. İlahi, bu nə gözəllik, necə qəribə, möhtəşəm yerlər, necə əsfanəvi görüntülər! Ruhumla, maraq dairəmlə bağlı möcüz bir məkandaydım. O qədər seyrəklik, genişlik və sakitlikdir ki. Bir nəfər də qara-qura adam yox. Şəhərə daxil olanda Vüsal bəy Kapadokiyada bir neçə çoxseriyalı filmlərin çəkildiyi evləri göstərdi. Maraqla başqa məlumatları da gözləyirdim.

Səyahət zamanı bizə burda bələdçilik edən Ferhat Akbaş mikrofonu götürdü. Həvəslə, dayanmadan, söhbətini maraqlı etmək üçün yumorla bəzəyib çıxışına başladı. Milyonlarla illik tarixi olan məlumatda tarixi xronologiyaya ciddi-cəhdlə əməl edir, heç bir bilgini unutmamağa çalışırdı. Bu məqaləni yazanda quqldan axtarış apardım, onun danışdığı məlumatlar yox idi. Sağ olsun, yenə köməyimə özü çatdı. Sizə milyonlarla illər əvvəldən qısa və maraqlı bilgiləri danışacağam.

Kapdokiyada eramızdan 3000-5500 il əvvələ qədər yaşayış məskənlərinin olduğu məlumdur. Bu bölgənin adına qədim amasiyalı coğrafiyaşünas Strabonun əsərində rast gəlinir. Həmçinin, İranın Kirmanşah və Həmədan şəhərləri arasındakı Bisütun dağındakı qayaüstü yazılarda bu ada rast gəlmək olur. Hökmdar Dara fars, elam və akadca e.ə. 516-cı ildə bir zəfərini əbədiləşdirmək üçün Bisütuna hakimiyyəti altına aldığı ölkələrin adını yazmışdır. Kapadokiya da onlardan biridir.

Bölgə Üçhisar, Göreme, Avanos, Ürgüp, Derinkuyu, Soğanlıdan ibarət böyük ərazidir. Burada dünyanın ən gözəl atları yetişdirilmişdir. Bir məlumata görə, Kapadokiya sözü gözəl atlar ölkəsi mənasını verən Katpatukanın sonralar Kapadokiya şəklinə düşməsindən yaranmışdır. Qədim mənbələrdə sözün leksik mənasının müxtəlif izahlarına da rast gəlmək olur. Tarixçi Pliniusa görə, buraya Kapadokiya adlı gölün adı verilmişdir. Bir salnamədə isə Assur kralı Niniasın Kappadoks adında oğlu olmuş və bölgə adını burdan qaynaqlanmışdır. Roma hakimiyyəti dövründə təşkil edilən əyləncəli at yarışları üçün Kapadokiyada yetişdirilən at cinslərindən istifadə olunduğu barədə də məlumatlar vardır. Bu sahədə təcrübələrini gil lövhəciklərə yazıb nəsildən nəslə ötürən yerli hititlər Mitannidən ən təcrübəli ustaları gətirmiş, gözəl at cinsləri yetişdirmişlər. Qədim bir məlumatda yazılır ki, yerli aborigen tayfalar olan hititləri əsarət altına alan Dara əhali üzərinə hər il 50 min at, 30 min qatır vergisi qoymuşdu.

Kapadokiyadakı Erciyez (3916) dağında və Hasandağda (3268) daim vulkan püskürmələri olduğu üçün farslar Zərdüşt dinindən gəlmə inanclara görə, bu dağları müqəddəs saymışlar. Ərazi 25 min kvadrat kilometrlik böyük sahədən ibarətdir. 25 milyon il əvvəldən başlamış bu günəcən davam edən vulkanlar ərazinin geoloji-fiziki quruluşunu tamamilə dəyişmişdir. Tuf, bazalt, tuffit, kül, qumdaşı, aqlomera və s. kimi süxurlar yer üzünə çıxaraq bərkimiş, metamarfozlaşaraq 100-150 metr qalınlığında sərt təbəqə yaratmışdır. Erciyez və ətrafda bir neçə vulkan ocaqları zamanla burada fəaliyyətdə olmuş, üst Paleolitdən başlayaraq Kızılirmak, Melendiz və Mavrıcan çayları lavanın əmələ gətirdiyi süxurları aşındırmış, yer müasir nağılvari görkəmini almışdır. Erciyez-Argaios parıldayan dağ anlamına gəlir. Strabonun yazdığına görə, Erciyezə qalxan hər kəs həm Pontusu-Qara dənizi, həm də İssikosu-Ağdənizi görə bilər. Hazırda Erciyez Anadoluda fəaliyyətə başlaması mümkün olan yeganə vulkandır.

Vadi yamaclarından enən sel suları yuyulan qum, kül, gil süxurlarını aşındırmış, həll olmayan digər süxurlar isə bərkiyib qalmış, Pəri bacaları deyilən çox qəribə, möcüzəli görkəmli görüntülər yaranmışdır. Ən çox Ürgüp civarında olan Pəri bacalarında şapkalı qayalar daha çoxdur. Alt qatlar yuyulub aşınmış, aşınmaya məruz qalmayan sərt süxurlar üst qatda qalaraq maraqlı formalı, şapkalı qayalıqlar silsiləsi yaratmışdır. Buraya gələn turistlər cürbəcür formalı qayalara baxaraq ideyalar irəli sürür,  xəyalən rəngarəng təsvirlərə bənzədirlər. Məsələn, rəqs edən cütlüklər, sahibinin arxasınca qaçan köpək, söhbət edən cütlük (kişi başını bir qədər qadına sarı əymiş, qadın danışır), çiçək yığan qız və s. Ürgüp-Üçhiar-Avanos üçbucağı arasında daha çox bulunan Pəri bacalarına Hayalet vadisi deyirlər. Həmçinin Nevşehir, Aksaray, Kayseridə vadi yamaclarında aşınmanın yaratdığı ağ, sarı, çəhrayı rəngli mənzərələr çox ilgincdir.

Böyük İpək yolunun üzərində olan bu bölgə hər zaman diqqət mərkəzində olmuş, zamanla müxtəlif tiranların döyüş meydanına çevrilmişdir. Çindən başlayaraq Anadolu və Ağ dəniz vasitəsi ilə Avropaya qədər uzanan ipək yolu təkcə ticarət yolu deyil, həmçinin, şərqdən qərbə, qərbdən şərqə yayılan dinlərin, mədəniyyət və elmin, orduların yolu olmuşdur. Uzaq Şərqdən gətirilən ipək və ədviyyat Qərb dünyası üçün önəmli rol oynamışdır. Orta əsrlərdə ticarət karvanları Çinin Sian bölgəsindən keçərək Özbəkistana və Kaşğara, burdan isə iki qola ayrılaraq biri Əfqanıstandan Xəzərə doğru, digəri isə Qaraqurum dağlarını aşaraq İrandan keçib Anadoluya çatdırılır, burdan Trakya üzərindən quru yolu ilə Avropaya göndərilirdi. Kapadokiya bölgəsi tarixən müxtəlif dövlətlərin tərkibinə daxil olsa da, tranzit ticarət yolu kimi əhəmiyyətini həmişə saxlamışdır.

Kapadokiyanın ən qədim sakinləri olan hititlərin dini çoxtanrılıçılıq olmuşdur. Bəzilərini özləri yaratdıqları, bəzilərini qonşu xalqlardan götürdükləri yüzlərlə tanrı və tanrıçaları insan cildində təsəvvür edir, şəkillərini insana bənzədirdilər. Tanrı-insan münasibətlərini ağa və xidmətçi münasibətləri ilə eyniləşdirirdilər. Hititlərin inancına görə, baş tanrı fırtına tanrısı Teşupdur. Teşup kainatın düzənini saxlayan, dövləti və ölkəni qoruyan tanrı kimi təsvir olunurdu. Hititlərin tanrı heykəli və təsvirlərinə Suriya da daxil olmaqla Anadolunun hər yerində rast gəlmək olur.

lll

Məlumatları dinlədikcə qulaqlarıma at ayaqlarının tappıltısı, qədim hitit döyüşçülərin qılınclarının cingilti səsləri gəlir. Kapadokiyada maraqla seyrinə daldığımız Üçhsiara yollanırıq. Zirvədəki türk bayrağının möhtəşəm görüntüsü uzaqdan diqqətimizi cəlb edir. Buradakı təbii mağaraları yonub yaşamaq üçün əlverişli hala salan insanların bəzisi hələ də bu mağaralarda yaşamağa davam edir. Hər turistdən aldıqları 8 lirə (80 qəpik) ilə həyatlarını təmin edən sakinlər həvəslə məlumat verirlər. Özləri düzəltdikləri müxtəlif formalı hədiyyələri çox ucuz qiymətə turistlərə təqdim edirlər. Gözlərində qədim, dərin, doymuş, sakit və ilahi bir parıltı var. Ətrafda çoxlu göyərçinlər var. Yaxınlaşıb onlara dən verməmizi gözləyirlər. Göyərçinlər bölgə əhalisinin həyatında min illər önəmli rol oynamışlar. Mahir təlimçilər quşlara təlim vermiş, poçt vasitəsi kimi itifadə etmişlər. Həmçinin, saxlanan on minlərlə göyərçinin yumurta və ətindən müharibə və mühasirə zamanı  istifadə etmişlər.

Ferhat əfəndi məlumatda bildirdi ki, Üçhisarda bir gecəsi 3 min avroya, krantlarından şərab, şampan, viski və sair içkilər süzülən bahalı otellər fəaliyyət göstərir. Məlumatı dəqiqləşdirmək üçün axtarış apardım: "Aydinli Cave Hotel" - 206 AZN, "Atens Cave Suites" - 332 AZN, "Carus Cappadocia" - 665 AZN. Qiymətlər kifayət qədər baha, cəlbedicidir.

Səfərimizin zirvəsi hesab etdiyim bir dönəmə gəlib çatırıq: Kapadokiyanın yeraltı mağara-şəhərinə. 1964-cü ildə kəşf edilmiş mağaraya, sanki min illərin o tayına qədəm qoyuruq. 40 minəcən adamın yaşadığı, kanalizasiya problemini xüsusi bir şəkildə yoluna qoyan, qida və su ehtiyatlarını qənaətlə sərf edən, bu böyüklükdə yeraltı şəhəri düşməndən məharətlə gizləyən hititlər. Şəhərin hündürlüyü 68 metrdir. Bu, kiçik rəqəm deyil. Təsəvvür edin, yerin altında bir neçə mərtəbə küçələri olan 68 metr hündürlükdə şəhər. Təbii mağaraları yonub saysız-heabsız otaqlar düzəldən sakinlər keçidləri, aşağı mərtəbələrə enən "lift"ləri, ümumi mətbəx və yataq, ibadət otaqlarını elə məharətlə düzəldiblər ki, qədim insanın zəkasına heyran qalmamaq olmur. Divarlar ağ süxurlardan ibarət aşınmayan, bərk materialdır. Ümumi mətbəxin divarları qalın his bağlamışdır.  Otaqlar adam hündürlüyündən 4-5 qarış çox olar. Otaqların birinə qədəm qoyanda ayağımız suya batır: demək, kondensasiya - o biri otaqların hamısından qalxan nəm hava burada suya çevrilir. Yəqin, elə buna görə su saxlanan hovuzu burda yonub düzəldiblər. Mağara-şəhərin giriş qapısı yanına iri dəyirman daşına bənzər, çəkisi 800-1000 kq-a çatan, ortası deşik iri daş söykənmişdir. Bu daş giriş qapısından içəri girə bilməzdi. Fərqli materialdan düzəldilən daşı buraya necə gətiriblər deyə çox təəccübləndik. Daşın ortasındakı deşik hücum edən düşmənə ox atmaq üçünmüş.

Mağarada səyahətimizi bitirib çölə - sanki min illərin o yanından bu günə çıxırıq. Gözlərimiz qamaşır. Burda da kasıb görünüşlü adamlar hədiyyəlik müxtəlif əşyaları satmaq üçün üstümüzə yüyürürlər. Kapadokiyada torpaq verimli deyil. Əkin sahələri çox məhduddur. Lakin Tanrı sanki əlini uzadıb burdakı bəndələrinə yerin altından üstünə çıxardığı nemətləri təqdim etmiş, yaşamaq vasitəsi üçün onlara bacarıq vermişdir.

Kapadokiyaya gələsən, hava balonlarına minməyəsən, bu, heç insafdan deyil. Amma qismət də var. Həmin gecə pəncərəni açıq qoyduğum üçün saçlarım yaş olduğundan başıma güclü soyuq dəymişdi. Siyahıya yazılanlar saat 4-dən oyanıb getdilər. Xəstəlik elə bil məni görmüşdü. Bu da bu səfərdə həyata keçməyən ikinci arzum oldu. O möhtəşəm mənzərəni seyr etməkdən, havada nazla süzən müxtəlif rəngli balonları görmək ləzzətindən məhrum oldum.

Kapadokiyada bir balon səfəri 160 avrodur. Dünyanın ən böyük balon uçurma məkanı da Kapadokiyadadır. Bir dəfəyə 200 ədəd balon havaya qalxa bilir. Hava məlumatını ciddi öyrənir, küləyin sürəti 10 km-dan çox olduqda səyahəti təxirə salırlar. Burada hava uçuş üçün həmişə əlverişlidir: ilin 280 günü. Balon uçurma zamanı baş verən qəza vəziyyətlərindən, müxtəlif hadisələrdən çox gülməli əhvalatlar danışan Ferhat Akbaş həm də balon uçurma qaydaları haqda ətraflı məlumat verir.

Balonla səyahətim mümkün olmasa da, kvadratsikllə yarışdan imtina edə bilməzdim. Kvadratsikllər dördbucaqlı motosikletlərdir. Nəzarətçilər hər birimizə yanaşıb maşının işləmə qaydalarını izah edirlər: çox sadə imiş - sürət, qaz və əyləc, vəssalam. İştirakçıları bir sıra ilə düzüb ara  məsafəsi saxlamaqla start verirlər. Məndən sonraya qalan 7-8 nəfər turist yoldaşlarım nəzarətçilərin qabağa keçməsindən istifadə edib sürəti artırdılar və məni ötüb irəli cumdular. Toz-duman da hər yeri bürüyüb. Hövsələm bir qırıq oldu. Dedim, qayıdanda heyifimi çıxacam. Qayıdanbaş hamını irəli buraxıb gözlədim ki, hamı uzaqlaşsın, həm sürətli gedişlə start yerinə çatıb ləzzətini çıxarım, həm də yolun tozuna batmayım. Ancaq nəzarətçilər mənim onlardan çox geridə gözlədiyimi görüb: "Bayan, bekleme, haydi, gel, beklemek olmaz", - deyib çağırdılar. Qaldım naəlac. Motoru işə salıb sürəti birdən-birə artırdım. Dəstənin yanından keçib irəli cumdum. Nəzarətçilərin biri sağ, digəri sol tərəfdən təqib etməyə başladı. Düşünmüşdüm ki, onlar mənə çatana qədər start verilən yerə çataram. Ancaq nəzarətçilər əl çəkmək fikrində deyildilər. İki dar təpənin arasında biri məndən qabağa keçə bildi və qarşımı kəsdi (görünür, marşrutu qəsdən ordan salmışdılar ki, sözə baxmayanları orda tuta bilsinlər, bunu nəzərə almamışdım). Qanım tamam qaraldı. Yenə sıra ilə hərəkət edən dəstənin içində getmək məcburiyyətində qaldım. Avtobusda danışmaq üçün turist yoldaşlarıma mövzu vermişdim: "Gördüm, yanımızdan bir qara paltarlı güllə kimi elə ötdü. Sonra baxam ki, müəllimə. İnanmadım ee" - deyə sakit və hamını qayda-qanuna əməl etməyə çağıran müəlliməyə təəccüblərini bildirirdilər. Daha demirlər ki, müəllimə də hərdən "qanun"ları pozmağa məcbur olur "toz-torpağa" batmamaq üçün.

Kvadratsikl yarışlarının 40 dəqiqəsi 200 lirədir (20 manat). Bakıdan çox ucuz.

Növbəti yazıda (Dulusçu oğlu və toxucu qızı) sizə Göreme və Avanos haqda maraqlı məlumatlar verəcək, rəvayətlərdən bəhs edəcəyəm. Oxumadan keçməyin, əfəndilər.

 

 

 





27.07.2022    çap et  çap et