Aygün BAYRAMLI
Mən torpağam...
Bir də baxdın,
Çürüyüb torpağa qarışmışam,
Bir də görərsən
Torpağa dönmüşəm mən.
Nə qeyri-adi işdi?
Torpaqdan yarananda
Torpağa dönəcəkdim,
Bir gün yaranmışamsa,
Bir gün də öləcəkdim.
Kaş elə torpaq olum,
Üstümü gül bəzəsin.
Görüm bu dünyanın mən
Hər köhnəsin, təzəsin...
Kaş torpağa dönəm,
Qarışam lap diblərə,
Gedib lap uzaqlardan
Qohum-əqrəbalara
Deyəm ki,
mən gəlmişəm
sizinlə görüşməyə...
Kaş torpağa dönəm,
Dalam ən dərinlərə,
Ölənlərlə görüşəm...
Torpaq olmaq yaxşıdı,
Hamı bərabərləşir,
Qalır yerin üzündə
Lap qızıldan taxtlar da
Ən bəxtəvər baxtlar da,
O ən yaxşı vaxtlar da,
Torpaqda eyniləşir.
Torpaq olmaq çətindi,
Mən torpağam,
Üstümdə, tonlarla binalar var,
Dərələr var, dağlar var,
Qurulmuş yurd-yuvalar,
Salınmış bağçalar var,
Ən əsası, insanlar var!
Mən torpağam,
Bu qədər zamana dözmüşəm,
Cahana dözmüşəm,
İNSANa dözmüşəm!
Tanış adam
Sən hardansa bir yerdən
Mənə tanış gəlirsən,
Gözlərinmi tanışdı,
Baxışınmı - bilmirəm.
Elə bil ki, hardasa
Tanımışam, görmüşəm.
Sözündə bir doğmalıq,
Səsində bir istilik,
Kaş çoxdan tanıyaydıq,
Kaş çoxdan görüşəydik.
Sənə qədər nə boyda
Zaman itirmişəm mən.
Həsrət əzizləmişəm,
Kədər bitirmişəm mən.
Bu nə əziz baxışdı,
Bu nə doğma gülüşdü!
Deyirəm ki, nə yaxşı,
Nə yaxşı ki, görüşdük.
Tapdıq bir-birimizi
Adamlar arasında.
Xəbislər arasında,
Nadanlar arasında.
Bilirsənmi, çətindi
Bu boyda yer üzündə
İstədiyin adama
Bir anda rast gələsən,
Sevəsən, seviləsən...
Deyirəm ki, əzizim,
Nağıl kimi adamsan...
lll
Gəl uçaq...
Mən sevincdən,
Sən azadlıqdan,
Qağayı...
Mən xoşbəxtliyi qucaqlayım,
Sən səmaları...
Sənin xoşbəxtliyin uçmaqdır,
Mənim uçmağım xoşbəxtlikdən...
Bu dünyada hər yaranan ötəridir,
Yaşananlar quş ömrüdür, köçəridir.
İnsan elə doğulandan
xoşbəxtliyə qaçmır ki!
Quşlar da siz bilən kimi,
Xoşbəxtlikdən uçmur ki!
Gəl uçaq, qağayı...
Bakıya salam söylə...
Bakıya salam söylə
Səhər gözün açanda
Göy Xəzərin köksünə
Qağayılar
uçanda
Xəzərə çatdır mənim
Sevgi-məhəbbətimi.
De ki, mən ona verdim
Bütün səadətimi...
Küləyini mənimçün
İyləyib qoxlayarsan
Mən gəlib çatanacan
Sinəndə saxlayarsan...
Məni qarış-qarış gəz
Hər küçə-döngəsində
Yaz adımın baş hərfin
Xəzərin sahilinə,
Bakıya salam söylə...
çap et