Azərbaycan "D-8" ("İslam səkkizliyi) təşkilatına üzv olmaq üçün müraciət edib. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazirin sözlərinə görə, "D-8"in güclənməsinə və genişlənməsinə ehtiyac var:
"Azərbaycan təşkilata üzv olmaq üçün müraciət edib. Məsələn, biz təşkilatı genişləndirib "D-20"yə çevirə bilərikmi? "D-8"ə sədrlik etdiyimiz dövrdə bunun üzərində işləmişik. Üzvlük kriteriyalarını dəqiqləşdirmək lazımdır".
"İslam Səkkizliyi"nin əsas hədəf və məqsədləri nədir və Azərbaycanın üzvlüyü təşkilatın işinə, eyni zamanda ölkəmizə hansı töhfəni verə bilər? Əvvəlcə qeyd edək ki, "D-8" Banqladeş, Misir, Nigeriya, İndoneziya, İran, Malayziya, Pakistan və Türkiyə arasında əməkdaşlığın inkişafı üçün yaradılmış beynəlxalq təşkilatdır. Bu qurumun yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb. 1997-ci il iyunun 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşündə "D-8" rəsmi olaraq təsis edilib. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya "Böyük iyirmiliy"in (G-20) üzvüdür. "D-8"in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir. Hazırda təşkilata Banqladeş sədrlik edir.
2017-ci ildə İstanbulda keçirilən doqquzuncu Zirvə görüşü ilə "D-8"in fəaliyyətinin 20 illik dövrü əhatə edən birinci mərhələsinə yekun vurulub, yeni mərhələ üçün hədəflər və fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib.
Azərbaycan bu gün regionda lider dövlət olmaqla yanaşı, beynəlxalq müstəvidə də böyük nüfuza malikdir. Xüsusilə Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar regional və beynəlxalq əməkdaşlıq üçün imkanları daha da artırıb. Azərbaycanın enerji, logistika, nəqliyyat və digər sahələrdəki rolu onu daha da cəlbedici edir. Başqa əhəmiyyətli məqam isə ölkənin siyasətdə ədalətli mövqe sərgiləməsi, haqlının yanında olması, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipini birmənalı olaraq dəstəkləməsidir. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların güclənməsində, inkişafında, islahatların aparılmasında öz töhfəsini verir, yeni təşəbbüslər, təkliflərlə çıxış edir. Bu gün hər kəs etiraf edir ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatında həmrəylik və təşkilatın nüfuzu xeyli güclənib. Azərbaycanın islam həmrəyliyinə verdiyi xüsusi önəm də vurğulanmalıdır. İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, İslam həmrəyliyi proseslərində ön sıradadır.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2017-ci ildə xüsusi qonaq qismində İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşündə iştirak edib. Dövlət başçısı Zirvə görüşündəki çıxışında bildirib ki, Azərbaycan İslam həmrəyliyinə xüsusi əhəmiyyət və öz töhfəsini verir: "2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunub. Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz".
Öz növbəsində Türkiyə lideri Ərdoğan da təşkilatın üzvlərinin sayının artmasını önəmli sayır. Onun sözlərinə görə, iqtisadiyyat, ticarət, nəqliyyat, müdafiə sənayesi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlara malik olan "D-8" üzvlərinin sayının artırılması, qarşılıqlı ticarətin milli valyutalarla aparılması təşkilatın daha da güclənməsinə imkan yarada bilər.
Xatırladaq ki, D-8 BMT-də müşahidəçi statusu əldə edərək beynəlxalq səviyyədə mövqeyini gücləndirib. Ötən müddət ərzində qurum üzvləri iqtisadiyyat, ticarət, nəqliyyat, turizm və digər sahələrdə əlaqələri inkişaf etdirə biliblər.
Ötən ilin aprelində Banqladeşin ev sahibliyi ilə onlayn keçirilən 10-cu Zirvə toplantısında təşkilatın 2020-2030-cu illər üçün On İllik Yol Xəritəsi qəbul edilib və bəyannamə yayılıb. "D-8" ölkələri təşkilatı daha güclü və daha da inkişaf etdirməyi hədəfləyən Onillik Yol Xəritəsi ilə ticari əməkdaşlığı dərinləşdirmək və daxili ticarət həcmlərini ümumi "D-8" ticarətinin ən azı 10 faizinə çatdırmağı planlaşdırırlar. Müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarının araşdırılacağının vurğulandığı bəyannamədə tərəflər bütün formaları və təzahürlərilə terror, məzhəbçilik və ekstremizm də daxil olmaqla üzv dövlətlərin inkişafı ilə sülh və rifahına dair bütün təhdidlərə qarşı mübarizədə qətiyyətli olduqlarını dilə gətiriblər. D-8 ölkələri Dəkkə bəyannaməsilə irqçilik, ayrı-seçkilik, ksenofobiya və antimüsəlman çıxışlara qarşı mübarizə aparma iradələrini təsdiqləyiblər. 2030-cu ilə qədər isə "D-8" hədəflərinin yenidən nəzərdən keçirilməsi gözlənilir.
PƏRVANƏ
çap et