525.Az

Bütöv bir ömür... - Əntiqə Qonaq yazır


 

XEYİRXAH, DOSTCANLI,  HƏYATSEVƏR VƏ MƏRD OĞUL ZAUR İSMAYILZADƏNİN HƏYAT HEKAYƏSİ

Bütöv bir ömür... - <b style="color:red"> Əntiqə Qonaq yazır</b>

"Ağrılar bilinir axı. Adamın başı ağrıyar, gözü, qulağı, canı ağrıyar. Zaurun yoxluğunun ağrısını ifadə edə bilmirəm ki, haram və necə ağrıyır. Amma bu ağrı gecəli gündüzlü, yatanda da, duranda da mənimlədi. Çəkə biilmədiyim nəfəs kimi, uda bilmədiyim hava kimi, gözlərimdən qeyb olan yuxusuzluğum kimi, unutduğum dincliyim kimi..." Bu sözləri şəhid balamız Zaurun anası Sevil İsmayılzadə qəhərdən boğula-boğula deyir. Ömrünün 23 ilini qüsursuz hərbi xidmətdə keçirmiş baş çavuş, tibb bacısı kimi yüzlərlə yaralı döyüşçünün sağlamlığına qovuşaraq yenidən həyata qayıtmasında böyük rolu olmuş, yaralı əsgər və zabitlərə ana, bacı nəvazişi göstərmiş, onlara maddi və mənəvi dayaq olmuş bir qadın, bir ana.  Amma oğlu yaralanarkən onun imdadına çata bilməyən, ağır yaralıykən Zaurun yanındakı əsgər yoldaşı Ramilə "məni anama çatdırın" sözlərini şəhidliyindən sonra eşidərək bu günədək özünü bağışlaya bilməyən, özünü günahkar sayan və kaşkilərlə ömrünü yun yumağına çevirən bir ana. Bu ana təskinlik üçün arada Zaurun telefonuyla özünə zəng edir. Telefonun ekranında Zaurun adını görəndə ani də olsa üzünə təbəssüm qonur, ağlar gözləri bir neçə saniyəlik gülür. Bu günədək Zaurun itkisiylə barışa bilmir. Onun haralardasa lap uzaqlardan onu seyr etdiyini düşünür...Və bir gün ona dönəcəyi ümidindədir. Analar başqa cür düşünə bilməzlər ki...

Dosye: İsmayılzadə Zaur Nizami oğlu 29 iyul 1995-ci ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olub. Hərbçi ailəsində doğulduğu üçün (atası gizir, anası baş çavuş) valideynlərinin xidməti işi ilə əlaqədar Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yaşamalı olublar. 2012-ci ildə Milli qəhrəman Vüqar Mürsəlov adına Göytəpə qəsəbə tam orta məktəbini bitirib. Ali təhsil almaq istəsə də, qəbul imtahanlarında kifayət qədər bal toplamadığı üçün müsabiqədən keçə bilmir. 2013-cü ildə müddətli hərbi xidmət keçməkdən ötrü səfərbər olunur, 2014-cü ilin yanvar ayınadək Sərhəd Qoşunlarının Zaqatala və Balakəndəki hərbi hissələrində əsgəri qulluq keçir. Əsgəri xidmətini bitirdikdən sonra 2014-cü  ilin yanvarında Müdafiə Nazirliyinin Qaraheybətdəki Təlim və Tədris Mərkəzində təşkil edilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) hazırlığı kursunda oxuyub və bitirdikdən sonra 161 saylı hərbi hissədə xidmətə başlayıb. Aprel döyüşlərinin iştirakçısı olub. 2017-ci ildə ordudan tərxis olunub. Vətən müharibəsinin 44 günlük savaşı başlayan gündən-27 sentyabrdan Lənkəran rayon hərbi komissarlığından səfərbər olunaraq odun-alovun içinə atılıb. Vətən Müharibəsində  Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib. 7 oktyabr 2020-ci  ildə şəhidlik zirvəsinə ucalıb.  Azərbaycan Respublikası  Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü","Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Müharibə iştirakçısı" medallarına layiq görülmüşdür. 

Yazımın sərlövhəsini oxuyanlar yəqin mənə irad tutarlar ki, şəhid ömrü necə bütöv ola bilir? 25 yaşlı bir ömrə insan bütövlükdə nələri yerləşdirə bilər ki? Amma mən olur deyəcəm və bunu isbatlamağa çalışacam...

Hələ orta məktəb illərində Milli qəhrəman Mübariz İbrahimovun şəklini sinif otağına vurmuşdu. Hər dəfə içəri girəndə ona hərbi salam verirdi. Bunu müəllimi və sinif yoldaşları şəhid olduğu gün söylədilər...

Mağazaya çörək almaq üçün göndərdiyi oğlunu gec qayıtdığı üçün danlayan anaya Zaur: "Sabir babanın qarpıza gücü çatmırdı, onu evinədək daşıdım" ,- deyəndə içində baş qaldıran qürur hissindən, fərəhdən uçmağa qanadı yox idi sanki...

 Şəhidliyinin 40-cı günü Balakəndən bir ailə gəlmişdi onlara. Ailə başçısı çoban imiş. Zaur da hər səhər hərbi hissə üçün südü ondan alırdı. Çoban ağlayaraq deyirdi ki, Zaurdan savayı heç bir əsgəri evimə dəvət etməmişəm. O uşaq o qədər əxlaqlı və böyük-kiçik bilən idi ki...Elə bilirdik ailəmizin bir üzvü, evimizin bir övladıdı...

Talasemiyalı xəstəyə qan vermişdi, həmin qız hal-hazırda yaşayır...

Tovuzda yaşayan qaziyə əlil arabası alıb hədiyyə etmişdi...

Əsas vaxtını hospitallarda müalicə alan yaralı döyüşçülərin yanında keçirirdi. Onlara maddi və mənəvi dəstək olurdu. Qoşqar adlı yaralı hərbçi dostunun başı üstündən ayrılmazdı. Hətta yeni ili də hospitalda onun yanında keçirmişdi. Qoşqar 2020-ci ilin yanvarında rəhmətə getdi. Zaur bu itkiylə heç cür barışa bilmirdi. Neçə müddət öz-özüylə danışır, həyatın vəfasızlığından gileylənirdi...

Özü subay olsa da uşaqları lap çox sevirdi. Xocalıdan şəhid olmuş 5 yaşlı qızın məzarını tez-tez ziyarət edirdi. Kukla alıb qoymuşdu məzarının üstünə. Növbəti dəfə məzarını ziyarət edərkən kuklanı qoyduğu yerdə görməmişdi. Yazı yazıb qoymuşdu ki, siz o cansız kuklanı da bu qızcığaza çox görməyin, qaytarın yerinə...

Mühafizədə çalışırdı. Seyid Elman adlı şəxs əklillər düzəldirdi. Zaur onunla dostlaşmışdı. Anım və ildönümlərində birlikdə yüzlərlə şəhid məzarını ziyarət edərək əklil qoyurdular. Həmin şəhidlərin ailələrində olur, valideynlərinə, həyat yoldaşlarına, övladlarına, bacı-qardaşlarına təskinlik verir, mənəvi dayaq olurdular. Zaurun yas mərasiminə Ağcabədidən gələn ana oğlum Hamlet ikinci dəfə şəhid oldu elə bil,- dedi. Çünki Zaur onlara Hamleti əvəz edə bilmişdi. Zauru qəlblərində yaşadaraq ona yas tutan bu cür onlarla ailə var.

Sosial şəbəkədə belə bir video paylaşmışdı. Elə indi də anası o videoya gündə dəfələrlə baxaraq oğlunu canlı seyr edir sanki. Zaurun dedikləri: "Eyni anadan doğulanlara qardaş deyirlər, eyni ana üçün ölümə gedənlərə qəhrəman deyirlər. Allah rəhmət eləsin şəhidlərimizə, var olsun qazilərimiz.  Unutmayın ki, qazilər bizə şəhidlərimizin əmanətidir".

İstəklisi də vardı. Sabunçuda yaşayan qəbələli gözəlin ailəsinə elçi gedib söz almışdılar. Nişan tədarükləri görülürdü. Allah erməninin evini yıxsın. Savaş başladı və neçə-neçə igidimiz dünyadan nakam getdi. Sevil ana hər dəfə gəlini olacaq həmən qızla danışanda qız qeyri-ixtiyari deyir: "Hər dəfə siz zəng edəndə mənə elə gəlir ki, deyəcəksiniz: qızım, gör burda yanımda kim var? Və Zaurun o gülər üzünü görəcəyəm..."

Anasını dünyalarca sevirdi. Onun çox işləməsinə, əziyyət çəkməsinə dözə bilmirdi. Yaxşı bir işim olsaydı səni bu əzablardan qurtarardım deyirdi. Evdə oturardın, xanımlar kimi yaşayardın. Əsgərlikdə torpaq uçqununa düşmüşdü. Anacan, Allah sənin etdiyin yaxşılıqlara və dualara görə məni ölümdən qurtardı, - deyirdi. Yaralı ikən Hacıqabuldan olan Ramil adlı silahdaşına "məni anama çatdır",- demişdi. Elə bilirdi anası onu həmən sağalda bilər.

Elə bil anadan olandan şəhidliyinə doğru yol gedirdi. Ürəyinə damıbmış məkanı mələklərin qoynu olacaq. 11-ci sinfi bitirərkən məzun dəftərçəsinə bu sözləri yazmışdı: "Bir gün mənsiz yığışarsız, mənim şəhidliklə təmizlənmiş ruhum sizin yanınızda olar". Şəkil albomunun arxasına isə şəhid qəhrəmanlar Mübarizin, Fəridin və digərlərinin rəsmlərini vurmuşdu...Bu bir instinkt idimi, öncədən görməydimi...kimsə bilməz.

Şəhidliyi də bambaşqa, filmlərdəki kimi olmuşdu. 7 oktyabr 2020-ci il. Füzulinin azadlığı uğrunda gedən ölüm-dirim savaşında qarın nahiyəsindən ağır mərmi yarası alır. Daxili orqanları zədələndiyindən çoxlu qan itirir. Onun üşüdüyünü görən döyüşçü yoldaşı Ramil üst geyimini çıxarıb ona geydirir. Yaralılar təhlükəsiz zonaya təxliyə olunur, Ramilgil isə irəliyə doğru hücumlarını davam etdirirlər. Zaur yaralandıqdan bir saat sonra şəhadətə qovuşur. Əynindəki üst geyimdə Ramilin adı və soyadı yazıldığından onun nəşi Hacıqabuldakı ailəsinə göndərilir və burada torpağa tapşırılır. 3 gündən sonra Ramil cəbhədən atasına zəng vurub hal-əhval tutarkən bütün həqiqətlər üzə çıxır. Ramil deyir ki, o şəhid lənkəranlı balası Zaur İsmayılzadə olmalıdı. Çünki mən geyimimi ona vermişdim. Beləcə Zaur yenidən Lənkərandakı məzarlıqda ikinci dəfə dəfn olunur. 

 Ramilin səkkiz aylıq hamilə olan həyat yoldaşı tabutu qucaqlayıb o qədər ağlamışdı ki, qopara bilmirlərmiş onu. Zaurun 40-ı mərasiminə gələrkən onun dedikləri: "Bəlkə də tabutu göz yaşlarımla yuduğum üçündür, bilmirəm nə hikmətdisə, Zaur tez-tez yuxuma gəlir. Mən ona yemək təklif edirəm. O isə hər dəfəsində deyir ki, mən bundan da dadlı yeməklər yemişəm, toxam". Cənnət mələyi şəhidlərimiz...

29 iyul 2022-ci ildə, Zaurun 27 yaşının tamamında doğulduğu Lənkəranın İstisu qəsəbəsində onun xatirəsinə tikilmiş  bulağın açılışı olacaq. Bir ömürlük arzularını və istəklərini 25 illik həyatına sığışdıra bilən Zaur şəhadətə qovuşsa da, xeyirxah əməllərini bulaqdan gələn sərin suyla davam etdirəcək. Bu bulaqdan su içib sərinlənən hər kəs Zaura və şəhid qardaşlarına dualar oxuyacaq, onların xatirələrini sevgi və ehtiramla yad edəcəklər. Əbədiyaşarlıq bu olsun gərək. Şəhidlərin ölməzliyi bu deməkdir. Şəhidlərimizin dəryalartək suları tükənməz, müqəddəs ruhları səmalardan yer üzündəkiləri seyr edər...

Belə bir ömrə yarımçıq demək mümkünmü? Əsla. Şəhid ömürləri hamısı bütövdü: niyyətləri kimi, əməlləri kimi, igidlikləri kimi, qeyrətləri kimi...

Tatarıstanda yaşayan incə ruhlu şair dostumuz İsaq Dağlı qəhrəman, igid şəhid balamız Zaura həsr etdiyi lirik düşüncələrini bizə göndərdi. Zehninə və əllərinə sağlıq, qardaş.

 

Zaur adlı bir şəhidin ürəyində Vətən yatır

Ruhu sağdır bizlər üçün, bu məzarda bədən yatır?

Nümunədir döyüş yolu, əyilmədi Vətən oğlu,

Getdi Hüseyn gedən yolu, burda qanlı kəfən yatır...

 

Əziziyəm anı var,

Dərman gətir canı var,

Ehtiyatla dolan gəl,

Burda şəhid qanı var.

 

 





29.07.2022    çap et  çap et