525.Az

Kəskin iqlim dəyişmələri: bəşəriyyəti hədələyən təhlükə


 

Kəskin iqlim dəyişmələri:  bəşəriyyəti hədələyən təhlükə<b style="color:red"></b>

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən, elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən, antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü arıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycan  Qafqazın cənub-şərq hissəsini tutur və Böyük və Kiçik Qafqazın bir hissəsini, Talış dağlarını və onların arasında yerləşən Kür-Araz ovalığını əhatə edir. Hündürlüyün 4466 m-dən (Bazar-Düzü zirvəsi) və Xəzərin sahil hissəsində mənfi 26 m-ə qədər dəyişməsini nəzərə alsaq ölkənin orta hündürlüyü 384 m-dir. Düzənliklər və ovalıqlar ərazinin 57 faizini, onlardan 18 faizi dəniz səviyyəsindən, aşağı və orta dağlar 39,5 faiz,  yüksək dağlar (2500 m-dən çox) 3.5 faiz ərazini əhatə edir. Ölkə ərazisi seysmik cəhətdən aktivdir, sel hadisələri burada olduqca tez-tez baş verir.

Ölkənin iqlim şəraiti ərazinin mülayim və subtropik zonaların qovşağında yerləşməsi ilə müəyyən edilir. Sahənin yüksəkliyindən və Xəzər dənizindən uzaqlığından asılı olaraq iqlimin bir neçə tipi müəyyənləşdirilir: quru subtropik, rütubətli subtropik, mülayim və soyuq iqlim. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron yarımadası, rütubətli subtropik iqlim Talış dağları və Lənkəran ovalığı üçün xarakterikdir. Böyük və Kiçik Qafqazın meşə ilə örtülü yamaclarında hökm sürən mülayim iqlim quru, mülayim isti quru, mülayim isti rütubətli və mülayim soyuq iqlim tiplərinə bölünür. Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində və zirvələrində soyuq iqlim tipi mövcuddur. Havanın orta illik temperaturu dağətəyi ərazilərdə + 14° C-dən dağlıq ərazilərdə 0° C və daha aşağı temperatura qədər dəyişir. İyul ayının orta temperaturu dağətəyi ərazilərdə 25-27 ° C olmaqla dağlıq ərazilərdə 5° C-ə qədər azalır, yanvar ayında isə müvafiq olaraq 3-6 ° C və -3 -5° C müşahidə olunur. Mütləq maksimum 43 ° C, mütləq minimum -30 ° C-ə çatır. Yağıntılar son dərəcə qeyri-bərabər paylanır. Abşeron sahillərinə ildə 200 mm-dən az yağıntı düşdüyü halda dağətəyi və orta dağlıq zonada 300-900 mm, Böyük Qafqazın cənub yamacında 1000-1300 mm, Lənkəran-Astara zonasında 1200-1400 mm və daha çox yağıntı düşür.

Ərazidə günəş radiasiyasının paylanması qeyri-bərabərdir və onun miqdarı il ərzində 130-160 kkal/sm2, günəşli saatların miqdarı 1900-2800 saat arasındadır. Sahil ərazilərində küləyin orta illik sürəti 5.4-5.8 m/s, digər ərazilərdə isə 2.4-3.1 m/s təşkil edir. Abşeron yarımadasında külək sürəti 8 m/s-dən çox olan günlərin sayı 226, ölkənin digər bölgələrində 20-70 gündür.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyir ki, son 5-7 il ərzində bütün dünyada iqlim dəyişmələri prosesinin sürətlənməsi baş verir. Temperaturun artım sürəti müşahidə olunur. Əgər otuz il bundan əvvəl temperatur tədricən artırdısa, hazırda artım tempi daha sürətli olub. Odur ki, hazırda bütün ölkələrin bir məqsədi var: Paris Sazişi çərçivəsində temperatur artımının 1.5 dərəcədən yüksək olmamasını təmin etmək. Bunun üçün çox ciddi tədbirlər görülməli, bütün ölkələr mövcud dəyişən iqlimə və gələcəkdə gözlənilən iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərini hazırlamalıdırlar. Ümumdünya Meteorologiya Təşkilatının iqlim dəyişmələri və onların fəsadları haqqında yaydığı məlumatlar heç də optimistik deyil. İqlim dəyişmələrinin gələcək ssenariləri də bunları təsdiq edir. Bütün planet üzrə daşqınların, quraqlıqların, xarakterik olmayan ərazilərdə anomal isti və soyuq hava dalğalarının  statistikası belə halların nəzərəçarpacaq dərəcədə artdığını göstərir: "Soruşula bilər ki, bəs əvvəllər bütün bu hadisələr baş vermirdi? Baş verirdi, lakin bu sayda deyildi və bu dərəcədə risklər yaratmırdı. Hazırda bunu gündəlik həyatımızda müşahidə edirik və bu təsirlərə məruz qalırıq. Qlobal su dövranı istiləşmə nəticəsində daha da güclənir. Nəticə etibarı ilə bir tərəfdən quraqlıq  daha uzun müddət davam edir, digər tərəfdən isə qısa müddət ərzində, bəzən isə bir gün ərzində yağıntının bir aylıq norması düşür. Aralarında böyük məsafə olmayan ölkələrdə bir-birindən fərqli və çox təzadlı atmosfer hadisələri baş verir. İsti hava dalğaları yayda baza dövründə (1961-1990) Bakıda cəmi 2, Şəkidə 6 hadisə qeyd edildiyi halda, sonrakı 30 ildə bunların sayı artaraq Bakıda 27-yə (14 dəfə artıb), Şəkidə isə 34-ə (6 dəfə artıb) çatıb. Bakıda, Şəki ilə müqayisədə artımın daha çox olması iri şəhərlərdə iqlimin istiləşməsi fonunda istilik adaları effektinin daha da güclənməsi ilə izah olunur. Yəni asfalt-beton örtüklər, uca binaların bir-birinə sıx tikilməsi havanın təbii axınını dəyişir. Temperaturun demək olar ki, süni artımına səbəb olur".

Umayra Tağıyevanın dediyinə görə, təhlükəli meteoroloji hadisələrdən biri də şimşək hadisəsidir ki, o da son onilliklərdə artıb. 50-80-ci illərdə Abşeron yarımadası və Bakı şəhərində ildırım nadir hallarda müşahidə olunsa da, hazırda adi hadisəyə çevrilib. Böyük şəhərlərdən fərqli olaraq kəndlərdə və dağ yerlərində ildırım vurması təhlükəsi daha çox baş verir. Bu risklərdən qorunmaq üçün əhalinin maarifləndirilməsi zəruridir. Məsələn, ildırım çaxan zaman hündür ağacların altında dayanmaq, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında olmaq, mobil telefondan istifadə etmək və s çox təhlükəlidir.

Bəşəriyyəti son zamanlar tez-tez lərzəyə gətirən təbii kataklizmalar düşünməyə məcbur edir. ÜMT-nın məlumatına görə iqlim dəyişmələri nəticəsində baş vermiş təbii fəlakətlər son 10 il ərzində 410 000 nəfərin həyatına son qoyub, nəhəng dağıntılara və iqtisadi itkilərə səbəb olub. İqlim dəyişmələri fonunda yaranan bu riskləri uyğunlaşma tədbirləri ilə azaltmaq və yumşaltmaq mümkündür.

Elə bu səbəbdən də BMT-nin Baş katibi təbii fəlakətlərlə bağlı adaptasiya və davamlılıq  məsələlərinə diqqətin ayrılmasını və onları inkişaf planlarına təxirəsalınmadan daxil edilməsinə çağırış edir.

Ölkəmizdə də mümkün riskləri qiymətləndirmək və adaptasiya tədbirlərini hazırlamaq zəruridir. Bu energetika və ərzaq təhlükəsizliyi məsələlərinə aid olduğu kimi, müvafiq fövqəladə hallar və əhalinin məlumatlandırılması strukturlarına da aid edilir: "Yeni reallığa adaptasiya olunmağa imkan verən tədbirləri planlaşdırmaq, potensial riskləri qiymətləndirmək və qabaqcadan onlara hazır olmaq zəruridir.  Bir çox ölkələrdə adaptasiya sahəsi üzrə milli plan, strategiya, çərçivə proqramları və qanunlar mövcuddur. Görünməmiş və qabaqcadan baş verəcəyini müəyyənləşdirmək mümkün olmayan ekstremal təbiət hadisələri fövqəladə vəziyyət yaradır. Heç bir ölkə öz iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq bu hadisələrdən sığortalanmayıb".

Xidmət rəisi bildirib ki, hazırda Azərbaycanda həmin istiqamətdə iş aparılır və BMT-nin dəstəyi ilə ölkəmizdə uyğunlaşma planı hazırlanır: "Burada əsas həssas sektorlar müəyyən olunub. Bunlar su sektoru, kənd təsərrüfatı, eyni zamanda, sahilyanı ərazilərdir. Belə bir planın hazırlanması üzərində müvafiq təşkilatların mütəxəssisləri çalışırlar. Ümumilikdə 2023-cü ilin sonunadək adaptasiya planının hazırlanması və təqdim olunması planlaşdırılır".

Sevinc QARAYEVA

 

 





29.07.2022    çap et  çap et