525.Az

Elmdə islahat mərhələsi


 

"PREZİDENT İLHAM ƏLİYEVİN FƏRMANI ÇOXDAN BİR-BİRİNDƏN AYRI DÜŞMÜŞ ELM VƏ TƏHSİLİN İNTEQRASİYASINA HƏDƏFLƏNİB"

Elmdə islahat mərhələsi <b style="color:red"></b>

Azərbaycanda son illər bütün sahələrdə əsaslı islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi şübhəsiz ki, müasir çağırışlara, dövrün tələblərinə uyğun olaraq müvafiq sahələri daha da inkişaf etdirmək, yeni bilik və bacarıqlara yiyələnməklə uğurlu nəticələrə imza atmaqdır. Bu mənada elm və təhsil sahəsində islahatlar vacib əhəmiyyət kəsb edir. Çünki digər bütün sahələrdə inkişafın mənbəyi məhz təhsildən başlanır. 

Prezident İlham Əliyevin iyulun 28-də "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" imzaladığı Fərman elm və təhsil sahəsində inteqrasiyanın güclənməsində, dövlət siyasətinin və tənzimlənmənin uğurla aparılmasında, koordinasiyalı fəaliyyətin qurulmasına öz töhfəsini verəcək. Fərmana əsasən, Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı. Sənəddə qeyd olunduğu kimi, Fərmanın imzalanmasında əsas məqsəd elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsidir. 

Fərmanla elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi səlahiyyəti Elm və Təhsil Nazirliyinə həvalə edildi. Bundan əlavə, Nazirliyin yanında 2 yeni agentlik - Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) öz fəaliyyətini davam etdirəcək, yeni struktur yaradılacaq, ixtisarlar aparılmayacaq. AMEA-nın bir sıra elmi müəssisə və təşkilatların Elm və Təhsil Nazirliyinin tabeliyinə veriləcək.

Xatırladaq ki, dünən (AMEA) Rəyasət Heyətinin qapalı iclasında fərmandan irəli gələn məsələlər müzakirə olunub.

Elm adamları, ekspertlər bu fərmanı təqdir edir, onun elm və təhsilin inteqrasiyalı şəkildə inkişafına xidmət edəcəyini vurğulayırlar. 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə bildirib ki, dünyada Elm və Təhsil Nazirliyinin yaranması təcrübəsi artıq genişlənməkdədir. Onun sözlərinə görə, Təhsil Nazirliyinin ayrıca fəaliyyət göstərdiyi ölkələr azlıq təşkil edir. Bir çox ölkələrdə Elm və Təhsil Nazirliyi və yaxud Elm və Təhsil Komitəsi, bəzilərində Elm, Təhsil və İdman Nazirliyi, digərlərində Elm,Təhsil, İnnovasiyalar, İdman və Gənclər Nazirliyi kimi formatlar mövcuddur.

"Hətta inkişaf etmiş ölkələrdə bir nazirliyin statusunda və ya əhatə dairəsində yaxın istiqamətlərin birləşdirilməsi indiki dövrün reallığıdır. Çünki artıq isbat olunub ki, bir-birinə yaxın olan sahələrin qarşılıqlı inteqrasiyasına nail olmadan real elmi nəticə əldə etmək mümkün deyil, - vitse-prezident söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı fərmanla Elm və Təhsil Nazirliyinin yaradılması dünya təcrübəsində özünü təsdiq etmiş son illərin mühüm reallıqlarından biridir. Bundan əlavə, ölkəmizdə elm və təhsilin qarşılıqlı şəkildə inteqrasiya olunmasına şərait yaradacaq. Nəticə etibarilə, Azərbaycanda elm və təhsil daha da inkişaf edəcək.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov mətbuata açıqlamasında deyib ki, Prezident İlham Əliyevin fərmanı respublikamızda çoxdan bir-birindən ayrı düşmüş elm və təhsilin inteqrasiyasına və vəhdətdə inkişafına hədəflənib. Elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə mütəmadi olaraq zənginləşməyən, nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir.

Çünki qabaqcıl texnologiyalar, idarəetmə üsulları və elmi nailiyyətlər əsasında yaradılan innovasiyalar təhsil prosesinə ləng tətbiq edilir. Bu baxımdan elm və təhsilin vəhdətinin yaradılması, vahid mərkəzdən idarə olunması çox vacibdir.

O bildirib ki, elmi tədqiqatların və təhsil tədqiqatlarının mərkəzləşdirilmiş qaydada aparılmasının böyük üstünlükləri var. 

"Respublikamızda elmin inkişafı həm də təhsilin ehtiyaclarına uyğunlaşdırılmalıdır. Elm və təhsil vahid sosial institut kimi birgə inkişaf etdirilməli, biri digərinin inkişafına təkan verməlidir. Hazırkı dövrdə bu tələblərə cavab verən universitetlərimiz çox azdır. Nazirliyin tabeliyinə verilən tədqiqat institutları ilə müvafiq universitetlərimizin inteqrasiyası nəticəsində tədqiqat universitetlərinin yaradılmasına nail ola bilərik.

AMEA-da təhsilin əsasları, pedaqogika və ayrı-ayrı fənlərin tədrisi texnologiyası ilə bağlı tədqiqatlar aparılmasa da, fundamental elmlər sahəsində böyük nailiyyətlər qazanılmışdı. Həmin tədqiqatların tədrisə, tədqiqatçıların isə universitet auditoriyalarına gətirilməsinə çox böyük ehtiyac var. "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman AMEA-nın ayrı-ayrı sahə institutlarının zəngin laboratoriyalarından universitet tələbələrinin, dissertant və doktorantlarının istifadəsini asanlaşdırmaqla yanaşı, elmi potensialdan səmərəli istifadəni təmin edəcək".

AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov isə hesab edir ki, elm ilə ali təhsilin inteqrasiyası zamanın tələbidir: "Belə bir məsul yola qədəm qoyulmasından məmnunam. Əlbəttə, çətin yoldur. Fərman sadəcə başlanğıc, - bu yolda yandırılan yaşıl işıqdır. Yolun uğurla qət edilməsi isə elm adamları ilə inzibati qurumların bu birgə fəaliyyətə nə dərəcədə hazır olmasından asılıdır".
 

 





29.07.2022    çap et  çap et