525.Az

“Reket jurnalistika” ilə necə mübarizə aparmalı?


 

“HÜQUQ-MÜHAFİZƏ ORQANLARI ONLARA QARŞI CİDDİ TƏDBİRLƏR GÖRMƏLİDİR”

“Reket jurnalistika” ilə necə mübarizə aparmalı? <b style="color:red"></b>

Azərbaycanda artıq xeyli müddətdir ki, “reket jurnalistika” ilə mübarizə aparılır. Təəssüf ki, problemi kökündən həll etmək mümkün olmayıb. “Reket jurnalistka” ilk növbədə öz işinə, adına vicdanla yanaşan əsl jurnalistlərin nüfuzuna zərər vurur, bu peşəni gözdən salır. Özünü jurnalist kimi təqdim edən “reket”lər jurnalist adından sui-istifadə edərək qapı-qapı gəzib pul dilənir, hətta şantaj, təhqir, böhtan yoluna əl ataraq rüşvət tələb edirlər. Son illər aparılan mübarizə işləri müəyyən nəticə versə də, qeyd olunduğu kimi problem hələ də qalır. 

“Reket jurnalistka” ilə mübarizədə vacib məqamlardan biri də vətəndaşın şantajla üzləşən zaman susmayıb, öz haqqını qoruması, bu barədə hüquq mühafizə orqanlarına dərhal məlumat verməsidir. Peşəkar jurnalistika da bu cür “jurnalistlərin” ifşa olunmasında aktiv olmalıdır. 

Mövzu ilə bağlı Baş prokuror Kamran Əliyev “Real TV”yə müsahibəsində də danışıb. O deyib ki, “reket jurnalistikası” cinayətkar fəaliyyətdir və bununla məşğul olan şəxslər məsuliyyətə cəlb olunur. Onların barəsində qanunamüvafiq tədbirlər görülür. O bildirib ki, bəzən sosial media istifadəçiləri və yaxud mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas hesab edirlər: “Onlar hüquqi məsələlərlə bağlı asanlıqla bəzi mürəkkəb rəy verirlər və qəti fikirlər yürüdürlər. Bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir. Sadə göründüyü qədər də mürəkkəb elmdir. Ona görə də müstəntiqlər, prokurorlar və hakimlər tərəfindən hüquqi məsələlər, sübutlar, sübutların təhlili, sübutların qiymətləndirilməsi həyata keçirilir. İşi bilmədən, işin incəliklərini bilmədən, sübutları bilmədən, hətta bayaq qeyd etdiyimiz kimi, məsələn, “Tərtər işi” ilə bağlı fikirlərin yürüdülməsi təbii ki, yolverilməzdir. Hesab edirəm ki, biz bu sahədə jurnalistlər və media orqanları ilə birlikdə müəyyən tədbirlər planı hazırlayaraq həyata keçirməliyik". 

Əslində, “reket jurnalistika” deyəndə hesab etmirəm ki, bu, yalnız jurnalistikaya aiddir. “Reket jurnalistika” da şərti termindir. Burada söhbət hədə-qorxu ilə tələb etmədən gedir. Bu, bəzən jurnalist fəaliyyətindən istifadə etməkdir və ya jurnalistlərin özfəaliyyətidir. Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən elə sosial media istifadəçiləri tərəfindən də yol verilir. Bunun adı konkret olaraq Cinayət Məcəlləsində hədə-qorxu ilə tələb etmədir. Belə hallar yolverilməzdir. Bu, artıq jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir. Hansı ki, tək jurnalistikada deyil, digər fəaliyyət növlərində də biz bunu görürük, müşahidə edirik və bu kimi faktlarları aşkarlayıb şəxsləri məsuliyyətə cəlb edirik”.

"SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev mövzu ilə bağlı bildirib ki, reket jurnalistikaya qarşı təkcə media strukturları, jurnalist təşkilatları deyil, bütövlükdə cəmiyyətin özü mübarizə aparmalıdır: “Bu baxımdan, hüquq-mühafizə orqanları ciddi tədbirlər görməli, bu şərəfli peşədən istifadə edənlər qanun qarşısında cavab verməlidirlər. Biz vaxtilə bu cür fəaliyyət göstərən “mediaya” qarşı ictimai rəydən istifadə etmək istədik, “qara siyahılar” tərtib olundu. Amma, görünür, bu cür mübarizə effektiv olmayıb. Əvvəllər məmur savadsızlığı bu işə daha cox imkanlar yaradırdı. İndi vəziyyət bir qədər dəyişib. “Reket jurnalistika”sı artıq amörf bir kütlə olaraq formasını dəyişib”.

Baş redaktor əlavə edib ki, bununla bağlı Mətbuat Şurası müvafiq addımlar atıb və atır: “Zaman-zaman bunun müəyyən faydası da olub. Lakin dövlətin daha sərt addımları olmalı, habelə biz də bu sahədə cəmiyyəti maarifləndirmək səylərimizi xeyli artırmalıyıq. Eyni zamanda bu sahədə qanunda olan boşluqlar da öz həllini tapmalıdır. Bu istiqamətdə MEDİA Agentliyinin başlatdığı fəaliyyətin uğurlu olacağını düşünürəm. Hesab edirəm ki, MEDİA Agentliyinin öncüllüyündə hazırlanan yeni qanun layihəsindən sonra reketlərə ağır zərbə dəyəcək. Bu qanunun müddəaları onların hərəkətini iflic edəcək və jurnalistikamız belə adamlardan xilas olacaq”. 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə deyib ki, “reket” sözü “şantaj”, “təhdid” anlamını verir, hüquqi anlamda təhdid, şiddətli zorakılıq, psixoloji təzyiq vasitəsilə soyğunçuluq, qəsbkarlıq, zorakılıq deməkdir. Jurnalistika, media bu cinayət əməlindən istifadə edərək qanunsuz yolla gəlir əldə etməyə çalışan şəxslər üçün vasitədir. O bildirib ki, jurnalistika peşəsinə münasibətdə “reket” ifadəsindən istifadə doğru deyil: “Bu cinayət əməlini qanunsuz yollarla gəlir əldə etmək üçün vasitə seçən şəxs istənilən peşənin sahibi ola və istənilən sahədə çalışa bilər. Bu baxımdan, belə məsələlərə fərdi və konkret faktlar üzrə yanaşılması “reket” ifadəsinin həm hüquqi, həm də leksik mənası baxımından, qənaətimə görə, daha doğrudur. Özünü jurnalist kimi təqdim edərək, şantajla, dələduzluqla, fırıldaqçılıqla məşğul olan şəxslərə gəldikdə isə, onlara münasibətdə qanunvericilikdən irəli gələn tədbirlərin həyata keçirilməsindən başqa alternativ yoxdur. Bu istiqamətdə Azərbaycanın Baş Prokurorluğunun həyata keçirdiyi tədbirlər, şübhəsiz ki, təqdir olunmalıdır. Jurnalistikadan şantaj və digər bu kimi qanunsuz əməllər üçün istifadə olunmasının daha kütləvi olmasının isə öz səbəbləri var. Məsələ burasındadır ki, digər peşə və ya fəaliyyət növlərini öz cinayət əməlləri üçün vasitə seçən insanlar, “jurnalist” adından faydalanmaqla qanunsuzluğa yol verən şəxslərdən fərqli olaraq, öz qanunazidd hərəkətlərini söz, ifadə və media azadlığı anlayışları arxasında gizlədə bilmirlər. Təəssüf ki, bir çox hallarda Azərbaycanda informasiya məkanının xaosa sürüklənməsində, müdaxiləyə açıq olmasında maraqlı olan xarici dairələr və onların nüfuz müvəkkilləri siyasi, iqtisadi və ictimai reketçiliklə, şantaj və dələduzluqla məşğul olan insanlara qarşı həyata keçirilən qanuni tədbirləri “söz, ifadə və fikir azadlığı”nın pozulması kimi qələmə verir, bu kimi amillərdən ölkəmiz əleyhinə həyata keçirdikləri təbliğat-təxribat kampaniyalarında faydalanmağa çalışırlar.

Amma istənilən ölkənin, o cümlədən Azərbaycanın insan hüquq və azadlıqlarına təminat verən ana qanunu və digər hüquqi-normativ haqlarında, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyada bu hüquq və azadlıqlardan sui-istifadə hallarının yolverilməz olduğu bildirilir”.

E.Mirzəbəyli hesab edir ki, şübhəsiz ki, mediadan, sosial şəbəkələrin verdiyi imkanlardan faydalanaraq, reket fəaliyyəti ilə məşğul olma kütləvi hal aldığı üçün bu qəbildən olan hallara qarşı yalnız hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər çərçivəsində mübarizə aparmaq mümkün deyil. Vətəndaşlarımız da bu kimi neqativ hallara qarşı barışmaz olmalı və öz hüquqlarını müdafiə etmək üçün məhkəmələrə müraciət etməkdən çəkinməməlidirlər. 

 

 





29.07.2022    çap et  çap et