525.Az

"Klon" serialının aktrisası Azərbaycan mətbuatına müsahibə verib


 

"Klon" serialının aktrisası  Azərbaycan mətbuatına müsahibə verib<b style="color:red"></b>

Dünyaca ünlü sənət adamları ilə ekskluziv müsahibələrə imza atan HafizTimes.com saytı bu dəfə braziliyalı məşhur aktrisa, televiziya aparıcısı Daniela Eskobardan müsahibə alıb. Daniela Eskobar 2000-ci illərdə bütün dünyada məşhur, milyonlara tamaşaçısı olan, unudulmaz "Klon" teleserialında ən yaddaqalan "Maysa Ferraz" obrazını canlandırıb. Narkotik aludəçisi olan qızının etimadını yenidən qazanmaq üçün əziyyət çəkən, mübarizə aparan Maysa Ferraz telenovellada baş qəhrəman "Lukas"ın sevmədiyi həyat yoldaşıdır.

Məşhur Braziliya teleserialı "Klon"un ulduzu olan Daniela jurnalist Hafiz Əhmədovun suallarını cavablandırıb. Müsahibə zamanı aktrisa bir çox mühüm məqamdan söhbət açıb, "Klon" serialının şöhrəti, canlandırdığı obrazın xarakteri haqqında danışıb, həmçinin, ilk dəfə olaraq Azərbaycan, Bakı ilə bağlı fikirlərini də ifadə edib.

Bu ekskluziv müsahibənin müəllifi, tanınmış jurnalist Hafiz Əhmədov aktrisayla söhbətin necə alınması, müsahibə ideyasının hardan gəlməsiylə bağlı "525-ci qəzet"ə bunları dedi: "Bu serialın bütün heyətinə müsahibə ilə bağlı e-mail göndərmişdim. Ən tez, xoş cavabı Danielə xanım verdi. Uşaqlıq xəyalım idi. O seriala bizim evdə də baxırdılar. Ona görə də oradakı aktyor heyəti ilə söhbət mənə maraqlı idi.

Daniela çox səmimi, mehriban xanımdır. Sosial şəbəkələrdə çox fəaldır. Göndərdiyim bütün suallarıma cavab yazdı. Çox sevinirdi ki, uzaq bir ölkədə onun sevənləri var. Mən də Azərbaycanı daha çox sevdirdim. Şəkillər göndərdim. Bakıya heyran olduğunu yazdı. Elə bil yuxudur. 20 il öncəni xatırladır insana".

Müsahibədə ona sualların Azərbaycan kimi uzaq bir ölkədən göndərildiyini bilən aktrisa hisslərini bu cür ifadə edir: "Sənətimin bu qədər yol qət etdiyini və bir çox müxtəlif insanların, mədəniyyətlərin qəlbinə toxunduğunu bilmək məni hədsiz dərəcədə sevindirdi".

Həmçinin, aktrisa Azərbaycan, Bakı haqqında fikirlərini bölüşməklə bərabər, "Klon"un azərbaycanlı tamaşaçılarına da mesaj göndərir: "İnternetdə bir neçə şəkil gördüm, Bakı gözəl şəhərdir. Bakıya gəlmək istərdim.

Əvvəla, ümid edirəm ki, seriala baxıb əylənəcəksiniz. Ancaq unutmayın ki, "Klon" fantastikadır. Bunu heç vaxt unutmayın. Bu, Braziliyadan kənarda heç vaxt yaşamamış, müsəlman mədəniyyətində içərisində böyüməmiş biri tərəfindən yazılmış əyləncə parçasıdır. Beləliklə, mədəniyyətinizə zərər verə biləcək hər hansı səhvləri bağışlayın".

Müsahibədə D.Eskobarın qadın, ailə münasibətləri, İslam dini, şəxsi həyatı və yaradıcılığı haqqındakı fikirləri də çox maraqlıdır. Müsahibənin tam versiyasını HafizTimes.com saytından oxuya bilərsiniz.

ŞAHANƏ

 





29.07.2022    çap et  çap et