525.Az

Rusiyanın Sovet İttifaqını bərpa etmək arzusu - Xaqani Cəfərli yazır


 

Rusiyanın Sovet İttifaqını bərpa etmək arzusu - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiya müdafiə naziri Sergey Şoyqu Cənubi Osetiyanın "sülhməramlı missiya" adı altında Rusiya tərəfindən ilk işğalının 30-cu ildönümünə həsr olunmuş və iyulun 14-də keçirilən toplantıda çıxışı qalmaqala səbəb olub. Rusiya müdafiə nazirinin "Ölkəmiz yenidən böyük və güclü olacaq. Yenə Sovet İttifaqı olacaq və heç kim heç yerə getməyəcək" açıqlaması Moskvanın Ukraynadan sonra digər keçmiş sovet respublikalarına hücum edəcəyi qənaəti yaradır. Belə görünür ki, Rusiyanın hərbi rəhbərliyi Sovet İttifaqını bərpa etmək istəyir və bununla bağlı hansısa planlara malikdir. Rusiya müxalifətinin liderlərindən biri, keçmiş deputat Gennadi Qudkov isə müdafiə nazirinin açıqlamasını şərh edərkən Şoyqunun ağlını itirdiyini bildirib. Rusiyanın hərbi və siyasi rəhbərliyinin ağlını itirməsi haqqında fikirlər isə hər ötən gün daha çox səslənir.

Son günlər  Kreml və onun nəzarətində olan qondarma respublikaların təmsilçiləri təcavüzkar bəyanatların sayını kəskin artırıb. İyulun 27-də qondarma Donetsk Xalq Respublikasının yaraqlılarının lideri Denis Puşilin rus xalqı tərəfindən əsası qoyulan, ancaq hazırda Rusiya sərhədlərindən kənarda qalan şəhərlərin geri qaytarılması vaxtının çatdığını bəyan edib. Puşilindən bir gün sonra Rusiya prezidentinin köməkçisi Dmitri Peskov oxşar açıqlama ilə çıxış edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ukrayna ərazilərinin işğalının davam edəcəyini və işğalın coğrafiyasının genişlənəcəyini bildirib.

Bu açıqlamaların təbliğat xarakteri daşıdığı da istisna deyil. Belə görünür ki, Rusiya rəhbərliyi Ukraynadakı uğursuzluğunu belə bəyanatlarla ört-basdır etmək istəyir. Rusiyanın Ukraynadakı uğursuzluğunu, itkilərini isə ört-basdır etmək hər ötən gün daha çətinləşir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Elissa Slotkin bildirib ki, Ukraynaya qarşı müharibədə Rusiyanın 75 mindən çox hərbçisinin öldürüldüyü və ya yaralandığı təxmin edilir. Xanım Slotkin bu açıqlamanı Prezident Administrasiyasının rəsmiləri ilə gizli brifinqdən sonra verib:  "Bizə dedilər ki, 75 mindən çox rus hərbçisi öldürülüb və ya yaralanıb. Bu, çox böyük rəqəmdir".

Qeyd edək ki, oxşar fikirlər son günlər mütəmadi olaraq səslənir. Ukrayna və Qərb təmsilçiləri Rusiyanın çox ağır itkilər verdiyini, ordunun yorulduğunu və gücünün tükəndiyini qeyd edirlər. Xüsusilə də Ukrayna ABŞ və müttəfiqləri tərəfindən müasir silah və hərbi texnika ilə təmin edildikdən sonra cəbhədə vəziyyət kəskin dəyişməyə başlayıb.

ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hoces (Ben Hodges) döyüş meydanında vəziyyətin artıq Ukraynanın xeyrinə xeyli dəyişdiyini düşünür. "İnanıram ki, Qərb vəd etdiyi hər şeyi daha sürətlə yerinə yetirməyə davam edərsə, Ukrayna qüvvələri bu ilin sonuna qədər ölkənin 24 fevralından sonra işğal edilmiş ərazisini Rusiya qoşunlarından təmizləyə bilər".

Lakin bununla belə, keçmiş sovet respublikalarında Rusiya rəsmilərinin açıqlamalarındakı təcavüzkarlığın artdığından narahatdırlar. The Wall Street Journal yazır ki, Qazaxıstan hakimiyyəti Ukraynanın işğalından sonra Rusiyanın üzünü Şərqə, Orta Asiyaya çevirəcəyindən narahatdır. Rusiya diktatoru Vladimir Putin Qazaxıstanın Sovet İttifaqından əvvəl dövlətçiliyinin olmadığını dəfələrlə ifadə edib. Rusiyanın mümkün təcavüzünün qarşısını almaq üçün Qazaxıstan Çin və Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirməyə çalışır.

Qazaxıstanla yanaşı, digər keçmiş sovet respublikaları da Ukraynanın Rusiya işğalına qarşı qətiyyətli mübarizəsini həyəcanla izləyirlər. Hər kəs anlayır ki, bölgənin gələcəyi Ukraynadakı müharibənin nəticəsindən asılıdır. Ukraynada müharibənin taleyinin döyüş meydanı ilə yanaşı, siyasət səhnəsində həll olunduğu üçün bütün dünya siyasi prosesləri, xüsusilə Qərb dövlətlərinin Rusiyaya yönəlik addımlarını da diqqətlə izləyirlər.

ABŞ Senatının Rusiyanı terrorizmi maliyyələşdirən dövlət kimi tanımağa çağıran qətnaməsi yekdilliklə qəbul olunub. Bu hadisə iki məqamdan xəbər verir. Birincisi, Rusiyanın İran, Suriya, Kuba və Şimali Koreya ilə yeni düşərgəyə aid edilməsi Vaşinqtonun Moskvaya yönəlik mövqeyinin nə qədər aydın və birmənalı olduğunu göstərir. Qətnamənin Senatda yekdilliklə qəbul olunması isə Rusiyaya münasibətdə ABŞ-ın siyasi dairələrində eynifikirlik hökm sürdüyünü göstərir. Senatın ardınca Nümayəndələr Palatası da müfaviq qanunvericilik aktı qəbul edəcək. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi uzun müddətdir Rusiyanın terrorizmi maliyyələşdirən dövlət kimi tanımağa çağıran qanunvericilik aktının qəbul edilməsinə çağırır.

Putinin köməkçisi Dmitri Peskov Rusiyanın terrorizmi maliyyələşdirən dövlət kimi tanınacağı halda iki ölkə arasında münasibətlərin tamamilə korlanacağını, dözülməz vəziyyət alacağını bildirib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova isə bu addımın cavabsız qalmayacağını vurğulayıb. Rusiyanın hansı cavab addımı atacağı məlum olmasa da, Moskvanın daha təcavüzkar siyasət yürütməyə başlayacağını ehtimal etmək olar. Rusiyanın bu siyasəti isə keçmiş sovet respublikaların Moskvadan üz çevirməsini sürətləndirir.

 





30.07.2022    çap et  çap et