525.Az

Azərbaycan qadını - milli dəyərlərə və dövlətçiliyə sədaqət simvolu


 

Azərbaycan qadını - milli dəyərlərə və dövlətçiliyə sədaqət simvolu<b style="color:red"></b>

Azərbaycan qadınları hər zaman ictimai-siyasi proseslərin fəal iştirakçısı olublar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər yetişib. Azərbaycan müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da artıb və fəaliyyətləri genişlənib. Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər.

Ümummilli lider deyib ki, Azərbaycan qadını öz ağılı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımıza millətimizə daim ucalıq gətirir. Heydər Əliyev ideyalarının  Prezident İlham Əliyev tərəfindən uğur və qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artdı. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyev tərəfindən aparılan güclü dövlət-qadın siyasətinin məntiqi nəticəsidir ki, bu gün qadınlar üçün uyğun şəraitin yaradılması: məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində, gender bərabərliyinin inkişaf etdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edilib. Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir və bu sahədə bir çox strategiyalar, fəaliyyət planları, qanunlar, dövlət proqramları qəbul olunub.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova deyir ki, qadının cəmiyyətdə böyük rolu var. Bugünkü cəmiyyət məhz dünənki qadınların, anaların tərbiyəsinin məhsuludur. Qadınlar nə qədər vətənpərvər, iradəli, fədakar və fəaldırsa, gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Bir məsələni də unutmaq olmaz ki, hər bir dövlətin, xalqın inkişafı üçün hər zaman hərəkətverici qüvvəyə ehtiyacı var və qadınlar belə bir məsuliyyəti öz üzərinə götürməyi həmişə bacarıblar.

Hicran Hüseynovanın dediyinə görə, Azərbaycanda dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görüb. Ulu öndər qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi. Qadınlarla bağlı heç bir yığıncaq, iclas, qurultay nəzərindən kənarda qalmırdı. Müstəqilliyimizin ən ağır zamanında belə "Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" Fərman imzalayıb. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb etməyə başladı. Bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı: "Xüsusi olaraq qeyd etmək istəyirəm ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilib, Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atıb. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün "Gender bərabərliyinin təminatları haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası qanunları qəbul olunub. Ailə, Cinayət, İnzibati Xətalar, Mülki məcəllələrinə dəyişikliklər və əlavələr edildi. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur. Bu gün ölkədə həyatın bütün sahələrində qadınların sayı artmaqdadır, sahibkarlıqda, qərarqəbuletmə və idarəetmədə, hüquq-mühafizə orqanlarında, diplomatiyada, elm və təhsildə. Qadınlar ölkə əhalisinin ümumi sayının 50,1 faizini təşkil edir. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların 77,6 faizi qadındır".

Qadın cəmiyyətdə böyük rolu olan müstəsna varlıqdır. Onlar  nə qədər vətənpərvər, iradəli, fədakar və aktivdilərsə gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Hər bir dövlətin, xalqın inkişafı üçün həmişə hərəkətverici qüvvəyə ehtiyac olub və qadınlar belə bir məsuliyyətindən öhdəsindən ləyaqətlə gəliblər.

Millət vəkili Fazil Mustafanın sözlərinə əsasən, qadınlarımızın çoxu göstərdikləri nəticə və intellektual səviyyəsinə görə kişilərdən nəinki geri qalır, hətta onlardan qat-qat üstündürlər: "Cəmiyyətdə qadın-kişi diskriminasiyasına yol verilməməlidir. Hazırkı dövrdə qadınların böyük əksəriyyəti rəhbər vəzifələrdə uğurla fəaliyyət göstərir. Hesab edirəm ki, qadınlarımız ictimai sahədə özünü layiqincə göstərməyi bacarır. Təbii ki, bu cür qadınların sayı artanda onların uğurlarının sayı daha çox olacaq".

Millət vəkili Aqiyə Naxçıvanlı bildirir ki, qadınlarımız xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və iqtisadiyyatımızın qurulmasında daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirirlər: "Müstəqillik qazandıqdan və Ümummilli lider Heydər Əliyevin ölkəmizdə yenidən hakimiyyətə qayıdışından sonra qadınların Azərbaycanın ictimai-mədəni həyatında iştirakı əhəmiyyətli dərəcədə artıb. Bu dövrdə dövlət qadın siyasəti diqqət mərkəzində saxlanılıb, qadınların hüquq və vəzifələrinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi, qadınların cəmiyyətin inkişafında, dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunması və onların problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə qadınların problemlərinin həllinə hərtərəfli qayğı göstərməsi, onların ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında iştiraklarını təmin etməsi bu gün Azərbaycan qadınının qazandığı nailiyyətlərin əsas hərəkətverici qüvvəsi olub. Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də ölkəmizdə dövlət qadın siyasəti sahəsində mühüm tədbirlər görülür".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dediyinə görə, bugünkü Azərbaycan qadını haqda danışarkən ilk növbədə Şərqə məxsus milli-mənəvi və əxlaqi dəyərlərlə Qərbin mütərəqqi yeniliklərinin uğurlu vəhdətini özündə birləşdirən müasir qadın obrazı təsəvvürə və göz önünə gəlir: "Artıq kütlə şüurunda özünə min illərlə kök salmış, qadınların hüquqlarından daha çox vəzifələri barədə düşüncələrə yol açan yanaşmaları özündə ehtiva edən stereotiplər sürətlə aradan qalxmaqdadır. Müstəqilliyimizin bərpasının bizə qazandırdığı əsas nailiyyətlərdən biri qadınlarımızın ictimai fəallığının və siyasi çəkisinin artması, dövlət və cəmiyyət həyatına daha geniş nüfuz etməsi, hüquqi baxımdan daha güclü mövqelər əldə etməsidir. Öz potensialını reallaşdırmaq baxımından mövcud olan tarixi təcrübə ilə yanaşı, dövlət səviyyəsində yaradılan şərait bir-birini tamamlayaraq fəal vətəndaş mövqeyini ifadə etmək yolunda qadınların imkanlarını böyük dərəcədə artırıb. Ailədə və məişətdə mövcud olan konservativ mövqelərin sivil cəmiyyət quruculuğu prosesində əngəl olması kimi mənfi tendensiyaların təsirli mexanizmlər vasitəsilə aradan qaldırılmasına yönəlmiş mükəmməl hüquqi baza və çevik idarəetmə sistemi formalaşdırılıb. Qeyd edim ki, son iki onillikdə Azərbaycanın bütün parametrlər üzrə dinamik inkişafının əsas göstəricilərindən biri də məhz qadın amilinin ailədə, cəmiyyətdə və dövlət həyatında tarixən heç zaman olmadığı halda əhəmiyyətinin və rolunun artması olub".

Sevinc QARAYEVA

 





30.07.2022    çap et  çap et