525.Az

Doğmalığın fərqli cilvələri: Qazaxıstan - Dilarə Adilgil yazır


 

Doğmalığın fərqli cilvələri: Qazaxıstan - <b style="color:red"> Dilarə Adilgil yazır</b>

Mübarək bir münasibət yolumu qədim Türkistandan saldı. Qazax qardaşlarımızla qohum olub Türk Xalqları Birliyini öz tərəfimizdən bir addım da möhkəmlətdik. Bu səbəbdən bir dəstə yaxın qohum-əqraba yığışıb 1925-ci ildən Mərkəzi Asiya və ya Orta Asiya adlandırılan regionun Qazaxıstan Respublikasına səyahət etdik. Əslində, toy səyahətinə yeni evlənənlər çıxar, burada isə çemodanlarımızı ailəlikcə yığırdıq. Gənclərin toyunda iştirak etmək üçün. Bir az da əvvəldən başlayım... Qabaqca onlar gəldi. Çingiz xanın nəvələri... Qız toyunda yeyib-içib, deyib-gülüb, çalıb-oynayandan, Bakının görməli yerlərini gəzib «ürəkləri gedəndən» sonra evlərinə yola düşdülər. Arxalarınca da biz... Burdan o tərəfə təfərrüatla... İş elə gətirib ki, mən Orta Asiya Pespublikalarından Türkmənistanda və Qırğızıstanda bir müddət yaşamışam, Qazaxıstana isə ilk dəfə yolum düşəcəkdi. Yad demirəm, amma, yeni mühit, tanış olmayan mədəniyyətlə üzləşməyə də hazır idim...
Pilotun kabinəsindən gələn xəbərdarlıq təyyarənin enişə hazırlaşdığını xəbər verdi. (Həmişə bu zəngi teatrın zəngi ilə müqayisə edirəm). İstər-istəməz həyəcanlanıram ... Birinci dəfə gəldiyim şəhərdə, trapdan düşən kimi ilk təəssüratımı sınamaq adətimdir. Bu mənim üçün çox vacibdir. İlk təəssürüta çox güvənirəm. Hələ ki, o sarıdan yanılmamışam. Bu dəfə də eyni hissləri keçirirdim... Yeni şəhər, tanış olmayan ölkə məni havasıyla, insanlarıyla necə qarşılayacaq? İyunun əvvəlləri idi, hava da Bakıdakından xeyli sərindi... Qabağımıza xeyli maşın gəlmişdi. Necə olmasa, həm qonaq, əsası da qız adamı idik.

Mən birinci dəfə rastlaşırdım ki, eyni ölkənin şəhərləri ayrı-ayrı saat qurşağına aid olsun... Xəzərin (Onlar Kaspi deyir) şərq sahilində yerləşən Aktau ilə paytaxt Nur-Sultanın 1 saat fərqi var. Bu da, ölkənin böyük olması ilə əlaqədardır. Qazaxıstan sahəsinə görə dünya dövlətləri içərisində 9-cu yerdədir. «Şiş ucları buludlarla döyüşən», hərəsi ayrılıqda bir memarlıq nümunəsi olan binaları, enli və geniş küçələri ilə öyünən bu günün Nur-Sultanı keçmişdə karvan yolları üzərində yerləşən məntəqə olub. Astananın paytaxt kimi yenidən salınmasında dünyanın tanınmış memarları iştirak edib və bu fakt bir baxışdan hiss olunur. 1998-ci ildə Astana Mərkəzi Asiyanın ən böyük dövlətinin paytaxtı kimi rəsmi qüvvəyə minir. Alma-ata ölkənin mərkəzində yerləmədiyindən və digər səbəblər üzündən daha paytaxt statusu tələblərinə cavab vermirdi.

Nur-Sultan İşim çayının sahillərində qərar tutub. 2017-ci ildən «milyonçu»dur. (Əhalisinin sayına görə). Əsası qoyulandan bir neçə dəfə adı dəyişdirilən bu şəhər 2019-cu ildən elbaşı N.Nazarbayevin şərəfinə Nur-Sultan adlanır. Amma paytaxta yenidən Astana adının qaytarılacağı gözlənilir. Əslində, Qazaxıstanın əhalisinin iki gözləntisi var. Biri – «Astana»nın qaytarılması (bunun üçün milyonlarla vəsait tələb edilir), ikincisi də, kirildən latına keçmək. (Bu da həmçinin). Bəli, onlar hələ də, kirillə yazıb-oxuyurlar... Ümumiyyətlə, qazaxlarda bir qədər lənglik var, ya da, güclü qarşıdurmaya məruz qalırlar. Qırmızı imperiya dağılanda ən son müstəqillik elan edən respublikalardan olmuşdular. Lakin qazax xalqı öz hüquqlarını bilən, cəsur, qorxmaz, döyüşkən əsl türk xalqıdır. 1986, 2022-ci illərdə baş vermiş «Qazaxıstan hadisələri» və nəticələri bunun sübutudur. Özləri də deyirlər ki, Rusiyaya birləşdirilənə qədər sənətimiz elə müharibə aparmaq olub. Qazax xalqı tarixlərindən, damarlarında axan türk qanından dolayı, daim ədalətsizliyə qarşı səsini ucaltmış, Sov.İKP-nin «intizam yaratmaq» əməliyyatlarında qanı tökülsə də, geri çəkilməmiş, nəticə əldə edənə qədər duruş gətirmişdir. «At belində çapanlar» uzun müddət susa bilməzdilər, «yürüyərək yaşamağı» bacarmazdılar.

Onlar həmişə bizim tərəfimizdə olublar. 44 günlük müharibədə açıq dəstəkləyiblər, ruh veriblər. Elə bir türkçülüyün öndərlərindən olan Oljas Süleymenov bəsdir... Azərbaycan-qazax ədəbi-mədəni-siyasi əlaqələrinin inkişafında onun rolu danılmaz və əvəzsisdir. Ta 90-cı ildən, qanlı yanvardan bəri. “Siz Azərbaycanın tərəfindəsiniz» deyənlərə etiraz edirəm ki, Azərbaycan futbol komandası deyil ki, onun tərəfdarı olum... Mənim doğma ölkəmdir, qardaş xalqdır. Bizim kökümüz, qanımız, canımız birdir” – deyən O.Süleymenov Azərbaycanı özünə ikinci Vətən hesab edir. Biz də onu özümüzdən biri bilirik. 75 illik yubileyi ölkəmizdə təntənə ilə qeyd olunmuş, «Şöhrət», «Dostluq» ordenləri ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülmüşdür. Bundan başqa, Azərbaycan oxucusu «məğrur səhra oğlanları»ndan Abayın, Cambulun yaradıcılığı ilə də yaxşı tanışdır, yubileyləri respublikamızda qeyd edilib.

Bu coğrafiyanın insanı inanılmaz səviyyədə istiqanlı, qohumcanlıdır. Zarafat da edirlər ki, bizlərdə işdə məhəbbət macərası baş vermir, çünki... hamı bir-biri ilə qohumdur. Qazaxlar qonaqpərvər, açıq süfrəli, şən, kandardan girən adam üçün əldən-ayaqdan gedən bir xalqdır. Onlarda da bizim kimi dayanıqlı yemək kultu var. Buna «konakası» deyirlər. Masaya 30 cür lazımsız qəlyanaltı düzmürlər, üstünlük isti yeməklərə, milli mətbəxə verilir. Hamısı da ləziz... Dadından, ətrindən doymaq olmur. Bütöv heyvanı parçalayıb qoyurlar qabağına. (Onların delikatesi sayılan at əti, kımız təklif olunmadı, bizə məkruh (bəyənilməyən) olduğu barədə qəti xəbərdarlıq edilmişdi. Əsas yeməkləri olan «beşbarmaq»ı da bizim üçün quzu ətindən hazırlamışdılar). Hələ təqdimatı... Evə dəvət edilən aşbaz milli geyimdə şou göstərə-göstərə ana yeməyi şəxsən süfrəyə verdi. Süfrə arxasında bərabər mahnı oxumaq da bir ənənədir. Mən bunu ruslarda, gürcülərdə bilirdim. Bir də, bizim Qazax mahalında. Trapeza başa çatdıqdan sonra meydan verilir saza, sözə... Elə qazaxlarla bizim qazaxlılar arasında etimologiya oxşarlığı axtarırdıq... Əslində «Qazax» sözünün Qazax xalqı, Don kazakları ilə oxşar adlılığı, qıpçaq qoluna mənsub olmaları tədqiqatçılar tərəfindən araşdırılmışdır. Akademik Marr da Qafqazda qazaxların yaşadığını qeyd etmişdi. «Qazağı» adlanan qədim rəqsimizin olması da bunun bir təsdiqidir. Bu döyüş rəqsi olub kişilər tərəfindən ifa edilir.

Bakıdan sonra hansısa şəhərdə təəccüblənmək o qədər də asan deyil... Nur-Sultan sıx və qalın meşəni xatırladır. Ağacları da... magistral yolun sağ və soluna düzülmüş modern göydələnlərdir. Binalar belə gözəl memarlığı ilə seçilməsə, düşünərsən ki, yabanı bitir. Hər adambaşına bir bina düşər... Hədsiz çox görünür. Qazaxıstanda əhalinin artımı ərazisinə görə elə də ürəkaçan vəziyyətdə deyil. Yəqin gələcəyi nəzərdə tutub tikiblər. Yaşıllıq normaldır, heykəl – tək-tük gözümə dəydi, fontan... bizdəkindən azdır. Tıxac? Görmədim. Qadınların geyimi sadədir... Bizim tərzimiz daha dekorativdir, daha «femininin»dir. Nümunə göstərmək üçün bir hicablı qadın da qarşıma çıxmadı. Allah evləri çoxdur. Muzey yox hesabındadır. Paytaxt şəhəri üçün tipik sayılmayan bu fakt Nur-Sultan üçün «bağışlanan»dır. Nədəni də, onun özünün gənc, 25 il öncə «var olmayan», sıfırdan inşa edilən şəhər statusu daşımağındadır. Astana – (Astana deyim, bu ad altında paytaxt olub. Adının qaytarılması da, zaman məsələsi) yeni statusunu sevə-sevə daşıyır, full qlamur «geyimi» də əyninə görədir. Hər şey təzə, əcərri olduğu üçün, muzeyə veriləsi eksponatı da yoxdur... Burada da, Dubay modelidir, çöllükdə peyda olan meqapolis... Düzənlik nahaqdan qazax elinin anası sayılmır ki? (Yevgeni Yevtuşenko Oljas Süleymenovu «çöl aristokratı» adlandırırdı).Təxminlərə inansaq, 2025-ci ildə dünya əhalisinin 80 % şəhərlərdə yaşayacaq. Xalq rus dilində danışsa da, rus millətinin nümayəndəsinə rast gəlmədim. Milli valyutaları «təngə» elə bizim manata oxşayır, rəng-rufundan, keyfiyyətindən... Əmir Teymurun vaxtından bu adla dövriyyədədir. Mənim kimi bilməyənlər üçün deyim ki, Beynəlxalq Bankın verdiyi maaş kartı xaricdə rahat işləyir. Daha pul dəyişmək kimi problem yoxdur ki, bu da sevindirməyə bilmir... Hamı bizim kimi ucdantutma ali təhsilli də deyil. Amma bu onlara savadlı danışmağa, söhbətə necə lazımdı dəstək verməyə, məclisi yüksək səviyyədə idarə etməyə mane olmur. Nur-Sultana verəcəyim «xasiyyətnamə» bu qədər.

Bizim nümayəndə heyətini şəhərin mərkəzində, həmin dediyim gözəl binaların ən gözəlində yerləşdirmişdilər. Nur-Sultanın adı ilə assosiasiya olunan Baytareklə Xanşatırın arasında. 97 metr yüksəklikdən şəhərin panoramı seyr edilən Baytarek qülləsi selfi sevənlərin sevimli yeri olmaqdan başqa, Astananın simvolu, vizit kartıdır. Mənası da – hündür qovaq ağacı deməkdir. Qülləyə şəffaf liftlə qalxırsan. Qalxanda sürətlə, enəndə ləng... Yəqin ki, başgicəllənmə verməsin deyə... Əlbəttə, yeni salınmış şəhəri paytaxt kimi tanıtmaq üçün cəsarətli ideyalar, kosmik proyektlər, futurist arxitektura tələb olunurdu. Həm də gerçəyə söykənən şəhər mifologiyası. Burada inanırlar ki, nə qədər «ambisiyalı» Baytarek «dayanır», Qazaxıstan fəlakət və müsibətlərdən uzaq və amanda olacaq, hələ üstəlik, dünyanın da payına nə isə düşəcək. Bundan gözəl mifologiya?

Nur-Sultanın ikinci «intriqa»sı «Xanşatır» alış-veriş, əyləncə mərkəzidir ki, Ginnesin rekordlar Kitabına daxil olub. Xanşatır – xanın çadırı deməkdir, təpəsində uzun mili olan nəhəng günbəzi də yurta (yurd), alaçıq formasındadır. Sonuncu mərtəbədə, xanın çadırının düz altında... il on iki ay tropik plyaj fəaliyyət gəstərir. Daim +35 dərəcəni qoruyan plyajın qumu Maldiv adalarından gətirilmişdir. «Meqa Astana» adında daha bir möhtəşəm ticarət mərkəzi var ki, nümunəsini körfəz ölkələrindən götürüb. Bağlı məkanda açıq hava, küçə effekti yaradılıb. Elə bil geniş küçədə gəzirsən... Palmalar, gül-çiçək, skamyalar, gün işığı təsiri, köməkçi dekorlar qapalı ərazidə olduğunu unutdurur. Adətən, belə model isti ölkələrdə tətbiq edilir ki, Astana da buna tam uyğundur.

 İndi də, səfərimizin əsas məqsədi – qazax toyundan danışım. Toy başlayır gündüz saat 3-də, qurtarır... kim nə qədər otura bildi... Lap səhərə qədər... Deyin darıxdıq? Yorğunluq oldu, amma keçirdiyimiz emosiyaların müqabilində heç hiss olunmadı da. Toyda nə qədər adam var, hamı bir-bir söz deyir, səbəbkarları təbrik edir. Toy iki dildə idarə olunur, həm qazax, həm rus dillərində. Əslən Krım tatarı olan İsmayıl Qaspıralıdan üzü bəri ortaq türk dili deyirik... Azərbaycan türkcəsi türk soyları arasında leksik tərkibinin, qrammatik quruluşunun mükəmməlliyi, eləcə də, zənginliyi, incəliyi, axıcılığı ilə seçilir. Bunu hamı deyir və qəbul edir. Yəni, Azərbaycan türkcəsinin ortaq dil kimi qəbul edilməsinə tam haqqı var. Qazax toyu dil konusunda bəzi məzəli məqamları ilə də yadımda qaldı: «Gilinə bir şapalak!» Yəni, gəlinə bir alqış... Özləri də bizdən fərqli olaraq çox sərbəstdirlər. Bizdə «ruslaşma» rus dilində danışmaqdan o yana getməyib. Ədəbi dilimizdə bir rus sözü də yoxdur. Mentalitetimizdəki mühafizəkarlıq, ölçülərimizin sərtliyi də yaxşı mənada möhkəm dayanıb. Hər halda özümüzlə qürur duydum.

Heç ola bilər ki, belə əhatəli səfərdə olasan, ürəyini heç nə sıxmasın? Hər bir şəhərin keçmişi də var, keçməmişi də. Yeni qohumların evi şəhərin kənarında, keçmiş «vətən xainləri»nin qadınlarının saxlanıldığı Akmol düşərgəsinin yaxınlığında idi. Bu xəcalət gətirən düşərgədə eyni vaxtda 8000 (!), etapla 18 000 günahsız qadın min bir əziyyətdən keçmişdi. Onların içərisində müğənni Lidiya Ruslanova, marşal Tuxaçevskinin ailə üzvləri, M.Kalininin həyat yoldaşı, Bulat Okucava və Maya Pliseskayanın anaları və başqa tanınmış familiyalar var idi. Bu koloniyada himnimizin müəllifi Əhməd Cavadın həyat yoldaşı olmaqla, 44 nəfər azərbaycanlı qadın cəza çəkib. Əfsanəsini çox eşitdiyimiz Şükriyyə xanım günlərin ən məşumunda «Stalin» qatarından insan izi olmayan bu çöllü-biyabana – taleyin ümidinə atılmışdı. İndi burada «A.Л.Ж.И.Р.» abreviaturu altında muzey kompleksi yerləşir. 31 may da «Siyasi qurbanların anım günü»dür. Əlbəttə, soydaşlarımız da daxil SSRİ vətəndaşlarının xalq düşməni kimi yayda 40 dərəcə isti, qışda 60 dərəcə soyuq Qazaxıstan çöllərinə sürgün olunduğunu bilməyən yox qədərdir. (Dediklərinə görə, qışda havada bir qədər artıq qalanda şaxtadan adamın burnu, çənəsi qopub düşür). Amma gəlişimizin mübarək, təlaşımızın dadlı olduğu nəzərə alınsa, qəfildən 18 metr hündürlüyündə «Kədər tağı» ilə üzləşməyimiz nəinki ürəkaçan, heç gözlənilən də deyildi. Yəni, mən buna heç hazır deyildim... Geniş düzənliklərdən keçirdik. Alçaq yaşıl otların arasından sarı çiçəklər görünür, hamısı bir yerdə zəmi kimi yırğalanırdı. Hava, təbiət çox gözəldi. Yaxınlıqda belə dəhşətli bir yerin olduğuna heç bir işarə, eyham yox idi. Kompleksin girişində Azərbaycanla birlikdə 14 ölkənin xatirə nişanı var. Bura ilə bizim də tariximizin qaranlıq, ədəbiyyatımızın, mədəniyyətimizin qara səhifəsi bağlıdır.

 Bir qədər də, azərbaycanlıların Qazaxıstanda «qeyri-adi macəraları» haqqında... 3 dəfə çamadan, 2 dəfə telefon, bir dəfə də gödəkçə (cibində pasport) itirdik. İrəliyə qaçıb deyim ki, «happy end»lə qurtardı. Tapdıq. Otelə çatan kimi unutduğumuz çamadanların dalınca aeroporta döndük, təyyarəyə qeydiyyat başlayanda telefon üçün başılovlu otelə qayıtdıq. Personal bizi «nevezuçi»lərə bənzətdi, özümüz «Məhəllə – 3» deyib güldük. Kameralar bir tərəfə, heç kəsin ağlına da gəlməzdi ki, zalın ortasında ora-bura sürüşən adam böyüklüyündəki 2 çemodan yiyəsizdir. (Gəlinə verilən qızıl hədiyyələr də içində). Mən də olsam, düşünərdim ki, yəqin sahibi buralardadır. Əslində, hamı ayrı-ayrılıqda ciddi, məsuliyyətli insanlar idi, sadəcə, bir araya gələndə, bir az da istirahətin havası üzünə vuranda, adam nə qədər olmasa arxayınlaşır, bir-birinə ümid olur.

Yaxşı ki, bir neçə gün də olsa, bu şəhərin qonağı oldum... Gələcəyin şəhərinin. Özünün şarmı olan və özünü sevdirən şəhərin. Mollda gəzərkən birdən gözüm güzgüyə sataşdı və mənə elə gəldi ki, deyəsən qazaxlara oxşamağa başlamışam... Bu yeni düşüncə mənə elə hakim oldu ki, daha özümü qonaq kimi yox, yerli adam kimi hiss etməyə, aparmağa başladım. Dil baryeri də yox idi, hamı rusca danışırdı...

YUNESKO tərəfindən «dünyanın şəhəri» adına layiq görülmüş Astana 50 «ağıllı» şəhərdən biri reytinqinə də iddialıdır. Qazaxıstan paytaxtına «xasiyyətnamə» verəndə açar sözü ötürmüşdüm, İDDİALI şəhər! Adı SSRİ-nin üzüqara düşərgələri ilə hallanan, bəzən tanrının belə «unutduğu» Akmol bu gün dünyanın ən bahalı və innovosiyalı şəhərinin analoqu hesab edilirsə, düşünürəm ki, tələbini nəinki qəbul etmək olar, hətta, lazımdır da...

 





31.07.2022    çap et  çap et