525.Az

Akademik düşüncələr… - Vilayət Quliyev yazır


 

Akademik düşüncələr… -<b style="color:red"> Vilayət Quliyev yazır</b>

Son 25 ildə bir qədər uzaqda olsam da, Akademiyanı həmişə alma-mater saymışam. Həyatımın ən yaxşı illərini keçirdiyim bu quruma özümü mənən borclu bilmişəm. Akademiya elmi fikrin inkişafında, xalq mənəviyyatının yaşadılmasında, tarixi yaddaşın qorunub saxlanmasında, milli-azadlıq hərəkatında önəmli rol oynayıb. Hər şeyi yalnız qara rəngdə görmək, Marksın dediyi kimi, çirkli su ilə birlikdə uşağı da atmaq düzgün tendensiya deyil. 

Lakin Əlahəzrət zamanın həmişə, hər yerdə öz korrektivlərini etmək səlahiyyəti var. Aydın məsələdir ki, EA bundan sonra da indiyə qədərki vəziyyətndə qala bilməz. Qalsa ətalət daha da dərinləşəcək, qapalı dairədə hərəkət, daha doğrusu hərəkətsizlik davam edəcək.

Ona görə də verilmiş qərarı qanunauyğun sayıram. Tətbiqi elmlər niyə böyük ölçüdə dövlət büdcəsindən maliyyələşməlidir? Bu istiqamətdə fəaliyyət göstərən Akademiya institutları istehsalatda tətbiq olunan, həm dövlətə, həm də özlərinə  gəlir gətirən ixtira və kəşflər ortaya qoymurlarsa onların dotasiya hesabına saxlanmasının nə əhəmiyyəti var? Sadəcə, bizdə də filan-filan institutlar var deyə qürrələnmək üçünmü? Minlərlə adama yaşayış minimumundan aşağı maaş verib başlarını qatmaq üçünmü? Elm fədakarlıq tələb edir. Həqiqi alimlər ən çətin şəraitdə də kitablar yazır, kəşf və ixtiralar ortaya qoyurlar.  Yəni söhbət həqiqi elm vurğunlarından gedirsə, onlar Akademiya divarlarından kənarda itib-batmayacaqlar, Elm və Təhsil nazirliyində də aparıcı qüvvəyə çevriləcəklər. Rəqabətə davam gətirməyənlər isə aydın məsələdir ki, səhnədən getməli olacaq. Ola bilsin ki, ayrı-ayrı fərdlər deyil, həm də bütöv institutlar şəklində! Onları adminstrativ qaydada, dövlət dotasiyası ilə hələ bir neçə il də EA çətiri altında saxlamaq olardı. Bəs sonra? Gələcəyi düşünmək lazımdır. 

Humanitar yönümlü institutlara gəldikdə isə dövlətin onları maliyyələşdirməsi  təbii və anlaşılandır. Çünki bu institutlar xalqın dili, tarixi, ədəbiyyatı, mədəniyyəti, dövlətin ideologiyası və siyasəti ilə bağlıdır. Sadəcə, orada çalışanlara daha yüksək maaş verilməli, daha yaxşı iş şəraiti yaradılmalı və təbii ki, elmi məhsuldarlıq və tələbkarlıq plankası da eyni səviyyədə qaldırılmalıdır. Məhəlləçiliyə, yerlipərəstliyə son qoyulmalıdır. Ad barədə isə fikirləşmək olar. Yeri gəlmişkən, bizdə indi az qala hər nazirliyin öz akademiyası var...

Ps. Yazı müəllifin Feysbuk hesabından götürülüb.

 





31.07.2022    çap et  çap et