525.Az

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan


 

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan<b style="color:red"></b>

Əziz oxucular!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

Raqub KƏRİMOV Filologiya üzrə elmlər doktoru, professor

 

 

Əbülfət xan Tuti

 

İbrahimxəlil xanın oğlu Əbülfət ağa 1766-cı ildə Şuşa şəhərində anadan olub və orada da mükəmməl saray təhsili alıb. Öz bilik və bacarığı ilə atasının diqqətini çəkən Əbülfət ağaya hələ erkən yaşlarında ən mühüm dövlət əhəmiyyətli məsələlərin həllində xanlığın adından danışıq aparmaq səlahiyyəti də verilmişdi.

1797-ci ildə əmisi Ağa Məhəmməd şahın qətlindən sonra İranda hakimiyyətə gələn Fətəli şah İbrahimxəlil xandan sarayda saxlamaq üçün girov tələb etdikdə  İbrahimxəlil xan oğlu Əbülfət ağanı və qızı Ağabəyim ağanı Tehrana göndərmək məcburiyyətində qaldı. Fətəli şah İrana girov kimi göndərilən Əbülfət ağanı sarayda saxlamayıb, oğlu Abbas Mirzənin xidmətinə göndərdi. Vəliəhd Abbas Mirzə Naibüssəltənə Əbülfət ağaya xan titulu verib, onu qoşun başçısı, daha sonra isə şəxsi yavəri təyin etdi. Əbülfət ağa siyasi xadim olmaqla yanaşı, İranda şair kimi də məşhur idi. Məhəmmədəli Tərbiyətin "Nigəristani-Dara" adlı əsərə müraciət edərək: "Tuti həm nəzmdə, həm də nəsrdə misli-bərabəri olmayan şair idi" söyləməsi bu fikri təsdiq edir. Əbülfət xan həyatı boyu siyasi mübarizələrdə olub, uzun müddət qürbətdə yaşayıb və 1839-cu ildə dünyasını dəyişərək Qum şəhərində dəfn olunub.

Aşağıdakı şeir örnəkləri AMEA ƏYİ-də saxlanılan cünglərdən götürülüb.

 

Qəzəllər

 

O gün kim, həsrət ilə ol büti-zibadan ayrıldım,

Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.

 

Çəkib əl xəlqdən Məcnunsifət səhraya üz qoydum,

Kəsilmiş səbrü tabım vəsləti-Leyladan ayrıldım.

 

Mana şümşad sərvi, bağban, ərz etmə kim hərgiz,

Yoxumdur meyli-gülşən, qaməti tubadan ayrıldım.

 

Nolur şamü səhər ney tək sızıldar sineyi-zarım,

Mərizi-bəstəri-hicrəm dəmi-İsadan ayrıldım.

 

Fəraqın şiddətindən lal olur bu Tuti təbim,

Məzacım təlxdir kim, ləli-şəkərxadan ayrıldım.

  

Vəsiyyətnamə

 

Ey nigari-qədimü dirine,

Qəmi-eşqindir rahəti-sine.

Firqətin cismimi natəvan etdi,

Axərül-əmr qəsdi-can etdi.

Bivəfaliq təriqinə uyma,

Könül matəmində məni qoyma.

Deməzəm baş açıb fəqan eylə,

Bu müsibətdə qəsdi-can eylə.

Leyk olma hüquqdan ari,

Sügüvar ləvazimi-yari.

Zinəti-hüsnü pak qıl yüzdən,

Tök nihani sirişki gözdən.

Gah məni-binəvanı yad eylə,

Ağlamaq şivənin ziyad eylə.

Gah dərdü bəlavü ahə meyl eylə

Gahi rəxti-siyahə meyl eylə.

Rəxti-al zibi-qamətdir,

Leyk geysən sənə məlamətdir.

Rahi- eşqində gör dəyanətimi,

Yaxşı saxla mənim əmanətimi.

Qoyma naməhrəmi hərimə, gözlə,

Etibarü dəyanətini özlə.

Demə ki, getdi, bunları bilməz,

Dəxi bir də bu aləmə gəlməz.

Dil ki, kuyində qaldı, fəhm eylər,

Həftəbəhəftə ruhuma söylər.

Həşrdə xəlq kim, hesabə gədər,

Hamı məzlumlar təzəllüm edər.

Ruhum ol gündə dadxahın olar,

Dil qabağa gedər qəvahin olar.

Olarsan dil yanında şərməndə,

Olarsan həşrara şərəfkəndə.

Tuti, kimdir asan bu sözə qulaq,

Olur gözdən uzaq-könüldən iraq.

 

Mirzə Həsən Qarabaği

 

Həsən Əli oğlu Yüzbaşov 1824-cü ildə Şuşa şəhərində anadan olub. İlk təhsilini Şuşada alan Həsən hələ gənc yaşlarında ərəb-fars dillərini öyrənib, klassik poeziyanın qayda-qanunlarına mükəmməl bələd olub. Gəncliyində xırda alverlə məşğul olan Mirzə Həsənin həyatı o qədər də fərəhli keçməyib. Yaşadığı maddi sıxıntıya baxmayaraq, o, ruhən zəngin bir şəxs olub, müasirləri arasında böyük ədəbiyyat həvəskarı, gözəl məsnəvi ustası kimi tanınıb. Yaradıcılığının aparıcı xəttini məhəbbət lirikası təşkil etsə də, onda Zakiranə satirik üslub, dövrün ictimai mənzərəsinə öz prizmasından baxmaq məharəti güclü olub. Bu xüsusiyyətlərinə görə o, "Məclisi-üns"ün mötəbər üzvlərindən biri kimi tanınıb.

Mirzə Həsən Yüzbaşov 1904-cü ilin fevralında 80 yaşında vətəni Şuşada vəfat edib və orada dəfn olunub.

Şairin "Divan"ı əsasında onun "Seçilmiş əsərləri" (Tərtib edəni və nəşrə hazırlayanı Nəsrəddin Qarayevdir) 1973-cü və 2000-ci illərdə iki dəfə nəşr edilib. Burada verilən şeir nümunələri həmin əsərdən seçilib.

 

Qəzəllər

 

Gözlərin mayil olubdur yenə xunxarlığa,

Bəli, sərxoş olur amadə sitəmkarlığa.

 

Küfri-zülfün dinü imanıma çox şaiq olub,

Bilirəm ki, salacaq rəxnə bu dindarlığa.

Yoxdu hicranına könlümdə dəxi tabü təvan,

Ha belə talib olubsan bu dilazarlığa?

 

Qamətinlə nə rəva sərv bərabər ola kim,

Xeyli müşküldü o gəlsin belə rəftarlığa.

 

Gül cəmalınla əgər bəhs gəlibsə, nə əcəb,

O səbəb salmış özün gülşən ara xarlığa.

 

Etməzəm şikvə gözündən nə qədər qılsa cəfa,

Məst olan mail olar çünki cəfakarlığa.

 

Fələyin mahın edib mehri-rüxün sərgəştə,

Gah verir nur ona, gah salır tarlığa.

 

Olma divanə, o zülfi-xəmə meyl etmə, Həsən,

Əqlin olsun, özünü salma o şahmarlığa.

 

lll

 

Könül, çox qılma nalə, etmə fəryad,

Fələyin gərdişindən eyləmə dad.

 

Nişati-qüssədir, eyşi-mərarət,

Olubdur zülm ilə bu deyr bünyad.

 

Sevər qəm könlümü, könlüm bəlanı,

Bəlavü qəmdən olmazam bir dəm azad.

 

Bəli, bir ləhzə Şirin etmədi kam,

Dağıtdı gərci dağlar zari-Fərhad.

 

Əzəl məşşatəsi tözmüş cəmalın,

Əyandır arizindən süni-ustad.

 

Nə mümkündür gözündən can qurtarmaq,

O türki-məstdir, qəmzəndi cəllad.

 

Necə dad etməsin müjgan oxundan,

Könül bir parça qan, onlardı fulad,

 

Fanadır axiri, yoxdur bəqasi,

Bu dünyadan, Həsən, kim oldu dilşad?

 

Qitələr

 

Uyma dünyaya, gözüm, eyləmə çox eyşü nişat,

Başədək bir kəs ilə getməyib əsla bu büsat.

Çoxları sən kimi al eylədi dünyayi-dəni,

Əliboş saldı yola axiri bu köhnə rübat.

 

lll

 

Mərd odur kim, ola bieybü

 riya, mərdi-nəvaz,

Edə ətvarını xoş, xülqini xoş, hirsini az.

Cümlə köftarı səlamət ola, rəftarı səlim,

Qıla hər seyrü sülukin nəki var şərilə saz.

 

Rübailər

 

Etmə özünü rişteyi-dünya ilə bənd,

Ta çəkməyəsən onunla axırda güzənd.

Meyl eyləmə çox cifeyi-dünyayə, könül,

Çün batini zəhrdir onun, zahiri qənd.

 

Dünya sənə üz versə, ona etmə qürur,

Qılmaz başadək birində bu eyşü sürur.

Aldanma, gözüm, işrəti-dünya belədir:

Gəh məndə birüz edər, gəhi səndə zühur.

 

 

 





01.08.2022    çap et  çap et